Londondan gələn xəbər Mübariz Mənsimovu bərk məyus edib

Londondan gələn xəbər Mübariz Mənsimovu bərk məyus edib

London Yüksək Məhkəməsinin azərbaycanlı biznesmen Mübariz Mənsimovun digər azərbaycanlı biznesmen-oliqarx Vahid Ələkbərovun şirkətinə qarşı qaldırdığı iddiada təzminat məbləğinin 15 dəfə azaldılması barədə qərarı “Palmali” şirkətində bərk məyusluq yaradıb. Virtualaz.org xəbər verir ki, bu haqda Türkiyə mənbələri yazır.

Xatırladaq ki, “Palmali” şirkəti 2018-ci ildə London Yüksək Məhkəməsində “Lukoil” şirkətinin törəməsi olan neft treyderi “Litasco” (İsveçrə) şirkətinə qarşı 1.9 milyard dollar təzminatın ödənilməsi barədə iddia qaldırıb.

Oxuməni.az-ın virtualaz.org-a istinadən verdiyi xəbərə görə, iddiada bildirilirdi ki, “Litasco” “Lukoil” şirkətinin Xəzər dənizində hasil etdiyi neftin daşınmasına dair “Palmali” ilə bağladığı müqaviləni pozub. Nəticədə “Palmali” böyük zərərə düşüb.

Bu günlərdə Britaniya mənbələri “Palmali” şirkətinin iddiasının ilkin məhkəmə baxışı ərəfəsində təzminatın məbləğinin 1.9 milyard dollardan 151 milyon dollara endirilməsi haqda xəbər vermişdi. Bildirilirdi ki, hakim iddiaçı tərəfə işin məhkəmə baxışından əvvəl təzminat məbləğini dəyişdirməyə icazə verib.

İndi “İstanbul Haber” bu məsələnin təfərrüatlarını çatdırır. Sayt yazır ki, hazırda FETÖ ittihamı ilə ev dustaqlığı çəkən Mübariz Mənsimovun qaldırdığı həmin iddiaya baxan hakim David Foxton “Palmali” şirkətinin “Litasco”ya qarşı iddia qaldırmaq haqqı olduğu qənaətinə gəlib. Yəni işi məhkəmə baxışına qəbul edib, amma təzminat məbləğinin hədsiz şişirdildiyini bildirib.

“Litasco” şirkətinin məhkəməyə təqdim etdiyi izahatda isə bildirilir ki, “Palmali” ildə 700 min ton neftin daşınmasına dair öhdəliklərini yerinə yetirib, amma üçüncü şəxslərdən kirayələdiyi tankerlərə görə pul ödəməkdə çətinlik çəkib. Şirkət bildirir ki, “Palmali Holding” -in 2015-ci ildən etibarən 3 il ərzində 1.9 milyard dollar zərərə düşdüyü barədə iddia əsassızdır, şişirdilib və dürüst addım deyil.

Hakim David Foxton “Palmali Holding”in “Litasco” əleyhinə irəli sürdüyü dəlillərin yetərsiz olduğu qənaətinə gələrək iddiaçıdan təzminat məbləğinin dəyişdirilməsini istəyib. Əks halda iddianın baxılmadan rədd ediləcəyini nəzərə çatdırıb.

Sayt yazır ki, Mübariz Mənsimov 500 milyon dolları keçən borclarını ödəmək üçün bütün ümidlərini bu işə bağlamışdı. O, borclu olduqlarına “Lukoil”dan 2 milyard dollar təzminat alaraq bütün borclarını bağlayacağı haqda vədlər veribmiş. İndi məhkəmənin tələb edilən təzminat məbləğinin 151 milyon dollara endirilməsi barədə qərarı “Palmali” şirkətində ciddi məyusluq yaradıb.

Üstəlik məlum olub ki, “Palmali” şirkətinin Rusiyadakı törəməsi “Palmali” MMC-nin 200 milyon dollar borclu olduğu “Sberbank” da London məhkəməsinin qərarını gözləyir. “Palmali” MMC “Sberbank”ın iddiası ilə müflis elan olunub və əmlakı satışa çıxarılıb. Lakin şirkətin əmlakı onun borclarının çox az hissəsini ödəməyə imkan verib. Ona görə də əgər London məhkəməsi həmin 151 milyon dollarlıq təzminat iddiasını təmin etsə belə pullar avtomatik olaraq “Sberbank”ın hesabına keçəcək. O da bildirilir ki, SOCAR da London Beynəlxalq Arbitraj Məhkəməsində “Palmali”yə qarşı 225 milyon dollarlıq təzminat iddiası qaldırıb. Yəni Mənsimov Ələkbərova qarşı iddianı qazansa belə bir qəpik də təzminat əldə edə bilməz.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az