Azərbaycan qadını - dünən, bu gün, sabah...

Azərbaycan qadını - dünən, bu gün, sabah...
Gender bərabərliyi - milli mənəvi dəyərlərin yaratdığı neologizm

Cinsi bərabərliyə doğru

Gender bərabərliyi termini dünya leksikonunda yeni sayılır. Lakin biz bu sözün mənasını bilmədiyimiz dövrlərdə belə onun mahiyyətini dərk etmiş, gündəlik həyatımızda tətbiq etmişik. Ağbirçəyə qayğı, anaya məhəbbət, bacıya hörmət, həyat yoldaşına sevgi kimi hisslər azərbaycanlıların milli-mənəvi dəyərlərində kök salıb. Tarixin dərinliklərindən bu günədək genofondumuz qadınları qorumuş, qadınlar da genofondumuzu yaşatmışdır. Analoji tendensiya günümüzdə müəyyən deformasiyalara uğrasa da, ümumilikdə deqradasiyalara məruz qalmayıb. Biz bütün bunlara görə milli mənsubiyyətimizə borclu olmalıyıq. Ümumiyyətlə, gender (cins) bərabərliyi ictimai həyatın siyasi, iqtisadi, mədəni və digər sahələrində kişi və qadınların bərabərliyini nəzərdə tutur. Gender tendensiyası müxtəlif ölkələrdə özünü müxtəlif cür büruzə verib. Bütün sahələrdə, xüsusilə də idarəçilikdə, qərar qəbulunda gender bərabərliyinə nail olmaq üçün inkişaf etmiş Avropa dövlətlərində belə bir sıra qanunlar qəbul edilib, müəyyən addımlar atılıb. Amma hələ də dünya üçün gender bərabərliyinin təminatı aktual problem olaraq qalır.

Azərbaycan da müstəqillik əldə etdikdən sonra bu istiqamətdə bir sıra vacib işlər görüb. Nailiyyətlər çox olsa da, problemlər də az deyil.

Yazılmış və yazılmamış qanunlar

Problemlərin bir qisminin araşdırılması və köklü həlli üçün Azərbaycanda Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Komitənin sədr müavini Sədaqət Qəhrəmanovanın sözlərinə görə qadınları məhz qadın olduqlarına görə vəzifəyə qoymaq olmaz.

"Bəzən qadın olduğuna görə qadın irəli çəkilir və sonra nə baş verir? Bir çox rayon icra hakimiyyətlərində belə bir proses getdi. Sıravi bir müəlliməni icra hakimiyyətində müavin təyin edirlər. Amma bir şey nəzərə alınmır ki, idarəetmə özü bir elmdir. O pilləyə çatmaq üçün hələ idarəetmənin aşağı pilləsində olmaq lazımdır, öyrənmək lazımdır, sonra yüksək pilləyə çıxıb kiməsə dərs vermək olar. Qadın irəli çəkilir, amma işinin öhdəsindən gələ bilmir, o kənarlaşdırılır, sonra deyirlər ki, qadınları irəli çəkirik, onlar bacarmırlar. Bunun baş verməməsi üçün biz Prezident yanında Dövlət İdarəçilik Akademiyası ilə birgə kurslar keçiririk. Sovet dönəmində də belə kurslar var idi. Hesab edirəm ki, bu doğrudan da kadrların hazırlığına çox böyük töhfə verəcək. İdarəetmə asan məsələ deyil, bunu öyrənmək lazımdır. Sovet dövründə qadınların irəli çəkilməsi böyük bir sistem idi və bu sistemlə kadrlar hazırlanırdı. Bu gün də o hazırlıq prosesi gedir. Deməzdim ki, indi kadrlarımız yoxdur. Bu gün Azərbaycan qadınları çox fəaldırlar, istər QHT-lər, istər müvafiq dövlət qurumlarında onlar öz fəallıqlarını göstərirlər. Amma zaman gələcək ki, qadınlar lazımi pillədə qərar tutacaqlar".

Onu da xatırladaq ki, 2008-ci ildə keçirilmiş Beynəlxalq İqtisadi Forumun nəticələrinə görə Azərbaycan qadın və kişilərin hüquq bərabərliyinin səviyyəsinə görə dünya ölkələri arasında 61-ci yeri tutub. Ötən illərin göstəricilərinə görə isə Azərbaycan iki pillə yuxarıda qərar tutub. Hazırda Azərbaycanda 30 dan artıq icra başçısı müavini qadındır, 20-dən qadın millət vəkili var. Parlamentin vitse-spikeri və komitə sədrlərindən biri, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri qadındır, İki nazir müavini, MSK üzvləri, DSK sədrləri arasında da qadınlar var. Daxili İşlər Nazirliyi strukturlarında 600 nəfərdən artıq qadın çalışır, onların 219-nun zabit rütbəsi var. Zabit rütbəsi olan 19 nəfər qadın rəhbər vəzifə sahibidir.

Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyi (GBQT) rəhbəri Ülviyyə Məmmədova hesab edir ki, cəmiyyətdə gender bərabərliyinə nail olmaq üçün bölgələrdə iş aparmaq daha zəruridir. Onun sözlərinə görə, nə qədər ki, bölgələrdə gender bərabərliyinin təmin olunması üzrə vəzifələr bu işə məsul olanlar üçün formal xarakter daşıyır, gender bərabərliyinin mexanizmləri də lazımi səviyyədə fəaliyyət göstərə bilməyəcək.

Ü.Məmmədova deyir ki, bu yaxınlarda GBQT milli gender mexanizminin monitorinqini aparıb. Məlum olub ki, bərabərliyinin təmini üçün görülən işlərdən, xüsusilə də regionlarda qadınlar o qədər də məlumatlı deyillər: "Qadınların evlə bağlılığı, ana olaraq məsuliyyətlərinin daha çox olmasından irəli gələn problemlər onlara imkan vermir ki, qabağa getsinlər. Biz düşünmürük ki, kişi üzərinə daha çox məsuliyyət götürməlidir. Sadəcə ailədə məsuliyyət bölüşdürülməlidir. Biz iş mexanizmimizi dəyişməyi düşünürük, çünki həmişə deyirik, ancaq qadınlar eşidir, kişilər qəbul etmir. Kişilərin maarifləndirilməsinə ehtiyac var ki, bu, onların düşüncə tərzinin dəyişməsinə təsir göstərsin. Yalnız qadınlarla effektiv iş görmək olmur. Mentalitetə qayıtsaq, qadının rolu ondan ibarətdir ki, kişiyə, ailəsinə qulluq etsin. Amma bunun ifrat dərəcədə qəbul edilməsi doğru deyil".

Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya, Hüquq İnstitutunun şöbə müdiri, genderşünas Əli Abbasov isə deyir ki, qadınlar gərək istənilən işdə qadın obrazlarını itirməsinlər. Onun sözlərinə görə, qadınların çoxu özlərini dövlət orqanlarında kişi kimi aparırlar. "Əsas odur ki, qadınlar qadın problemləri ilə məşğul olsunlar. Parlamentə, dövlət orqanına qadın obrazını gətirsinlər. Qadınlar dövlət işinə gələndə özlərini kişi kimi aparırlar, başlayırlar güc göstərməyə. Burada böyük inkişaf olmalıdır". Ə.Abbasov deyir ki, qadınların bütün dövlət strukturlarında, qərar qəbulunda iştirakı üçün lazımi hüquqi baza mövcuddur. Amma bu gün gender bərabərliyi təmin olunmayıb. Onun fikrincə, problemlərin aradan qaldırılmasında təhsilin, tədrisin, maarifləndirmənin böyük rolu var və bu sahədə inkişafı artırmaq lazımdır.

Psixoloq Azad İsazadə isə deyir ki, hətta qadınlar kişilərlə eyni hüquqlara malik olsalar da, kişilərə təklif olunan imkanlar qadınlar üçün eyni dərəcədə əlçatan deyil və onların hüquqlarını tələb etmələri çox vaxt uğursuzluqla nəticələnir. Bəzi ölkələrdə müəyyən sahələrdə geriləmə aşkar edilib. Məsələn, hesablamalar göstərir ki, kişi və qadın məvacibləri arasında fərq 20 faizə yaxındır. Daha mühüm göstərici qadınların seçkili siyasi vəzifəyə namizədliklərini vermək imkanlarına aiddir: qadınların belə hüququ var, amma bəzi istisnaları saymasaq, onların siyasi həyatda iştirakı hələ də cüzidir. 2003-cü ildə Avropa Şurası tövsiyə etdi ki, dövlət həyatına və ya ictimai həyata aid qərarlar qəbul edən hər hansı orqanda qadınların və ya kişilərin iştirak göstəricisi 40 faizdən aşağı düşməməlidir. Lakin bu yaxınlarda dərc olunmuş hesabat göstərir ki, qadın nazirlərin orta sayı 28,6 faizdir, qadınların milli parlamentlərdə orta iştirak göstəricisi isə 21,7 faizdən yuxarı deyil. 2005-ci ildən bəri müəyyən irəliləyiş baş verib, həmin vaxt nazirlərin 19,9 faizi qadınlar idi, amma parlamentlərdə vəziyyət dəyişməyib". Reallıq göstərir ki, gender bərabərliyinə təkcə qanunların qəbulu ilə nail olmaq mümkün deyil. Bunun üçün həyatın bütün sahələrində qadınlarla kişilərin bərabər mövqeyinə nail olmaq lazımdır. Çünki bərabərlik həm də cəmiyyətdə demokratiyanın göstəricisidir.

Son söz əvəzi:

Bu gün Azərbaycan Respublikası müstəqil dövlət kimi beynəlxalq arenada söz sahibinə çevrilib. Ölkəmizin uğurları, nailiyyətləri yürüdülən düzgün daxili və xarici siyasətin məntiqi nəticəsidir. O siyasətin ki, əsrlər boyu formalaşan milli-mənəvi dəyərlərimizə əsaslanıb. Bu dəyərlər özündə qadına hörmət, qarşılıqlı məhəbbət, ailəyə sədaqət kimi elementləri ehtiva edir.

Nərmin Hüseynova

O.M.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az