Övladsız ailə, ailəsiz övlad olmaz

Övladsız ailə, ailəsiz övlad olmaz
Atılmış körpələrin faciəsi

Kiçik dövlət

Övlad ailənin sütunudur. Heç təsadüfi deyil ki, boşanmalar daha çox sonsuzluq səbəbindən baş verir. Bəli, övlad keçmişi gələcəyə bağlayan bu gündür. Yəni ailənin varlığını əks etdirən reallıqdır. Məhz buna görə də, ərlə-arvad sevən, cütlük adlandıqları halda övladlarla birlikdə ailə adlanırlar. Ailə həm də kiçik bir dövlətdir. Hər bir dövlətin qanunverici, icraedici, məhkəmə hakimiyyəti olduğu kimi, ailənin də analoji funksiyalara malik üzvləri var. Məcazi mənada valideynləri qanunverici, övladları icraedici, nənə-babaları məhkəmə hakimiyyəti adlandırmaq olar. Hətta həqiqi dövlətdə olduğu kimi ailədə də dördüncü hakimiyyət orqanı olan mətbuatı qonşuların, qohum əqrəbanın timsalında görmək olar. İstənilən sadə bir misalda bunun təkzibolunmaz olduğunu görmək olar: Valideynlər hansısa bir qərarı verirlər, övladlar onu icra edirlər. Ailədaxili qanunlar pozulduqda məsələyə ağsaqqallar, ağbirçəklər qarışır. Yaxın qonşular və ya qohum-əqrəba isə ailədə baş verən hadisələri müzakirə etməklə diqqətdə saxlamış olurlar. Göründüyü kimi, ailəni övladsız, övladı ailəsiz təsəvvür etmək mümkün deyil. Atılmış uşaqlar probleminin müasir dövrdə aktuallığını nəzərə alaraq bugünkü yazını həmin mövzuya həsr edirik.

Günahdan doğulan günahsızlar

Qasırğa qopanda kökü torpağa möhkəm bağlı olan iri ağacları yerindən qopara bilmir. Ancaq nə qədər böyük qollu-budaqlı olmalarına baxmayaraq, belə ağacların da həmişə arxa-dayağa ehtiyacı olur:

Yarpağı tez solar tək ağacın da,

Daldası yoxdursa, necə solmasın?

Meşələr sultanı, meşələr şahı,

Aslanın özü də yalqız olmasın.

Külək də həmişə zərif gülləri kökündən tez qoparır. Hara gəldi atır onları. Vaxtsız-vədəsiz soldura da, şikəst, qol-budağı qırılmış halda böyüdə də bilir. Hər halda bu zərif vücudlar tənha qalanda daha tez-tez sınır, əzilirlər. Məhv olmaq ehtimalları da çox olur. Bütün çətinliklərə baxmayaraq, yaşayanların solğun çöhrələrində həmişə qəmgin bir ifadə təzahür edir. Bu, onların çəkdikləri əzabların, işgəncələrin, ağrıların əksidir. İnsanlar da belədir. Yaşadıqları sarsıntıları üzlərindən, baxışlarından oxumaq heç də çətin deyil. Buna inanmayanlar bircə yol atılmışların solğun çöhrələrinə nəzər salsınlar.

Hər dəfə onların məsum gözlərinə baxanda insanlara yazığım gəlir. Elə bilirəm daha dünyada yaxşı adam qalmayıb. Düşünürəm, günü-gündən sayı artan bu atılmışlarla bərabər insanlar öz vicdanlarını, insaflarını, insani duyğularını da atırlar. Və belə adamlar çoxaldıqca bəşəriyyətin faciəsi də böyüyür. Biz isə hələ bu faciəni görmürük. Ya da görmək istəmirik. Elə məhz buna görə mən tez-tez uşaq evlərinə gedib, görmək istəmədiyimiz həqiqətləri oxucularımıza göstərmək istəyirəm. Daha çox bu körpə balaları valideynlərinin görməsini istəyirəm. Hərçənd onların qəlblərinə insaf gələcəyinə inanmıram. Ancaq nə bilmək olar, bəlkə hansısa ana öz körpəsinin harada olması, onun vəziyyəti haqqında məlumat əldə etdikdən sonra ürəyi dözməyəcək. Quş tək qanadlanıb ciyərparəsinə doğru şığıyacaq. Təki belə olsun. Psixonevroloji uşaq evinin həkimi Gülzar xanım danışdıqca adamı dəhşət bürüyürdü. Onun söylədiklərini sizin diqqətinizə çatdırırıq:

"Ağır xəstəliklə bir naməlum uşaq gətirilmişdi bizə. Onu xəstə vəziyyətdə Sumqayıt şəhər xəstəxanasının yaxınlığındakı hasarın dibinə atıbmışlar. Körpəni tapanlar xəstəxanaya qoysalar da, həkimlər vəziyyətinin çox ağır olduğunu görüb bizim uşaq evinə göndərmişdilər. Üç ay ona gecə-gündüz nəzarət etsək də, səhhətində irəliləyişə nail ola bilmədik. Körpə dünyasını dəyişdi".

Bəli, bir uşaq dünyasını dəyişdi. Daş ürəkli ata-anasının ucbatından. Görəsən, o zavallını soyuq payız axşamında xəstəxananın hasarının dibinə atanlar bir neçə addım irəliləyib körpəni xəstəxananın içinə qoysaydılar, o, yenə də dünyasını dəyişəcəkdimi? Yox. Amma həmin gecə soyuq sümüklərinə işlədikcə qışqıran o körpənin fəryadını eşidən olmamışdı. Səhəri gün uşaq tapılanda isə həkimlər müayinədən sonra artıq onun yaşamayacağını bilirdilər. Buna baxmayaraq, onlar körpənin valideynlərindən insaflı oldular. Son anadək onun həyatını xilas etməyə çalışdılar. Təəssüf ki, bu mümkün olmadı. Allah doğulduğu gündən amansızlıqla üzləşən o körpənin bu həyatda yaşayıb əzab çəkməsinə razı olmadı. Heç adı, soyadı da bilinmədi bu körpənin. Naməlum bir məzara köçdü, doğmaları, ata-anası belə onu axtaranda tapa bilməsin deyə.

Ey körpəsini Sumqayıt şəhər xəstəxanasının hasarının dibinə atan ana, daha nə vaxtsa onunla üzləşəcəyindən qorxma. Çünki o, artıq həyatda yoxdur. Amma inanmıram ki, o günahsız körpənin ruhu səni rahat buraxacaq. Çünki sən ana deyil, qatilsən. Əlin bir körpənin qanına bulaşıb...

Gülzar xanım daha bir uşaq barədə məlumat verdi: "Tahir Tərlanov isə 2002-ci ilin may ayının 23-də anadan olub. Onun da anası doğma övladından imtina etməsi barədə ərizə yazıb. 6 iyulda Tahiri Qarayev adına xəstəxanadan bizim uşaq evinə gətiriblər. Sağlam uşaqdır. Buraya gətiriləndə çox zəif olsa da, müalicələrdən sonra vəziyyəti yaxşılaşıb və çəkisi artıb.

Onlara hər cür qayğı göstərirlər. Hər şeyləri var. Çalışırlar ki, uşaqlar heç nəyə ehtiyac duymasınlar. Ancaq bu körpələrin hamısının ehtiyac duyduqları bir şey çatışmır uşaq evində: ana qayğısı, ata nəvazişi. Bu qayğını, sevgini, nəvazişi övladlarından əsirgəyən valideynlər nə vaxtsa əməllərindən peşmançılıq çəkəcəklər. Onda isə nə bu körpələr, nə cəmiyyət, nə də Tanrı onları bağışlayacaq...

Yeri gəlmişkən

Dünyanın bir sıra ölkələrində atılmış körpələri ölümdən qurtarmaq üçün yol tapılıb. Belə ki, küçələrdə körpələri qoymaq üçün yeşiklər qoyulur. Yeni doğulmuş körpələrdən imtina edən valideynlər övladlarını anonim olaraq ora qoya bilərlər. Bu yolla nikahdankənar doğulmuş körpələri xilas etmək mümkün olur. Azərbaycanda küçəyə atılan uşaqların sayı çox olmasa da, bəzən belə atılmış körpələrə rast gəlinir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanovanın sözlərinə görə, Azərbaycanda atılmış körpə uşaqların atılması üçün yeşiklərin qoyulması nəzərdə tutulmayıb və buna ehtiyac da yoxdur. Bu, ölkədə atılmış uşaqların sayının az olması, eyni zamanda uşaq atılmasına şəraitin yaradılmaması ilə bağlıdır. S.Qəhrəmanova hesab edir ki, atılmış uşaqlar üçün yeşiklər qoymaqdansa, əksinə uşaq atılmasını önləmək üçün maarifləndirmə aparılmalıdır: "Hər doğulan uşaq üçün onu dünyaya gətirən ana məsuliyyət daşımalıdır. Əslində valideyn məsuliyyətini artırmaq istəyirik ki, dünyaya uşaq gətirərkən düşünüb addım atsınlar. Hər bir ailə dünyaya uşaq gətirmək üçün qurulmur. Cütlüklər dünyaya uşaq gətirməyə hazır olmalıdırlar. Bizdə gənclər evlənəndən bir ay sonra uşaqlarının olub-olmamasını soruşurlar. Heç kim soruşmur ki, onların uşaq saxlamağa imkanları var, ya yox". Sədr müavini vurğuladı ki, təsadüfi uşaqların dünyaya gəlməsinin qarşısını almaq üçün çalışmaq lazımdır: "Düşünürəm ki, ölkədə bu istiqamətdə daha çox maarifləndirmə işləri aparılmalıdır. Yeşik qoymaqla təsadüfi uşaq dünyaya gətirənlərə şərait yaradırıq ki, nə edirsən et, sonra uşağı gətir qoy yeşiyə. Uşaqlara səni hacıleylək gətirdiyini deyirik. Bu isə nağılları gerçəkləşdirməkdir". Respublikanın Baş pediatrı Nəsib Quliyev isə bildirib ki, Azərbaycanda atılmış körpələrin statistikası o qədər də yüksək deyil. Səhiyyə Nazirliyi tərəfindən bu istiqamətdə statistika aparılır.

Müəllifdən

Bəlkə onlar özləri atıblar valideynlərini. Doqquz ay bətnində gəzdiyi ananın daxili aləminə bələd olduqdan sonra onunla birgə yaşamayacağını qət ediblər. Onlar daha heç vaxt atılmaqdan qorxmayacaqlar. Nə sevgililəri atanda, nə də başqaları, onlara fərq etməyəcək. Çünki dünyanın ən ağır dərdi olan atılmaq əzabını körpəliyindən yaşayıblar...

Könül Aypara

O.M.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az