Liviyada vəziyyət yenidən gərginləşir

Liviyada vəziyyət yenidən gərginləşir

Beynəlxalq aləmdə tuğyan edən və on minlərlə insanın ölümünə səbəb olan yeni koronavirus xəstəliyi ilə mübarizə davam etdiyi bir vaxtda dünyanın müxtəlif münaqişə zonalarında toqquşmalar ara vermir. Bu baxımdan son günlər Liviyada müharibənin yenidən qızışması diqqəti cəlb etməkdədir. Liviyada münaqişənin qızışacağı öncədən də gözlənilən idi. Belə ki, hələ bir müddət əvvəl Avropa İttifaqının (Aİ) Xarici İşlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel dünya birliyini Liviyada baş verən hadisələri unutmamağa çağırıb. Avropa siyasətçisi həqiqətən də haqlı idi. Belə ki, son iki həftə ərzində Liviyada Fariz Saracın rəhbərlik etdiyi Milli Birlik Hökumətinin hərbi qüvvələri və general Xəlifə Həftərin komandanı olduğu Liviya Milli Ordusunun (LNA) qoşunları arasında gedən şiddətli döyüşlər, pandemiya ilə bağlı yayılan xəbərlərin kölgəsində qaldı. Xatırladaq ki, neftlə zəngin olan Şimali Afrika ölkəsində Xəlifə Həftər və Fariz Sarac gücləri arasında döyüşlər birinci il deyil ki, davam edir. Ancaq son günlər tərəflər arasında döyüşlər daha kəskin hal almaqdadır. Əslində öncə hər şey Rusiya və bəzi dövlətlər tərəfindən dəstəklənən Həftər ordusu üçün yaxşı gedirdi. Moskvadan böyük həcmdə hərbi yardım alan Həftər gücləri Milli Birlik Hökumətinə məxsus qüvvələrə ağır zərbələr vuraraq paytaxt Tripoli üzərinə hücuma başlamışdı. Lakin bölgədə və eləcə də Aralıq dənizi hövzəsində böyük siyasi və iqtisadi maraqları olan Türkiyənin beynəlxalq aləm tərəfindən tanınan Liviya Milli Birlik hökumətinin yardımına gəlməsindən sonra vəziyyət kəskin şəkildə dəyişdi.

Son məlumatlara görə, Həftər gücləri Liviya paytaxtı ətrafında gedən qızğın döyüşlər nəticəsində ağır məğlubiyyətə uğrayıb. Həftər güclərinin məğlub olmasında isə və bu işdə Milli Birlik Hökumətinə Türkiyə tərəfindən verilən dronlar önəmli rol oynayıb. Türkiyə dronları Həftər ordusuna məxsus ağır texnikanı məhv edərək ona canlı qüvvə baxımından da böyük itkilər verərək geri çəilməyə məcbur edib.

Hər halda, bölgədə baş verən son hadisələr Suriyada bu ilin fevral- mart aylarında İdlib əyaləti uğrunda Rusiya və Türkiyə tərəfindən dəstəklənən güclər arasında gedən şiddətli döyüşləri xatırladır. Məlum olduğu kimi, orada prezident Bəşər Əsədin qoşunları Türkiyə ordusu və Suriya müxalifətinin silahlı birləşmələri tərəfindən ağır məğlubiyyətə uğrayıb.

Qeyd edək ki, İdlibdə baş verən hadisələrdən bir qədər əvvəl Türkiyə Prezidenti Rəcəb Ərdoğan Liviyada yüzlərlə rusiyalı əsgərin fəaliyyət göstərdiyini və bunun Ankara üçün tamamilə qəbuledilməz olduğunu bəyan etmişdi. Kreml Türkiyə liderinin bu bəyanatını təkzib edib. Bunun ardınca Kreml Həftər güclərinə yardım etmədiyini sübut etmək üçün təcili olaraq Liviya münaqişəsində iştirak edən hər iki lideri Moskvaya dəvət etdi. Lakin Həftər sülhlə bağlı sənədi imzalamaq əvəzinə vaxt istədi və ertəsi gün Rusiyanın məsləhəti ilə güzlicə Moskvanı tərk edərək ölkəsinə qayıtdi. O Liviyaya qayıtdıqdan sonra bölgədə döyüşlər yenidən qızışdı.

Görünür, Rusiya-Türkiyə qarşıdurması Suriyadan Liviyaya keçib. Müvafiq olaraq, belə bir sual ortaya çıxır: fevral-mart aylarında Suriyada olduğu kimi, bu Şimali Afrika ölkəsində rusiyapərəst və türkiyəli (həm də Rusiya və Türkiyə) birləşmələrin toqquşması ehtimalı nə qədərdir?

Məsələyə münasibət bildirən Yaxın Şərq üzrə ekspertlərin əksəriyyəti belə hesab edir ki, Rusiya-Türkiyə qarşıdurması eyni zamanda həm Suriyanı, həm də Liviyanı əhatə edir. Onların fikrincə, Liviya həm Moskva, həm də Ankara üçün daha vacibdir. Birincisi, Liviya Suriyada baş verənlərlə müqayisəyə gəlməyən nəhəng neft ehtiyatlarına malikdir. İkincisi,bu ölkə Afrika qaçqınları üçün Avropaya dəniz darvazasıdır. Liviyaya kim nəzarət etsə, o, qaçqınlar üçün qapıların açılmasını təhdid şəkilndə önə çıxararaq Avropanın şantajı üçün əlavə təzyiq vasitəsi əldə edəcək. Eyni zamanda, əksər ekspertlərin fikrincə, Liviyada Türkiyə və Rusiya arasında birbaşa toqquşma ehtimalı böyük deyil, amma orada Rusiya muzdlularının həlak olmayacağına təminat yoxdur.

Liviyadakı son döyüşlərdən danışarkən qeyd edək ki, Liviya Milli Birlik Hökuməti qüvvələrinin qazandığı uğurlarda Türkiyəyə məxsus pilotsuz təyyarələr əhəmiyyətli rol oynayıb. Məhz Liviya Milli Birlik Hökuməti qüvvələrinin hücumlarını dəstəkləyən dronlar Xəlifə Həftərin böyük məğlubiyyətlərinə gətirib çıxardı. Liviyanın qanuni hökumətinin qazandığı son uğurlarda amaziqxov-ibadit amili də rol oynayıb. Söhbət Liviyada xüsusi islam formasına-ibadizmə etiqad edən bərbərlərdən gedir. Onların dəstələri Liviya Milli Birlik Hökuməti qüvvələrinin əməliyyatlarına qoşulub.

Məsələyə münasibət bildirən politoloq Mixail Magid də son uğurlarda Türkiyə dronlarının rolunu xüsusi vurğulayıb. Onun sözlərinə görə, Liviyada Liviya Milli Birlik qüvvələrinin tərəfində vuruşan Türkiyə dronları Suriyada Əsəd qüvvələrinə ciddi zərər vurduğu kimi, Həftər gücləri ilə gedən döyüşlərdə də öz gücünü nümayiş etdirib: "Lakin hər şey belə sadə deyil. Əsəddən fərqli olaraq Həftər və onun nəzarətində olan hərbi qüvvələr yaxşı döyüş dronlarına malikdir. Onlara dronlar Birləşmiç Ərəb Əmirlikləri tərəfindən verilib. Buna baxmayaraq, Türkiyənin "Bayraktar" dronları Tripoli rayonunda yerləşən Həftər güclərinə məxsus ağır texnikanı və ordu qərargahını məhv edib. Eyni zamanda döyüşlərdə dolayısı ilə Türkiyənin Hərbi Hava və Hərbi Dəniz Qüvvələri də iştirak edirlər. Özü də sonuncular Həftər qüvvələrinə həm havadan, həm də dənizdən ağır zərbələr endiriblər".

Liviyada gedən döyüşlərdə diqqəti cəlb edən bir məsələ də Türkiyənin adı çəkilən ölkəyə Suriyada Əsəd rejiminə qarşı döyüşən silahlı dəstələrin bir qrupunu da cəlb etməsidir. Bəzi məlumatlara görə, Ankara münaqişə zonasına Suriyadan iki min döyüşçü gətirib. Belə başa düşmək olar ki, Liviyada münaqişə beynəlmiləlləşdirilir. Belə ki, Əsəd də Həftərlə danışıqlar apararaq ona canlı qüvvə və hərbi texnika ilə yardım edəcəyini bəyan edib

Hadisləri ətraflı analiz edəndə bu qərara gəlmək olar ki, Liviyada gedən döyüşlər bu ilin fevral-mart aylarında Suriyada baş verən müharibənin davamıdır. Amma istənilən halda nə Rusiyanın, nə də Türkiyənin birbaşa münaqişəyə cəlb olunmaq istəyi yoxdur. Ankara və Moskva arasında geniş ticarət əlaqələri mövcuddur və onun dövriyyəsi təxminən 30 milyard dollar təşkil edir. Amma tərəflərin və onların dəstəklədikləri şəxslərin ambisiyaları uzunsürən, bahalı və təhlükəli münaqişəyə gətirib çıxardı. Nəhayət Liviyada münaqişə həm də genişlənən pandemiya, Türkiyə və Rusiyada yaşanan iqtisadi böhran fonunda baş verdi. Rusiya beynəlxalq məsələlər şurasının eksperti politoloq Vladimir Semyonov da belə hesab edir ki, Liviyada Rusiya-Türkiyə qarşıdurmasının baş verdiyindən danışmaq, yəqin ki, çətindir, çünki burada bir qədər fərqli vəziyyət var. Onun fikrincə, həm Suriyada, həm də Liviyada Rusiya və Türkiyə maraq dairələrini müdafiə edir. Hər iki ölkə faktiki olaraq Liviya və Suriyadakı bu və ya digər qüvvələrə münasibətdə özlərinin milli, iqtisadi, siyasi və hərbi maraqlarından çıxış edirlər.

Eyni zamanda, ekspert bildirir ki, Rusiyanın Liviya münaqişəsinə cəlb edilməsi özlüyündə Suriyadan çox fərqlənir: "Əgər Suriyada Rusiyanın Bəşər Əsədi birmənalı dəstəkləməsindən danışmaq mümkündürsə, Liviya barədə bunu söyləmək çətindir. Moskva rəsmi şəkildə Həftəri dəstəkləmir. Ancaq qeyri-rəsmi şəkildə onun komandanlığı altında olan silahlı dəstələrə hərbi yardım göstərir".

Yeri gəlmişkən onu da xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin dəfələrlə qeyd edib ki, Liviyada Rusiya muzdluları yoxdur. Lakin o, Liviyada əvvəllər Suriyada döyüşən Rusiya muzdlularından təşkil edilən Vaqner silalı dəstələrinin ibarət nuzdluların Həftər gücləri tərəfində döyüşdüyünü istisna etməyib. Necə deyərlər, Rusiya muzdlularından təşkil edilən Vaqner dəstələri Liviyada Türkiyənin dəstək verdiyi güclərə qarşı döyüşlərdə iştirak edirlər. Belə bir vəziyyətdə isə Liviyada münaqişənin uzanacağı istisna edilmir. Ona görə də yaxın illərdə bölgədə əmin-amanlığın bərpasına nail olunacağına inanmaq olduqca çətindir.

Əziz Mustafa

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az