Cənnət ana adlı qadının ayaqları altındadır

Cənnət ana adlı qadının ayaqları altındadır
Milli mentalitet adlı yalançı stereotiplər, yoxsa gender bərabərliyi?!

Qız ağacı, qoz ağacı...

Bir çox dünya xalqlarının qəbul etdikləri ümumi fikir var: "Tanrı qadını kişinin qabırğasından yaradıb və qadın kişinin darıxmaması üçün yaradılıb". Dindarlar məndən inciməsin, şüurlu bir insan kimi, qadın cinsinin nümayəndəsi kimi bu fikrin ilahi hökm olduğunu qəbul etməkdə çətinlik çəkirəm. Ən azı ona görə ki, qadınlar kişilərə xidmət etmək, onların oyuncağına çevrilmək üçün yaradılmayıb. Mən əsla feminist deyiləm, cəmi 19 yaşımda feminist olmağa səbəbim ola bilməz. Sadəcə, bəzi xoşagəlməz stereotiplərlə mübarizə aparmağı özümə insanlıq borcu bilirəm. Həyatdakı qeyri-bərabərliyi kənara qoyaraq bir anlıq düşünün, nə üçün mərhum qadınlar kişilərdən daha dərində dəfn olunurlar? Məgər onlar dirilib qaçacaqlar, yoxsa bərabər basdırıldıqları kişi ilə həyatdakı ərlərinə xəyanət edəcəklər? Olduqca absurd fikirdir. Necə ki, dini rəvayətlərdə Adəmin Həvvanın fitnəsi ilə günaha batdığı və əbədiyyən cənnətdən qovulduğu təlqin edilir. Bəlkə elə buna görədir ki, bütün dövrlərdə qızların dünyaya gəlişi oğlanlardan fərqli olaraq kədərlə, narazılıqla müşayiət olunub. Halbuki, oğlanlar doğularkən valideynlər sevincək olurlar, bütün nəsil, dost-tanış onlara gözaydınlığı verir. Bəs onda niyə qızlar doğularkən valideynlərə "eybi yox, gələn il oğlun olar" və ya "filankəsin də qızı çoxdur" deyə təskinlik verilir? Mən hələ "kişinin başına iş gələr" atmacasını, təhqiramiz ritorikanı demirəm. O da qəribədir ki, "3 qızı olan ata sorğu-sualsız cənnətlikdir", deyə qız atalarına bir növ mərhəmət edilir. Axı ailəsində qız uşaqları böyüdən ata bu dünyada əziyyət, işgəncə çəkmir ki, o dünyada qeyri-şərtsiz mükafatlandırılsın. Məgər peyğəmbərləri, alimləri, tarixi şəxsiyyətləri doğan analar deyilmi? Niyə onlara qarşı bu qədər alçaldıcı mövqe nümayiş olunur? Göründüyü kimi, minilliklər boyu formalaşan dini dəyərlərdə də müasir patriarxal düşüncə tərzində olduğu kimi qadınların hüquqları addımbaşı tapdalanır. Mənimlə razılaşmayanlar özlərinə sadə bir sualı versinlər. Niyə müasir dünyada, əsasən inkişaf etmiş cəmiyyətlərdə populyar olan "gender bərabərliyi" termini daha çox qadınların hüquqlarına aid işlədilir? Məgər hüquqları pozulmalı olan yalnız qadınlardır? Məsələyə yanaşma tərzi onu göstərir ki, həqiqətən də qadınların hüquqları vəzifələri qədər təbliğ edilmir, qorunmur. Bu hal istər üçüncü dünya ölkələrində, istərsə də inkişaf etmiş cəmiyyətlərdə müşahidə olunur. Azərbaycan da istisna deyil. Təəssüf ki, milli-mənəvi dəyərlər adı altında formalaşan bəzi yalançı adətlər də qadınların hüquqlarının məhdudlaşdırılmasına xidmət edir. Bəli, qız uşağı dünyaya gəldiyi andan əbədi mənzilə köçdükdən sonraya qədər, təkrar edirəm, köçdükdən sonraya qədər diskriminasiyalarla üzləşir. Azərbaycanda qız övladlarının ayrı-seçkiliyə məruz qalma halları daha çox müşahidə olunur. Oğlan uşağının olmaması ailələrdə demək olar ki, faciə hesab edilir. Qız uşağına yüklü, çətin aşılan sədd kimi baxırlar. Bu baxımdan "qız yükü duz yükü" deyiminin qədimdən Azərbaycan xalqının "sevimli" atalar sözünə çevrilməsi təsadüfi deyil. Çox təəssüf ki, elmi-texniki tərəqqinin inkişaf etdiyi müasir dövrdə oğlan uşaqlarının qızlardan üstün olması fikri hələ də qalmaqdadır.

Qadın taleyi

"Mən anadan olanda atam saqqal saxlamışdı. Bakı kəndlərində mövcud olan qaydaya görə, yaxın adamları vəfat edəndə kişilər bir həftə və ya qırx gün saqqal saxlayırdılar. Bu dəfə isə heç kəs vəfat etməmişdi. Atamın oğlu yox, qızı dünyaya gəlmişdi…

Həyatımın hər yerində, hər mərhələsində mənə insan yox, qadın olduğumu hiss etdirən yol işarələri vardı. Bir qadın kimi gizlənməli olduğumu orta məktəbin üçüncü sinfində oxuyanda artıq anlamışdım; onda məktəbimizin divarlarında belə yazılar olurdu:

Rza + L = Sevgi

Məmməd + A = Sevgi

Divarlara yazılaraq car çəkilən sevgi etiraflarında belə oğlanlar öz adlarını yazır, sevdikləri qızın adının isə yalnız baş hərfini cızırdılar. Bu, həm qızın təhlükəsizliyi üçün, həm də oğlanın təşəxxüsü (namusunun adını belə heç kəsin bilməməsi) üçün idi. Ədəbiyyat müəllimimiz Nazim müəllim isə üzünü qızlara tutaraq deyirdi:

"Qanqal olub gözə girmə, bənövşə ol, qoy səni axtarıb tapsınlar.""

Bu sətirlər Nərmin Kamalın öz həyatından yazdığı essedəndir. Yazar həyatında, bu günümüzdə baş verən həqiqəti – qadına olan münasibəti qələmə alıb.

Azadlıq anlayışım

Mən isə məhəllələrin birində yolla gedərkən 19-20 yaşında bir qızın bir qadın tərəfindən döyülərək nalayiq sözlərlə təhqir olunmasının, sözün əsl mənasında evə sürükləndiyinin şahidi oldum. Ürkmüş bir şəkildə yerimdə donaraq, hadisəyə sonadək tamaşa etdim. Eləcə tamaşa etdim. Çünki əlimdən başqa heç bir şey gəlmirdi. Ətraf sakitləşdikdən sonra kimliyi mənə müəmmalı olan qadının nalayiq sözləri, gənc qızın bu qadına müqavimət göstərə bilməyərək içdən, yanıqlı ağlamağının səsi, fəryadı, hətta özlüyündə etdiyi üsyanı qulaqlarımda cingildəyirdi. Ləng addımlarla irəliləməyə başladım. Qulaqlarım az öncə eşitdiyim səslərlə cingildəyərkən üzümdə donuq bir ifadə var idi. O an qarşı-qarşıya qaldığım hadisənin məndə yaratdığı şok effekti ilə həmin hadisəyə heç bir münasibət bildirə bilmirdim. Sonra evə gəldim. Üzümdəki donuq təbəssümlə düşündüm. Beynimdəki sual ordusu məni rahat buraxmırdı. Görəsən, bu gənc qızı belə təhqir edib döyən qadın kim idi? Bəs görəsən bu gənc qızın günahı nə idi? Onu bu dərəcədə kiçildəcək, təhqirə layiq edəcək nə ola bilərdi ki? Nə isə etmiş olsa belə, axı o azad bir fərddir. Ən əsası, qadındır, şəxsiyyətdir. Axı kimliyindən asılı olmayaraq heç kim onu belə təhqir etmək, şəxsiyyətini alçaltmaq hüququna sahib deyil. Axı bu dövlətdə azadlıq deyə bir anlayış var. Bəs görəsən bu ölkədə azadlıq deyilən anlayışı qəbul edənlər necə, varmı?
Və yenə düşündüm. Bu səfər düşündüyüm Azadlıq anlayışı oldu. Azadlıq həqiqətən də cəmiyyətimizdə mövcuddurmu? Mövcudluğundan və ya mövcud olmamağından asılı olmayaraq, görəsən, azadlıq nədir? Mən 19 yaşında bir Azərbaycan gənci olaraq azadlığı necə qavrayıram?
Düşüncələrimin sonunda gəldiyim qənaətlər çox oldu ki, onları da bölüşmək istədim. Azadlıq azad düşüncə, sağlam düşüncə, azad, sərbəst baxışdır. Azad olmaq özünü dərk etmək, hüquqlarını bilmək, hüquqi qaydalar çərçivəsində sərbəst olmaqdır. İstər kişi, istərsə də qadın, hər bir insanın öz düşüncəsi olduğu kimi, hamı azadlığına sahib olmalıdır. İnsanı müəyyən çərçivəyə saldıqca insan həmin çərçivədən kənara doğru can atar. Psixologiya müəlliməmin sözü heç bir zaman yadımdan çıxmaz. Hər zaman deyərdi ki, insanı nə qədər xəstəlikdən qorusan bir o qədər xəstələnər. Əslində, nə qədər də doğru bir fikirdir. İnsan instinktiv şəkildə ona qadağan olunana can atar, onu arzulayar. Və əfsuslar olsun ki, cəmiyyətimizdə qoyulan qadağaların həddi hesabı yoxdur. Və bu qadağalar da bir çox hallarda qadınlar üçün keçərli olur. Avropa qadını ilə Azərbaycan qadınını müqayisə etməli olsaq, avropalı qadının qat-qat azad olduğunu görərik. Lakin danılmazdır ki, bəziləri Avropa qadınlarının azadlığını birbaşa əxlaqsızlıqla əlaqələndirirlər. Hətta bəziləri qadın azadlığını ilk növbədə cinsi azadlığın sinonimi kimi qəbul edirlər. Təsadüfi deyil ki, çoxları qadın hüquq və azadlıqlarının nə olduğunu dərk etmir. Bu, bir çox hallarda qadınların özlərinə də aiddir. Əslində isə, avropalı qadın azaddırsa, bu, əxlaqsızlıqla məşğul olur demək deyil. Azad avropalı qadın tipi təhsil alır, işləyir, cəmiyyətdə özünə layiqli yer tutur…Qadınların azadlığının məhdud olduğunu, kişilərin isə tam azad yaşadıqlarını əminliklə söyləyə bilmərik. Mövzunun dərinliyinə varsaq, nə qadın, nə də kişi tam azad deyil. Necə ki, qadınların bəzi istəklərinin önünü kəsən problemləri var, eləcə də kişilərin. İnsanın nə qədər çox sevdiyi, sevəni varsa, bir o qədər də azadlığı məhdudlaşır. Kimlərinsə xatirinə nələrdənsə imtina edərək, könüllü və yaxud məcburi öz azadlığımızı daraldırıq. Əsas nüans isə odur ki, bu məhdudlaşdırmalar insanın ruhunu boğmasın, bir şəxsiyyət kimi özünü təkmilləşdirməsinə və cəmiyyətdə lazımlı mövqe tutmasına mane olmasın. Bu azadlığı məhdudlaşdıranlar tək insanlar deyil, yüksək texnologiya da bura aiddir, mobil telefon, internet və s... Bunların sayəsində daim kontrol altında olmaq özü bir növ məhkumluq deyilmi? Məncə tam azad insanlar kimsəsiz insanlardır. Onları nə ailə qayğısı maraqlandırır (çünki təəssüf ki yoxdur) nə də cəmiyyət qınağı...Belə azadlığı isə şəxsən mən istəmərəm.
Hər bir insanın çərçivəsi vardır. Mühüm olan isə o çərçivə deyildir. O çərçivənin içinə hansı rəsmi qoymağındır… Mənə elə gəlir ki, qadın zərif məxluqdur, zəif deyil. Onun kaloritli rəsmi özünə yaraşan çərçivəyə qoyulmalı və ən yüksək yerdən asılmalıdır...
Səltənət Arzudovum

O.M.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az