İsrail Məmmədov: “Mahnılarımı ifa edənlər məndən icazə alıb oxumalıdırlar”

Mənim efirlərə çıxmağa ehtiyacım yoxdur

- Özünüz haqqında məlumat verərdiniz?

- Mən İsrail Məmmədov 8 martda Masallının Kolatan kəndində anadan olmuşam. Orta məktəbi orada bitirmişəm. Hərbi xidmətə getmişəm. Qayıdandan sonra Lənkəran Kənd Təsərrüfatı Texnikumuna daxil olmuşam. 1983-cü ildə oranı bitirmişəm. Təhsilimi artırmaq üçün Kənd Təsərrüfatı Akademiyasına daxil olub 1981-ci ildə bitirmişəm. 1993-cü ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişəm. 1981-ci ildən oxumağa başlamışam. 33 ildir bu sənətdəyəm. Ailədə 10 uşaq olmuşuq, 7 qardaş, 3 bacı.  Ailəliyəm, 1 oğlum, 1 qızım var.

- Bir çox ixtisaslara yiyələnmisiniz. Bəs necə oldu ki, filoloq olmadınız, müğənni olmaq istədiniz?

- Musiqini özüm seçdim. Hamı bilir ki, uşaq yaşlarımdan məktəbin bütün dərnəklərində oxuyurdum. Anam çay plantasiyasında işləyirdi. Məni də özü ilə aparırdı. Orada olanlar həmişə deyirdi ki, bibi qurban, xala qurban sən bizim üçün oxu. Mən də çıxırdım ağaca, oxuyurdum. Qarşıma məqsəd qoydum ki, mən müğənni olacam.

- 33 ildir sənətdə olan İsrail Məmmədov niyə gündəmdə yoxdur?
- Bir vaxtlar AzTV proqramlarında bütün günü gündəmdə idim. Şükür edirəm ki, toylarım çoxdur. İndi efirə ehtiyac yoxdur. Çünki İnternet portallarında yetərincə mahnılarımıza qulaq asırlar.

- Deyirlər Cənub bölgəsində bir çox toyları siz aparırsınız?
- Mən özüm Bakıda yaşayıram. Əvvəllər mən aparırdım, indi hər yerdən gətirirlər toyda oxumaq üçün. Başqa rayonlara da dəvət alıram ansamblımla.

- Müğənni olandan sonra həyatınızda nə dəyişdi?

-  Mən sevildim, sevilirəm. Həddindən artıq mənim üçün böyük mükafat oldu. Bir həftədir ki,  İrkutskdan gəlmişəm. Moskvaya getdim, Çitaya getdim. Məni ora diaspor dəvət etdi. Onların istəyi mənim üçün bəsdir. Diplomlarla təltif olundum.

- Bu sənətdə ilk müəlliminiz kim olub?
- Bəzi müğənnillər var ki, onların müəllimi olub. Mənim isə müəllimim olmayıb, sadəcə o vaxtı mən vallara, lentlərə qulaq asa-asa müğənni oldum. Ən başlıcası mənim istəyim olub, həvəsim olub. Mən şeir yazıram, özüm ədəbiyyatçıyam. Heç kim də mənə köməklik etməyib.

- Bildiyimə görə bir çox mahnılarınızın ya sözləri, ya da musiqisi sizə aiddir. «Şəlalə» mahnısı cənub bölgəsində çox sevilir. Necə oldu ki, bu mahnını yazdınız, hansısa qıza aiddir?

- (Gülür). «Şəlalə»ni o vaxtı oxudum. 1983-cü ildə belə müğənnilərə tendensiya var idi. Nə qədər qızlara mahnı oxusaydıq, tez sevilərdi. Şəlalə adında qız olmayıb. «Şəlalə» mahnısının sözlərini də, musiqisini də özüm yazdım. Hind musiqisinə yaxın olan musiqidir.

- Sizə bir sualım olacaq. Bilmirəm əsəbiləşəcəksiniz, yoxsa yox? Niyə məhz sizin ifalarınızı bir çox yerlərdə parodiya, yaxud oxuduğunuz ifaları «bozbaş mahnılar» adlandırırlar.

- «Bozbaş» onlar adlanır. Mən onları öldürən deyiləm, asan deyiləm. Mənim oxuduğum ifalarda «Şəlalə», «Günayım», «Ay bu gələn qız, nə gözəl qızdı», «Gəlin ocağa gələr». Maşallah, mənim mahnılarımla pul qazananlar indi elə sözlər deyəcəklər də. Məmmədbağır Bağırzadəni (Allah rəhmət eləsin) qoymurdular o vaxt AzTV-yə ki, sənin oxuduğun mahnı «bozbaş mahnı»dır. İndi həsrətdilər ki, müğənnilər onun mahnısını oxusunlar. Xalq artisti oldu. Allah o dünyasını versin. Ağadadaş Ağayevi, Baloğlan Əşrəfovu qoymurdular, indi görürsünüz, əməkdar, xalq artistləridir.

- Şou-biznesin bugünkü günü sizi qane edirmi?
- Şou-biznesdən mən danışa bilərəm. Onlarda günah yoxdur, günah efirlərdədir ki, insanların beyninə yeridirlər. Bu təzə çıxmış müğənnilərə baxın görün, Cənub bölgəsindən çıxan varmı, hərəsi bir yerdən gələndi. Onları ora gətirəndədir günah. Bu şou-biznes bizim dilimizdə deyil, mən nə deyim axı. Bu nədir axı bilmirəm.

- İstədiyiniz pillədəsiniz?
- Bəli, ürəyim istəyən pillədəyəm. Efirə çıxmaqla,  populyar olmaqla deyil. Məni sevən mənim üçün bəsdir. Mənə lazım deyil filan nazir məni tanısın. Mənim bu yaşıma qədər qazandıqlarım, hörmətim bəsimdir. Bundan sonra narahat deyiləm. Mən televiziya ilə məşhur olmamışam. Birinci dəfə televiziyaya çıxmışam 1994-cü il iyunun 24-də. İlk dəfə də məni efirə çıxardan dostum, bəstəkar Eldar Mansurov olub, danmaq olmaz.

- Bəlkə maddi sıxıntınız var deyə çıxmaq istəmirsiniz?

- Yox, mənim heç nəyə ehtiyacım yoxdur. Sadəcə kim çağırırsa, gedirəm. «Ay Zaur» gəlmişdi, evimə gətirdim. Mən ona dedim ki, sənə nə qədər pul verim, rayona getmisən. Dedi, bizdə pul söhbəti yoxdur. Bir də pul söhbəti etsəniz, heç vaxt gəlməyəcəm. Amma başqa kanallardan zəng olur. Deyəndə ki, məsələn, 1 000 manatdır, 1 500 manatdır, razılaşıb gedirəm. Bu dəqiqə kimsə zəng eləyib desə ki, filan verilişə gəlin, qiyməti budur, deyəcəm baş üstə.

- İsrail Məmmədovun titulu nədi?
- Yalnız xalqın sevgisi, mənə elə şeylər maraqlı deyil ki, nəsə ad qoyum. Baxın, «Space» də «Zəhmətkeş ulduzlar» verilişi var. Astarada gəlib çəkdilər. Onlar özləri dedilər ki, biz bu qədər reytinq yığmışıq. Efirdə siz olanda yığdıq. Onlar da pul söhbəti etmədilər. Məsələn «Solo» verilişi, Könülün verilişi pulnandı.

- Şou-biznesin açarı Aygünün əlindədir, yoxsa Röyanın?

- Heç birinin əlində açar yoxdur. Bu reklamdır. O, deyir məndədi, bu deyir məndədi. Kim deyir ki, şou-biznesin açarı mənim əlimdədir. Desin görək şou-biznes bağlanacaq, ya yox...

- Uşaqlıq xatirələrinizdən danışardınız?
- Mən orta məktəbdə oxuyanda çox dəcəl idim. O vaxtı məhsul bayramları var idi. Gəlirdilər, konsertlər verirdilər. Mən də iştirak edirdim. Hamı məni tanıyırdı deyə özümü dəcəl aparırdım. I sinifdən XI sinfə kimi sinif nümayəndəsi olmuşam. Hamı məni İsrail yox, İsi deyə çağırırdı.

- İlk məhəbbətiniz olubmu?
- II sinifdə olub. Qismət olmadı. O da ailəlidir, iki-üç uşağı var, mən də ailəliyəm. Məhəbbətimin ona qarşı olduğunu o da hiss etdi. Amma alınmadı. İndi də çox xoşbəxtəm ki, gözəl ailəm var.

- Yaradıcılığınızda nə kimi yeniliklər var?

- Hər il yenilik olur. «Yenə səni sevirəm» mahnımı təzə yazdırmışam. Çalışıram ki, mahnılarım oxunanda sevilsin.

- Bəs solo-konsert haqqında düşünmürsünüz? Yoxsa qorxursunuz səhnəni doldura bilməyəsiniz?

- Tək mən yazıq yox, bütün müğənnilər bunu düşünür. Heç vaxt qorxmuram ki, səhnəni doldura bilmərəm. Ondan narahat deyiləm.

- Toy bazarında yeriniz bilinir və toylara neçəyə gedirsiniz?
- Əlbəttə bilinir. Bakıda 3 500 – 4000-ə gedirəm. Bir saatlıq toya gedə bilmirəm, getmirəm də. Fonoqrama oxumuram, rayona da gedəndə qiymətlərdə fərq olur. Dost-tanış xahiş edirsə, bir-iki mahnı gedib oxuyuram.

 - Geyim tərzinizdə niyə dəyişiklik etmirsiniz?
-  Mən indiyə qədər kostyumda olmuşam, elə də olacam. Mən cins şalvarda, sinəsi açıq köynəkdə məclisə girə bilmərəm. Beləyəm, belə də qalacam.

- Niyə prodüseriniz yoxdur?
- Prodüser özüməm. İndiyə kimi nə etmişəm, özüm etmişəm, prodüseri neynirəm ki? Toyları özüm danışıram.

- Bəzi kişi həmkarlarınız plastik əməliyyatlar edirlər. Buna münasibətiniz necədir?
- Müğənni səhnəyə çıxırsa özünə fikir verməlidir ki, tamaşaçı qarşısına çıxır, səliqəli görsənməlidir. Sadəcə olaraq, bir müğənni efirə nə təhər çıxıbsa, həmişə elə görmək istəyirəm.

- Ürəkdən haçan ağlamısınız?
- Atam rəhmətə gedəndə.

- Qısqancsınız?
- Həddindən çox qısqancam.

- 8 martda dünyaya gəlmisiniz. Sizə hədiyyə alırlar, yoxsa siz alırsınız?
- Evdə anamdı, yoldaşımdı, qızımdı. Birinci mən onlara hədiyyə alıram. Sonra onlar məni təbrik edir.

- Allah-tala sizi sınağa çəkibmi?
- Bəli, çəkib. 1984-cü ildə maşında qəzaya uğramışam.

- Hansısa həmkarlarınızı efirdə görəndə xəcalət çəkmisinizmi?

- İndi də var. Sadəcə adını demək istəmirəm. Efirdə onun hərəkətlərini görəndə mənə də deyirlər ki, o, niyə elə danışır, hərəkət edir. Var da, utanıram baxmıram. Qadın olsa, cəhənnəmə. Axı, sən kişi adını daşıyırsan. Jurnalist ona sual verir: «Sizin təzə mahnılarınız var?» Ya de var, ya de yox. Həmin an başlayır ha… ha… ha… eləyir, ayağını da qaldırıb, ayağının üstünə qoyur. Mən belələrini necə qəbul edim?

- Özünüz haqqında şayiə eşitmisiniz?
- Qəzaya uğramışam. Bir də duet ortaqlarım çox olub, tanınmayanlar da. Şayiə çıxıb ki, guya bəziləri ilə sevgiliyəm.

- Belə olanda evdə həyat yoldaşınız qısqanır sizi?

- Yox, qısqanmır, qətiyyən. Bilir ki, sənətdəyəm.

- Sevib, ailə qurmusunuz?
- Anamın xahişi ilə ailə həyatı qurmuşam. Sevgi olmasa yaşamaq olmaz.

- İstedadı olmayan necə gəlib efirə çıxır?
- Bu aydın məsəldir ki, necə gəlir. İndiki oxuyanların 80 %-nin istedadı yoxdur. Oxuya bilmirlər, kompüterdə səsləri düzəldiblər.

- Hansısa həmkarlarınız sizin mahnılarınızı pulla alıb, oxuyub?
- Siz dediniz, indi yadıma düşdü. Mən mahnı oxudum - «Talış torpağındadır». O, götürüb oxuyur - «Qarabağ torpağındadır». Qarabağ da bizimdir. Bu mənə məxsus olan mahnıdır. 2005-ci ildə oxumuşam o mahnını. Manaf oxudu 2007-ci ildə. Qardaşımdı, dostumdu. İndi də oxuyur «Ay Cemo». Mən oxumuşam o mahnını da. Elə olub sözləri mənimdi, musiqisi başqasının, yaxud sözləri də, musiqisi də mənim olanlar var. İcazəsiz oxuyub. «Talış torpağındadır» olan mahnının sözləri Əli Nasirindi, musiqisi mənimdi. Mahnının altında yazmışam, Aşıq musiqisidir. Aşıq Zülfiyyə sazda çalıb. İndi Manaf mahnını dəyişib oxuyur. Qorkidə konsertdə idik, Rəqsanə, Aslan, bir çoxları var idi. O, oxuyanda dedilər sənin mahnındı, heç nə demədim. Adımı çəksə yaxşı olar. O mahnı dünyada nə qədər talışlar var bayraq idi onlar üçün. Qırğın gedib, hətta biri deyib İsrailindi, biri deyib Manafındı. Zəng olub, demişəm mənimdi, fikir verməyin. Mən oxumuşam.

- Şəlalə nə deməkdir sizin üçün?
- İnanın səmimiyyətimə. Həmişə izləyirdim sizin yazıları. Öz-özümə deyirdim ki, görən bir gün məndən də yazar? Qismət oldu bu günə. Şəlalə mənim üçün sudur.

Şəlalə NƏRİMAN.

 

                           

                           

 

 

Çox oxunan xəbərlər
Son xəbərlər

19.11.2018

18.11.2018

17.11.2018

Müsahibələr
Arxiv
Noyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az