VÜQAR BƏXTİYAR: “Azərbaycanda şou yoxdur ki, biznesi də olsun”

Türk sazını mənə İbrahim Tatlısəsin ansamblının saz ifaçısı Gülhanə parkında hədiyyə etdi

- Özünü təqdim edərdin?

- 1976-cı ildə Bakı şəhərində anadan olmuşam. Əslimiz-kökümüz Qazax rayonunun Kəmərli kəndindəndir. Ailədə iki qardaş, bir bacıyıq.

- Ailənizdə musiqiçi olubmu?
- Cəmi dünyasını dəyişənlərə Allah rəhmət eləsin! Atam şair-publisist olub. O vaxtı altı nəfərin içində mənim atam da öz dəst-xətti ilə seçilənlərdən idi. Moskvada Yazıçılar İttifaqının üzvü idi. Bir neçə qəzetin redaktoru olub. Hamı atamı tanıyırdı - Zakir Bəxtiyar.

- Bilirik ki, «7-17» müsabiqəsində iştirak edənlərdən biri də sən olmusan. Necə oldu ki, müsabiqədə iştirak etdin?

- Mənim 3 yaşım var idi. O vaxtı televiziyada «Tumurcuq» verilişində iştirak edirdim. Uşaqlar üçün idi. Oradan başlayaraq düz 6 yaşında da Bülbül adına orta ixtisas məktəbinə daxil oldum. 11 il oranı oxumuşam. Ondan sonra 7 yaşından da «Cücələrim» ansamblında fəaliyyət göstərmişəm. 13-14 yaşımda da «Şəms» festivalı var idi İzmir şəhərində, o festivalın da laureatı olmuşam. Bir çox müsabiqələrdə iştirak etmişəm. Elə oldu «7-17» müsabiqəsinə də o vaxtı Malik Məmmədov dəvət etdi məni. Verilişin yaradıcılarından biri idi. Mən, İzzət Bağırov, İradə İbrahimova, Aynur Dadaşova, Tunar,  Ramin Abbasov var idi (indi oxuyur), Lalə Məmmədova. Biz yeddimiz  də «7-17» müsabiqəsinin laureatı olduq. Xatırladım ki, İzzət Bağırovla sinif yoldaşı olmuşuq. Sonra «Ümid 95-96» müsabiqəsi oldu. Biz yeddimiz də üç il o müsabiqənin qalibi olmuşuq. O vaxtı  Azərbaycanda bir dənə kanalda da müsabiqə keçirilirdi. Ora da təklifi Malik müəllimdən aldıq. Ona görə qəbul etdim ki, musiqi bizim canımız, qanımızdı. Qanımız musiqi ilə yoğurulub. Bilirsiniz ki, mən bir neçə alətlərdə də ifa edirəm - balaban, zurna, türk sazında ifa etməyi bacarıram. Türk sazını da mənə İbrahim Tatlısəsin ansamblının saz ifaçısı Gülhanə parkında hədiyyə etdi. Bu alətlərlə məşğul olmağımın səbəbkarı Həsənağa Sadıqov olub. Ona baxıb həvəsə gəldim. İndi mənim evimdə 9 musiqi alətim var. Darıxanda özüm üçün,  qardaşım müşayiət edir, mən də ifa edirəm. Ailədə balaca qardaşım musiqiçidir, çox gözəl səsi var. O, da Bülbül adın orta ixtisas məktəbini bitirib. Mən pianinonu, tarı öyrənmişəm. Qaval müəllimim Ziya Bağırov olub. Mən həm müğənniyəm, həm də musiqiçiyəm. «7-17»-də ilk konsertimiz Bakı Dövlət Sirkində olub.  Qorxmaz Əlili də mənə səhnə mədəniyyətindən dərs deyib. Sonra da 10 gün «Şou-Əlili» konserti olurdu. Çox gözəl keçirdi. Biz Qorxmaz Əliliyə indi də borcluyuq. Çünki bu sənətdə bizə çox dəstək oldu.

- Uşaqlıqda necə oğlan olmusan?
- Dəcəl uşaq olmuşam. Evimizin yanında «Şəfa» stadionu var idi. Gecə 4-ə kimi futbol oynayırdım. Sonra da evə gələndə döyülürdüm. Mən İçərişəhərdə anadan olmuşam. Sonra Keşlədə yaşamışıq. Evimizdə də musiqi ilə məşğul olmuşam. Bir əsəri pianoda yeddi saat ifa edirdim. Evdə nə atam, nə anam heç vaxt demirdilər ki, niyə ifa edirsən? Mənə çox dəstək olurdular.

- Qısqanc insansan?

- Qısqanclıq hamıda var. Həyatda qısqanc olmayan insan yoxdur desələr inanmaram.

- İlk məhəbbətin necə yaşında olub?
- Deyə bilmərəm. Uşaqlıqda hamıda olub.

- Neçə ildir bu sənətdəsən?
- Professional səhnədə «7-17»-də olmuşam. Münsiflər - Allah rəhmət eləsin, Məmmədbağır Bağırzadə, İslam Rzayev olub. Cansağlığı arzu edirəm, Əlibaba Məmmədov kimi sənətkarlar mənə vaxtında qiymət verib. Ən azı 20 ildən çoxdur ki, yəni 14 yaşımdan bu sənətdəyəm.

- Ailəlisən?
- Artıq yox.  Ancaq 2 oğlum var, balacadırlar. Birinin adı Ramal, birinin də adı Rəvandır.

- Toya gedirsən?
- Qiymət deməyəcəyəm, elə olur ki, havayı da gedirəm. Özümün ansamblım var. Ansamblıma ad qoymamışam. Şükür ki, hamımız da dolanırıq.

- Solo-konsert vermək fikrin var?

- Sadəcə elə işlərlə məşğul idim ki, vaxtım qalmırdı. Dostlarımızla şərikli bir iş var idi, görürdük. Mənim fikrimcə incəsənət adamı incəsənətlə məşğul olmalıdır. Vaxtında «7-17»də olanda konsert verirdik. Solo-konsert vermək istəmirəm.

- Bilirik ki, üçlükdə oxudunuz - Sevda, Səməd, Vüqar. Çox çəkmədi ayrıldınız, qrup parçalandı. Niyə?

- Mən qrupa gəldim. Səməd müəllim dedi ki, ansamblın adı “Qismət”dir. Qoy qrupun adı «Qismət» olsun. Təklifi də Səməd müəllimdən aldım. Səməd müəllimlə indi də dostam.

- Tanınmaq üçün qrupa gəldin?
- Qətiyyən yox. Mən yetərincə tanınırdım. Təki bütün qruplar «Qismət» qrupu kimi olaydı. Sonra fikirləşdim ki, qoy mən solo oxuyum. Səməd müəllimlə də halallaşdım, qrupdan ayrıldım.

- Nəyi itirmək istəmirsən həyatda?
- Qazandıqlarımı, hörmətimi, əhatəmdə minlərlə dostlarım var, heç kimi itirmək  istəmirəm.

- Yaradıcılığında yeni hansısa mahnılar var?
- Bu yaxınlarda İnşallah, albom çıxardacağam. Yayda az istirahət edəcəyəm. Albomumda da öz mahnılarım olacaq. Elçin İmanov, Xanım İsmayılqızının gözəl mahnıları var. Albomumda onlar işıq üzü görəcək.

- Kimlərin ifasını dinləyirsən?
- Eyyub Yaqubovun.

- Uğur açarın həyatda nədir?
- Şansdır. Hər bir incəsənət adamında şans olmalıdır. Min dənə mahnı oxu, bir az loru desək, tutmaya bilər. Amma elə bir mahnı da var, görürsən sevildi. Məncə uğur açarı bu sənətdə şansdır.

- Bəs şou-biznesin açarı kimin əlindədir?

- Heç kimin əlində deyil.

- Özünü şou-biznesdə görürsən?
- Ad çəkməyəcəyəm, bir xanım bir dəfə gözəl bir söz dedi. Azərbaycanda şou yoxdur ki, biznes də olsun. Mən arzu edirəm ki, müğənnilərimiz konsert salonlarını doldursunlar. Məsələn. Rəfaellə Coşqun 10 gün əla konsert verdilər. Bizim müğənnilərimizə də qismət olsun, fikirləşməsinlər ki, tamaşaçı gələcək, yoxsa yox.

- Qalmaqala necə baxırsan?

- İndiyə kimi yaxşı baxsaydım, səsim Amerikadan gələrdi. O qədər qalmaqal etmək istəyiblər ki, razı olmamışam. Sənəti olmayanlar qalmaqal yaradırlar. Sənəti olan heç vaxt qalmaqal yaratmaz.

- Ürəkdən haçan ağlamısan?

- Allah heç kimə qismət etməsin, atam dünyasını dəyişəndə.

- Kimdən halallıq almaq istərdin?
- Atamdan, anamdan halallıq almışam.

- Sevgi nə deməkdir sənin üçün?
- Sevgi mənim üçün Hindistan filmidir. Sevgi hər şeydir.

- Ürəkdən sevmisən?
- Əlbəttə sevmişəm, elə sevirəm də.

- Səncə sevgi acı izlər qoyursa, niyə sevirik?

- Bilirsən, sevgi böyük hissdir ki, izlər də qoyur. Onun da marağı odu da.

- Sevgini cavabsız qoyan olub?

- Yox, elə bir şey olmayıb.

- Nəyə nifrət edirsiniz?
- Kimsə gəlir dərdini mənimlə bölür. Şərik oluram dərdinə. Maraqlanıram, görürəm düz danışmayıb. Tez inanmağıma görə nifrət edirəm.

- Kişilərin bəzək-düzəyinə necə baxırsan?
- Hərə öz həyatını yaşayır. Mən onun həyatını yaşamıram ki?!. İnsan güzgüyə baxanda görür ki, qaydasındadır, vəssalam. Bir onu fikirləşmək lazımdır ki, sənə tamaşaçı baxır. Hərə bir şeydən zövq alır, mən də futbolumdan zövq alıram. Kiməsə də qiymət vermək mənim haqqım deyil.

- Bu sənətdə əsas məşhurlaşmaqdı, yoxsa pul qazanmaq?
- Hər insan düşünüb gəlir.

- İlham pəriniz kimdir?
- Balaca uşaqlardan, oğlanlardan ilham alıram. Mənim nə qədər balaca dostlarım var.

- Vüqarın titulu nədir?

- Mən elə Vüqar Bəxtiyaram. Qaldı tituluma, musiqidir, başqa nə deyə bilərəm.

- Qadın həyatda neçə dəfə sevə bilər?
- Qadın var ki, həftəlik sevir, onda ürəyin bilmək olmaz.

- Vüqarın nazın kim çəkir?

- Familiyam.

- Özünü şanslı hesab edirsən?
- Əlbəttə.

- Ürəyin dərmanı nədir?
- Valeriandır. Amma istifadə etməmişəm.

- Hansı peşmançılığı ayağına yazardın?

- Mən həyata ikinci dəfə gəlsəydim futbolçu olardım.

- Bu sənətdə dostların kimdir?

- Dostum çoxdur. Ad çəkməyəcəyəm, küsərlər.

- Qadın gözəlliyi nə deməkdir?
- Mən Çirkin qadın tanımıram. Dünyanı gözəllik xilas edir. Harada qadın var, gözəllik də var.

- Şəlalə nə deməkdir sənin üçün?
- Axar saflıqdı, təmizlikdi mənim üçün. Şəlalədə cəmləşir hamısı.

- İstəyərsən övladların bu sənətdə olsun?
- Qətiyyən istəmərəm.

Şəlalə NƏRİMAN.

   

                 

 

 

Çox oxunan xəbərlər
Son xəbərlər

19.11.2018

18.11.2018

17.11.2018

Müsahibələr
Arxiv
Noyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az