Sevincdə, kədərdə birlikdə olmağı bacaran Azərbaycan ailəsi

Sevincdə, kədərdə birlikdə olmağı bacaran Azərbaycan ailəsi
20 Yanvar günü 3 nəslin nümayəndələri mənən görüşdülər

Biz birlikdə güclüyük

Bu günlərdə 20 Yanvar hadisələrinin 23-cü ildönümünü qeyd etdik. Aradan nə az, nə çox, düz bir igidin ömrü qədər uzun bir zaman ötüb. Lakin ötən zaman bizi şəhidlərimizdən və onların müqəddəs amallarından, qəhrəmanlıq salnamələrindən ayıra bilməyib. Əksinə, bizi bu dəyərlərə daha da sıx tellərlə bağlayıb. Tarixin dərinliklərindən gələn milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz qorunub-saxlanıldığı kimi, qəhrəmanlıq səhifələrimiz də qan yaddaşımıza əbədiyyən həkk olunub. Ən azı ona görə kimi, Azərbaycan torpağının sakinləri artıq bir ailə kimi formalaşa biliblər. Bunu ölkəmizdə yaşayan xalqların, etnik və dini azlıqların tale oxşarlığı, ümumi maraqları, birgə formalaşdırdıqları və mənimsədikləri yüksək insani dəyərlər labüd edib. Bəli, biz bir ailəyik. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və tarixin gerçəkliklərini sübut edən azərbaycançılıq ideyası bu həqiqəti bir daha sübut edir. Bütün bunları nəzərə alaraq, 20 Yanvar hadisəsinin ildönümünü "Ailə, gender və demoqrafiya" məsələləri kontekstində təqdim etmək qərarına gəldik. Məqsədimiz faciəni ayrı-ayrı ailələrin timsalında işıqlandırmaq deyil, bu haqda zaman-zaman kifayət qədər məlumat verilib. Yeganə istəyimiz Azərbaycan xalqının taleyüklü məsələlərdə vahid bir ailə ola bildiyini özümüzə və dünyaya nümayiş etdirməkdir. Belə ki, ardıcıl uğurlarımızın sirri məhz bu birlikdədir. Heç təsadüfi deyil ki, indi Azərbaycan adlandırdığımız vahid bir ailə ümumən dünyanın inkişafında söz sahibinə çevrilib. Artıq bizdən öyrənirlər. Hətta bizə qibtə edənlər də bu birlikdən nümunə götürməyə çalışırlar. Bunu cəmi beş gün əvvəl dünyaya nümayiş etdirdiyimiz monolit birliyimiz bir daha sübut etdi. Bəli, 2013-cü ilin 20 Yanvar günü əvvəlki illərdə olduğu kimi şəhidlərimizin qəhrəmanlıqlarına layiq şəkildə anıldı. Özünü Azərbaycan ailəsinin üzvü hesab edən minlərlə vətəndaş Şəhidlər Xiyabanına axın etdi, digərləri isə şəhidləri qəlbən anaraq bu mənəvi birliyə qoşulmuş oldu.

Çünki...

1990-cı ilin 20 yanvarında keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi.

Nəsildən nəslə...

Bu il yanvar ayının 20-də "Oxu Məni" ailəsinin üzvləri, qəzetin dəyərli oxucularının timsalında yenidən bir araya toplaşdılar. Bu toplantı başqa toplantılardan fərqli idi. Hər kəs öz qanları ilə ən yeni tariximizə şanli bir səhifə yazan, mərdliyi, cəsarəti ilə hər birimizə örnək olan şəhidlərimizin anım gününü qeyd etmək üçün bir araya toplaşmışdı. Hamı 23 il əvvəl olduğu kimi bir ailəni xatırladırdı, Azərbaycan adlı möhtəşəm bir ailəni. Ziyarətə gələn milyonların arasında Azərbaycan ailəsinin gəncləri də az deyildi. Nofəl Ümid, Rəşad Məhəmmədoğlu, Elnur Mirzəyev, Sahib Naxçıvanlı, Ramil Günəşli, Sərvər Kamranlı çoxsaylı həmyaşıdları kimi ümummilli anım mərasimində iştirak edirdilər. İlham və Fərizənin məzarı ilə başlayan ziyarətdə ilk əvvəl öz sevgisi uğrunda canından keçən, vətən şəhidinə özü şəhid olan Fərizənin həyatı yada salındı. Amansızcasına öldürülən, yaxın məsafədən bədəninə 23 güllə vurulan R.Rüstəmovun ölüm səhnəsi xatırlanaraq, rus ordusu törətdiyi vəhşiliklərə görə bir daha lənətləndi. Şəhidlərimiz bir-bir ziyarət edildi. Bu zaman naməlum məzarlıqlar, şəhidlər xiyabanında uyuyan, ömrünün gənc yaşlarını doyunca yaşaya bilməmiş məktəbli şəhidlər də nəzərdən qaçmadı. Hüzn və qəhrəmanlıq günündə yeganə təsəlliverici, bəlkə də sevindirici hal o idi ki, qanlı hadisədən 23 il keçməsinə baxmayaraq, xalqımız övladlarını, şəhidlərini ziyarət etmək üçün axın-axın xiyabana gəlirdilər. Xiyaban başdan-başa qırmızı qərənfillərlə bəzədilmişdi. Uşaqdan böyüyə hər kəsin əbədi and yeri sayılan bu məkan cənnət əhlilərinin məkanı idi. Sanki böyük bir ailənin üzvləri mərhumlarını, ulularını ziyarətə gəlmişdilər, onlar qarşısında mənəvi borclarını verirdilər. Bu həm də gələcək nəslin ulular qarşısında sədaqət andı idi.

20 Yanvarda həlak olan şəhidlərimizi ziyarətdən sonra hər kəs, o cümlədən sadiq oxucularımız da şəhidlərimizin əbədi xatirəsi üçün tikilən atəşgahın ətrafından keçərək, aşağıdakı digər ziyarətgaha - Qarabağ uğrunda döyüşlərdə həlak olan şəhidlərimizin məzarlarına doğru irəlilədilər. Oradakı qəhrəman ruhları da ziyarət edib, daha bir müqəddəs məkana - türk şəhidlərinin məzarlarına baş çəkdilər. Maraqlı bir görüntü sərgilənirdi. Azərbaycan ailəsinin üzvləri ən yeni tarixdə itirdikləri Qarabağ şəhidlərini, ondan bir qədər əvvəl vidalaşdıqları 20 Yanvar şəhidlərini və ötən əsrin əvvəllərində əbədi mənzilə yola saldıqları Türk şəhidlərini ziyarət edirdilər. Sanki müasir azərbaycanlılar 3 nəslin nümayəndələri ilə görüşə gəlmişdilər - vaxtsız itirdikləri bacı-qardaşlarını, valideynlərini və babalarını ziyarət edirdilər. Bu isə Azərbaycan ailəsinin monolitliyinin və irsilik prinsipinə sədaqətinin bariz nümunəsi idi.

Gənclərin etirafına görə, bir ailə kimi ziyarəti birlikdə başa vursalar da, missiyalarını başa vurulmuş hesab etmirlər. Onlar hər bir şəhidin xatirəsini qəlblərində yaşatdıqları kimi, uğrunda can qoyulmuş müqəddəs qəhrəmanlıq amalını da əbədi məşəl tək qoruyub saxlayırlar və bu amal uğrunda eyni qəhrəmanlıq yolunu keçməyə hazır olduqlarını bildirirlər. Monolit Azərbaycan ailəsinin hər bir üzvü kimi onlar da müqəddəs yolda həyatlarından keçməkdən çəkinmədiklərini söyləyirlər. Çünki qədirbilən Azərbaycan xalqı qədim tarixindən gələn milli-mənəvi dəyərlərində qəhrəmanlığın özü kimi qəhrəmanlarını da yaşada bilir. Başqa sözlə desək, qanları ilə müstəqillik toxumunu suvaran, cəsədləri ilə bu toxuma torpaq olan, nurlu əqidələri ilə ona hərarət verən, işıq saçan şəhidlərimiz əbədi olaraq qəlbimizdə yaşayır, Azərbaycan var olduqca yaşayacaqdır. İllər keçəcək, gələcək nəsillər bizləri əvəz etsə də, şəhidlərimiz heç bir zaman unudulmayacaq.
"Oxu Məni" ailəsinin yaradıcı kollektivi, o cümlədən bu ailənin ayrılmaz parçası olan dəyərli oxucular adından bir daha şəhidlərimizə Allahdan rəhmət diləyərək, həm vahid Azərbaycan ailəsinə bu matəm günü münasibətilə başsağlığı verir, həmçinin azad olmağımız münasibətilə hər kəsi təbrik edirik.

Sərvər Kamranlı

O.M.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az