Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: QASIM BƏY ZAKİR 2. Yazı

“Üsuli və şeyxi təriqət mollaların həcvi” şeirində Zakir üsuli və şeyxi qılığına girmiş mollaları daha kəskin şəkildə tənqid atəşinə tutmuşdur. Şairə görə, əgər təriqət mollalarının cavabı verilməzsə, bölgədə vəziyyət daha da ağırlaşa bilər. Çünki təriqət mollaları yalnız Qarabağda deyil, eyni zamanda Gəncə, Şəki, Şirvan və başqa yerlərdə də at oynadıb İslam şiəliyini gözdən salır, hərc-mərclik yaradırlar. Zakir yazır: Hərcü mərc eylədilər məzhəbi-isna-əşəri, Etdilər zirü zəbər bargəhi-iymani. Hər əlif-bey oxuyan adını ruhani qoyub, Bilməz öz əbcədini, ruha çəkər suhani. Alimü fazilü ustad, müridü mürşid, Nə qədər ki, görəsən dövrdə sərgərdani. Həmə qovğaləri bəhri-dirəmü əqmişədir, Həmə təqvaləri şali-əməli-Kirmani. Azərbaycan mütəfəkkirinə görə, üsulilərlə şeyxilərin başçıları özülərini imam elan edib bir tərəfdən bir-birləri ilə qovğa etsələr də, digər tərəfdən başlarından böyük iddialarla çıxış edirlər. Belə ki, bu təqiqətlərə inansaq hər şeyə qadir olan Allahın quru adı qalmış, özlərini imam elan edən Üsuli və Şeyxi imamalar isə az qala Allahdan da böyük qüdrətə malik imişlər. Zakir yazır: Yenə filcümlə üsul ilə Üsuli danışır, O ki, Şeyxi saf eylə dibdən urar baltani. Etməyib şərmü həya göz görə Əbdülləha Elər isbat sərasər sifəti-sübhani. Bişü kəm xaliqü məxluqdə bir fərq gərək, Eləsən nik nəzər – bunda təfavüt hani? Bir quru isimdən özgə dəxi Həqqə nə qalır, Lənət olsun sənə, ey münkiri-həqq ruhani! Beləliklə, mütəfəkkirə görə üsulilərlə şeyxilər arasında xristianlıqda İsanı Allah hesab edənlər olduğu kimi, özlərini Allah səviyyəsinə qaldırıb Allaha şərik olanlar var ki, belələri din düşmənləridir. Çünki onların təlimlərində Allahla məxluqun bu cür eyniləşdirlməsi İslam dininə tamamilə ziddir. O, yazır: Bəs deyilmi olalar vasiteyi-külli-vücud, Bəs deyilmi məzhəri-feyzü kərəmi-rəbbani? Bəs deyilmi olalar şafeyi-ruzi-ərəsat, Bəs deyilmi səbəbi-fəthi-dəri-rizvani? Nə rəvadır ki, dəxi bir də edək Həqqə şərik, Biz imami, necə kim, qeyrilər İsani. İki Ta(n)rı yenə mümkünmü süluk eyləyələr, Gərək on dörd yerə bunlar bölələr dünyani. Şübhəsiz, Zakirin üsuliləri, şeyxiləri Allah şərik qoşmaqda ittiham etmələri təsadüfi deyildi. Belə ki, hər iki təriqətin başçıları olan “imamlar” doğrudan da nəinki şiəlikdən, ümumiyyətlə İslam dinindən çox uzaqlaşaraq öz təlimlərinə uyğun dində dəyişikliklərlə, islahatlarla çıxış etmiş, çox keçmədən də İslamla uzlaşamayan bir çox müddəalar irəli sürmüşlər. Zakir də, məhz bunu nəzərə alaraq bir tərəfdən üsuliləri, şeyxiləri Allaha şərik qoşmaqda, digər tərəfdən isə onları xalq arasında din birliyini pozmaqda ittiham etmişdir. Zakir yazır: Bu nə qovğa, bu nə kavuş, məgər görməmisən Oxunan vəqtdə sən sureyi-Ərrəhman? Şeyxi şəyyadi hərçənd, üsulidə də həm Yoxdu bir mü qədəri mərifəti-insani. Cümlə bədkarü dilazarü mühilü kəzzab, Cümlə bidüni süxənçinü şərarət kani. Əllərində hamının səbhəyi-səddanələri, Dillərində hamının şamü səhər yalani. Zakirin tənqid hədəfləri arasında ikiüzlü ruhanilər, üsulilər, şeyxilər deyil, eyni zamanda həyasız dərvişlər, qələndərləri də olmuşdur. Məsələn, o, “Həyasız dərvişlər haqqında” hekayəsində göstərir ki, bir qoca dərviş yoxsul olan gənc bir qadının qapısını döyərək “Məddahi-Əlinin” payının gətirilməsini tələb edir. O, yazır: Təbərzinin döyüb yerə, dedi: “dur! Məddahi-Əlinin payına gətür!” Biçarə çiyninə qoyub başını, Abi-niysan kimi tökdü yaşını. Qadın isə Həzrət Əlinin məddahına başa salır ki, evdə yeməyə heç bir şey yoxdur, iki gündür dilinə çörək dəymir. Ona görə də, dərvişin həyasızlıq edib zorla yemək istəməsi, üstəlik iftiralar atması doğru deyildir. Zakir, qadının dilindən dərvişə deyir: Qaraçılar kimi at basa-basa, Dərdi-sər yetirib mərdə, ünasa, Verməyənə qaş-qabağın tökürsən, Kiminin üstünə çomaq çəkərsən. Qoyubsunuz adınız hərçəndi dərviş, Dərviş ona derlər ola nikəndiş. Eyni zamanda, qadın dərvişə deyir ki, diyar diyar gəzib qapı-qapı dilənçilik etmək Həzrət Əlinin yoluna da tərs gəlir. Hətta, Həzrət Əli özü belə bu cür yol tutanları qəbul etməmişdir. Onunçün buyurub cənabi-Əli Sinfi-qələndəri hərcayi, dəli. Oruc tutmaz, namaz qılmaz, üz yumaz, Qapıdan çantayı dolmamış durmaz. Zakirin tənqid hədəfləri arasında məhərrəmlik və digər dini mərasimləri düzgün başa düşməyənlər də var idi. Çünki bu cür dini mərasimlərdən sui-istifadə edən bəzi din xadimləri həm xalqı çapıb-talayır, həm də onların özlərinə xəsarət yetirmələrinə şərait yaradırdılar. Onların məqsədi dində öz əksini tapmış cəhənnəm qorxusundan istifadə edərək, daima kütləni öz əllərində saxlamaq olmuşdur. Əslində isə həmin ruhanilər üçün nə məhərrəməliyin, nə də orucluğun heç bir dəyəri yoxdur. Belə ki, onlar məhərrəmlikdə şənlənməyin şəriətlə haram olduqlarını bəyan etsələr də, özləri buna əməl etmirlər. Zakir yazırdı: Vaiz bizə söylər şəri-Müstəfa; Həramə mürtəkib olmayın əsla! Özü lüm-lüm udur batində, əmma Zahirdə dediyi mənaya bir bax! Zakirin fikrincə, riyakar ruhanilərin islama, o cümlədən imam Hüseynin şəhadətinə uyğun olmayan bu əməlləri isə müsəlmanların öz dinlərinə olan inamını və imanını azaldır. Çünki şəriətin buyurduqlarına din xadimləri əməl etməzlərsə, avam və cahil rəiyyət də etməyəcəkdir. Zakir yazırdı: Kimdi baxan peyğəmbərə, imamə, Bu dağılmış düşən deyil nizamə! Orucluqda şürbi-meyi-gülfamə, Mahi-məhərrəmdə zinayə bir bax! Şair açıq şəkildə yazırdı ki, İmam Hüseyn (ə) eşqinə Kərbəlaya gedib adını kərbəlayı qoyanlar min oyundan çıxırlar. Belə ki, bu yalançı kərbəlayılar din adından xalqın malını oğurlamaq, başqalarına böhtan atmaq və sair əməllərlə məşğuldurlar. Zakir yazırdı: Kərbəla yolunda qatır oğrusu, Saf əlindən salıbdır məni, doğrusu; Günbəgün enlənir budu, sağrısı, Səksən yaşındadır, hamıdan qıvraq. Onun fikrincə, İslamın adından məhərrəmlikdə, oruculuqda və digər dini mərasimlərdə xalqı aldadan mollaların, axundların və başqa yalançı din xadimlərinin Kərbəla müsibətində imamı qətlə yetirənlərdən heç bir fərqi yoxdur. Çünki imamı qatilə yetirənlərlə, bu gün Aşura günündə onun adından sui-istifadə edənlər mahiyyət etibarilə bir-birlərinin eynidirlər: Təqəllübdə, məllüqdə ustadsan, Doğru sözün yoxdu, gizbə mötadsan; Qatili-imamsan, İbni-Ziyadsan, Lazımdır eyləmək əlhəzər səndən. Zakirə görə hətta, müəyyən mənada yalançı axundlar və mollalar imamın qatillərindən də qəddardırlar: Vilayətə salıbdılar şur-şeyn, Şərbət tək içirlər dəmül-əxəveyn; Bunların yanında qatili-Hüseyn Zimmədən bəridir ruzi-əsarət. Zakir təəssüflə qeyd edirdi ki, yalançı axundlar və mollaların məhərrəmlikdə həyata keçirdikləri islama zidd əməlləri artıq bir adət şəklini almışdır. Belə ki, artıq onları bu cür ağılasığmaz əməllərinə, xüsusilə zəncir vurmaq, baş yarmaq, Şəbih gəzirmək və sairə görə heç kəs sorğu-sual etmir. Zakir yazırdı: Soran yoxdur münəccimdən: nədir bu əmrin ehkamı Ki, hər mahi-məhərrəmdə bular bir səngəsar eylər? Zakir şeirlərində yalnız riyakar ruhanilərin əməllərini deyil, şəriət məhkəmlərində baş verən özbaşnalıqların da iç üzünü açıb göstərmişdir. Onun fikrincə, şəriət məhəkmələrində baş verən özbaşnalıqların nəticəsidir ki, artıq dövründə heç kəs məhkəmə işlərini aparan qazıya inanmır. Çünki xalqı xarab edən, quldurluğu və oğurluğu təşviq edən həmin qazıların özüdür. Xüsusilə də o, “Elat əhlinin tərifi və qazının əsl-nəsəbi haqqında”, “Qarabağ qazısı” və başqa şeirlərində yazmışdır ki, pis əməllərinə görə qazılar xalq arasında hörmətdən düşmüş və lağlağı obyektinə çevrilmişdir: Eyləyibdir yenə, mən heç nə bilməm, qazi, Xəlq arasında olubdur belə mülzəm qazi. Yaradıbdır onu ol xaliqi-əşya bieyb, Dari-dünyada bu surət tapılır kəm qazi. Qazi hər yerdə olur biməzəvü bədhərəkət, Şükr-illah ki, bu həm baməzədir, həm qazi. Zakirin fikrincə, xalqı xarab edən oğurlardan, quldurlardan daha çox iküzlü qazılar, ruhanilərdir. Çünki məhkəmələrdə qazılar haqqı deyil, onları pulla satın alan oğurları, quldurları müdafiə edirlər. Zakir yazır: Ondan mən gördüyümü görmüşəm, indən böylə Etməzəm taət ona gər ola qibləm qazi. Haradan gəldi, bunlar, eylədilər xəlqi xərab, Biri der müctəhidəm, biri müsəlman qazi… Qazi lazımdı deyə məhkəmədə şəri-nəbi, Nə ki, gəşt edə cahanı minib ədhəm qazi. Zakir bəzi şeirlərində qazıları, mollaları haqq yoluna, İslam qaydalarına əməl etmələrinə çağıraraq, müəyyən mənada onların düzələ biləcəyinə inamını ifadə etmişdir. Zakir hesab edirdi ki, əgər qazılar, ruhanilər Qurani-Kərimin mahiyyətini həqiqi mənada dərk etsələr, doğru olmayan işlərə əl atmazlar. Bu səbəbdəndir ki, şairin özü də çıxış yolunu İslam dininin əsil mahiyyətinə, milli mədəniyyətin özünə qayıtmaqda görmüş və onların qayda-qanunlarına olduğu kimi əməl edilməsini vacib saymışdır. O inanırdı ki, bütün hallarda qiyamət günündə ədalət bərpa olunacaq və hamı öz yaxşı və pis əməlinə görə hesab verəcəkdir: Həzrəti İsmail olsun dəlilin, Yetiş imdadına piri-əlilin; Necə fərzəndinə ol dəm Xəlilin Cəbrail gətirdi qurbandan mədəd. Əsasi-qiyamət olanda bərpa, Kimdir ğövrə yetən ondan masiva; Sərdəftəri-rəsul, Xətmi-Ənbiya Tənzili-ayeyi-Qurandan mədəd. Yaxud da: Qibleyi-hacətə qıxıb özümü, İmamzadəyə sürtüm üzümü, Xak olan tənlərə tikib gözümü, Olam sağlığıma peşiman, gəzim. “Görün bu çəxri-dunpərvər nə növi ruzigar eylər” şeirində də Zakir müsəlman xalqlarının düşdüyü geriliyi, cəhaləti, avamlığı, nadanlığı eyni zamanda buna səbəb olan riyakar molalları, qaziləri, divanbəyləri tənqid etməklə yanaşı, bütün bunlardan çıxış yollarını da göstərmişdir. Zakirə görə, ciddi yanlışlıqlar nəticəsində müsəlmanlar vaxtilə yəhudilərin, xristianların yaşadığı pis vəziyyətə düşsələr də, İslam dünyası geriləyib “zülmətə” qərq olunsa da, onu yenidən zülmətdən işıqlığa çıxarmaq mümkündür. O, yazır: Dönüb vəzi-zəmanə, fərq edən yox ziştü ziybanı, Seçən yoxdur müsəlmandan yəhudü gəbrü tərsanı, Zühur et, ey şəriət təxtinin şayəstə sultanı, Götür bürqə əmalından, münəvvər eylər dünyanı, Qalıb zülmətdə aləm, göz yolunda intizar eylər. Tannımış ədəbiyyatşünas alim, «Azərbaycan türklərinin ədəbiyyatı» kitabının ilk müəllifi Firidun bəy Köçərliyə görə, milli şair olan Zakirin yaradıcılığı Mirzə Fətəli Axundzadəyə mühüm təsiri göstərmişdir. F.B.Köçərli yazır: “Zakir xalqının dilini və dolancağını çox yaxşı bildiyi üçün Mirzə Fətəliyə yazdığı namələrdə özünün həqiqi milli bir şair olduğunu göstərmişdir. Mirzə Fətəli isə hər şeydən artıq dost tutduğu öz millətinin sadə dili və və sadə dolanacağı olduğu üçün Zakirin bu milli ruhuna və milli ədasına artıq dərəcədə əhəmiyyət verərmiş”. Köçərlinin fikrincə, hətta Axundzadə bir neçə komediyasını Zakirin nəqlindən sonra yazmışdır: “…bəzilərin rəvayətinə görə, «Hacı Qara» təmsilatının əslü binasını və Mərdi-xəsisin keyfiyyətih halını Mirzə Fətəliyə mərhum Qasım bəy nəql edibdir və həmçinin həkimi-nəbatat Müsyö Jordanın sərgüzəştinə dair bir para təfsilatı mərhum Axundzadə Zaikrin dilindən yazıbdır. Vəli Mirz Fətəli bu hekayətləri qəribə bir dona geydirib, mislü bərabəri olmayan komediyalar vücuda gətiribdir”. Bizcə, Zakir də Bakıxanov, Vazeh, Qutqaşınlı kimi yeni nəsildə yenilkçi islami və milli ruhun oyanmasında mühüm rol oynamışdır. Zakirin Türk dilindəki qəzəllərini Füzulinin qəzəllərinə bərabər tutan F.Köçərli daha sonra yazır: “Qasım bəy Zakir həqiqi bir milli şair imiş. Öz əsrinin aynası olubdur və məişəti-milliyəsini – necə ki, var imiş, – eyni ilə yazıb, bizim üçün böyük bir yadigar qoyubdur. Öz əsərində şayani-diqqət olmuş olan bir şey qoymayıbdır ki, ona əl aprmamış olsun”. Zakirin dünyagörüşü haqqındakı fikirlərimizi ümimiləşdirərək hesab edirik ki, o, sxolastik fəlsəfi təfəkkürdən elmi-fəlsəfi təfəkkürə keçiddə müyyən rol oynaya bilmişdir. Belə ki, o, dini-fəlsəfi və ictimai-siyasi məsələlərə yanaşmada nisbətən yenilikçi-dünyəvi mövqedən çıxış etmş, istər riyakar ruhaniləri, istərsə də despotik çar məmurlarını bacardığı qədər cəsarətlə tənqid etmişdir. Xüsusilə, çar Rusiyasını və onun məmurlarını dolyasıyla da olsa, müstəmləkəçilikdə, despotizmdə ittiham etməsi mütəfəkkirə baha başa gəlmişdir. Bu anlamda Zakirin Şuşadan Bakıya sürgününə səbəb yalnız qardaşı oğluyla kürəkəninin çarizmə qarşı milli ruhlu əməlləri deyil, eyni zamanda onun in özünün də bir çox şeirlərində dolayısıyla da olsa çar Rusiyasının müstəmləkəçiliyinə, zülmkarlığına, ədalətsizliyinə etiraz etməsi olmuşdur. Ona görə də, Zakirin dünyagörüşündə öz əksini tapan ictimai-siyasi məsələlərin xüsusi çəkisnin olduğuna inanırıq. Eyni zamanda, o, fəlsəfə və onun əsas problemləri ilə birbaşa maraqlanmasa da, ancaq onun sxolastik təfəkkürü tənqid edərək elmi-fəlsəfi təfəkkürə meyil etməsi də açıq hiss olunur. Hər halda Zakir bir tərəfdən İslam dininə, bu dindəki Allah anlayışna, Qurani-Kərimə və digər məsələlərə bağlılıqla yanaşı haqq yolunu azmış riyakar ruhaniləri, təriqətləri də kəskin şəkildə tənqid etmişdir. Başqa sözlə, Zakir İslam dininin artıq riyakar ruhanilərin və despotik müsəlman rəhbərlərinin əlində oyuncağa çevrilməsi təhlükəsini görmüş və buna qarşı mücadilə etmişdir.

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)
Çox oxunan xəbərlər
Son xəbərlər

20.10.2018

19.10.2018

18.10.2018

Müsahibələr
Arxiv
Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az