Ailə problemlərinin yaranma səbəbləri

Ailə problemlərinin yaranma səbəbləri
Xoşbəxt ola bilmək üçün diqqətlə oxuyun

Giriş

Ailə müxtəlif şəxsiyyətlərin könüllü birliyi olduğundan mürəkkəb bir quruluş sayılır. O, fərdlərin uyğunlaşma prosesində bir çox problemlərin yaranmasına səbəb olur. Kimsə xəstələnir, maddi sıxıntılar yaranır, övlad qeyri-kafi qiymət alır, maşın sınır və ya bir başqa səbəblərdən vaxtaşırı böhran baş qaldırır. Əgər ailədə qarşılıqlı məhəbbət və hörmət şəraiti hökm sürürsə, bu cür məsələlər asanlıqla həllini tapır. Əks təqdirdə, ciddi ailə probleminə çevrilir. Əslində, çətinliklərin tez-tez təkrarlanması da nəticədə ailə problemlərinin yaranmasına və kök salmasına səbəb olur. Bu halda evin bütün fərdləri psixoloji stress vəziyyətinə düşür və ailədəki hüzur, xoşbəxtlik şəraiti yoxa çıxır. Bugünkü yazıda ailə problemlərini yaradan səbəbləri, onun fəsadlarını və vəziyyətdən çıxış yollarını araşdırmağa çalışacağıq. Belə ki, hər birimiz müəyyən ailələrdə yaşadığımız üçün mövzu istisnasız olaraq hamımız üçün aktualdır.

Birinci səbəb: "Biz sadəcə bir-birimizə uyğun deyilik"

Etiraf edək ki, insanlar ailə qurarkən adətən rahatlıq axtarırlar və ya köhnə məhəbbətlərini unutmağa çalışırlar. Bu zaman seçimlərində asanlıqla aldana bilirlər. Nəticədə cəmi bir neçə ildən sonra həyat yoldaşları ilə tamamilə başqa-başqa dünya görüşlü insanlar olduqlarını dərk etməyə başlayırlar. Təbii ki, ərlə arvadın bir-birinə uyğunlaşma prosesi çətinliklə həyata keçdiyindən və ya ümumiyyətlə uyğunlaşma alınmadığından ailədə çoxsaylı problemlər yaranır. "İştah diş altındadır" və ya "Evlənsə, sevməyə vaxtı çox olacaq" kimi el məsəllərimiz təəssüf ki, əksər hallarda özünü doğrultmur. Axı elimizin başqa bir sınanmış məsəli də var: "Zorla məhəbbət olmaz".

Milli-mənəvi dəyərlərimizdə kök salmış deyikləmə, göz qoyma, beşikkərtməsi məsələləri də gələcəkdə ərlə arvad arasında uyğunsuzluğun hökm sürməsinə səbəb olur. Digər halda, nəsillərin birləşməsi naminə gənclərin evləndirilməsi prosesi də analoji fəsadlarla nəticələnir. Ən azı ona görə ki, gənc ailə başqalarının marağı üzərində qurulmuş olur. Ara adamları vasitəsilə qurulmuş ailələrdə də əksər hallarda vəziyyət qənaətbəxş olmur. Bu da ona görə baş verir ki, nikaha girənə qədər gənclər bir-birini yaxşı tanıya bilmir.

Nə qədər qəribə sələnsə də, hətta bir-birini dəlicəsinə sevən insanlarda da bu cür fəsadlara rast gəlinir. Belə ki, həyat təkcə mənəvi aləmdən ibarət deyil, bir çox hallarda reallıqlar, maddi vəziyyət münasibətlərdə həlledici rol oynayır. Odur ki, "təkəri yenidən kəşf etməkdənsə" ailə qurarkən başqalarının təcrübəsindən düzgün nəticə çıxarmaq lazımdır.

Deməli, ailə qurmazdan əvvəl hisslərə və ya maraqlara fikir verməkdənsə, yüz dəfə ölçüb biçmək lazımdır. Keçmişi, indini və gələcəyi təhlil edərək nəticə çıxarmaq olduqca vacibdir. Bu zaman hisslərə və ya maraqlara təslim olmaq son dərəcə təhlükəli ola bilər. Çünki ailə qısamüddətli izdivac olmadığından onun gələcək sürprizlərinə hazır olmaq lazımdır. Təbii ki, ailə qarşılıqlı məhəbbət və böyüklərin razılığı əsasında qurulmalıdır. Lakin istənilən halda son sözü siz özünüz deməlisiniz. Axı bu, sizin həyatınızdır.

Yox, əgər həyat yoldaşınızla heç cür uyğunlaşa bilmədiyinizi hiss etməyə başlamışsınızsa, onda onunla bütün problemləri açıq-aydın həll etməyə çalışın. Problemləri dilə gətirməkdən və qarşı tərəfdən eşitməkdən çəkinməyin. Əgər bu addım da sizə kömək edə bilməsə, demək, hər ikiniz seçiminizdə yanılmışsınız. Odur ki, övladlar olmadan mütləq ayrılmağınız məsləhətdir. Necə deyərlər: "Ayrılıq ölüm deyil".

İkinci səbəb: "Şəxsi məqsədlər"

Ailə iki müxtəlif insanın ittifaqı olduğundan çox vaxt maraqlar toqquşur. Adətən tərəflərdən biri digərini üstələyərək tam xoşbəxt olacağını düşünür. Bu isə kökündən yanlış fikirdir. Ən azı ona görə ki, "kişi qırığı" özünə hörmət edən heç bir qadına yaraşmaz. "Başıqapazlı" qadın da güclü kişinin yanında gözəl görünməz.

Və ya həyatda çox rast gəldiyimiz başqa bir nümunə var: "Tərəflərin biri o birinin hesabına bütün arzu və istəklərini həyata keçirir, qohumları, dostları arasında nüfuz qazanır, bir sözlə, həyat yoldaşından istifadə etmiş olur. Əvəzində isə ona heç nə vermir". Bu hal adətən qadınlarda müşahidə olunur. Təəssüf ki, əksər qadınlar dünyaya övlad gətirdikdən sonra ailədə mövqelərinin gücləndiyini düşünərək, ərlərindən sözün hər mənasında istifadə etməyə başlayırlar. Yeyirlər, içirlər, bəzənirlər, gəzirlər, ev işlərini başqalarına yükləyirlər, uşaqlarına dayə tuturlar, sadə dildə desək, şişirlər. Bunun müqabilində isə ərlərinin istəklərinə məhəl qoymurlar. Əziz qadınlar, insaf edin, axı ərləriniz pul-kəsən maşın deyil. Axı onun da maddi ehtiyacları olduğu kimi mənəvi və fiziki tələbatları var. Əlinizi ürəyinizin üstünə qoyub özünüzə etiraf edin: "Onun tələbatlarını başqa bir qadın və ya qadınlar ödəsə, sizə necə təsir edər?!

Odur ki, ailənin hər bir fərdi anlamalıdır: "İnsanın hüquqlarının bitdiyi yerdə vəzifələri başlayır". Analoji problemlər yaranmasın deyə, ailə qurarkən hüquq və vəzifələrinizi düzgün təsbit edin. Unutmayın: "Hansısa bir məsələ axıradək həll olunmadıqda sonradan ağlagəlməz problemlər yaradır. Bir həqiqət də danılmazdır: "Xoşbəxtlik pulda deyil, onun düzgün xərclənməsindədir".

Üçüncü səbəb: "İnciklik"

İnciklik nikahların birbaşa fatihəsidir. Adətən insanlar incik olduqları halda özlərini haqlı sayırlar və hüquqlarının tapdalandığını zənn edirlər. Təbii ki, bu halda qarşı tərəfin üzr istəməsini gözləyirlər. Nəticədə, ailədən soyuyurlar və xoşbəxt olmaq ümidi əlçatmaz arzuya çevrilir. Halbuki, evlənən hər bir insan ilk növbədə xoşbəxt olmaq istəyir.

Odur ki, inciklik xroniki hal almayana qədər, yəni küskünlüyə çevrilməyənədək onu mütləq aradan qaldırmaq lazımdır. Atalar demişkən: ""Gözdən uzaq olan könüldən iraq olar". Bu isə o deməkdir ki, küsmələr vərdişə çevrildikdə, tərəflər bir-birindən soyumağa başlayır. Nəticədə, yollar ayrılır. Bu hal baş verməsin deyə, qarşı tərəfi anlamağa və mümkün qədər öz səhvlərinizi düzəltməyə çalışın. Əgər problem dərinləşibsə, onu qarşılıqlı şəkildə müzakirə edərək həll etməyə can atın. Yox, əgər körpülərin dağıdıldığını hiss edirsinizsə, məsələni ağsaqqalların müzakirəsinə çıxarın. İnanın ki, yalnız onların həyat təcrübəsinə əsaslanaraq aradakı körpüləri yenidən inşa edə bilərsiniz. Ən azı ona görə ki, hər kəsin həyatda hörmət etdiyi, sözün yaxşı mənasında çəkindiyi insanlar var.

Bu cür neqativ halların baş verməməsi üçün psixoloqların gizli bir silahı var. Uyğun bir zamanda və qeyri-şərtsiz tərəf müqabilinizlə dialoqa girin və söhbətinizi "mən səni başa düşürəm" kəlmələri ilə başlayın. Əmin olun ki, onda qarşı tərəf də sizinlə ünsiyyətdə maraqlı olacaq və aradakı gərginlik elə ilk mərhələdəcə xeyli dərəcə səngiyəcək. Hadisələrin sonrakı inkişafı isə sizin növbəti addımlarınızdan asılı olacaq. Şirin dilinizi və fantaziyalarınızı işə salın. Türklər demişkən: "Heyvanlar qoxulaşa-qoxulaşa insanlar danışa-danışa dil tapar". İnanın ki, vaxtında "lənət şeytana!" deyə bilsəniz, hər ikinizin xoşbəxt olacaqsınız.

Son söz əvəzi

Ailələr müxtəlif olduğu kimi onların problemləri də özünəməxsus olur. Necə deyərlər, dünyadakı ailələrin sayı qədər problemləri də var. Təəssüf ki, bugünkü araşdırmamız həkim resepti kimi bütün dərdlərə dərman olmaq gücünə malik deyil. Bununla belə, ümidvarıq ki, hər bir insanın öz immuniteti olduğu kimi hər bir ailənin də problemlərə yanaşma metodu var. Heç şübhəsiz, problemlər öz-özünə yaranmır, onu biz insanlar yaradırıq. Deməli, onları həll etmək üçün də gecə-gündüz çalışmalıyıq. İnanın ki, buna dəyər. Axı hər birimiz xoşbəxt olmağa layiqik.

Etibar Axundov

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az