Qərib sufinin Amasyadakı sirli məzarı - ARAŞDIRMA

Sufi üçün zaman və məkan anlayışı tam olaraq nisbidir. O, ruh məhsulu (sufi dediyin maddidən uzaq olar) olaraq birbaşa zaman və məkanın o tayında olan metafizik dünya ilə uğraşar. “Divarın o tayında”kı həyat əsl sufi yaşam tərzidir. Yazı üçün demək olar ki, orta əsrlərin əksər sufilərini obyekt seçmək olardı. İstər Azərbaycanda, istər Anadoluda, Bəlx, Xorasan, Bağdadda… Fərq etməz, harada olursa olsun, az qala hər bir övliyanın möcüzəsi və həmin möcüzənin onun ölümündən sonra da yaşanmasına aid  dəlillər gətirmək olar. Amma bilərəkdən zamanın ayrı-ayrı nöqtələrində, yəni XI və XIX əsrlərdə yaşamış iki Azərbaycan sufisindən, daha doğrusu, onların məzarlarından bəhs etməyin bir səbəbi var: zaman və məkan anlayışlarını alt-üst edən, estafat kimi  bir sufidən o biri sufiyə keçən energetik əlaqə, Ali Ruh nişanəsi… 
 
XI əsrdə yaşayan  Baba Kuhi Bakuvidən XIX əsrin sufi şairi Seyid Nigariyə estafet olaraq ötürülən ruh… Yazının da əsas məqsədi bu RUHun dövriliyini göstərməkdir… Məzarlar isə bəlkə də bir bəhanədir. Keçək mətləbə:
 
XIX əsrdə yaşayan sufi-şair Türkiyənin Harput ərazisində vəfat etsə də, vəsiyyətinə əsasən Amasyaya gətirilib və oğlunun yanında dəfn edilib. Daha sonralar isə onun məzarının yerləşdiyi yerdə türbə inşa olunub. Hazırda ora pir kimi ziyarət edilməkdədir.  Amma  simvolik olaraq sufi şeyxlərinin sonuncusu hesab olunan Seyid Həmzə Nigarinin Qarabağ, Qazax, Ağsuda da xatırladacaq obyektlər, tikililər mövcuddur.
 
O, XVIII əsrin sonunda Qarabağın Cicimli kəndində dünyaya gəlib. Atası Mirpaşa Rüknəddin çar ərazisində islamın təbliğinə görə təxribat nəticəsində öldürülür.  O vaxt gələcəyin sufi alimi cəmi 9 aylığında idi. Amma atasının üzləşdiyi tale gələcəkdə onu da izləyəcəkdi. Belə ki, Nigari Şeyx Şamilin başçılıq etdiyi dağ döyüşçü-müridlərinə vəsf etdiyi şeirlər və islamın təbliğinə görə doğma vətəndən uzaqlaşmalı olur. Müridləri onu Türkiyəyə yola salırlar. 1867-ci ildə müridlərinin yardımıyla Qarabağa gələn Seyid Həmzə orada hələ də təhlükə altında yaşayan ailəsini – yoldaşı Əminə xanımı və oğlu Siracəddini götürüb Amasyaya gətirərək burada yaşamağa başlayır. Amasyada nəqşibəndi təkyəsi quraraq insanları ətrafına toplayıb onları irşad edir.
 
Seyid Nigarinin sevimli oğlu və müridi olan Siracəddin 1875-ci ildə 22 yaşında  Amasyada vərəmdən vəfat edir. Bu hadisə sufi şeyxinin bütün ruhunu sarsıdır. Şeirlərinin çoxusunu da oğlu və Qarabağ barədə yazır. Çünki Amasyada böyük hörmət-izzət sahibi olanda belə onu bu iki həsrət - vətən və oğul həsrəti üzür. Odur ki, oğlundan 10 il sonra yəni 1885-ci ilin yayında Harputda vəfat edərkən yeganə istəyi ya Qarabağda, ya da oğlunun yanında dəfn olunmaq olur. Onun Qarabağla bağlı vəsiyyəti mümkün olmur. Elə son anlarını yaşayan sufiyə bildirilir ki, Harputdan Qarabağa bir cənazəni aparmaq qeyri-mümkündür. Nigari həzrətləri ikinci dəfə xahiş edib ki, onda onu oğluyla qovuşdursunlar. Çünki onlar bəzi səbəblərdən Amasyadan Harputa sürgün olunmuşdu. Amasyada qazandığı nüfuz Osmanlını qorxuya saldığından oranı tərk edən sufi “oğlu”ndan da uzaqlaşmışdı. Amma bu vəsiyyət yerinə yetirilir. Müridlər və yaxın qohumları yayın istisinə baxmayaraq, onu Amasyaya aparırlar. On günə yaxın yolda olmasına baxmayaraq cənazəyə heç nə olmur. Hətta dəfn edən vaxtı görürlər ki, on gün yol gələn cənazə ətrafa xoş qoxular yayır. 1894-cü ildə Azərbaycandan gələn yardımların hesabına onun məzarının yerində Seyid Həmzənin əmisi oğlu Mir Həsən tərəfindən türbə və sonralar “Şirvanlı” adlanacaq məscid tikilir.
 
Sürgün olduğu bütün şəhərlərdə o özünü böyük övliyya kimi tanıda bilir. Amma Nigari doğma Qarabağı heç vaxt unuda bilmir. 
 
Yazının əvvəlinə qayıdaq. Baba Kuhidən Nigariyə dövr edən Ali Ruh zərrəsi, energetic dalğalar Azərbaycan ərazisində yaranıb və bir çox yerlərə yayılıb. Bu dalğalar indi də öz mənəvi aurası ilə hər tərəfi işıqlandırır. Bir neçə il bundan qabaq Nigarinin Amasyada olan türbəsini inşaat layihəsinə əsasən sökmək istəyəndə bütün yerli sakinlər ayağa qalxdı. Bir azərbaycanlı xanım isə (səhv etmirəmsə Nigar İsgəndərzadə) öz şəxsi vəsaiti hesabına həmin türbəni səhmana saldırdı. Xalq şairimiz Nəriman Həsənzadə də  bu məqsədlə Amasyaya gedərək təmin türbəni ziyarət edib və “Seyid Nigari türbəsi” adlı poema da yazıb. 
 
Qeyd: Yazıda Zakir Məmmədovun “Azərbaycan fəlsəfəsi tarixi”, Sənan İbrahimovun “Klassik ədəbiyyatda vəhdəti-vücud” monoqrafiyalarından, Məsiağa Məhəmmədinin “Baba Kuhi Bakuvi. Həllacın həyatı və ölümü”, Zümrüd Quluzadənin “Azərbayacn fəlsəfəsinə dair” irihəcmli araşdırmalarından və Yaqub Əlioğlunun “Seyid Nigari” sənədli filmindən istifadə olunub.
 
Çox oxunan xəbərlər
Son xəbərlər

17.08.2018

16.08.2018

Müsahibələr
Arxiv
Avqust 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az