Xristianlaşmış qazax-qıpçak türkü Mixail Kalaşnikov: Şöhrətdən tövbəyə aparan yol

Xristianlaşmış qazax-qıpçak türkü Mixail Kalaşnikov: Şöhrətdən tövbəyə aparan yol

Onun adını bilməsələr də, soyadını dünyada tanımayan yoxdur və hətta Afrikanın cəngəlliklərində yaşayanlar belə bir vaxtlar onun ən böyük kəşfi olan silahını həvəslə alır, onunla silahlanmağa üstünlük verirlər. Əslində o bu silahı kəşf edərkən qısa müddətdə dünyanın ən məşhur ixtiraçılarından birinə çevriləcəyini də bilmirdi. Ona işlədiyi hərbi zavod rəhbərliyi tərəfindən yuxarıdan gələn əmri çatdırmışdılar: Necə olur olsun, almanların avtomat silahlarından üstün olan silah yaradılsın və ordunun bu silahla təchiz edilməsinə başladılsın. Amma tapşırıq necə yerinə yetirilməli idi, bunu nə hərbi zavodun rəhbərliyi, nə də bu sadə insan bilmirdi. Amma o müəyyən təcrübəyə malk idi və qısa müddətdə ona dünya şöhrəti gətirəcək və özünün soyadı ilə adlandırılacaq Kalaşnikov avtomatını (AK) ixtira edərək onu zirvəyə aparacaq yolun əsasını qoydu. Əslində onda anadangəlmə bir ixtiraçılıq istedadı vardı və bunu hələ II Dünya müharibəsindən əvvəl də bir neçə dəfə nümayiş etdirmişdi. Lakin yen avtomatı kəşf edəndə hələ bilmirdi ki, bununla da adını silah texnologiyasının məşhur ixtiraçıları sırasına yazdıracaq və insanlara ölüm gətirəcək Kalaşnikov soyadlı avtomat silah heç vaxt dillərdən düşməyəcək. Bu silahı kəşf etdiyi ilk dövrlərdə özünü dünyanın ən xoşbəxt adamı, əsl sovet vətənpərvəri hesab edir və bundan böyük qürur duyurdu. Çünki adı ən yüksək səviyyəli məclislərdə çəkilir, onu tərifləyir, alqışlayırdılar. SSRİ-nin ən yüksək mükafatlarını almış, milyonarın sevimlisinə çevrilmişdi. Adi hesab etdiyi bu silahın kəşfi nəticəsində Lenin və Stalin mükafatı laueratı almış, üç dəfə SSRİ Ali Sovetinin deputatı seçilmiş, iki dəfə Sosialist Əməyi Qəhrəmanı, bir dəfə də Rusiya Federasiyası Qəhrəmanı adına layiq görülmüş, general-leytenant rütbəsinə qədər ucalmış, dissertasiya müdafiə edərək texniki elmlər doktoru olmuşdu. O sağlığında ikən iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülən yeganə məşhur şəxsiyyət idi. Bir sözlə SSRİ-nin ən məşhur mükafatlarının sahibi olmuşdu və ona hər yerdə həsəd aparırdılar. Zarafat deyildi, bu qədər mükafata və fəxri adlara SSRİ-də barmaqla sayılacaq qədər adam görülmüşdü və onlardan biri də məhz o idi.

Amma o vaxt hələ bilmirdi ki, bir vaxtlar gələcək belə bir silahı kəşf etdiyi üçün özünü lənətləyəcək və tövbə üçün Rusiya patriarxına məktub yazmalı olacaq. Ömrünün son illərində insanlara ölüm gətirən belə bir silah kəşf etdiyi üçün vicdan əzabı çəkməyə başlamış və çıxış yolunu tövbə etməkdə görməyə başlamışdı. Amma artıq gec olduğunu da anlayırdı və keçmişi qaytarmağın mümkün olmadığını bilərək bundan üzülürdü. Ona görə də yaxınlarına əzablar içində qovrulduğunu: "Bu dünyada insanlara ölüm gətirən bir silahı ixtira edən ən günahkar insan kimi Allahın huzuruna gedəcəyimi düşünəndə məni dəhşət götürür. Mən bağışlanması mümkün olmayan bir iş görümüşəm",-demişdi.

Ona görə də ömrünün son illərini tövbə etməklə keçirir və bununla təsəlli tapmağa çalışırdı. Bu məşhur insan bu gündə dünyanın ən məşhur avtomat silahlarından biri olan Kalaşnikov avtomatını ixtira edən və əslən türklərin ana yurdu olan Altaylarda dünyaya gələn və babaları zorla xristianlaşdırılan qazax-qıpçak türkü olan Mixail Kalaşnikov idi.

Altaydan başlanan yol

Mixail Timofeyeviç Kalaşnikov 1919-cu il noyabr ayının 19-da Altay quberniyasının ( indiki Altay Respublikası) Kurya kəndində çox uşaqlı kəndli ailəsində anadan olmuşdu. Onun atası ruslaşmış qıpçak türkü-kazak Timofey Kalaşnık ( Kalaş-küləş, kuleş-kalaş, qaloş-kalaş) əslən Xarkov quberniyasının ( indiki Sumsk vilayəti) Axtır ( Axtar) qəzasının Slavqorod kəndindən idi. O 1912-ci ildə ailəsi ilə birlilkdə Altaya köçmüşdü. Qeyd edək ki, Altayın Rusiya tərəfindən işğal edilməsindən sonra rus keşişləri buradakı yerli türkləri zorla xaç suyuna salaraq onların ad və soyadlarını dəyişdirirək ruslaşdırmışdılar. Amma bu hadisənin üstündən 150 ilə yaxın vaxt keçməsinə baxmayaraq burada yaşayan əhali türklərə xas olan adət-ənənələrini, şamanizm ruhunu və genetik sifət quruluşunu qoruyub saxlaya bilmişdi. Mixail ailədə 17-ci uşaq idi və digər qardaş - bacılarından qeyri-adi heç nəyi ilə seçilmirdi. Qeyd edək ki, Kalaşnikovlar ailəsində 19 uşaq anadan olmuş və onlardan yalnız 8-i həyatda sağ qalmışdı. Ailə öz əlinin zəhməti ilə dolanırdı və Mixailin atası olduqca zəmətkeş bir adam idi. Ona görə də qısa müddətdə təsərrüfatını genişləndirərək kənddə ən varlı adamlardan birinə çevrilmişdi. Bu isə sovet rejimini razı sala bilməzdi. Onlar kənddə əlinin zəhməti ilə varlnan adamları bolşevik rejimi üçün real təhlükə mənbəyi hesab edirdilər. Ona görə də 1930-cu ildə Mixailin atasını və onunla birlikdə ailəsini qolçomaq kimi Tomsk vilayətinin Aşağı Moxovaya( indiki Bakçar rayonunun Parbiq kəndi) qəsəbəsinə sürgün etdilər. Buradakı məkətbdə oxuduğu illərdə Mixail fizika, riyaziyyat, coğrafiya və ədəbiyyatla maraqlanırdı. Xüsusi ilə texnikaya maraq göstərir, onların işləmə mexanizmini öyrənməyə çalışırdı. Qəsəbədə 7-ci sinfi bitirəndən sonra Mixail ailəsinin icazəsi ilə doğma vətənə qayıtdı. Lakin burada işə düzələ bilmədi. Ona görə d valideynlərinin yanına qayıdaraq doğum haqqında yeni sənəd aldı. Bu sənəddə onun yaşı iki il çox göstərilmişdi. Bundan sonra yenidən Kurya kəndinə qayıdan Mixail burada ilk dəfə odlu silahla, Brauninqlə ( tapança) və onun işləmə prinsipləri yaxından tanış oldu. 1937-ci ildə isə doğma kəndini tərk edərək Türküstan Sibir dəmiryolunun Matay stansiyasında ( Qazaxıstan) işə düzəldi. Burada o boş vaxt tapan kimi texniki emalataxnaya gedir, qatarların işləmə mexanizmini öyrənirdi.

Orduda ilk kəşfi

1938-ci ildə onu hərbi xidmətə çağıraraq Qırmızı ordunun Kiyev Xüsusi Hərbi dairəsinə göndərirlər. Burada Mixail tank sürücü-mexaniki peşəsinə yiyələnərək 12-ci tank diviziyasında xidmət etməyə başlayır. Texnikaya olan həvəsi onu istifadə etdiyi silahı bir daha nəzərdən keçirməyə məcbur edir və bu əsasda da "TT" tapançasına onun atma effektini yaxşılaşdıran dəyişikliklər edir. Eyni zamanda o, tankdan atılan atəşləri hesablayan hesablayan və motor ehtiyatlarını qeydə alan cihazları hazırlayır. Bu cihazların istehsalı məqsədəuyğun hesab edilir. Gənc ixtlraçı tankçı barədə məlumatı eşidən Kiyev Xüsusi Hərbi Dairəsinin komandanı ordu generalı Georgi Jukov Mixaili yanına çağıraraq onunla şəxsən tanış olur və biliyini təkmilləşidrmək üçün gənc hərbi ixtiraçını Kiyev Texniki Tank Məktəbinə göndərir. O, özünün bu kəşflərini burada uğurla sınaqdan çıxarır. Mixailin yeni silahının istehsalı isə Voroşilov adına Leninqrad hərbi zavoduna tapşırılır. Bundan sonra onu yenidən xidmət etdiyi hərbi hissəyə göndərirlər. Almaniya SSRİ-yə hücum edərkən kiçik serjant rütbəsi ilə tank komandiri kimi Bryanskda xidmət edirdi. 1941-ci ilin avqust ayında Mixail almanlarla döyüşdə ağır yaralanır və onu müalicə üçün hərbi hospitala göndərirlər. Hərbi hospitalda müalicə olunduğu vaxt mükəmməl avtomat silah yaratmaq fikirnə düşür və bu məqsədlə də yeni silahın layihəsini hazırlayır. Müalicə olunduqdan sonra hərbi xidmətə uzun müddət yararlı ola bilməyəcəyini nəzərə alaraq ona 6 aylıq məzuniyyət verirlər. Mataya- keçmiş iş yerinə qayıdan Mixail dəmiryolu emalatxanasındakı dostlarının yardımı ilə pistolet-tapança-pulemyot hazırlayır və onu sınaqdan çıxarır. Onun bu ixtirası ilə yaxından maraqlanaraq bəzi çatışmazlıqlarını aradan qaldırırlar. sonra isə Alma-Atada "PP- "Kalaşnikov" adı altında ilk nümunələrinin istehsalını təşkil edirlər. Yeni silah Baş Artilleriya İdarəsi tərəfindən bəyənilsə də onun kütləvi istehsalı məqsədəuyğun hesab edilmir. Buna səbəb kimi onun istehsalının çox vaxt aparması və daha mürəkkəb sistemə malik olması ilə izah edilir. Halbuki pistolet( tapança) pulemyot yüksək atəş qabiliyyətinə malik idi.

Buna baxmayaraq Mixail Kalaşnikov ruhdan düşmür və axtarışlarını davam etdirir. 1942-ci ildə Kalaşnikovu Atıcı silahların hazırlanması üzrə Elmi-Tədqiqat Mərkəzinə işləməyə göndərirlər. 1944-cü ildə Mixail Kalaşnikov avtomatik atəş açma sisteminə malik olan karabin hazırlayır. Amma onun bu kəşfinə də soyuq yanaşılır. Ona görə də Kalaşnikov bütün qüvvəsini yeni avtomat silahın hazırlanmasına yönəldir. Onun hazırladığı avtomatın layihəsi və onun əsasında hazırlanan ilk nümunələr yeni avtomat silahın hazırlanması üzrə keçirilən müsabiqədə birinci yeri tutur. Avtomatın dərhal kütləvi şəkildə istehsalı barədə qərar qəbul edilir. Bu məqsədlə Mixail Kalaşnikovu Baş Artilleriya marşalı N. N. Voronovun əmri ilə İjevsk motozavoduna ezam edirlər. O burada yeni silahın istehsalında yaxından iştirak edir. 1949-cu ilin may ayının 20-də 1500 ədəd "AK" ( Avtomat Kalaşnikov- Kalaşnikov avtomatı) istehsal edilir. Yeni avtomat uğurla sınaqdan çıxarılır və Stalinin birbaşa əmri ilə onun kütləvi istehsalına başlanır. Yeni silahın kəşfi Kalaşnikova böyük şöhrət gətirir. O, Stalin mükafatına layiq görülərək “Qızıl Ulduz” ordeni ilə təltif edilir.

Davamı var

Əziz Mustafa

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az