Xoşbəxt ailənin sirri – Araşdırma

Xoşbəxt ailənin sirri – Araşdırma
Ailəni qoruyan da, dağıdan da qadınlardır

Ailə mürəkkəb bir quruluşdur. Bəzən elə olur ki, sevərək evlənən cütlüklər bir müddət sonra təəssüf hissi ilə baş-başa qalırlar. Bəzənsə bir-birini tanımayaraq ailə quranlar ömürlərinin sonunadək xoşbəxt olurlar. Xoşbəxt ailənin və ya uğursuz nikahın konkret düsturu olmadığı kimi, hamını qane edə biləcək tövsiyələr də mövcud deyil. Sadəcə, həyatda sınaqdan çıxmış nümunələr var ki, onlardan ibrət götürmək olar və mütləq lazımdır. Necə deyərlər, təkəri yenidən kəşf etməyə ehtiyac yoxdur, yetər ki, dördtəkərli həyat maşınının sükanını düzgün idarə edəsən. Bir sözlə, ailə üzvləri xoşbəxt olmaq üçün mütləq bir-birinə uyğunlaşmalıdırlar. Ən azı, buna cəhd göstərməlidirlər. Ayarlar uyğun gəldikdə, xoşbəxtlik qaçılmazdır. Yox, əgər uyğun gəlməsə, vaxtında ayrılmaq məsləhətdir. Əgər həyat yoldaşınızı sevirsinizsə və ayrılmaq haqda düşünmürsünüzsə, onda çətin də olsa, ona uyğunlaşmağa cəhd göstərin. İnanın ki, məhəbbətinizin gücü sizin köməyinizə çatacaq. Sadə dildə desək, xoşbəxt ailənin ən böyük sirri tərəf müqabillərinin bir-birini başa düşməsi, qarşılıqlı güzəştə gedə bilməsidir. Təbii ki, hər şey fərdidir, ancaq hər bir qadına məntiqi nəticələr əldə etmək üçün vaxt lazımdır. Ağıl və hisslər arasındakı qarışıqlıqda qalan qadın heç bir zaman həyat yoldaşı ilə arasındakı divarı dağıtmağı bacarmır və əksinə, münasibəti daha da korlamış olur. Odur ki, qaranlıqdan çıxaraq, emosional prosesi saxlayaraq və düşüncəyə güc verərək verəcəyimiz məsləhətlərə əməl edin. Bunlar hansısa teorem deyil, sadəcə sınaqdan keçirilmiş məsləhətlərdir.

Əvvəla, ərinizlə aranızdakı münasibətin hansı dəyər kəsb etdiyini tez-tez xatırlayın. Onunla birlikdə keçirdiyiniz xoşbəxt anları yada salın. Elçilik, nişan, toy və ya övladınızın dünyaya gəldiyi günü göz önündə canlandırın. Onda ərinizin pozitiv emosiyaları da yada düşəcək. Onu müsbət tərəfdən yenidən kəşf etmiş olacaqsınız. Ümumiyyətlə, normal insanlar üçün münasibətin dəyəri özünü də, sevdiyini də xoşbəxt edərək birlikdə uzun bir müddət yaşamaq deməkdir. Bax bunu özünüzə hər an xatırladın – onunla hansısa məsələlərdə dalaşarkən, onu qısqanarkən, tənqid edərkən, dostları haqqında fikir bildirərkən və başqa vaxtlarda belə. Unutmayın ki, təsir əks təsirə bərabərdir. Sizin ona qarşı münasibətiniz mütləq bumeranq effekti ilə özünüzə qayıdır. Bir həqiqət də danılmazdır. Onun davranışı sizin ona qarşı münasibətiniz əsasında formalaşır. Ərinizlə xoş davransanız, əmin olun ki, o da analoji münasibəti sizə göstərəcək.

Onu mümkün qədər tərifləyin

Əgər o, tərifə layiq deyilsə və hər şeyi tərsinə edirsə, nəyə görə bu məğlub olan şəxsin yanında durursunuz? Bir-birinizin qəlbinə dəymədən ayrılın. Onunla anası, ciddi müdiri və ya şıltaq övladı kimi davranmayın. "Təriflədik deyə zayı çıxdı" - yəqin ki, bu sözü çoxlarınız uşaqlıqda, elə indiki yaşınızda da eşitmisiniz. Qadınlar, ərinizi tərifləmək yaltaqlanmaq demək deyil, bu, ona yaxşı şeyi görmək arzusu ilə baxmaqdır. Siz onu təriflədikcə, o, bu tərifə layiq olmağa çalışacaq və etimadı itirməmək üçün hər gün daha çox fədakarlıq edəcək.

Onu başqalarının yanında alçaltmayın

Hər bir insanın cəmiyyətdə formalaşdırdığı bir imic olur. Təbii ki, hamı ətrafdakıların gözündə nümunəvi görünməyə çalışır. İctimai yerlərdəki imic qadınlardan fərqli olaraq kişilər üçün daha çox önəmlidir. İctimai yerdə, dostlarının arasında kişinin avtoritetinin xanımı tərəfindən sarsıdılması yaxın biri tərəfindən kürəyindən bıçaqla vurulması kimidir. Belə hallar bağışlansa da, heç vaxt unudulmur. Əgər ictimai yerdə xoşunuza gəlməyən bir şey olubsa, bildirməyin. Bütün tənqid və qəzəbinizi evə saxlayın. Onu da yaddan çıxarmayın ki, ərinizin də sizə deyiləsi sözləri çoxdur. Bir sözlə, siz də ideal deyilsiniz.

Onu lağa qoymayın

"Tarzanım", "Robotum", "Cücəm", "Ayım", "Meymunum" - bunlar kişinin arzularında özünü görmək istədikləri deyil. Məsələn, təsəvvür edin ki, o da sizi "anam", "rəfiqəm" deyə çağırır. Təsəvvür etdiniz? Bu da onunla eynidir. Kiçildən suffikslərdən, müraciət formalarından istifadə etməyin. Bununla siz ərinizi lağa qoymuş olursunuz. Çünki başqaları da bu sözlərdən sui-istifadə edərək onun qürurunu zədələmiş ola bilər. Əzizləyici sözlərinizi yatağa saxlayın.

Onun hər addımını dəstəkləməyə çalışın

Yuxarıda qeyd etdiyimiz kimi, təsir əks təsirə bərabərdir. Siz alış-verişə gedərkən çoxlu pul xərcləməkdən zövq alırsınız. Təbii ki, onun da zövq aldığı məşğuliyyətlər var. Bir anlıq fikirləşin, siz bazarlığa gedərkən paltarlara o qədər pul xərcləyəndə kişiniz dillənmir, ancaq dostları ilə yemək-içməyə və ya hansısa əyləncəyə çox pul xərcləyəndə axmaqlıq olur? Sizcə, bu, nə qədər ədalətli yanaşmadır?

Ən cazibəli geyimi onun üçün seçin, başqaları üçün yox

Kişi ilə evləndiniz deyə onun yerdən göyə qədər sizi çox sevdiyini və heç vaxt soyumayacağını düşünürsünüzsə, kökündən yanılırsınız. Psixoloq yanına gələn bir çox kişilərin əsas şikayəti münasibətlərin normal davam etdiyi zamanlarda qadınının öz görünüşünə fikir verməməsi ilə bağlıdır. Qəşəng paltarlar alsanız da, yenə də evdə kişilər bunu cazibədar hesab edir deyə gecə paltarında gəzirsiniz. Toy günü sarışın gözəl bir gəlin olursunuz, toydan sonra əsl evdar qadına çevrilirsiniz. Bu yanlışdır. Bayıra çıxanda yox, həyat yoldaşınız üçün xüsusi bəzənin. Ətrafdakıları deyil, ilk növbədə ərinizi təəccübləndirməyə çalışın. Ancaq çox təəssüf ki, qadınlar bu cür səhvləri təkrarlamaqda davam edirlər.

Əsas odur, vəssalam

Müxtəlif xalqların folklorunda belə bir deyim var: kişilər ovçudur, qadınlar şikar. Bu deyimdə müəyyən qədər həqiqət var. Belə ki, kişilər fiziki cəhətdən qadınlardan güclü olduqları üçün özlərini mənəvi cəhətdən də daha güclü hesab edirlər. Kişilər problemi həll edən, lider, kapitan və daha başqa bu cür avtoritet rollar üçün yaradılıb. Bu, heç bir cəhətdən sizi alçaltmır və buna özünüz qərar verirsiniz. Bəzi qızlar avtobusdan düşərkən oğlanın ona əl uzatmasını centlmen hərəkəti kimi qəbul etsə də, bəziləri bunu qadının fiziki cəhətdən zəif olmasının göstəricisi kimi qəbul edir. Necə bir xanım olmağa özünüz qərar verməlisiniz. Ona bütün hüququ, hökmranlığı verin, o zaman "ahəngdar rəqs" alınacaq. İcazə verin hər işi o həll etsin, səhv də etsə, özünüz sakitcə həll edərsiniz. "Həmişə sən mənim qəhrəmanımsan, mən də qanadların", - deyə canlı bir portret yaradın. Evdə son sözü siz desəniz də, elə bir ab-hava yaradın ki, guya onun qərarı həlledicidir.

Mətləbə keçin

Kişilər işarələri anlasalar da, onlarla birbaşa, açıq danışılmasını sevərlər. Onlar bir şeyi deyərkən, söhbəti uzatmazlar, siz də uzatmayın. Uzun sözün qısası, onunla və ya özünüzlə bağlı problemləri birlikdə müzakirə edin. Bu zaman qarşılıqlı kompromislərə hazır olun. Türklər demişkən, heyvanlar qoxlaşa-qoxlaşa, insanlar danışa-danışa bir-birini anlayırlar.

Onu ailədən soyutmayın

Gündə saatlarla telefonda boş-boşuna danışmaq, sosial şəbəkələrdə "oturmaq" və ya serial "xəstəsi" olmaq kişilərin xoşuna gəlmir. Psixoloji cəhətdən bu asılılıq onun zəhləsini tökür. Bu, kişilərinizi sizdən soyudan əsas məsələdir. Yadda saxlayın, hər bir qadının rəqibi olur. Odur ki, ərinizdən diqqət və qayğınızı əsirgəməyin.

Onu bezdirməyin

Lakin bir həqiqət də danılmazdır ki, hər bir şey qədərində faydalıdır. Ərinizə qayğı və diqqət göstərmək heç də onu nəzarətdə saxlamaq demək deyil. Buna görə də bütün həyatınızı ona həsr etməyin. Bu, zamanla onu yora bilər və sonda siz "nankor, mən ona bütün həyatımı verdim", - deyə ağlayaraq qalacaqsınız. Odur ki, nə özünüz ağlayın, nə də onun gözüyaşlı qoymayın.

Ləzzətli bişirməyi öyrənin

Deyirlər, kişinin qəlbinə gedən yol onun mədəsindən keçir. Bu deyimdə kifayət qədər həqiqət var. Ona görə də sevdiyiniz insan üçün bişirəcəyiniz yeməyə sevgi qatın, məhəbbətlə bişirin. Bilin ki, kişinin "o, yemək bişirmir" kəlməsinin ekvivalenti qadının "o, evə az pul gətirir" deməsidir.

Son söz əvəzi:

Əziz qadınlar, unutmayın ki, biz təbiətin bir parçasıyıq. Ana təbiətdə olduğu kimi, biz insanlarda da yuvanı dişi quş qurur. Deməli, ailəni qoruyub saxlamaq da, dağıtmaq da siz qadınlardan asılıdır. Mən güclü cinsin nümayəndəsi kimi sonda sizə kiçik bir sirr açacağam: "İstisnaları nəzərə almasaq, heç bir kişi ailəsinin dağılmasını istəməz. Ən azı ona görə ki, dişi ilə, dırnağı ilə topladığı vəsaitləri məhkəmənin qərarı ilə bir andaca ikiyə parçalana bilər". Hamınıza xoşbəxt olmaq arzusu ilə...

Etibar Axundov

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az