Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

Rəşad Məhəmmədoğlu

KƏNDİM

Uzun ayrılığın "zar"ı əridi,

Soyuq yollarının qarı əridi.

Torpağın alındı, yağı gəbərdi,

Qırıldı zəncirim, qaraldı dənim,

Qoynuna gəlirəm, qoynuna, kəndim.

***

Atam da gözlədi yanına gəlsin,

Sənsizkən dözmədi, o, öldü miskin.

Səsimə səs eylə, lal səsin gəlsin,

Ey Pəri oylağım, yurd-yuvam, elim.

Qoynuna gəlirəm, qoynuna, kəndim.

***

Gülür şəhidlərin susmuş ruhları,

Şad olur, qaydışım yuyur ahları.

Əlimdə tutduğum daş günahları,

Səni satanların üstə əndərdim,

Qoynuna gəlirəm, qoynuna, kəndim.

***

Gəlim torpağını öpüb, oxşayım,

Arzu, ümidimi sənə daşıyım.

Qoy qalan ömrümü səndə yaşayım,

Tez aç qucağını, bağrına döndüm,

Qoynuna gəlirəm, qoynuna, kəndim.

DİLƏNƏN QADIN

Yolumun üstündə durub,

Qəpik dilənən qadın.

Səni Allah saxlasın,

Baxıb, dillənən qadın.

***

Qoydum ovucuna qəpik,

Qəpik günahımı yudumu?

Acı zaman vurur təpik,

Duan ağrısın aldımı?

***

Duaların üst-üstünə,

Çiynim üstə yığıldı.

Çıxammadım dağ üstünə.

Duan yükümdü, ağırdı.

***

Bəxti tutdum dişimlə,

Dişlərim də laxladı.

Duan məni elə tutdu,

Durdum, Allah saxladı.

***

Əllərdə human azalıb,

Sağlıqlar yığdın zənbilə.

Ruhun da əlindən alıb,

Daşıyacaq son mənzilə.

***

Yenə baxdı arxamca,

Gözü zillənən qadın.

Sözün canı çıxınca,

Dindi, dilənən qadın.

ANAMA DEYİN

(Bir şəhid ruhunun pıçıltıları)

Anama deyin ağlamasın, dostlarım,

Ana qəlbi indi qandı, qəhərdi.

Şəhid ömürüm, cənnətədi yollarım,

Ruhum ona baş çəkir hər səfərdi.

***

Anama deyin, ağlamasın mənimçün,

Xəstələnər, əldən gedər, qocadır.

Deyin, oğlun şəhid oldu vətənçün,

Vətən bizim, yaşa, başın ucadır.

***

Anama deyin, bir sən idin, bir vətən,

Torpaq oldu isti evim, eşiyim.

Məsləkimdə şəhid olmaq əzəldən,

Arzum idi, bu torpaq son beşiyim.

***

Anama deyin, sığal çəkən əllərin,

Başımdadır, sığallayır saçımı.

Yanımdadır, yuxumdakı ağ gəlin,

Qovuşmuşuq, saxlasın daş-qaşını.

***

Anama deyin, gəlsə qəbrim üstünə,

Lay-lay adlı nəğməsini oxusun.

Əllərini toxundursun şəklimə,

Öpsün məni, nəfəsimi qoxusun.

***

Varlığıyla min kərə doğulacam,

Yaşayacam ürəklərdə misilsiz.

Anama deyin, mən geri qayıdacam,

Görüşərik o yerdə, cənnətdə biz.

Dilşad Araz

YAZILMAMIŞ ŞEİR

Qəriblik xoşuna gəldi, gəlmədi?

Getdin bu yolların inad üstünə.

Bu qadın yaşadı, öldü, ölmədi?

Dünya ölümünü yıxdı üstünə.

***

Sənə yazılmamış sözdür şeirlər,

Adam balasısan, adam deyirəm.

Hər gecə yuxumda səni döyürlər,

Hər səhər acından şeir yeyirəm!

***

Apar bu bozarmış ömrünü sat, gəl,

Adam arasına çıxardım səni.

Gəl qonaq yuxuma, yuxunu at, gəl,

Aşkarca gəlsəydin boğardım səni!

BİR ÖLÜM SÜZ, VER İÇİM

Qəhər boğar, yanağına yaş düşər,

Səni ağladanı ağladar bəşər.

Ürəyini mənli xatirə deşər,

Deyərsən ki, dərmanın var, ver içim!

***

Bir aspirin verər həkim, atarsan,

Qan durular, yuxu gələr yatarsan.

Ayaq üstdə elə qəşəng batarsan,

Yanğı gələr, su gəzərsən bir içim!

***

Durğun halda əl uzadıb cibinə,

Tapp eləyib, düşərsən öz dibinə.

Duan catmaz inandığın Rəbbinə,

Deyərsən ki, bir ölüm süz, tər içim!

Sığalına tumarlanıb ölümün,

Acısına tab gətirsən dilimin.

Salamıma həsrət qalan əlinin,

Deyərsən ki, qanını tök, ver içim!

BİR TƏPƏR İSTƏDİM

Bir təpər istədim, qalxım ayağa,

Baxdım ki, yolum yox, getməyə yerim.

Bir təpər istədim qalxım, ay ağa,

Hər gecə ağladım, güldü səhərim.

***

Bir təpər istədim, qalxım bir dağa,

Düz məni qoymadı, yordum əyrini.

Həsrətim sarılan güldü budağa,

Mən dərdim dərdimi, gördüm xeyrini.

***

Bir təpər istədim, qalxım, sadağa,

Vermədi, vermədi bu həyat mənə.

Bu dünya bənzəyir tənha otağa,

Kim alıb deyim ki, onu sat mənə?!

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az