“London-2012”-də azərbaycançılıq fenomeni qalib gəldi

“London-2012”-də azərbaycançılıq fenomeni qalib gəldi
Biz birlikdə güclüyük!

Qələbəyə aparan yol

"London-2012" yay olimpiya oyunlarını geridə qoymuşuq. Qazanılmış nailiyyətlər hər kəsi sevindirir. 2 qızıl, 2 gümüş, 6 bürünc medal Azərbaycanı idman ölkələri sırasında layiqli yerə yüksəldib. Bu gün sosial, milli, dini, siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir azərbaycanlı qürur hissi ilə qeyd edə bilər ki, qazanılmış uğurda hamımızın payı var. Bəli, bu qələbə milli birliyimizin, bu birlikdən yaranan davamlı inkişafın məntiqi nəticəsidir. Biz xalq və dövlət olaraq idmançılarımıza qayğı göstərdik, tükənməz qələbələri üçün şərait yaratdıq, onlar da bu doğma münasibətə adekvat cavab verərək bizi dünya ictimaiyyətinin gözündə yüksəklərə qaldırdılar.

Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin layiqli davamçısı, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi ardıcıl islahatlar ölkədə inkişaf üçün, o cümlədən idmanın inkişafı üçün münbit şərait yaratmışdır. Bugünkü məqalədə biz idmanın inkişafı və ya "London-2012" olimpiadasında qazandığımız uğurlar haqda bəhs etməyəcəyik. Buna heç ehtiyac da yoxdur, nailiyyətlər göz qabağındadır. Məqalədə Azərbaycanın bayrağını ucaltmış, onun şan-şöhrətini daha da yüksəklərə qaldırmış, fərqli millətlərdən və dinlərdən olan Azərbaycan vətəndaşlarından danışacağıq. Heç təsadüfi deyil ki, Azərbaycanı özünə vətən seçmiş hər bir qəhrəmanımız dünya ictimaiyyətinə məhz azərbaycanlı kimi təqdim olunub. Əslində elədir ki, var. Onların hər biri, sözün əsl mənasında, azərbaycanlıdır. Adlarını böyük hərflərlə idman və zəfər tariximizə yazdıran idmançılarımız bu vətən üçün əvəzolunmaz xidmətlər göstəriblər. Milli, dini, etnik və sosial mənsubiyyətindən asılı olmayaraq milli komandamızın hər bir üzvü Azərbaycan vətəndaşlarının qürur mənbəyinə çevrilib və azərbaycançılığın təntənəsini əks etdirib. Gəlin milli birliyimizin və davamlı inkişafımızın məntiqi nəticəsini təmin edən qəhrəmanlarımızla yaxından tanış olaq. Onlar əcnəbi deyillər. Azərbaycanı özünə vətən seçmiş, fərqli millətlərdən və dinlərdən olan azərbaycanlılardır.

Hər kəsi ayağa qaldıraraq Azərbaycan himnini səsləndirən cəngavər

1988-ci ilin 11 noyabr tarixində Dağıstanın Çaroda rayonunun Hunux kəndində anadan olan Şərif Şərifov milliyyətcə avardır. O, sərbəst güləşlə Dağıstanın Qızılyar şəhərində məşğul olmağa başlayıb. Sonradan Mahaçqala şəhərinə yerləşərək məşqlərini Rusiyanın əməkdar məşqçisi Ənvər Məhəmmədhacıyevin rəhbərliyi altında davam etdirib. Məhz dünya şöhrətli məşqçinin məsləhəti ilə o, idman karyerasını Azərbaycanda davam etdirib. Belə ki, məşqçi ona Azərbaycanın sürətlə inkişaf etməkdə olan idman ölkəsi olduğunu bildirməklə yanaşı, perspektivli güləşçini, sözün əsl mənasında, Azərbaycanın hər sahədə qazandığı uğurlarla tanış edib. Beləcə, 20 yaşlı Şərif gələcək taleyini odlar yurdu ilə bağlayıb.

Şərifin beynəlxalq yarışlarda çıxışı 2008-ci ildən başlayıb. Bir il sonra o, böyüklər arasında dünya çempionatında fəxri kürsüdə yer almağı bacarıb. Belə ki, Herninq Dünya çempionatında bürünc medalın sahibi olub. 2010-cu ildə Avropa çempionatında 2-ci olan Şərifov 2011-ci ildə Dünya çempionu tituluna yiyələnib. Həmin il həmçinin Avropa çempionatının bürünc, Bakıda keçirilən Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl qran-pri" beynəlxalq turnirinin final mərhələsinin qızıl medalını qazanıb. 2011-ci il ümumən gənc döyüşçünün karyerasında uğurlu olub. O, Türkiyənin İstanbul şəhərində keçirilən Dünya çempionatında qalib olmaqla "London-2012"-yə lisenziya qazanıb. Şərif Olimpiadada Türkiyə, ABŞ, İran ve Puerto-Riko idmançılarını məğlub edərək Azərbaycanın bayrağını fəxri kürsünün ən yüksək zirvəsinə qaldırıb. Çempion son müsahibələrinin birində Azərbaycanın ona uğur gətirdiyi kimi, onun da hər zaman Azərbaycana uğur gətirmək əzmində olduğunu bildirib. Bu isə vətənə sədaqətin, dövlətə məhəbbətin təntənəsi deməkdir.

Azərbaycan istedadlı güləşçiyə sahib çıxdı

1988-ci ilin 03 iyun tarixində Ukraynanın Lvov şəhərində dünyaya göz açmış Mariya Stadnik 2006-cı ildə Ukrayna millisinin tərkibində Avropa çempionu olub. Lakin adı dopinq qalmaqalında hallandığından bir müddət diskvalifikasiya edilib və medalı əlindən alınıb. 2007-ci ildə diskvalifikasiya əsassız sayılaraq idmançının üzərindən götürülüb. Bununla belə, Ukrayna millisindən ona bildiriblər ki, olimpiya komandasının bir nömrəli oyunçusu artıq o deyil, İrina Merlenidir (qeyd: bu ada diqqət yetirin). Hətta Mariyaya olimpiya komandasına qayıtmaq üçün mübarizə aparmaq şansı da verilməyib. Bir sözlə, o, heç bir əsas olmadan ölkənin idman aləmindən qovulub. Hüquqları tapdalanmış perspektivli güləşçi ümidlərini itirdiyi halda Azərbaycan ona sahib çıxıb. Beləcə, istedadlı güləşçi Azərbaycan millisinin tərkibində yenidən böyük idmana qayıtmaq imkanı əldə edib.

2008-ci il Pekin olimpiadasının bürünc mükafatçısı olan Mariya fəxri kürsüdə onunla eyni əyyarı paylaşan İrina Merleni ilə yanaşı dayanıb. Rəqibindən fərqli olaraq, o, ötən 4 il ərzində Azərbaycan məşqçilərinin səyi nəticəsində nailiyyətlərini xeyli yüksəltməyi bacarıb. 3 dəfə Avropa çempionu adını qazanan idmançımız bir dəfə dünya ikincisi, bir dəfə də Dünya çempionu adına layiq görülüb. "London-2012" olimpiadasında isə güləşçimiz yarımfinal mərhələsində məhz ukraynalı İrina Merleniyə qalib gələrək finala yüksələ bilib. Finalda titullu Yaponiya güləşçisindən üstün olan idmançımız təcrübə azlığından rəqibinə minimal hesabla məğlub olub. Bununla belə, adını böyük hərflərlə qaliblər siyahısına yazdıra bilib.

Mariya Stadnik müsahibələrində milliyyətcə ukraynalı olduğunu vurğulasa da, Azərbaycanda çox məşhur olduğunu, hər kəs tərəfindən sevildiyini, dövlət qayğısı ilə əhatə olunduğunu, bu səbəbdən Azərbaycana minnətdar olduğunu dəfələrlə bildirib. O, idman karyerasında çox sevdiyi Azərbaycan adına daha böyük uğurlara imza atacağına söz verib. Bu isə bir vətəndaşın dövlətinə olan sədaqətinin bariz nümunəsi deməkdir.

Azərbaycan parlayan ulduzu kəşf etdi

16 iyul 1985-ci il Minsk doğumlu Yuliya Ratkeviç milliyyətcə belorusdur. Belorusda böyük nailiyyətlər qazana bilməyən güləşçi 2009-cu ildən Azərbaycanın idman mütəxəssislərinin diqqətini cəlb edib. Məşqçilərimiz yüksək peşəkarlıq və uzaqgörənlik nümayiş etdirərək onun potensialını qiymətləndirməyi bacarıblar. Tezliklə Yuliya Azərbaycan seçməsi tərəfindən milliləşdirilib. Güləşçimiz qısa zaman ərzində ümidləri doğrultmağa nail olub. Belə ki, 2010-cu ildə Avropa və Dünya çempionu adına layiq görülüb. Londonda keçirilən sonuncu olimpiadada isə bürünc medal qazanmaqla bayrağımızı yüksəklərə qaldırıb.

Yeri gəlmişkən, güləşçimizin qələbə çıxışından sonra bayrağımızı çiynində gəzdirməməsi ölkə ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb. Çoxları onun bu addımını nankorluq kimi qiymətləndirməyə tələsiblər. Lakin Yuliya Belorus dövlət televiziyasına verdiyi müsahibəsi zamanı bu məsələyə aydınlıq gətirib. O, fəxri dövrə vurmamağını hədsiz həyəcanı, dizindəki zədəsi və izafi yorğunluğu ilə izah edərək, opponentlərinə tutarlı cavab verib: "Mən Azərbaycan millisinin tərkibində tanınıb sevilmişəm. Buna görə azərbaycanlı məşqçilərimə, Azərbaycan dövlətinə və xalqına minnətdaram. Şərt o deyil ki, bayraq çiynində fəxri dövrə vurasan. O, bayrağı mən fəxri kürsüdə ucaltdım. Etiraf edim ki, çempion olsaydım, mütləq bunu edəcəkdim. Var qüvvəmlə çalışacağam ki, belə bir imkanım olsun". Etiraf edək ki, bu fikirləri ancaq qəlbində bayraq, vətən, dövlət sevgisi olan insan deyə bilər.

Heç bir qafqazlı yarış meydanını yarımçıq tərk etməz...

Osetin əsilli güləşçi Xetaq Qazyumov 1983-cü il aprel ayının 24-də Şimali Osetiyanın Alagir şəhərində anadan olub. Uşaqlıqdan Azərbaycanı yaxşı tanıyan, onun davamlı inkişafını izləyən Xetaq idman karyerasını məhz bu ölkədə davam etdirməyi qərara alıb. O, tezliklə Azərbaycan millisinin kapitanı olub. Komandamızın tərkibində Pekin olimpiadasının bürünc mükafatını qazanıb. 2009-cu ildə Avropa çempionu, dünya ikincisi, 2010-cu ildə Avropa və Dünya çempionu, 2011-ci ildə Avropa çempionu adlarına layiq görülüb. Xetaq 2012-ci ildə də Pekin nailiyyətini təkrar edərək, olimpiadanın bürünc mükafatına layiq görülüb. Qeyd etməliyik ki, o, sonuncu uğura asanlıqla nail olmayıb.

Azərbaycan dövlət televiziyasında "London-2012"-nin qalibləri ilə görüş zamanı məlum olub ki, Xetaq bürünc medal uğrunda təsəlliverici görüş zamanı dizindən ciddi zədə alaraq, xəstəxanaya aparılmalı olub. Lakin yolda mübarizəsini davam etdirmək qərarına gəlib. Var qüvvəsini və cəsarətini toplayaraq, heç kimə məlumat vermədən maşından düşüb və yarış meydançasına qayıdıb. Məşqçilər onun bu addımının riskli olduğunu desələr də, Xetaq Azərbaycan üçün hər bir fədakarlığa hazır olduğunu vurğulayaraq döşəkcəyə çıxıb və çətinliklə də olsa, rəqibini məğlub etməklə bürünc medala layiq görülüb. İdmançımız qələbə təəssüratını bu cür xatırlayır: "Heç bir qafqazlı yarış meydanını yarımçıq tərk etməz, mən də qafqazlıyam, deməli, həm də azərbaycanlıyam. Növbəti olimpiadada iştirak etmək imkanım olsa, bayrağımızı layiq olduğu ən yüksək zirvəyə qaldıracağam". Razılaşın ki, özünü azərbaycanlı adlandıran insana yalnız bu cür fədakarlıq yaraşar.

Vətənin yükünü qaldıran ən gənc idmançı

18 yaşlı ağır atletimiz Valentin Xristov 30 mart günü Bolqarıstanın Şumen şəhərində anadan olub. O da şəxsi məşqçisi, həmyerlisi Zlatan Vanev kimi idman karyerasını Azərbaycanla bağlayıb. 56 kq-da yarışan Xristov 2011-ci il Azərbaycan çempionu, Fransanın paytaxtı Parisdə keçirilən Dünya çempionatının bürünc medalçısı, 2012-ci ildə Türkiyənin Antalya şəhərində keçirilən Avropa çempionatının qalibi, yeniyetmələr arasında dünya rekordçusudur. O, həm də ən gənc olimpiya medalçımız və ağır atletika üzrə ilk qalibimiz kimi adını tarixə yazdıra bilib. İdmançının verdiyi müsahibələrdən bəlli olur ki, o, Azərbaycanı, onun dilini, mədəniyyətini, adət-ənənələrini, mətbəxini çox sevir. Heç təsadüfi deyil ki, Valentin verdiyi müsahibələrdə sualları məhz Azərbaycan dilində cavablandırmağa çalışır. İdmançının Azərbaycan dövlət televiziyasında çıxışı zamanı bir daha bunun şahidi olduq. O, vətənimizə duyduğu ülvi hissləri dilə gətirərək, yalnız çempionluq üçün çalışacağını və yaxın illərdə Azərbaycanın üçrəngli bayrağını ən yüksək səviyyədə dalğalandıracağını qeyd edib. Fikrimcə, vətənpərvərlik, vətənə məhəbbət elə bu deməkdir.

Azərbaycanın itirilmiş hüquqlarının bərpası naminə

Məhəmmədrəsul Məcidov 27 sentyabr 1986-cı ildə Dağıstan Respublikasının Aquşa rayonunun Urxuçimaxi kəndində anadan olub. Milliyyətcə dargindir. Boks fəaliyyətinə Dağıstanda başlayan idmançı ilk böyük uğurunu məhz Azərbaycan millisinin tərkibində qazanıb. 2009-cu ildə milli komandamızın üzvü olan Məhəmmədrəsul Məcidov 2011-ci ildə Bakıda keçirilən boks üzrə dünya çempionatının qalibi olub. Bununla da "London-2012" yay olimpiya oyunlarına lisenziya qazanıb. Məhəmmədrəsul öz çəkisində rəqib tanımasa da, sonuncu olimpiya oyunlarında hakimlərin qərəzli mövqeyi ilə üzləşərək finala çıxmaq və qızıl medalı qazanmaq imkanından məhrum olub. Bununla belə, o, gələcəyə nikbin baxır. İdmançımız süni problemlərə rəğmən tezliklə maneələri dəf edərək hədəfinə çatacağına əmindir. O, Azərbaycan idmanına göstərilən dövlət qayğısından, sadə vətəndaşların diqqət və marağından məmnunluq ifadə edərək, bu etimadı sona qədər doğrultacağına söz verib. Dünya çempionumuzun hədəfi olimpiya çempionluğudur. Məhəmmədrəsul çox danışmağı sevməsə də, vətənə olan sonsuz məhəbbətini ardıcıl qələbələri ilə sübut edəcəyini bildirib. Onun yeganə məqsədi Rio-de-Janeyroda Azərbaycan himnini səsləndirmək və bayrağımızı layiq olduğu zirvəyə yüksəltməkdir. Çempionumuzun Azərbaycan dövlət televiziyasında çıxışından bəlli olub ki, o, nəinki yarış meydanında, həmçinin beynəlxalq arenada Azərbaycanın tapdanmış hüquqlarının bərpa olunmasını istəyir. Bunu isə yalnız vətənə sonsuz məhəbbəti olan patriot deyə bilər.

Türk cəngavəri

Əslində, sadaladığımız idmançılar arasında Teymur Məmmədovun adını çəkməyə bilərdik. Belə ki, 19 yaşlı idmançımız Bakı şəhərində azərbaycanlı ailəsində dünyaya göz açıb. Lakin bir faktı qeyd etməmək qeyri-obyektivlik olardı. Teymurun anası qazaxıstanlıdır. Deməli, damarlarında həm də qazax qanı axır. O, idman karyerası ilə əlaqədar dünyanın müxtəlif ölkələrində yaşamalı olsa da, doğma vətəninə, millətinə, dilinə, adət-ənənələrinə sadiqdir. 2011-cu ildə Dünya çempionatının gümüş mükafatçısı, həmin il Avropa çempionu olmuş Teymur 2012-ci il yay olimpiadasında hakimlərin qərəzli mövqeyi ilə üzləşsə də, vətənə bürünc medalı gətirə bilib. Gənc və perspektivli idmançımız bununla kifayətlənmək fikrində olmadığını bildirərək, növbəti olimpiadada hər kəsi Azərbaycan himninin sədaları altında ayağa qaldıracağına söz verib. Vətənin adı qarşısında hər kəsi sayğı duruşuna qaldırmaq ancaq qəhrəmanlara məxsus olan keyfiyyətdir.

Son söz əvəzi:

Azərbaycanın çoxmillətli və çoxdinli millisinin üzvləri bununla bitmir. Bəzi idmançılar mümkün qədər çalışsalar da, idman xoşbəxtliyi bu dəfə onların üzünə gülməyib. Lakin əminliklə deyə bilərik ki, hər birinin Azərbaycan adına atdıqları addım təqdirəlayiqdir. Olimpiadanın belə bir şüarı var: "Əsas qalib olmaq deyil, iştirak etməkdir". Həqiqətən də olimpiadaya gedən yol məşəqqətli və zəhmət tələb edən olur. Azərbaycan naminə bu qədər zəhmətə qatlanmaq isə fədakarlıq tələb edir.

Bu dəfə "Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi" mövzusunda "London-2012" olimpiadasının qaliblərini yada salmağımız təsadüfi olmadı. Belə ki, dövlətimiz istedadlı idmançılarını dünyaya tanıtdı. Onlar da öz parlaq çıxışları ilə ölkəmizi bir daha beynəlxalq ictimaiyyətə tanıtmağı və sevdirməyi bacardılar. Eyni zamanda xalqımızda, xüsusən yeniyetmə və gənclərdə idmana və sağlam həyata duyulan marağı daha da artırmış oldular. Bu isə milli, dini, sosial mənsubiyyətindən asılı olmayaraq hər birimizin uğuru deməkdir. Necə deyərlər, biz birlikdə güclüyük!

Könül Aypara

O.M.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az