"2018-ci ilin "Cümhuriyyət ili” elan edilməsi təqdirəlayiq haldır"

"2018-ci ilin "Cümhuriyyət ili” elan edilməsi təqdirəlayiq haldır"

"Şərq" qəzeti Azərbaycan Xalq Cümhuriyyətinin yüz illik yubileyi və "Cümhuriyyət İli" ilə bağlı ölkənin tanınmış ictimai-siyasi xadimlərinin, tarixçilərin, millət vəkillərinin və alimlərin fikirlərini öyrənməkdə, təkliflərini almaqda davam edir. "Şərq"in budəfəki müsahibi AMEA-nın aparıcı elmi işçisi, Bütöv Azərbaycan Ocaqlarının başqan müavini, fəlsəfə üzrə elmlər doktoru Faiq Ələkbərlidir. Alim qəzetimizə müsahibəsində Cümhuriyyətin yubileyi ilə bağlı bugünədək keçirilən tədbirlərdən və qarşıdakı aylarda nəzərdə tutulan işlərdən danışıb, eyni zamanda yubileylə bağlı təkliflərini verib...

- Faiq bəy, Azərbaycan Xalq Cümhuriyyətinin yüzillik yubileyi ilə bağlı verilən Sərəncamı, xüsusən 2018-ci ilin "Cümhuriyyət ili" elan edilməsini necə dəyərləndirirsiz?

- Cümhuriyyətin yüz illik yubileyi ilə bağlı verilən Sərəncam, eyni zamanda 2018-ci ilin "Cümhuriyyət ili" elan edilməsi təqdirəlayiq haldır. Azərbaycan Cümhuriyyəti onun tarixi-mədəni və milli fəlsəfi mahiyyətini anlayanlar üçün milli şərəf, milli qürur kimliyidir. Bu anlamda Cümhuriyyətin quruluşunun 100 illiik yubileyinin önəmliliyini tutduqları siyasi mövqedən asılı olmayaraq hər kəs idrak etməli, milli məsələlərdə siyasi konyukturlardan uzaq durmalıdırlar. Azərbaycan xalqının bu günü və gələcəyi naminə milli iradə ortaya qoymalıyıq. Ümummilli çərçivədə Cümhuriyyətin əhəmiyyəti dərk edilməli, bu kimi məsələlərdə şəxsi, qrup və yad hisslərdən mümkün olduqca kənar durulmalıdır. Başqa sözlə, Azərbaycan Cümhuriyyəti hər bir vətəndaşın qürur mənbəyi olmaqla yanaşı, ilk növbədə onun inkişafı, torpaqlarının bütövlüyü və gələcəkdə Azərbaycanın birləşməsi amalına çevrilməlidir. Yeri gəlmişkən, deyim ki, 1918-ci il mayın 28-də qurulan yeni türk dövlətinin rəsmi adı Azərbaycan Cümhuriyyəti olub. "Xalq Cümhuriyyəti" ifadəsi onun siyasi quruluşu ilə bağlı bir neçə dəfə, o cümlədən İstiqlal Bəyannaməsində işlədilib. Bütün rəsmi sənədlərdə, milli ideoloq Məhəmməd Əmin Rəsulzadənin məqalə və kitablarında yeni dövlətimizin adı Azərbaycan Cümhuriyyəti kimi zikr edilib. Eyni zamanda, Türkiyə, Rusiya, Fransa, Almaniya, Polşa, İngiltərə, ABŞ və digər ölkələrin rəsmi və elmi mənbələrində də əsasən, Azərbaycan Cümhuriyyəti ifadələri işlədilib.

- Sərəncamdan sonra bu istiqamətdə görülən işləri və tədbirləri necə dəyərləndirirsiz?

- Ümumilikdə Cümhuriyyətin 100 illiik yubileyi ilə bağlı indiyə qədər həyata keçirilən tədbirlər əsasən qənaətbəxşdir. Bir sıra konfranslar, tədbirlər həyata keçirilib, bu proses davam etməkdədir. Konfranslardan bir neçəsində mən də iştirak etmişəm. Bütöv Azərbaycan Ocaqları olaraq bu il yanvarın 31-də M.Ə.Rəsulzadənin 134 yaşı və Cümhuriyyətimizin digər liderləri ilə bağlı tədbirlər keçirdik. Təşkilatımız 2017-ci ilin dekabrında Rəsulzadənin Ankaranın Əsri məzarlığındakı qəbirüstü abidəsini də yenidən təmir etdirib. "Cümhuriyyət ili" ilə bağlı da BAO-nun özünəməxsus tədbirləri olacaq.

- Sizcə, 2018-ci ilin sonuna kimi ciddi işlər görmək mümkün olacaqmı?

- "Cümhuriyyət ili"ni layiqincə qeyd etmək şansımız kifayət qədərdir. Bunun üçün ilk növbədə, bilərəkdən, ya da bilməyərəkdən hər hansı detalların ucundan yapışıb ucuzluğa getmək lazım deyil. Cümhuriyyətimizin yubileyi ilə bağlı əlmizdən gələn hər şeyi etməliyik. Bir şeyi yaxşı anlamalıyıq ki, Cümhuriyyətimizin yubileyini hansı səviyyədə qeyd etməyimiz Azərbaycan xalqının bu günü və gələcək inkişafı baxımından çox önəmlidir. Əgər xalqımızın yenidən toparlanıb öncə Ermənistan-Rusiya hərbi qüvvələrinin işğalı altındakı torpaqlarımıza, daha sonra isə vahid Azərbaycana sahib çıxmasını istəyiriksə, Cümhuriyyət fəlsəfəsini doğru-dürüst şəkildə dərk etməliyik. Nəzərdə tutulan tədbirləri gözdən pərdə asmaq naminə deyil, Böyük Azərbaycan hədəfinə çatmaq məqsədi ilə etməliyik. Ən əsası isə Cümhuriyyətiin yubileyi ilə bağlı beynəlxalq səviyyəli konfransların sayını artırmalı, Cümhuriyyətin tarixini, mədəniyyətini, fəlsəfəsini, ədəbiyyatını ortaya qoyan ciddi əsərlər hazırlamalıyıq.

- AMEA-nın bu istiqamətdə gördüyü işlər təqdir olunmaqla yanaşı, tənqid də olunur. Qurumun fəaliyyətini necə dəyərləndirirsiz?

- Sərəncamdan sonra AMEA rəhbərliyi və onun strukturundakı ayrı-ayrı institutlar tərəfindən bir sıra tədbirlər həyata keçirilib. Akademiyanın İctimai Elmlər bölməsi və Fəlsəfə İnstitutu Cümhuriyyətin 100 illiyinə həsr edilmiş "Azərbaycan Xalq Cümhuriyyəti - milli dövlətçiliyin ideya əsasları və müasirlik" adlı elmi konfrans keçirib. Mən həmin konfransda "Azərbaycan milli ideyasının təcəssümü: Azərbaycan Cümhuriyyəti" mövzusunda məruzə ilə çıxış etmişəm. AMEA rəhbərliyi konfranslarda bütün əməkdaşlara heç bir ayrı-seçkilik qoymadan məruzə etməyə şərait yaradır. Eyni zamanda, məruzələrin mövzusu və orada səsləndirlən fikirlərlə bağlı heç bir problem yoxdur. Sadəcə, burada tənqid oluna biləcək məsələlərdən biri odur ki, bu günə qədər Cümhuriyyətimizin 100 illik yubileyi beynəlxalq konfranslar səviyyəsində qeyd edilməyib. Digər tərəfdən konfranslar zamanı bəzən mövzudan kənara çıxmalara yol verilir, bəzi məruzələr özünü doğrultmur. Təklif edirəm ki, Cümhuriyyətimizin 100 illik yubileyini daha uğurlu şəkildə həyata keçirmək üçün dövlət tərəfindən yaradılmış komissiyalara bu dövrün tədqiqatçıları cəlb olunsunlar. AMEA rəhbərliyi də bununla bağlı "Cümhuriyyət komissiyası" yaratmalı və həmin quruma dövrün tarixçiləri, fəlsəfəçiləri, iqtisadçıları, ədəbiyyatçıları, dilçiləri və başqaları cəlb olunmalıdır. Bir sözlə, Cümhuriyyətin yubileyi ilə bağlı istədiyimiz nəticəni əldə etmək istəyiriksə, işi bilənə tapşırmaq lazımdır.

- AXC-nin yubileyinin təntənəli keçirilməsi ilə bağlı müxtəlif təkliflər gündəmdədir. Abidə, park, film və s. Sizin təklifləriniz nələrdir?

- Cümhuriyyətin 100 illik yubileyi ilə bağlı ən önəmli tədbir 2018-ci il mayın 28-də təşkil olunmalı və bu tədbirə heç bir ayrı-seçkilik qoyulmadan millət vəkilləri, ziyalılar, dövrün tədqiqatçıları, əsil Cümhuriyyət sevdalıları dəvət olunmalıdırlar. Şübhəsiz, Azərbaycan Cümhuriyyətinin yubileyinin təntənəli keçirilməsi üçün ən önəmli məsələlərdən biri də "Cümhuriyyət Abidəsi"nin təşkili və həmin abidədə Rəsulzadə başda olmaqla, bütün Cümhuriyyət liderlərinin - Ə.Topçubaşovun, N.Yusifbəylinin, F.Xoylunun, H.Ağayevin, S.Mehmandarovun və başqalarının abidələrinin yer almasıdır. Əlbəttə, bununla yanaşı, "Böyük Azərbaycan Abidəsi"nin olması daha möhtəşəm olardı. Bizcə, "Böyük Azərbaycan Abidəsi" "Cümhuriyyət Abidəsi"ni də öz içinə almaqla qədim dövrlərdən günümüzədək Azərbaycan mərkəzli türk dövlətlərinin ən tanınmış simalarını bir araya gətirə bilər. Əslində "Böyük Azərbaycan Abidəsi" bir tərəfdən tarixi dövlətçiliyimizin maddi nişanəsini ortaya qoyacaq, digər tərəfdən 50 milyonluq Azərbaycan türkünün mənəvi birliyinin reallığa çevrilməsi yolunda mühüm bir rəmzə çevriləcək.

- Xarici ölkələrdə əbədi uyuyan Cümhuriyyət qurucularının məzarlarının ölkəmizə gətirilməsi də gündəmdədir. Hətta təklif verilir ki, "Cümhuriyyət məzarlığı" yaradılsın və xaricdəki məzarlar ora köçürülsün. Bununla bağlı fikirləriniz nədir?

- Bu məsələ ilə bağlı mənim konkret mövqeyim odur ki, yalnız Cümhuriyyətin tanınmış dövlət xadimlərinin deyil, ümumilikdə Azərbaycan torpaqlarından kənarda dəfn olunmuş tanınmış şəxsiyyətlərimizin nəşləri ya həqiqi, ya da rəmzi anlamda Bakıya gətirilsin. Niyə rəmzi anlamda deyirəm? Çünki elə şəxsiyyətlərimiz var ki, onların qəbirlərinin yerləri ümumiyyətlə bəlli deyil. Hesab edirəm ki, başda Nəsib bəy Yusifbəyli olmaqla məzarı olmayan şəxsiyyətlərimiz üçün də bir "qəbirevi", ya da abidə inşa etməliyik. Eyni zamanda, hesab edirəm ki, məzar yeri bəlli olan, ancaq hansısa səbəblərə görə gətirilməsi mümkün olmayan şəxsiyyətlərimiz üçün də, onların məzarlarından gətirilmiş torpaqlardan da istifadə etməklə rəmzi qəbirlər ortaya qoymaq mümkündür. Əgər məzarları gətirə bilmiriksə, ya da gətirilməsini doğru hesab etmiriksə, ən azından rəmzi mənada onların qəbirləri yanından gətirilmiş torpaqlardan istifadə edərək abidə inşa etməliyik. Yəni mən "Cümhuriyyət məzarlığı"nın deyil, "Böyük Azərbaycan Abidəsi"nin inşasının tərəfdarıyam. Ən çox isə Rəsulzadənin məzarının Bakıya gətirilməsinin tərəfdarıyam. Doğrudur, bir çoxları hesab edirlər ki, buna ehtiyac yoxdur, çünki Rəsulzadənin dəfn olduğu Ankara da Türk yurdudur. Lakin Rəsulzadənin məzarının Bakıya gətirilməsi "Böyük Azərbaycan" ideyasının gerçəkləşməsi üçün çox vacibdir.

- Hər kəs üzərinə düşəni etməyə çalışır. Elm adamı kimi AXC-nin yüzilliyinə şəxsən necə hazırlaşırsız? Dövrlə bağlı yeni əsərlər, araşdırmalarınız olacaqmı?

- Hesab edirəm ki, yalnız Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi məsələsində deyil, bütün milli məsələlərdə hər bir azərbaycanlı canla-başla çalışmalıdır. Mən də bir Azərbaycan alimi kimi indiyə qədər millətimə, vətənimə və dövlətimə əlimdən gələn qədər xidmət etmişəm və edəcəm. Hazırda "XX əsrin birinci yarısında Azərbaycan fəlsəfəsinin inkişaf yolları" və "Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi - (XIX-XX əsrlər)" adlı kitablar üzərində işləyirəm. Hər iki elmi əsəri, xüsusilə kitabımızı yaxın aylarda tamamlayaraq nəşr etməyi planlaşdırıram. Bu elmi əsərləri yazmaqda əsas məqsədim Azərbaycan Cümhuriyyətinin milli fəlsəfi dərkini ortaya qoymaqdır. Bizlər artıq "Azərbaycan ruhu"nu yeni bir müstəviyə keçirməklə, özündə türkçülük, islamçılıq, yenilikçilik ideyalarını da ehtiva etməklə yeni bir Milli Konsepsiya ortaya qoymalıyıq. Bu baxımdan son əsərlərimdə məhz Milli Konsepsiyamızın yeni dövrə görə hazırlanması və həyata keçirilməsi məsələsinə ayrıca, önəmli yer verməkdəyəm. Əgər alimlərin yazdıqları məqalələr, kitablar millətimizin hədəfinə çatdırmağa doğru aparmırsa, onlar kağız parçasından başqa bir şey deyil. Bu anlamda elmi işlərimiz, kitablarımız da yalnız hansısa elmi adlara, ya da elmi dərəcələrə, yaxud da 3-5 manat əlavə maaş almağa görə yazılırsa, o zaman ən böyük zərbə millətə və vətənimizə dəymiş olacaq.

- Türkiyə ilə Azərbaycanın bu istiqamətdə ortaq iş görməsi də gündəmdədir. İki ölkə bu istiqamətdə hansı ciddi işləri görə bilər?

- Türkiyə ilə Azərbaycanın Cümhuriyyətimizin 100 illik yubileyi ilə bağlı birgə tədbirlər keçirməsi çox vacibdir. Çünki hər iki dövlətin müəyyən anlamda Cümhuriyyət məsələsində ortaq nöqtələri var. Eyni zamanda, indiki dövrdə Azərbaycan və Türkiyənin bütün sahələrdə birgə hərəkət etməsinə ciddi ehtiyac var. Bu anlamda Türkiyə ilə Azərbaycanın Cümhuriyyətimizin 100 illik yubileyi ilə bağlı Bakıda, Ankarada, İstanbulda, Gəncədə, Ərzurumda, Konyada, Naxçıvanda və başqa şəhərlərimizdə ortaq beynəlxalq simpoziumlar, konfranslar və bayram tədbirləri keçirilməlidir. Xüsusilə, Azərbaycan Cümhuriyyətinin quruluş fəlsəfəsinə və Rəzulzadəyə həsr olunmuş beynəlxalq konfransların Azərbaycan, Türkiyə və digər türk dövlətlərində həyata keçirilməsini çox vacib hesab edirəm. Təklif edirəm ki, Ankara, ya da İstanbulda "Cümhuriyyət Abidəsi" tikilsin. Şübhəsiz, həmin abidənin eynisi Türkiyə Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı 2023-cü ilədək Bakıda ya da Gəncədə də inşa edilə bilər. Əlbəttə, Qafqaz İslam Ordusunun Şimali Azərbaycanın xeyli bir qismini, o cümlədən Bakını azad etməsi ilə bağlı da beynəlxalq tədbirlər həyata keçirilməlidir. Çünki Qafqaz İslam Ordusu Azərbaycan Cümhuriyyətinin varlığını qoruması və yaşaması yolunda çox mühüm işlər görüb. Hesab edirəm ki, artıq Cümhuriyyətimizin 100 illik yubileyi ilə bağlı Qafqaz İslam Ordusunun komandanı Nuru Paşaya da Bakının önəmli yerlərindən birində abidə qoyulmasının zamanıdır. Bu cür abidələr Azərbaycan-Türkiyə birliyinin daha da güclü və daimi olması yolunda çox önəmlidir.

- Bu il həm də Ermənistan və Gürcüstan dövlətləri "respublika günlərini" qeyd edəcəklər. Bunu nəzərə alanlar Cümhuriyyət yarışında həmin ölkələrdən geri qalmamağa xüsusi diqqət yetirirlər. Bu məqamı önəmli sayırsızmı?

- Biz əsas diqqətimizi Azərbaycan Cümhuriyyətinin yubileyini yüksək və dəyərli şəkildə keçirməyə yönəltməliyik. Əsas məramımız Azərbaycan Cümhuriyyətinin hər bir qarış torpağına çox yaxın zamanlarda sahib çıxacağımızı ortaya qoymaq olmalıdır. Xüsusilə ermənilər anlamalıdırlar ki, himayədarlarının sayəsində işğal etdikləri Azərbaycan torpaqlarında uzun müddət qala bilməyəcəklər. Bu anlamda Cümhuriyyətimizin 100 illik yubileyində verəcəyimiz mesajlar çox önəmlidir. Artıq biz 100 illik yubileyimizdən sonra, bəlkə də yubiley ilində torpaqlarımıza sahib çıxmaq iradəsini daha güclü şəkildə ifadə etməliyik.

Başqa sözlə, cümhuriyyətimizin 100 illik yubileyində erməni-rus birləşmələrinə cəbhədə güclü bir zərbə vurmalıyıq ki, çox keçmədən işğal altındakı bütün torpaqlarımıza sahib çıxmaq hədəfi daha da yaxın olsun. Yəni düşmənlərimiz Azərbaycan əsgərinin gücünü, onun nəfəsini hər an boyunlarının ardında hiss etməlidirlər. Şübhəsiz, torpaqlarının bir qismi işğal altında olan bir dövlət üçün 100 illik yubileydə ən böyük və müqəddəs hədiyyə Azərbaycan əsgərinin həmin torpaqlarımızı işğaldan azad etməsi və əsl sahiblərinə qaytarmasıdır. Bizcə, Cümhuriyyətimizin 100 illik yubileyi dövründə bundan önəmli məqam ola bilməz!

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az