Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

Əli Rüzgar

ŞƏHİD NİŞANLISI

Qarşıdakı dağlara,

Gül açır, bomba düşür.

Üzülür qanadlarım,

Barmaqlarım tətikdə.

***

Gecənin bir yarısı,

Ürəyimdən yar keçir.

Azca külək duyulur,

Çoxca iydə qoxusu.

***

Qarşıdakı dağlara,

Gün doğur, bomba yağır.

Bilirəm ey sevgili,

Sən şəhid nişanlısı,

Mən əsgər aşiqiyəm.

SƏNƏ

Günəşə bax səhərlər,

Doğulub, ölüm sənə.

Barmaqlarım tətikdə,

Yetişməz əlim sənə.

***

Mənə birdə "qayıt" de,

Qayıdım, gülüm sənə.

Yetər ki, sən harayla,

Dirilim, gəlim sənə.

XOŞ, AXICI, NARIN

Desəm ki, göy üzünün,

Ən parlaq ulduzların.

Toplayıb saçlarına,

Düzərəm narın-narın.

***

Desəm ki, yer üzünün,

Gününü-gecəsini.

Əl-ələ dolaşarıq,

Tinini, küçəsini.

***

Desəm ki, gül üzünün,

Vurğunam gülüşünə.

De, necə sevinməyim,

Baharın gəlişinə?

***

Desəm ki, ömür boyu,

Hər dərdə, qəmə varam.

Dərdini çəkərəm də,

Nazını bacarmaram.

Səadət Qərib Rzayeva

ŞƏHİD VƏ ANASI

Ağlama, ay ana, qurbanın olum,

Oğlun ucalıbdı Şəhid adına.

Tək bir göz yaşına dözə bilmirəm,

Bilmirəm mən necə çatım dadına.

***

Vətəni sevdirib, mənə demişdin,

Vətənçün fədakar olmaq gərəkdir.

İndi unutmusan, göz yaşın durmur,

Ağlama, ana can, bu bir şərəfdir.

***

Daha çox düşməni məhv edəcəkdim,

Bu yolu könüllü özüm seçmişdim.

Xocalı zülmünə qisas almağa,

Göz dağı verməyə mən and içmişdim.

***

Hələ Qarabağım gözləyir bizi,

Bu ad yaddaşların əbədi rəsmi.

Ağlama, ana can, belə düşün ki,

Oğlun ölməyibdir, getsə də cismi.

***

Şəhid anasısan, məğrur dayan sən,

Fəxr elə oğlunla, bu bir zinətdir.

Vətənçün, torpaqçün ölən hər kəsə,

Əbədi mükafat -yeri cənnətdir!

YAŞA ALİ BAŞ KOMANDANIM

Heydər oğlu, qəhrəman,

Tarix yazan sərkərdə.

Xariqələr yaratdı,

Zəkasıyla hər yerdə.

***

Dəmir yumruqlu adam,

Adın gəzir dillərdə.

Ulu öndər ruhun şad,

Yurdun əmin əllərdə.

***

Qürur duyur Qarabağ,

Şanlı Azərbaycanım.

Yaşa, yaşa , çox yaşa,

Ali Baş Komandanım!

BOŞ ÇƏRÇİVƏ

Çaldı həyatımı gedərkən məndən,

Namərd kül üfürdü eşqin gözünə.

İz qalmasın deyə, o çərçivədən,

Rəsmini çıxarıb verdim özünə.

***

Ancaq çərçivəni ata bilmirəm,

Sanki içi onun cismiylə dolu.

Hamının gördüyü o boş çərçivə,

Mənim gözlərimdə rəsmiylə dolu.

***

Hər gecə baxıram o çərçivəyə,

Gözümdə canlanıb, həm yox olursan.

Boşaldıb qəlbimi, çıxıb gedirəm,

Dönüb baxıram ki, mənə baxırsan.

***

Səndən mənə qalan o boş çərçivə,

Sönən eşqimizin alışan közü.

Bir zaman rəsminlə dolu çərçivə,

İndi yaşatmayır bu eşqimizi.

***

Bilməzdim ki, səndən yadigar qalan,

O quru çərçivə canlı olacaq.

Bu boş çərçivədə bir ömür boyu,

Nakam eşqimizin izi qalacaq.

Hazırladı: Isa Ravan

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az