İstedadlı uşaqlar üçün xüsusi inkişaf proqramlarının hazırlanması

İstedadlı uşaqlar üçün xüsusi inkişaf proqramlarının hazırlanması

İstedadlı uşaqlar üçün xüsusi inkişaf proqramlarının hazırlanması

"Təhsil millətin gələcəyidir" - xalqın gələcəyini düşünən, bu yolda təhsilin danılmaz rolunu bir daha vurğulayan ümummilli liderimiz tərəfindən söylənilən bu kəlam hər bir fərdi şəxsiyyətə doğru aparan yolun formulunun düzgün izahıdır. Dünyaya fərd kimi gələn insan zaman keçdikcə şəxsiyyət səviyyəsinə yüksəlməyə, cəmiyyətdə mövqe sahibi olmağa, öz yerini tutmağa çalışır. Bu istəyi reallaşdırmaq üçün hansısa qət olunacaq bir yolu insan özü üçün dəqiq və aydın şəkildə müəyyən etməlidir. Və təbii ki, bu yolda insana bələdçilik edən təhsilin rolu əvəzsizdir. Dünya yarandığı gündən nə isə öyrənməyə, anlamağa, hər şeyə bir anlam verməyə çalışan insanlar bu gün, müasir cəmiyyətdə - sivilizasiyanın bu pilləsində təhsilsiz, elmsiz heç nəyə nail olmayacaqlarını bir daha anlayırlar.

Əgər təhsil xalqın gələcəyidirsə, gələcəyimiz buna sıx bağlıdırsa, onda bəs təhsilin meyarları, onun əsas atributları nədir? Təhsil bu gün özünün inkişafının kulminasiya nöqtəsini fəth edibmi? Təhsil mövzusu daim sual, mübahisə, müzakirə, diskussiya tələb edən bir sahə olub və yəqin ki, olacaq da. Çünki bu sahədə irəliləyişlər olsa da, problemlərin də mövcudluğu danılmazdır.

Təhsildən danışdıqda cəmiyyəti birinci növbədə onun kəmiyyət yox, məhz keyfiyyət göstəricisi olduğu, təhsilin hansı səviyyədə olması maraqlandırır. Bu məsələdə başda Təhsil Nazirliyi olmaqla bütün təhsil kollektivi maraqlıdır. "Hesab edirəm ki, cəmiyyət haradan olursa-olsun, nədən olursa-olsun kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə. müəllimə kömək etməlidir". - deyən Ulu öndərimiz Heydər Əliyev təhsilin inkişafında bütövlükdə cəmiyyətin kompleks şəkildə birləşməli olduğunu önə sürürdü.

"Təhsildə keyfiyyət ilidir" - deyərək məktəblərdə, kolleclərdə, liseylərdə - bir sözlə, təhsil müəssisələrinin demək olar ki, hamısında alovlu çıxışlar edən təhsil müəssisələrinin rəhbərləri görəsən, bu sualın cavabını öz işləri ilə təsdiqləyə bilirlərmi? Əlbəttə ki, bu məsələdə məsuliyyət təkcə müəllimlərin, təhsil müəssisələrinin üzərinə düşmür. Cəmiyyətdə adətən belə bir strereotipik bir fikir formalaşıb ki, "əgər şagird lazımi biliyi əldə etməyibsə, deməli, ya müəllim zəifdir, ya da dərs prosesini lazımi qaydada təşkil edə bilmir, ya da" Bunun ardı isə tamamlanmır, daha doğrusu, tamamlamaq istəmirlər. Amma daha dərindən düşünsələr başa düşərlər ki, təhsilin normal səviyyəsi ancaq müəllim fədakarlığı, savadı, dərsi düzgün qurmaq bacarığı ilə ölçülmür.

Belə ki, bu gün dəstə-dəstə şagirdin repetitorlara üz tutmasına səbəb heç də təkcə yuxarıda sadalanan amillərlə-müəllim hazırlığının yüksək səviyyədə olmaması, peşəkarlığın olmaması və s. kimi amillərlə bağlı deyil. Burada təhsilin ötürülməsində əsas rol oynayan, təhsilin əsas hərəkətverici qüvvəsi olan dərsliklərdən də danışmaq yerinə düşər. Dərsliklərdən söz açılanda hər bir pedaqoji kadrda ilk növbədə belə bir fikir oyanır: əgər dərslik tərtib etsəydim... Onlar dərslik tərtib edəcəkləri təqdirdə isə bilik verən bu tədris vəsaitində heç bir xətaya yol verilməyəcəyini düşünürlər. Lakin unudurlar ki, dərsliklərin tərtibi çox çətin, mürəkkəb, zəhmət tələb edən bir sahədir. Belə ki, burada bir sıra meyarları nəzərə almaq, onlara hərtərəfli yanaşmaq, irəli sürülən ölçü və tələblərdən kənara çıxmamaq, amma onlardan kompleks şəkildə bəhrələnmək lazımdır.

Dərsliklərdən və ümumiyyətlə, təhsildən, onun hər hansı sahəsindən danışanda nədənsə media nümayəndələri irəliləyişləri, uğurları yox, mənfi tərəfləri qabarıq şəkildə təqdim edir, bəzən də bunu süni surətdə yaradır. Amma təhsil, eləcə də onun əsas hissəsi olan dərslik məsələsində əldə olunan irəliləyişlər göz qabağındadır. Qeyd edək ki, Azərbaycan Respublikasında dərslik siyasətini Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. Dərslik siyasəti təhsil sahəsində prioritet istiqamətlərdən biridir.

Dərslik nədir, onun əsas rolu nədən ibarətdir və bu funksiya lazımi dərəcədə yerinə yetirilirmi? Dərslik - təkcə bilik verməklə kifayətlənən bir məcmuə deyil, o həm də müasir standartlara uyğun bilik, bacarıq, vərdişlərə yiyələnmiş, Vətəninə, xalqına, onun adət-ənənələrinə bələd olan, fiziki və mənəvi cəhətdən sağlam, demokratik düşüncəli vətəndaşlar yetişdirməkdir. Dərslik - materialların konkret fənn üzrə tədris planı və proqram əsasında hazırlanmış sistemli və anlaşıqla şəkildə izah olunduğu əsas vəsaitdir. Bu köməkçi vəsait üzrə iş düzgün və sistemli aparılarsa, lazımi uğurlar əldə olunar.

Dərsliklər qoyulan müəyyən tələblər əsasında tərtib olunur. Burada bir sıra meyarlara əməl olunur ki, bunun nəticəsində də normal dərsliklər ortaya çıxır. Burada "mükəmməl" sözünü işlətmirik, çünki heç bir dərslik tam əhatəli olub, bəzi xırda-para çatışmazlıqlardan xali deyil. Bu gün müəllimlər, metodistlər, şagirdlər, valideynlər belə dərsliklərdən narazıdırlar. Onlarla apardığımız sorğu zamanı məlum oldu ki, əsas irəli sürdükləri tələb dərsliklərin əhatəli olmamasıdır. Yəni onların fikrincə, əgər dərslikdə bütün materiallar tam, əhatəli şəkildə verilərsə, onda guya şagirdlər də repetitora üz tutmaz, dərsi ancaq dərslik vasitəsilə mənimsəyərlər. Məsələn, şagirdlər söyləyirlər ki, deyək ki, hər hansı bir fənn üzrə hansısa bir mövzunun izahında dərslik ancaq tərifi və bir neçə nümunəni verməklə kifayətlənir. Bununla bağlı istisnalar isə göstərilmir. Bunu onlar hazırlıq kurslarının təşkil etdiyi metodik vəsaitlərdən oxuyur, beləliklə, bu vəsaitlərə də pul xərcləməyə məcbur olurlar. Amma araşdırmalar göstərir ki, bu heç də belə deyil. Düzdür, dərsliklər hər hansı bir mövzu ilə bağlı tam, əhatəli məlumatları özündə ehtiva etmir, burada ara-sıra orfoqrafik, texniki və sair xətalara da yol verilir. Ancaq bu, heç də o demək deyil ki, dərsliklər tam yararsız vəziyyətdədir, onlardan imtina edib əlavə vəsaitlərə üz tutmaq lazımdır. Dərslik ilk növbədə yuxarıda qeyd etdiyimiz kimi, bilik və bacarıqların ötürücüsüdür. Amma bu işdə kompleks fəaliyyət göstərilməlidir. Belə ki, müəllim dərsliklərdəki materialların çatdırılmasında ikinci bir ötürücü rolunu oynayır. Məhz təcrübəli, işgüzar müəllimin düzgün təşkil etdiyi dərs prosesi, dərsliklə düzgün işləmə və şagirdləri də işlətmə qabiliyyəti irəli sürülən maneələri aradan qaldırır. Müəllim dərslikdəki materiallardan əlavə şagirdlərin diqqətini bəzi əlavə məsələlərə də yönəldir, onları qeydlər aparmağa sövq edir ki, bu da müəllim-dərslik fəaliyyətini tamamlayır. Deməli, təhsilin keyfiyyətində heç də bəzi şagird və valideynlərin göstərdiyi kimi dərsliklərdəki qüsurlar aparıcı rol oynamır, buna dərsin düzgün qurulmaması, passiv keçən dərs prosesi öldürücü zərbə endirir. Yəni əgər biz dərs prosesini məşhur metodistlərdən birinin də dediyi kimi, müəllimlə şagirdin birgə yaradıcılıq prosesi adlandırsaq, onda dərslik burada hər iki tərəf üçün yardımçı bir vəsait hesab oluna bilər. Bu yardımçı vəsaiti tamamlayan pedaqoq çatışmayan cəhətlərə aydınlıq gətirməklə dərslikdəki verilməyən, yaxud xətalı məsələləri öz şərhi ilə ört-basdır etməyə cəhd göstərməli və buna sözün həqiqi mənasında nail olmalıdır.

Şagirdlərin bu gün dərsliklərdə qane olmadıqları məsələlərdən biri də bəzi dərsliklərin onların yaş səviyyəsinə uyğun olmaması və ildən-ilə artıq dərsliklərin nəşr edilib tədrisdə yeni fənlərin dərs cədvəlinə salınmasıdır. Xüsusilə onlar ingilis dili, ədəbiyyat dərsliklərində bu çətinlik və maneələrin olduğunu qeyd edirlər. Ancaq qeyd edək ki, dərsliklər asandan çətinə doğru prinsipi üzərində qurulub və dərslikdə hansısa mövzuların dəyişdirilməsi onun çətinlik dərəcəsini göstərmir. Bu, tədris proqramına uyğun şəkildə həyata keçirilir.

Şagird və müəllimlərin dərsliklərlə düzgün iş prosesi də daim diqqət mərkəzində olmuşdur. Dərslikdən lazımi qaydada yararlanmayan, daha doğrusu, faydalanmaq istəməyən şagird və ona yardımçı olmayan müəllim, eləcə də valideyn dərsliyin funksiyasını azaldır, onu şagirdin gözündən salır, nəticədə "dərsliyin tam yararsız olduğunu zənn edən" şagird ona yox, repetitorlar üçün nəzərdə tutulmuş metodik vəsaitlərə, eləcə də dərs prosesindən daha çox peretitora üz tutur. Ancaq bu bəladan qaçmaq üçün müəllimin özü ilk növbədə buna - dərsliklə işləməyə hazır olmalı, əgər bunu bacarmadıqda Müəllimləri Təkmilləşdirmə və Bərpa İnstitutuna üz tutaraq mühazirələr dinləməlidir. Nəticədə şagirdlə işləmə qabiliyyətinə, onun dərsliyi sevməsinə, dərsliklə "dost" olmasına nail olmalıdır. Müəllim şagirdi dərs prosesində elə yönəltməlidir ki, o, başa düşsün ki, dərslik heç də çətin, dolaşıq, yorucu bir vasitə deyil, o, şagirdə bilik verən, onu gələcək həyat yollarına hazırlayan, onu bir vətəndaş kimi formalaşdıran bilik və materialların sistemli toplusudur. Onu da vurğulayaq ki, dərsliklərin tərtibi yalnız bir qrup insanın birgə fəaliyyəti deyil, burada müəllimlərin, valideynlərin -cəmiyyətin buna maraqlı olan simalarının da rəyləri nəzərə alınır.

Qeyd edək ki, dərslik siyasəti bu işdə əsas icra orqanı funksiyasını yerinə yetirən Təhsil Nazirliyinin, onun müvafiq strukturlarının, elmi qurumların, ictimai orqanların vasitəsilə həyata keçirilir.

Bəs görəsən, hazırkı dövrdə dərsliklərlə bağlı hansı yeni işlər görülür, bu sahədə irəliləyişlər hansılardır? Təhsil Nazirliyi ilk növbədə dərsliyi təhsilin məzmun və inkişaf səviyyəsini əks etdirən bir vasitə kimi təqdim edir. Bu gün məktəblərin dərs vəsaiti və digər tədris-metodik ədəbiyyatlarla təminatı ciddi bir məsələ kimi qarşıda durur. Respublikanın ümumtəhsil məktəbləri üçün yeni və dolğun dərsliklərin tərtib olunması məsələsi hər zaman Azərbaycan Respublikasının ümummilli lideri, ulu öndərimiz Heydər Əliyevi maraqlandıran ciddi məsələlərdən biri olmuşdur. O, bu sahədə aparılan işlərlə xüsusi olaraq maraqlanıb və xüsusilə də Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Azərbaycan tarixi dərsliklərinin təhsil sistemində əvəzsiz əhəmiyyətə malik olduğunu vurğulayıb.

Bu iş bu gün hörmətli prezidentimiz ilham Əliyevin diqqət mərkəzindədir və onun nəzarəti ilə uğurla davam etdirilir. Bu sahədə uğurların daha da çoxalması, nöqsanların aradan qalxması, dərslik problemlərinin olmaması üçün bütün təhsil işçiləri birləşməli, cəmiyyət əlbir olmalıdır. Dərsliklərin təbliği, yayılması, qorunması, inkişafı və bərpası cəmiyyətin işidir, hamımız bu sahədə birləşməliyik. Çünki bu zaman məktəblərin rolu, onun şagirdə verdiyi bilik səviyyəsi yüksələr, bu isə bütövlükdə cəmiyyətin inkişafı ilə nəticələnər. Belə bir inkişaf xalqın, təhsilin uğuru, onun beynəlxalq səviyyədə tanınması və inkişafıdır.

Murad Şahməmmədov

Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birgə keçirilən müsabiqəyə təqdim etmək üçün

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az