Küçələrin isti və soyuq üzü

Küçələrin isti və soyuq üzü
İnsan meyiti tapılan küçədə atılmış bir körpənin həyatı xilas edildi

BİR ANLIQ DÜŞÜNƏK

Dünya təsadüflərlə doludur. Deyirlər, təsadüflər zərurətdən yaranır. Yəni bir insanın taleyinə bu və ya digər hadisə yazılıbsa, o, hökmən olmalıdır. Bəzən insanlar bunun fərqinə varmırlar. Halbuki, Ulu Yaradanın hökmü ilə hamımızın taleyini əvvəlcədən mələklər təyin edir. Sizə təqdim edəcəyimiz hadisələri də bu baxımdan taleyin qisməti kimi dəyərləndirmək olar. Bəli, redaksiyamızın bir vaxtlar yerləşdiyi Həsən Seyidbəyli küçəsində bir-birinin ardınca iki dəhşətli olay baş vermişdi. Birinci halda, atılmış körpənin həyatı xilas edildi. İkinci halda isə qadın dünyasını dəyişərək, əzab əziyyətlərdən birdəfəlik canını qurtardı. Bəlkə də mərhum kinossenarist Həsən Seyidbəyli sağ olsaydı, bu hadisələri ekranlaşdırardı? Yəqin ki, elədir. İndi isə onun narahat ruhu şad olsun deyə, biz bir neçə il bundan əvvəl şahidi olduğumuz iki təzadlı hadisəni eyni məqalədə sizlərə təqdim edirik.

YENİ İNSANLAR ÜÇÜN YENİ TİKİLİLƏR

Bakı şəhərində N.Nərimanov heykəlindən bir qədər aşağıda Həsən Seyidbəyli küçəsi, ev 18 adlı ünvan var. Bu ünvanda yeni tikililər silsiləsinə aid olan dəbdəbəli bir bina ucaldılmışdır. Zahiri gözəlliyi ilə insana gəl-gəl deyən binanın sakinləri təbii ki, maddi cəhətdən zəngin insanlardır. Bu, həyətdəki bahalı maşınlardan və bloklara daxil olan insanların şux geyimlərindən, qayğısız baxışlarından bəlli olur. O insanlar heç zaman heç nədən korluq çəkmirlər, elə buna görə də daim gülümsər olurlar. Qeyd edək ki, həmin binada bir müddət Aygün Kazımova da yaşamışdı. Bu faktın nə demək olduğunu yəqin ki, anlayırsınız.

NƏ İSƏ, KEÇƏK MƏTLƏBƏ...

Hərarətli bahar bayramı ərəfəsində soyuq bir qış hekayəsini nəql etməyimiz heç də təsadüfi deyil. Bunu ona görə edirik ki, həyatın isti və soyuq üzünün olduğunu unutmayaq. Bəli, o qış orada qəribə bir hadisə baş vermişdi. Belə ki, gənc bir qadın körpəsini binanın pilləkənlərinə ataraq, ildırım sürətilə gözdən itmişdi. Hətta gördüklərindən çaş-baş qalan qarovulçu da ona yetişə bilməmişdi. Qadın bir andaca yoxa çıxaraq, sanki qeybə çəkilmişdi. İşi belə görən qarovulçu hər ehtimala qarşı körpəyə yaxınlaşmadı. Ərazi üzrə Səbayıl rayonu 9-cu polis bölməsinə zəng vurub, fakt barəsində məlumat verdi. Çox keçmədən əməliyyat işçiləri hadisə yerinə gəldilər. Onlar dərhal uşağı pilləkənin üstündən götürüb, daha təhlükəsiz yerə - qarovulçunun isti otağına gətirdilər. Vaxt itirmədən təcili yardıma məlumat verdilər. Bir neçə dəqiqədən sonra tibb işçiləri də gəlib çıxdılar. Gözləri qəpik kimi parlayan körpənin bələyini açıb, onu müayinə etməyə başladır. Nədənsə uşaq ağlamırdı. Sanki təhlükənin sovuşduğunu hiss edibmiş kimi soyuq havada üşümürdü. O, tanımadığı əmilərin, xalaların təlaşına məhəl qoymadan matdım-matdım onların üzünə baxır, totuq əllərini sinəsinə sıxaraq, dodaqlarını gəmirirdi. Bununla bir növ Tanrıya dualarını yetirir, sağ qaldığına görə şükür edirdi. Həkimlərsə olduqca həyəcanlı görünürdülər. İndi onları yalnız bu uşağın xəstə olub olmadığını müəyyən etmək, onun həyatını xilas etmək maraqlandırırdı. Onlar yorulmadan çalışırdılar. Nəhayət, hər şey aydın oldu. Məlum oldu ki, atılmış körpə təxminən altı-yeddi aylıqdır və onun səhhətində heç bir qüsur yoxdur. Bu xəbərdən hər kəs sevincək oldu. Bir ağızdan qərara alındı ki, ona ad verilsin. Hərə öz sevib-seçdiyi adı və soyadı dilə gətirdi. Sonda hər kəs ümumi rəyə gəldi. Taleyin ilk sınağından üzüağ çıxmış bu uşağa Fərid Həsənov adı verildi. O, həkimlərin və polislərin yekdil qərarı ilə körpələr evinin birinə yerləşdirildi. Kim bilir, bəlkə gələcəkdə bu şəxs böyük bir şəxsiyyətə çevriləcək, Fərid müəllim deyə çağırılacaq? Bəlkə də ona ehtiram əlaməti olaraq cənab Həsənov deyə müraciət edəcəklər? Hər halda bir şey məlumdur, o, həyatın bütün sınaqlarından alnıaçıq çıxacaq və şübhəsiz ki, hər kəsin sevimlisi olacaq. Çünki soyuq küçələrə atılmış bu uşağı Tanrı qorudu, cəmiyyət ona sahib çıxdı, insanlar sevdikləri adı ona verdilər. Göründüyü kimi, dünyada ən ülvi hisslərdən sayılan məhəbbət onun qoruyucu mələyinə çevrildi.

XEYİRLƏ ŞƏR ÜZ-ÜZƏ

Bakı şəhərində Həsən Seyidbəyli küçəsi ev 11 adlı ünvan da var. Bu ünvanda nə bir yeni tikiliyə rast gəlmək olar, nə də abadlığa. Sözün düzü, heç 11 saylı ev də yoxdur. Sadəcə, ünvanda rəmzi mənada bu məkan qeyd olunub. Bura məşhur sürüşmə zonasının aşağı hissəsidir. Orada vaxtı ilə insanlar yaşasalar da, indi həmin yerin yeganə sakinləri yiyəsiz küçə heyvanlarıdır. Çünki buradakı evlər bir neçə ildir sökülüblər və nədənsə həmin yer hasara alınıb. Sanki təhlükəli bir ərazi kimi ətrafdan təcrid olunub. Sözün düzü, bayaq haqqında bəhs etdiyimiz 18 nömrəli ev bura çox yaxındır. Həsən Seyidbəli küçəsinin 11 və 18 nömrəli evləri arasında təxminən 30-40 metr məsafə olar. Doğrudur, şərti olaraq onların biri Yasamal, digəri isə Səbayıl rayonunun inzibati ərazisinə daxildir. Bununla belə, dəbdəbəli bina ilə xarabazarlıq bütün günü bir-birini seyr etmək məcburiyyətindədirlər. Bəlkə elə bu səbəbdəndir ki, viranəlik xəcalətindən özünü hasara aldırıb? Məhz həmin hasarın arxasında o gün dəhşətli bir hadisə yaşanmışdı.

ODLA SUYUN ARASINDA

Taleyin qisməti ilə bizim redaksiya da Həsən Seyidbəyli küçəsində yerləşirdi. Daha doğrusu, ofisimiz sürüşmə zonasının lap yaxınlığında idi (redaksiyamıza təşrif buyuranlar bunu yaxşı bilirlər). Yanvar ayının 13-ü "Serial" qəzetinin nəşrə hazırlanması üzərində qızğın iş gedirdi. Birdən redaksiyanın qapısı açıldı. İçəri bir neçə polis işçisi daxil oldu. Yaxınlıqda naməlum insan meyitinin aşkar edildiyini söyləyib, bizdən istintaqa kömək etməyimizi xahiş etdilər. Onlar bizə faktla bağlı bir neçə sual verərək, mərhumu tanıyıb tanımadığımızla maraqlandılar. İlk əvvəl söhbətin kimdən getdiyini bilməsək də, sonradan hadisənin xarabazarlıqda baş verdiyini öyrəndik. Məlum oldu ki, bir müddət bundan əvvəl hasarın arxasında özünə sığınacaq tapmış ailənin bir üzvü dünən gecə dünyasını dəyişib. Daha doğrusu, 32 yaşlı qadın soyuqdan ölüb.

BİR GÜN ƏVVƏL

Dərhal dünənki hadisəni xatırladıq. Belə ki, həmin gün səhər redaksiyamıza təxminən 4-5 yaşlarında olan oğlan uşağı gəlmişdi. Rusca danışan bu uşaq anasının ağır xəstə olduğunu söyləyib, bizdən su istəmişdi. Jurnalist marağı bizə güc gəldiyindən onu sorğu-suala tutduq.

- Adın nədir, ay uşaq?

- Sizin üçün nə fərqi var?

- Harada yaşayırsan?

- Əvvəl qəbiristanlıqda yaşayırdıq. Oradan bizi qovdular. İndi hasarın dalında kartondan ev düzəltmişik. Anamla mən orada yaşayırıq.

- Atan yoxdurmu sənin?

- Yox, ölüb. Mən anamla qalıram.

- Yaşamağa şəraitiniz varmı? Yəni stol, stul, çarpayı?

Bizim sonuncu sualımız oğlanı təəccübləndirdi. O, başını bulayaraq, gülməmək üçün özünü güclə saxladı. Görünür, yaşamaq üçün elementar şəraitin olması ona gülünc görünürdü:

- Siz nə danışırsınız? Ora iki nəfər güclə yerləşir. Gecə soyuq olanda bir-birimizi qucaqlayıb yerdə yatırıq. Üstümüzə atamın zibillikdən tapdığı paltonu atırıq. İndi anam xəstədir. Bu gecə onun qızdırması qalxmışdı. Qucağı elə isti idi ki, mənim canımı qızdırırdı. Hələ belə rahat yatmamışdım.

- Bəs deyirdin atan yoxdur?

- Hə də, bu mənim ikinci atamdır. Birinci çoxdan ölüb. Mən heç onu görməmişəm də.

Adını demək istəməyən uşaqla söhbətimiz qısa oldu. O, tələsdiyini bildirərək, suyu götürüb getdi. Pəncərədən gördük ki, onu səkidə bir kişi gözləyir. Cırıq-cındır geyimli bu adam körpənin əlindən suyu alıb, bir neçə qurtum içdi. Sonra hər ikisi hasarın arasından keçərək, gözdən itdilər. Bir azdan uşaq yenidən gəlib, bizdən su istədi. Həmin gün o, düz dörd dəfə redaksiyadan su apardı (Halal xoşu olsun!).

İSTİNTAQ DAVAM EDİR

Polislər mərhum barəsində araşdırma aparmağa başladılar. Çox keçmədən məlum oldu ki, o, 32 yaşlı Sankt-Peterburq sakini Sverdlova Olqa Konstantinovnadır. Sən demə, bu qadın 8 il əvvəl əri ilə birlikdə Rusiyadan Azərbaycana gəlib. Dörd ildən sonra əri xəstələnərək ölüb. O özü isə səfil həyata yuvarlanıb.

Bu nikahdan doğulan körpə əsasən dilənərək ailəsini maddi cəhətdən təmin etməyə çalışırdı. Zavallı uşaq qazandığı qəpik-quruşdan anasına dərmanlar və içki alır, imkanı çatdığı qədər evə bazarlıq edirdi. Sözsüz ki, bu bazarlıq bir buxanka çörəkdən artıq ola bilməzdi. Axı 4-5 yaşlı körpənin rahat dilənməsi üçün böyüklərin himayəsi tələb olunurdu. O isə bundan məhrum idi. Ona görə də qaraçıların fəaliyyət göstərdiyi gur yerlərdə deyil, sakit küçələrdə dilənirdi. Digər tərəfdən, qarşısına çıxan tək-tük adam da çox vaxt onu şarlatan zənn edib qovurdu. Belə ki, yaraşıqlı görkəmə malik olan bu uşaq dilənçidən çox ata-anasına naz edən ərköyün uşağa bənzəyirdi.

ACI SONLUĞUN XOŞBƏXT BAŞLANĞICI

Polislərlə hadisəni xeyli müzakirə etdik. Mərhumun və onun körpəsinin aqibəti ilə maraqlandıq. Bizə bildirdilər ki, meyiti bu gün morqa təhvil verəcəklər. O ki qaldı atalığı ilə birlikdə yoxa çıxmış uşağa, onun haqqında da ürəkaçan məlumat əldə etdik. Qəzet nəşrə hazırlanarkən öyrəndik ki, onu uşaq evlərinin birinə yerləşdiriblər. Sonuncu xəbər bizi sevindirdi. Çünki yiyəsiz uşağı yalnız uşaq evinə etibar etmək olardı.

SON SÖZ ƏVƏZİ:

Küçələr, sərt qanunların hökm sürdüyü cansız küçələr, siz necə də qəribəsiniz?! Bəzən külək sizin tozunuzu dumana qarışdırır, bəzənsə parlaq günəş şüaları qoynunuzda məskən salaraq, qəlblərə hərarət gətirir. Amma nədənsə çox vaxt biz insanlar sizə etibar etmirik. Qapı-pəncərələri, pərdələri bağlayaraq, öz mənzilimizə çəkilməyi üstün tuturuq və həmin gün olduğu kimi düşünürük, nə yaxşı ki, küçələrin yolları uşaq evlərinə doğru uzanır...

Natiq Qocaman

O.M.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az