Azərbaycanda yumurtaların qiyməti durmadan artmaqda davam edir: Bəs günahkar kimdir?

Azərbaycanda yumurtaların qiyməti durmadan artmaqda davam edir: Bəs günahkar kimdir?

2021-ci ilin yanvar ayının ilk günlərindən Azərbaycanda yumurtaların qiymətlərində ciddi artım müşahidə edilməkdədir. Belə ki, son bir həftə ərzində satışda olan ağ rəngli broyler yumurtasının bir ədədinin qiyməti-18 qəpikdən 22 qəpiyə, kənd yumurtası adı ilə alıcılara sırınan sarı rəngli analoji broyler yumurtasının bir ədədinin qiyməti isə 20 qəpikdən 25-28 qəpiyə qalxıb. Marketlərdə yumurtaların qiyməti cüzi bir fərqlə 2-5 qəpik arasında satılır. Bununla belə yumurtaların qiymətində artım davam etməkdədir və demək olar hər gün bu tendensiya özünü göstərməkdədir. Bütün bunlar da təbii ki, əhalinin kasıb təbəqəsi üçün əlavə problemlər əmələ gətirib. Araşdırmalara görə, bahalaşma ilə yanaşı, yumurta çatışmazlığı da var. Məsələn "Kasıblar üçün" hesab edilən marketlər şəbəkələrində - "OBA" və "Al Market"də, yumurta paketinə görə qiymətlər 2 manat 30 qəpiyə (10 ədəd) yüksəlib. Bununla belə, oxşar qiymətlər digər pərakəndə satış şəbəkələrində də müşahidə edilir. Amma bir çox ərzaq mağazalarından yumurta yoxa çıxıb. Bəzi marketlərdə yumurtalar limitlə satılır. Məsələn, "Arazmarket" şəbəkələrinə daxil olan əksər marketlərdə bir nəfərə ağ broyler yumurtası 30 ədədən artıq verilmir. Ona görə də alıcılar bu amildən və yumurtanın qiymətlərinin artımından şikayətlənirlər. Bazarlarda da analoji vəziyyət özünü göstərməkdədir. Belə ki, ağ və yuxarıda qeyd etdiyimiz kimi alıcılara kənd yumurtası adı ilə sırınan sarı rəngli broyler yumurtasının qiyməti demək olar marketlərdə olduğundan fərqlənmir. Amma bazarlarda əsl kənd yumurtasının qiyməti də belə demək mümkünsə "xoruz beli"nə qalxıb. Belə ki, 10 gün əvvəl bazarda 22-25 qəpiyə satılan kənd yumurtasının bir ədədi hazırda 35-37 qəpiyə satılır. Bəs yumurtaların qiymətinin artmasına səbəb nədir? Məsələyə aydınlıq gətirmək üçün Azərbaycanın məşhur "Bravo" marketlər şəbəkəsi ilə əlaqə saxlamaq istədik. Lakin "Bravo" marketlər şəbəkəsinin əlaqə telefonu hissəsində hər hansı bir nömrə yox idi. "Rahatmarket" və "Obamarket"lər şəbəkəsində göstərilən əlaqə telefonlarına vurduğumuz zənglərimizə isə cavab verən tapılmadı.

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynovun AYNA-ya dediyinə görə, qiymət artımının bazar və istehsal səbəbləri yoxdur: "Həm də gömrük rüsumları ilə əlaqəli deyil. Karantin səbəbindən yalnız təchizatçılar üçün logistik problemlərin olması mümkündür. Bu, defisitə səbəb ola bilər və inanıram ki, bir neçə gün ərzində hər şey qaydasına düşəcək. İstehsalçılar ilə danışmışam. Məhsullarının qiymətlərini qaldırmayıblar".

"Azərbaycan Quşçuluq Cəmiyyəti"nin sədri Aydın Vəliyev isə yerli mətbuata açıqlamasında quşçuluq təsərrüfatlarının qiymətləri qaldırmadığını deyir: "Satış qiymətlərimiz dəyişməyib. İstehsalçılar hələ qiymətləri qaldırmayıblar. Bazardakı qiymət öz qiymət siyasətini diktə edən pərakəndə şəbəkələrə görə yaranıb. Ancaq bu şəkildə davam edərsə, qiymətləri də qaldıracağıq. Çünki xaricdən, xüsusən də Rusiyadan, Ukraynadan və digər ölkələrdən idxal olunan yemin qiyməti xeyli bahalaşıb. Bunları quşçuluq təsərrüfatlarımız üçün bu qədər baha almaq sərfəli deyil. Qeyd etmək istərdim ki, bahalaşma avtomobil yanacağının bahalaşması ilə əlaqəli deyil, lakin son məhsulun qiyməti maya dəyərindəki yem və qatqı qiymətləri ilə formalaşır. Onların isə qiyməti dayanmadan artır".

Cəmiyyət sədri yemin bahalaşmağa davam edəcəyini düşünür: "Rusiya rüsumları artırır və taxıl ixracatını azaldır. Beləliklə, 15 fevraldan buğda, çovdar, arpa və qarğıdalı ixracatı üçün 17,5 milyon tonluq kvota daxilində bir ton üçün 25 avro buğda vergisi qüvvəyə minəcək. Martın 1-dən bu rüsumun həcmi ton başına 50 avroya qaldırılacaq və 15 martdan etibarən qarğıdalı və arpa ixracatına görə rüsumlar müvafiq olaraq ton başına 25 və 10 avro səviyyəsində tətbiq ediləcək".

"Gömrük rüsumunun tətbiqi baharda gözlənilsə də, indinin özündə də Rusiya taxılının ixracı daha bahalıdır. Qiymətlər müxtəlif yollarla artır - 25%, 30%, 50%. Yem və qatqılar Rusiyadan, Ukraynadan, Avropa ölkələrindən, Türkiyədən, Orta Asiyadan, Belarusdan idxal olunur. Ancaq istehsal dəyəri 70% yemdən asılı olduğundan, hər halda son məhsulun da qiymət dəyişikliyi başlayacaq", - deyə Vəliyev bildirir.

Digər tərəfdən də yerli istehsalın maya dəyərindəki artım, əsasən taxıl qiymətlərindəki artım tendensiyası ilə əlaqədardır. Həqiqətən, bir qayda olaraq, qarışıq yemlərin tərkibindəki bütün taxıl maddələri mübadilə əmtəələridir-birja məshullarıdır və qiymətləri bazar tendensiyalarına uyğun olaraq dəyişir. Neft fyuçersi müqavilələri ən aşağı səviyyələrə düşərkən, dünya taxıl qiymətləri yüksəlməkdə davam edir. Vəziyyətin düzəlməsi üçün müvafiq qurumların məsələyə müdaxilə etməsinə ehtiyac var. Bir neçə il əvvəl də analoji problem yarananda ölkə rəhbərliyi məsələyə müdaxilə etmək məcburiyyətində qalmışdı. Yalnız ondan sonra müvafiq qurumlar hərəkətə gələrək bahalaşmanın qarşısını almağa məcbur oldular. Ümid edirik ki, bu dəfə müvafiq qurumlar prezidentin məsələyə müdaxiləsini gözləmədən yumurtanın qiymətinin qalxmasının qarşısını almaq və buna səbəb olan amilləri aradan qaldırmaq üçün tədbirlər həyata keçirəcəklər.

Murad Şahməmmədov

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az