İdlibdə Rusiya və Türkiyə razılığa gələ biləcəkmi?

İdlibdə Rusiya və Türkiyə razılığa gələ biləcəkmi?

Türkiyənin bütün sülhsevər səylərinə baxmayaraq Suriyanın İdlib bölgəsində vəziyyət gərgin olaraq qalmaqda davam edir. Bunu Əsəd rejiminə məxsus güclərin Rusiyanın dəstəyi ilə İdlibdəki Türkiyə müşahidə məntəqlərinə raket zərbələri endirməkdə davam etməsi də sübut etməkdədir. Xüsusi ilə Rusiya ilə Türkiyə arasında İdlibdə ortaq məxrəcə gəlmək barədə aparılan danışıqlarda ciddi nəticə əldə edilməməsindən sonra bölgədə hər iki tərəfin itki verməsi ilə bağlı döyüşlər davam edib. Əsəd rejiminə məxsus güclərin Türkiyə mövqelərini atəşə tutması nəticəsində iki nəfər hərbçinin şəhid olması qarşı tərəfi də analoji cavab tədbirlərinə əl atmağa məcbur edib. Bununla bağlı Türkiyə Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir ki, İdlibdə Türkiyə ordusuna qarşı edilən hücumdan sonra bölgədə rejimə məxsus 21 hədəf müəyyən edilərək məhv edilib.

Rusiya ilə İdlib məsələsində ortaq məxrəgə gələ bilməyə olan ümidlərini itirən və bölgədə vəziyyətin gərgin olaraq qalmaqda davam etməsindən narahat olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan problemin həlli ilə bağlı beynəlxalq səviyyədə səylərini davam etdirir. Bu müstəvidə də fransalı və almaniyalı həmkarı Makron və Merkellə telefon danışığında Ərdoğan İdlibdəki vəziyyəti müzakirə edib. Üçtərəfli telefon danışığı zamanı Ərdoğan İdlibə Suriya ordusunun hücumlarının dayandırılmasının vacibliyini qeyd edib. Merkel İdlib problem ilə bağlı Türkiyənin narahatlığını başa düşdüyünü və problemin aradan qaldırılması ilə bağlı səyləri artıracağını bəyan edib. Fransa prezidenti Emmanuel Makron isə bəyan edib ki, İdlibdəki situasiya Avropanı yeni miqrasiya böhranı ilə təhdid edir. O bu məsələni bir neçə qeyri-hökumət təşkilatı ilə müzakirə etdiyini bildirib. Makron 2 milyondan artıq insanın təhlükəli situasiyada olduğunu deyib:

"Situasiya həddən artıq təhlükəlidir. Döyüşlərdə türk əsgərləri həlak olur, onların sayı hücum başlayandan bu yana artır. Bu idarə olunmaz hərbi eskalasiyaya gətirib çıxara bilər".

Rəcəb Tayyib Ərdoğanla danışıqlardan sonra Merkel Putinə zəng edərək İdlibdəki vəziyyətin gərgin olduğunu və bunun Avropa üçün də təhlükə doğurduğunu bildirib. Merkel Putinlə telefon danışığından sonra mətbuata açıqlamasında bildirib ki, İdlib probleminin həlli ilə bağlı Türkiyə Fransa, Almaniya və Rusiya prezidentlərinin iştirakı ilə martın 5-də İstanbulda görüş keçirilməsi barədə razılıq əldə edilib. Rusiya tərəfi əvvəlcə belə bir görüşün keçirilməsinə qarşı çıxdığını bəyan edib. Lakin məsələ ətrafında debatların davam etməsi ilə bağlı Moskva nəhayət ki, belə bir görüşün keçirilməsinə razı olduğunu rəsmi şəkildə bəyan etməli olub. Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov mətbuata açıqlamasında bəyan edib ki, Rusiya dövlət lideri dörd ölkə rəhbərinin iştirakı ilə zirvə görüşünün keçirilməsinin tərəfdarıdır.

Zirvə görüşünün vaxtına gəlincə, Kremlin sözçüsü bildirib ki, liderlərin iş qrafiki dəqiqləşdirildikdən sonra konret vaxt təyin olunacaq.

4 ölkə liderinin iştirakı ilə keçirilməsi nəzərdə tutulan görüşə münasibət bildirən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, İdlib məsələsində mövqemiz dəyişməz olaraq qalır: "Bizim üçün İdlib məsələsi Afrin, "Barış bulağı" əməliyyat bölgəsi qədər önəmlidir. Putinə də bunu açıq şəkildə bildirdim, Merkelə də, Makrona da. 5 martda təkrar görüşəcəyik və bu mövzuları bir daha müzakirə edəcəyik".

Öz növbəsində Rusiya Xarici İşlər nazirinin müavini Sergey Verşinin bildirib ki, Türkiyə ilə Rusiya arasında Suriyanın İdlib bölgəsilə əlaqədar aparılan danışıqların davam etdirilməsi lazımdır. Onun iddiasına görə, Rusiya İdlibdəki böhranın həlli üçün səy göstərir:

"İdlibdəki vəziyyəti sabitləşdirmək üçün Soçi memorandumu imzalanıb. Türkiyə ilə danışıqlarımız hələ də davam edir. Bir müddət əvvəl Rusiyanın nümayəndə heyəti Ankarada görüşlər keçirib. Sonradan bu danışıqlar Moskvada davam edib. Biz bu danışıqların davam etdirilməsinin lazım olduğuna inanırıq. Əsas məsələ mülki şəxslər arasında ölüm hallarının qarşısını almaq və terrorçulara güzəştə getmədən mübarizə aparmaqdır"

Rusiya XİN rəsmisi etiraf edib ki, İdlibdə vəziyyət ciddidir. Verşinin gərginliyin daha kritik vəziyyətə çevrilməməsi üçün maksimum səy göstərdiklərini söyləyib.

Prezidentlərin İstanbulda keçiriləcək görüşü ərəfəsində Rusiya Ankara ilə növbəti dəfə İdlibi müzakirə etmək qərarına gəlib. Son məlumatlara görə, yaxın günlərdə Rusiyadan Türkiyəyə bir nümayəndə heyəti göndəriləcək. Diplomatik, hərbi və kəşfiyyat rəsmilərindən ibarət heyətin Ankarada Xarici İşlər Nazirliyində türk həmkarları ilə müzakirəsi planlaşdırılır. Daha əvvəl keçirilən 3 görüşdə tərəflər arasında ciddi nəticə əldə olunmamışdı. Ona görə də bu toplantıdan gözləntilər böyükdür. Rusiya ilə İdlibdə qarşı-qarşıya gəlməyi arzulamayan rəsmi Ankarının prioriteti diplomatik yolla məsələni həll etmək olduğunu bildirən təhlükəsizlik mənbələri hərbi variantın da gündəmdə olduğuna diqqət çəkir. Bu çərçivədə bütün planların hazırlandığını vurğulayan mənbələr Türkiyə Silahlı Qüvvələrinin hərəkətə keçmək üçün hazır olduğunu bildirir.

Bölgədə gərgin vəziyyət qaldığı bir vaxtda Rusiyanın "Nezavisimaya qazeta" nəşri Türkiyə-Rusiya əlaqələri ilə bağlı inanılmaz iddia ilə çıxış edib. Qəzetdə yayımlanan məqalədə Ankaranın İdlibdə gərginliyə, daha dəqiq desək, Rusiya ilə yaranan anlaşılmazlıqlara cavab olaraq İstanbul və Çanaqqala boğazlarından rus gəmilərnin keçidinə məhdudiyyət qoyacağı iddia edilib.

"Ankara Rusiya üçün boğazı bağlayacaq" başlıqlı məqalədə Ərdoğanın Rusiya planlarını dəstəkləməkdən imtina etdiyi vurğulanıb:

"Ankara Tu-154 təyyarəsi ve 2 Su-24M bombardmançı təyyarəsinin Türkiyə torpaqları üzərindən uçuşuna icazə vermədi. Rusiya ordusunun təyyarəsinə də qadağa qoyuldu. Təyyarə marşrutu dəyişərək Xəzər dənizi, İran və İraq üzərində uçuş etmək məcburiyyətində qaldı".

Məqalədə həmçinin vurğulanır ki, ABŞ-ın təzyiqləri ilə İraqın da hava məkanını ruslara qapatması durumunda Rusiyanın Suriyadakı strateji bazaları olan Tartur və Hmeymim blokadada qalacaq.

Bu arada məlum olub ki, Suriya ordusu Hələb şəhərində dinc sakinlərin yaşadığı məntəqələri hədəfə alaraq, məsuliyyəti Türkiyənin üzərinə atmaq istəyir. Bu barədə danışıqlar müxalifət qüvvələrinin rabitə cihazları tərəfindən qeydə alınıb. İddialara görə, Prezident Bəşər Əsəd bu barədə Suriya ordusuna göstəriş verib. Bildirilir ki, məsuliyyət türkiyəli hərbçilərin üzərinə atılandan sonra Ankaraya qarşı geniş təbliğat aparılacaq.

Türkiyə ilə Rusiya arasında gərginliyin davam etməsi ekspertlərin də diqqət mərkəzindədir. Məsələ ilə bağlı türkiyəli ekspert Musa Özuğurlu Suriya ətrafında son prosesləri şərh edərkən deyib ki, bölgədə baş verən hadisələrə münasibətdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarı həlledici olacaq.

"Rusiya məsələni bu səviyyədə saxlamağa çalışır. Peskov "ən pis ssenari müharibədir" dedi. Dolayısıyla, Rusiya hazırda müharibə olduğunu söyləmək istəmir. Hələ də mümkün olduğu qədər Türkiyəni dayandırmağa çalışır."

Türk hərbi ekspert Abdullah Ağar Axar.az-a açıqlamasında deyib ki, bölgədə son dərəcə çətin bir dövr yaşanmaqdadır

Ekspertin sözlərinə görə, istər İran, istər Rusiya, istərsə də Suriya rejimi Türkiyənin bu əzminə qarşı müqavimət sərgiləyir:

" Hər iki ölkə – Rusiya və Türkiyə hər hansı bir şəkildə aralarındakı diplomatik bağların qopmaması üçün meydanda son dərəcə diqqətli davrandıqları, bir iradə ortaya qoymalarına baxmayaraq, eyni zamanda, birbaşa qarşıdurmanın bir addımlığındadırlar. Türkiyənin dəstəklədiyi qüvvələrlə Rusiyanın dəstəklədiyi qüvvələr arasında şiddətli bir rəqabət var. Bu rəqabət və qarşıdurma hər iki ölkəyə çox ciddi şəkildə təsir göstərir. Bu olanların iki ölkə arasında birbaşa hərbi toqquşmaya gətirib çıxarmaması üçün hər iki tərəfin həssas davrandığını müşahidə edirik. Amma, düzünü desəm, mənim hazırda müşahidə etdiyim odur ki, son dərəcə riskli bir vəziyyətdir".

A.Ağar qeyd edib ki, bu mübarizə ağır silahlardan istifadə edilən bir şəraitdə aparılır:

"Bu isə şəhidlərin ortaya çıxması, qarşı tərəfin çoxsaylı itkilər verməsi ilə nəticələnir. Onu qeyd edim ki, bu mübarizədə təkcə canlı qüvvə itkisi deyil, hərbi-texniki itkilər də kifayət qədərdir".

Beləliklə İdlibdə vəziyyət gərgin olaraq qalmaqda davam edir. Bu gərginliyin Rusiya ilə Türkiyə arasında müharibəyə gətirib çıxarıb-çıxarmayacağı isə bölgədə hadisələrin hansı istiqamətdə inkişaf etməsindən asılı olacaq.

Əziz Mustafa


Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az