Bu gün Xalq şairi Fikrət Qocanın 85 yaşı tamam olur

Bu gün Xalq şairi Fikrət Qocanın 85 yaşı tamam olur

Fikrət Qocanın ədəbi ömrü bədii axtarışlarda keçib. Vətənin içindən başlayan səyahəti sərhədlər aşıb, dənizlər, okeanlar keçib, insanlar, talelər, ömürlər arasında yaşayıb. İctimai-siyasi hadisələrin kökünə varıb, müxtəlif xalqların tarixini öyrənib. Yaddaşının mərkəzində olan hadisə və şəxsiyyətləri bədii süjet xəttində işləyərkən realizm prinsipinə söykənib, poetik təsvirlərində dolğun şəkildə əks etdirib. Bu əsərlər heç şübhəsiz, yaradıcılığının ilk dövrlərindən başlayaraq müdriklik çağınacan yol alan ədəbi taleyinin dəqiq kompasıdır. Bu kompasın göstərdiyi məkan və obyektlər torpaqdı, dənizdi, mavi göylərdi və əlbəttə ki, onları sevdirən, həyatın çox gərəkli, vacib elementinə çevirən insandı, onun mənəvi dünyası, arzuları, gələcəyə ümidli baxışlarıdı.

Mediainfo.az xəbər verir ki, bu fikirlər yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Şəfəq Nasirin Azərbaycanın Xalq şairi Fikrət Qocanın 85 ilik yubileyinə həsr etdiyi “Bədii axtarışlarda yaşanan ömür” məqaləsində yer alıb. Yazını oxuculara təqdim edirik.

Fikrət Qocanın əsərləri həyatımızın tərkib hissəsi olmuş hadisələri düşüncəmizə, yaddaşımıza yazmaq qüdrətindədir. Bu əsərlərdəki lirik ovqat, hiss və düşüncə, vətəndaşlıq missiyası, dünyəvi mətləblər, milli-bəşəri problemlər özünün çeşidli çalarları ilə həyat həqiqətlərinin timsalında cəsarətlə, qətiyyətlə işıqlandırılmışdır. Onun yaradıcılığında xalq həyatı, Azərbaycanın tarixi, dünyamızın mənzərəsi bütün əzəməti, parlaqlığı ilə öz əksini tapmışdır. Bədii axtarışlarından qazandığı ədəbi uğurlarına görə də cəsarətlə demək olar ki, Fikrət Qoca uzun illər özünün poetik düşüncəsi, milli təfəkkürü ilə zamanın içiylə yeriyən, yaşadığı hadisələrin ictimai mənasına varan güclü, qüdrətli ədəbi şəxsiyyətdir. Şair yaradıcılığı boyu sözdən fırça kimi də istifadə etməyi bacarmışdır. Onun poeziyası, həm də nəsri dünyanın gərdişinə, milli-bəşəri hadisələrə, yaşadığımız itkilərə, ölümsüz ölümlərə, qəhrəmanlıqlara həsr olunmuş yaddaş rəsmləridir. Səfərlərdə gördüyü şəhərlər, bu şəhərlərin təbiəti, insanları, çayları, meşələri onun əsərlərində bir panoram kimi görünür.

Müəllif özünün qəhrəmanlarını uzaqlarda – dənizlərin arxasında, nağıllarda, əsatirlərdə arayıb-axtarmır, insanların arasında apardığı müşahidələrindən görüb-götürür. Qəhrəmanların təbiətindən, xarakterindən, hal-xasiyyətindən gələn xüsusiyyətləri sözünün qüdrətilə nizama düzür. Beləliklə, onlar yazıçının bədii təxəyyülündə, düşüncəsində formalaşaraq həyat-cəmiyyət hadisələri, bədii obrazlar timsalında həqiqi ədəbiyyatın materialına çevrilə bilir.

Fikrət Qoca ilk gənclik çağlarından həyatı öyrənmək sevdasında olduğundan illər boyunca qarşısına qoyduğu məqsədini, istəyini reallaşdıra bilib. Kotanarxdan başlanan müşahidələrini yaşam boyu ürəyinin işığından, istisindən keçirərək yüzlərlə əsərlərinin mövzusu edib. Həyatdan öyrəndikləri, insanlardan görüb-götürdükləri hər zaman düşüncəsini, duyğularını qanadlandırıb. Bu əsərlərdə ilk yaradıcılığından üzü bəri kamilləşən, müdrikləşən şair özünəinamı və özünüdərki gənclərə öyrətməyə, təlqin etməyə çalışıb. Fikrət Qoca gəncliyimizin ən populyar şairi idi. Hələ o vaxtlar sayca az olan mətbuat orqanlarında onun şeirlərini həvəslə oxuyur, mahnılarını sevərək zümzümə edirdik. Şairin həyata sevgisi, marağı şeirləri kimi həmişə təravətlidir. Hərdən mənə elə gəlir ki, Fikrət müəllim üçün şeirlərinin məxsusi yazıldığı vaxt, şərait yoxdur. Gəzdiyi, olduğu yerlərdə həyata, təbiətə, insanlara poetik nəzərlərlə baxdığındandır ki, dünya şairin gözündə bitib-tükənməyən arzularının, həyat eşqinin çeşməsi timsalındadır.

Görsəm ki, arzumun

ləçəkləri tökülür,

Görsəm ki, ümidimin

beli bükülür,

Yenə işığını sevərəm,

Səni öyərəm.

Gözəlsən, dünya,

deyərəm.

Dünyanın gərdişindən, vərdişindən öyrənən şair gəldi-gedərlik qanunlarının incəliyinə varmağı, gözü-könlü tox, ləyaqətlə yaşamağı vacib sandığındandır ki, həyata açıq gözlə, reallıq prizmasından nəzər yetirməyi başqalarına da tövsiyə edir. Ömür boyu hərisliklə, acgözlüklə var-dövlət yığanlara şairin olduqca sadə bir xatırlamasından necə faydalanmayasan...

Öldü varlı ata,

qaldı varisi.

Dedi ki, - Mənimdir

torpaq, xaniman.

Bu vaxt eşidildi

Torpağın səsi:

Görək kim-kimindir,

Ey cavan oğlan.

Gənclik illərinin yadigarı olan bu yığcam şeirdə şair vara, dövlətə həris insana böyük mətləbi anladır. Burda nəsihət də var, böyük hikmət də: Nə varsa, hamısı torpağındı... Əldən tutmaq, qoldan yapışmaq, tikəni bölüşmək, xalqını, vətənini sevmək, sevdiklərinə sadiq olmaq, dəyərləri yaratmaq və yaşatmaq – budur insanın yaşadığı dünyada öhdəliyi, insanlıq borcu.

Bu gün ölkələrin bir-birilə əlaqəsi, dünyanın əmin-amanlıqda olması bütün xalqların istəyi, arzusudur. Bu münasibətləri qorumaq isə dünya xalqlarının vətən borcu olmalıdır. Təəssüflər olsun ki, bəzən kağız üzərində sülhün tərəfdarı olub insan qanına susayanlar, özgə torpaqlarına göz dikənlər, günaha batanlar heç Allahı yada salmırlar. Amma Tanrı insanlara qəddarlığından, amansızlığından əl çəkməyə vaxt verir, zaman verir. Şair dünyanı qarışdıranlar, insanlığı məhv edənlər, yer üzünü viran qoyanlarla, Allahlıq iddiasında olanlarla həmişə savaşdadır:

Özünüzü haqq saymayın,

Özünüzü Allah saymayın!

Durduğunuz yerə enincə, enin.

Ətrafdakı ağlayan,

gülən insanları

görüncə enin!

Bizə verilən vaxt Allah amanıdır.

Şairin vətənə sevgisi adi deyil, orijinaldI. Vətənin gülünü, çiçəyini sevmək, gözəllərini vəsf etmək hələ böyük sevgi deyil. Gərək vətənin dərdini çəkməyi, qada-balasını almağı bacarasan. Ağır günlərində sözünlə, əməlinlə sərhəddinə çəpər olasan. Onu gələcək nəslə ləyaqətlə əmanət edə biləsən. Fikrət Qocanın vətən sevgisi belə bir borc hissindən, ona həqiqi bağlılıqdan yaranıb.

Ulu vətən sevgisi

Sevgilərin tacıdı.

Şirinlərdən şirindi,

Acılardan acıdı.

Fikrət Qocanın yaradıcılığında mahnı mətnləri də xüsusi yer tutur. “Azərbaycan”, “Yollar görüşəndə”, “İlk sevgi”, “Ana”, “Məcnun gəzər Leylini”, “Ay ana, dostum evlənir”, “Dilin can incidəndir”, “Gəl səhərim”, “Bir baxmısan, bir də bax”, “Sənin bircə təbəssümün”... mətnlərindəki həzinlik, ülvilik, şirinlik, eyni zamanda işıqlı sabahların, ümidlərin ziyası insanı duyğulandırır. Bu şeirlər sadəcə musiqiyə yatımlı olması ilə deyil, orda təsvir olunmuş vətən torpağı, onun bitirib-yetirdikləri, çayları, çəmənləri, insanın munis duyğuları bütün gözəllikləri ilə doğma və əzəmətli görünür.

Adi həqiqətlərin içərisində insanın mənəvi qatında gizlənən, uzaq yolların düşüncələrinə, görüb-götürdüklərinə, ümumən bütün gerçəkliklərə müəllif çox bucaqlardan göz yetirir. Bizi də yaşadığımız ömrə həqiqətin gözü ilə nəzər yetirməyə sövq edir. Bunlar şairin öz düşüncələri olsa da həyat materialları ilə xarakterizə edildiyindən ictimailəşə bilib. Elə şeirin, sənətin gücü də bundadır.

Poemalarında istər vətəndə baş vermiş ictimai-siyasi hadisələr, istərsə də uzaq ölkələrə səfərləri zamanı o yerlərin həyatı, insanları, təbiəti haqqında eşidib-bildiklərini, gördüklərini şair müasirlik-tarixilik qovuşuğunda işləmişdir. Fikrət Qocanın poemaları ciddi, gerçək hadisələrdən bəhs edən həyat hekayələridir. Bu əsərlərin aşıladığı ideya və qayə, müəllifin məqsədi sadə, həm də dolğun süjet xətti boyunca işıqlandırılıb. “Oddan keçənlər”də 37-in vahiməsi, qara-qorxusu böyük sənətkarlıqla işləndiyindən, əzilən, məhv edilən insanların fəcisində şairin zamana tüğyan edən qəzəbi oxucunu riqqətə gətirir. Bu dövranda satanların şərəfsizliyi üzündən satılan tərəflərin ocaqları söndürülüb, evləri dağılıb. Qəribədir, zülmə-zindana dözüb-dayananlar azadlıqda da rahat yaşaya bilmirlər. Çünki üzə duranlar, haqqa şər atanlar yenə vəzifə başındadırlar. Bütün bunları görmək və duymaq şairi çox incidir. Belələri ilə üz-üzə gəlmək qəlbini ağrıdır. Amma həqiqət incələr, üzülməz, deyib atalar. Haqq aşiqi günahsız köçür bu dünyadan, xain, satqın, ev yıxana isə “şərəfsiz bir əcəl” qismət olur.

Vətənə sədaqət, xalqın azadlığı uğrunda mübarizəyə qalxmaq, bir vətəndaş olaraq qəhrəmanın vətənpərvərliyindən, mübarizlik ruhundan xəbər verir. Şərt o deyil ki, bu qəhrəman sənin öz millətindən olsun. Azadlıq bütün xalqlar üçün şirin nemətdir. O qəhrəman bütün xalqlar tərəfindən sevilir, ehtiramla yad edilir. Məhz buna görə də şair başqa xalqların qəhrəmanlarına da rəğbətlə, sevgi ilə yanaşır, öldürülən, məhv edilənlərə heyfsilənir. Çe Qevara, Xose Risal, Li Vin Tam, Amilkar Kabral kimi qəhrəmanların böyük amallar uğrunda döyüşlərinə haqq qazandırır. Bu mənada şairin bədii yaddaşından keçən qəhrəmanlara, əfsanəvi partizanlara rəğbəti böyükdür. Çünki xalqını, torpağını sevən oğul, vətəndaş harada doğulub, hansı millətdən olsa da insanlıq üçün bir amal var: Vətən üçün yaşamaq!

Şair insan taleyini, vətənin ağrı-acılarını düşüncəsindən, mənəvi süzgəcindən keçirən sənətkar olduğundandır ki, dünyada baş verənlərə təkcə mənsub olduğu xalqın yox, dünya vətəndaşı kimi, milyonların gözüylə baxa bilir. Dünyanı başına almış fəlakətlərə qarşı çıxmağa, insanların ləyaqətlə yaşamasına, çalışmasına səsləyən poeziyasından bir dünyasevərlik ruhu keçib gedir. Elə buna görədir ki, bir insan taleyinin üzərində qurulan poetik fikirlərdə milli-bəşəri duyğular ustalıqla ifadə olunur. O, həmişə düşünür, arayır, axtarır, məqamında məntiqi dərkinin poetik peyzajını yaradır. Göz dolu, ürək yüklü, axı o da boşalmalı, dinclik tapmalıdı. Bu səbəbdən, şair daim axtarışda, el-oba içində, kəndlərdə, şəhərlərdə – yaxın-uzaq səfərlərdə bir yaradıcı ömür yaşayır. Bədii-fəlsəfi düşüncəyə, həyat müşahidələrinə malik olanlar üçün dünyanı dərk etmək, mənəvi-əxlaqi dəyərlərin fövqündə olmaq, milli-bəşəri dərdləri, ağrıları duymaq, qiymətləndirmək və bunların bədii panoramını yaratmaq Fikrət Qoca poeziyasının, bütövlükdə ədəbi irsinin ideya və mahiyyətini ifadə edir. Bəzən insan təkliyə, öz içinə çəkiləndə, düşüncələrinə qapılanda xalqın yaddaşında olan işıqlı insanların xatirəsinə dalır. Şair belə vaxtlarda həyatında yeri olan, izi qalan insan barədə düşüncələrə dalır, onu anır. Bir ölüm xəbərindən başlanan düşüncələri xatirələrə yol alır. O yolda sözə ehya edənlərdən biri, Rəsul Rza görünür. “Rəsulsuz dəqiqələr” böyük şairin yoxluğundan rahatsız olan Fikrət müəllimin ağrısı, sarsıntısıdır. Əsər boyu R.Rzanın öz hikmətləri də müəllifin fikir karvanının yolu üstündə bir mayaka dönür. Bu sadə deyimdə, düşüncədə müəllifin bənzətməsi, güclü məntiqə söykənir.

Şair qocalmır,

Ömrü bir yaz olur, qurtarır.

Şair ölmür,

Qara qələm kimi yazılır, qurtarır.

Sadə deyim tərzi bədii qavramada hamar və rahat bir üslub olduğundan yaddaşa asan yazılır.

Niyə bu qədər sevilən və yadda qalandı bu poeziya? Bu, şairin həyat hadisələrinin mərkəzində olan insanları, onların mübarizələrini, yaşam haqqını öz biçimində, rəngində və çəkisində görə bilməsi və dəyərləndirməsi ilə bağlıdır. Bu şeirlərdə gör-götür etməli çox gerçəkliklər var. İki əsrin tərənnümçüsü olan şairin zamanla səsləşən poeziyası gün işığında görünən həyat həqiqətlərinin bədii əksidir.

Fikrət Qocanın yaradıcılığında bir Vətən mənzərəsi, Vətən obrazı var. Bu mənzərə-obrazlara rövnəqlik gətirən yenə də çeşid-çeşid insanlardı. Yaxın keçmişdə yaşadığımız tarixi hadisələr – faciələr, acılar, itkilər, şəhidlik ağrıları, kənd adamlarının psixologiyasını xarakterik xüsusiyyətlərlə, çoxçalarlı həyat hadisələri ilə canlandırmaq istəyi şairi nasir kimi də fəaliyyətə sövq edib. Hər iki janrda (poeziya, nəsr) yaratdığı əsərlərinə yaxından bələd olduqca onun poeziyasında duyduğum təhkiyə elementləri nəsrində geniş məkana, hadisələrə çevrilmiş, həm də çox rahatlıqla, rəvan, axıcı, şirəli dillə təsvir olunmuşdur. Yazıçı bu əsərlərində də vətənin, xalqın taleyini zəngin həyat materialları əsasında yaratmağa üstünlük verib. Çünki gerçəklik, həyata doğru mövqedən yanaşmanın mühüm şərtidir.

Odur ki, Fikrət Qocanın Azərbaycan ədəbiyyatına xidmətlərini təkcə poeziyası ilə ölçmək doğru deyil. O, nəsr sahəsində də uğurlu əsərlər yaradıb. “Seçilmiş əsərləri”nin bir neçə cildində şair-nasirin müxtəlif illərdə yazdığı nəsr əsərləri yer alıb. Həmişə bu fikirdə olmuşam ki, yaradıcı insan sözünü ədəbiyyatın bir neçə növ və janrında ifadə edə bilər. Bu istiqamətlər yaradıcılıqda paralel xətlər kimi inkişaf edir. Bu əsərlər böyük yaradıcı zəhmətin məhsulu olan həyat gerçəkliklərini, xalqın yaşadığı ağrıları, böyük sevgini, hikməti, müdriklikliyi ifadə edən yaşamları ilə xarakterikdir. Fikrət Qocanın böyük vətəndaş olması da vətənin, xalqın taleyini öz ömründə yaşaması, onunla qanadlanması, pərvazlanması ilə diqqət çəkir.

1988-ci ilin meydan hadisələri, 90-cı ilin yanvar faciələri, Xocalı qətliamı, Fikrət müəllimin yaradıcılığında hadisələrə reallıq prizmasından nəzər yetirməsi, bir vətəndaş ziyalı olaraq, bu ağrıları yaşayaraq qələmə alması ilə diqqət çəkir. Müəllif onları nə qədər bədii detallarla zənginləşdirsə də bu hadisələr sənədli-bədii əsərlər kimi qəbul olunur. F.Qocanın yazıçı məharəti, ustalığı ondadır ki, sadə süjetlərdə mühitin eybəcərliyini, ictimai qüsurları təmkinlə, usta bir vərdişlə tənqid edir. Həm də cəmiyyətin mənfiliklərini həyat tərzində, düşüncəsində daşıyanların böyük qismini tipikləşdirməyə nail olur. Eləcə də insanların bir-birindən fərqli yaşam tərzini gerçəkliklərin fonunda təqdim edir. Bu təqdimat-təsvirlərin içərisində Suzen Dark, Əşrəf, Gülzar xanım kimi obrazlar aramızda yaşayırmış kimi onların talelərinə həssaslıqla yanaşırıq. Bu əsərlər bizi, başqasının həyatıdır, deyib, ictimai ağrıların daşıyıcılarına çevrilmiş bu insanlara yad nəzərlərlə baxmaq vərdişindən qurtarmaq gücündədir. Fikrət Qocanın nəsri bizi belə bir laqeydlikdən çəkindirir, gerçək sənət əsəri ilə cəmiyyət arasında bir doğmalıq, istilik yaradır.

Fikrət Qoca təbiətə, insanlara həyatın rənglərindən elə naxışlar vurur ki, bunlar tək-tək bədii detallar kimi yaddaşa həkk olur: “Kəndimiz o qız gələndə ağ-qara kino idi. O qız kəndə gələn andan oldu rəngli kino”. “Sulu yerin qamışı kimi vızz eləyib çıxıb göyə, Allaha pay aparır”. “Deyirlər yaradan insanı özünə bənzər yaradıb. Yaradan bütün yaratmaq meyli olmağımızı, düşünmək, kəşf etməyə cəhdimizi yəqin ki, nəzərdə tuturmuş...” “Məhəbbət daş deyil ki, başına düşə, huşunu itirəsən. Gərək ürəyin, qapın açıq ola”. “Yaz yerdən qaynayırdı, göydən yağırdı”... Bu bənzətmə və detallardan istənilən qədər göstərmək olar.

Nəsr əsərlərində mənə xoş gələn cəhətlərdən biri də müəllifin özünün hadisələrin içərisində, qəhrəmanların yanında olmasıdır. O özünün ibrətamiz, nəsihətamiz fikirləri, müdaxilələri ilə oxucunu həyatı canlı-canlı görməyə, dərk etməyə çağırır. Bununla bir növ insanları, xüsusən də cavanları səhvlərdən çəkindirməyə çalışır.

“Dəniz altındakı xatirələr”də 41-45-in müharibəsi, Şura hökumətinin ölkəyə gətirdiyi ab-hava, bəy-xan-kəndli münasibətləri, insan taleləri, psixoloji ağırlıqlar, oxucu yaddaşından şırım açaraq keçib-gedir. Burda Bəhram obrazı müharibə mövzusunda yazılan əsərlərdən bir çox cəhətləri – özünəxas sərtliyi, xarakteri, “tuncdan tökülmə bədəni”, bu kimi bir sıra təsvirlərlə fərqlidir, yenidir. Bu mövzuda yazılmış başqa bir əsərdə isə (“Qoca söyüd yıxıldı”) müharibənin gətirdiyi dəhşətlər, aclıq, fəlakət tamam başqa istiqamətdən canlandırılmışdır. Burda diqqətə yönəldilən insan taleyidir. Müharibə Hüsən kişinin hər şeyini əlindən alıb. Həyat get-gedə öz axarına düşsə də Hüsən kişinin düzəni pozulmuş həyatı sıxıntı içindədir. Ən böyük faciə Hüsən kişinin təkliyidir...

Əvvəldə qeyd etdiyimiz kimi, yazıçı meydan hadisələrini, onun yaşadığı ağır, üzücü günləri həyat həqiqətləri fonunda qələmə alıb. 20 Yanvar faciəsindən bəhs edən əsərdə o gecə adamlarla bərabər şəhid olmuş Bakıya şahidlik edən müəllif sanki yaddaşımızın rəsmini çəkib. Burda vətənin taleyi bütünlükdə insanların həyatından keçir. Kiçik bir nümunə: “Öznəm tonqala tərəf qaçdı. Oradan bir anın içində tufan keçmişdi, adamları, ağacları, daşları, asfaltı burub, əzib, didib, töküb getmişdi. Ayaqqabı tayı vardı, içində ayaq, sırıqlı qolu vardı, içindən insan ovcu üzü Allaha baxırdı, üstündən tanklar keçmiş yüngül maşınlar içinin adamı ilə yerə yapışmışdı...” (“Ölüm ayrılıq deyil”). O gecə baş verən hadisələrin bütün gerçəkliyi ilə gələcək nəslə ötürülməsi müəllifin başlıca məqsədi olmuşdur. Bu başlıca amil Fikrət Qocanın İstər poeziya, istərsə də nəsr əsərlərinin mahiyyət və ideyasını ifadə etdiyindən ədəbiyyat tariximizin parlaq bir səhifəsi olaraq bütün zamanlarda müasir və aktual səslənəcəkdir.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az