Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

Kənan Hacı

ŞƏKİLLƏR

Xatirəyə dönür ömür,

Qalan elə şəkillərdi.

Ay dolanır, il dolanır,

Solan elə şəkillərdi.

***

Başımızdan nə sevdalar,

Gəlib keçdi yuxu kimi.

Ömrümüzdən keçənləri,

Çalan elə şəkillərdi.

***

Sevgilərin şirinliyi,

Məst elədi gecəmizi.

Ayla ulduz həminkidi,

Yalan elə şəkillərdi.

***

Hey qaçırsan güzgülərdən,

Səni qoca göstərir o.

Zaman səni hey qocaldır,

Cavan elə şəkillərdi.

***

İstəyirsən qoparasan,

Şəkillərdən gəncliyini.

Səni səndən asta-asta,

Alan elə şəkillərdi.

***

Sevgilərin hərarəti,

Bircə anlıq dolur qəlbə.

Hərarəti yavaş-yavaş,

Salan elə şəkillərdi.

***

İstəyirsən adlayasan,

Ömrün cavanlıq yaşına.

Burdan o yana yol yoxdur,

Dalan elə şəkillərdi...

İÇİMDƏKİ DUMAN

İçimdəki dumanda azdı,

xoş xəbər gətirəsi quşlar.

qaranlığın sinəsini

dimdikləməkdən yoruldular,

sərxoş xatirələr.

Şütüyüb keçir xəyalımdan,

Namərd duman, udma məni.

Dizi yerdə, ruhu göydə adamlar,

Allahı axtarırlar.

Allahla insan arası məsafə,

bir iman boyu,

bir inam boyu.

Əfi ilan kimi,

ruhuma doğru sürünmə, duman...

Bir əli xeyirdə, bir əli şərdə,

adamlar

Allahı axtarırlar.

Şeytana daş atır

şeytan adamlar,

Göy üzünü quşların əlindən

alan adamlar,

orda Allahı axtarırlar.

Güzgüdə özümə baxdım,

Bir topa duman gördüm.

Quşlar dumanı qovurdular,

qanadlarıyla.

Dumanda kor olmuşdum,

Kor koru necə görürdü, Allah?!

HƏYAT

Həyat başdan-başa şeirdir,

Anamın unutduğum üzü,

Atamın acı siqaret tüstüsü.

Şeirdir daşa dəyən ilk eşqin,

uzun sürən üzüntüsü.

Günbəgün quyu kimi dərinləşən,

tənhalığım və...

Doğulmayan körpəmin qığıltısı...

Şeirdir yoxluğun adama gəl-gəl deyən,

Əbədi soyuğu, dumanı, sisi,

Həyat - insanın unutmaq dərsi.

Ətayə Odər

SƏNSİZLİK

Əksin durub gözlərimin önündə,

Sənsiz sənli günlər üçün darıxdım.

Nə xəyalın yardım edir, nə şəklin,

Sənli keçən anlar üçün darıxdım.

***

Sən bilməzsən, necə çətin olurmuş,

Ömrün boyu hicran yükün daşımaq.

Mənim qədər sevmədin ki, özünü,

Anlayasan nədir sənsiz yaşamaq?!..

***

Gecə keçir, yatağına qor dolur,

Gözlərini şirin yuxu uyutmur.

Neyləsən də, nə salsan da yadına,

Daha səni xatirələr ovutmur.

***

Sənin ömrün xəyallarda keçmədi,

Sən bilməzsən, sənsizliyin dadını.

Bu sevdaya dəyməzmiş, düz deyirsən,

Bəlkə çoxdan unutdun o qadını.

HƏSRƏTİNİN YADİGARI

Mənim baxışlarım özümün deyil,

Sənin həsrətinin yadigarıdır...

Bir ömür keçsə də, o vaxtdan bəri,

Yol çəkən gözlərim, sənə sarıdır.

***

Adımı anmırsan, unutdun yəqin,

Köhnə palan içi tökməyə dəyməz.

Səni qınamıram, gözdən uzağın,

Bir ömür dərdini çəkməyə dəyməz.

***

Sənin həyatında yer yoxmuş mənə,

Gec oldu, amma ki, sonda anladım.

Mənimsə ömrümün hər sətirinə,

Adın yazılmayan bir gün qalmadı.

KEÇ

Sən biləni bilmirəmmi?!

Unudum, dirənmirəmmi?!

Həsrəti görəmmirəmmi?!

Bil, keç!

***

Həsrəti, hicranı seçib,

Arzunun üstündən keçib.

Ümidi, inamı biçib,

Gəl, keç!

***

İnanma yaxına, yada,

Keçənləri salma yada.

Vaxt tapsan, xəyalları da,

Sil, keç!

***

Xəyallar səni yormasın,

Həsrət aranı vurmasın.

Ayrılıq yolda durmasın,

Böl, keç!

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az