Azərbaycanda dini sektanın dağıtdığı ailə

Azərbaycanda dini sektanın dağıtdığı ailə
İnsan onu, o, insanı yaradır - Məhəbbət

Bu yazını yazmaq bizim üçün o gün də çətin idi, bu gün də. Lakin nə qədər çətin olsa da, bir ailənin faciəsini qələmə almaq məcburiyyətində qaldıq. Belə ki, söhbət ülvi məhəbbətini, bu məhəbbətdən doğan gül balanı şəxsi ambisiyalarına qurban verən insandan gedir. Daha dəqiq desək, məqalədə adını çəkmək istəmədiyimiz dini sektanın bir ailənin dağılmasına səbəb olmasından bəhs olunur.

O, Allah-Təalanın qisməti ilə bir zamanlar özünün sevib-seçdiyi qızla ailə qurmuşdu. Göylərdə xeyir-duası verilən bu nikahdan gözəl bir övlad dünyaya gəlmişdi. Lakin nə yazıq ki, mayası məhəbbətdən yoğurulan ailənin ömrü uzun sürmədi. Araya şeytanmı girdi (Lənət şeytana!), yoxsa başqa səbəblərmi vardı?! Bu barədə fikir yürütməyə bizim ixtiyarımız yoxdur. Biz təkcə onu deyə bilərik ki, həyatın təməli olan məhəbbət, Allah-Təalanın insanlara bəxş etdiyi ən müqəddəs duyğu, haqları tapdalanmış övlad timsalında mücadilə verir. Bəli, ailə dağılıb, lakin Tanrının hökmü ilə sevgi hələ yaşamaqdadır və yaşayacaqdır. Bu sevginin təcəssümü olan üç yaşlı günahsız körpə haqqını tapdalayanlardan hesab soracaqdır. Çünki haqq Yaradanın adıdır. Ona heç bir şəkildə kölgə salmaq olmaz.

Həmsöhbətimiz Seva və anası Şəlalə xanım (müəyyən səbəblərdən soyadları qeyd olunmayıb) idi. İnanın ki, gördüklərimizi və eşitdiklərimizi bir məqaləyə sığdırmaq olmazdı. Belə ki, evdə sevinclə kədər sanki doğmalaşmışdılar. Bir tərəfdən xanımların göz yaşları içərisində dedikləri, digər tərəfdənsə balaca Rəhimin baməzə hərəkətləri bizi düşünməyə vadar edirdi. Bəlkə körpə doğmalarının qəlbini ovundurmağa çalışırdı? Bəlkə o, məhəbbətin təntənəsinə inandığı üçün belə edirdi? Hər halda, Seva xanımın qəlbi dolu idi. Gəlin onun dediklərinə birlikdə nəzər salaq:

- O vaxtlar mən doğum evində işləyirdim. İşdən sonra isə prodüser mərkəzində çalışırdım. Heç yadımdan çıxmaz, 2001-cı ilin iyul ayında Sumqayıt şəhərində konsert təşkil etmişdik. Təbii ki, tədbirin mühafizə xidməti də təşkil olunmuşdu. Cangüdənlərin arasında o da var idi. Mədəni, savadlı, ağıllı olduğu üçün dərhal söhbətimiz alındı. Onunla bir avtobusda yol gedərkən dostluq əlaqələri qurduq. Çünki hər mövzuda sözüm tuturdu. O, açıq fikirli, qəlbi təmiz, məntiqli bir oğlan idi. Düzünü desəm, bəzən savadlı mülahizələri ilə məni təəccübləndirə bilirdi. Beləcə, konsert ərəfəsində yaxın bir dost qazandım. Bəri başdan qeyd edim ki, bu dostluğun nə vaxtsa məhəbbətə çevriləcəyi ağlıma da gəlməzdi. Doğrudur, o olduqca cazibədar oğlan idi. Lakin əlaqələrimiz yalnız dostluq üzərində qurulduğundan bu barədə danışmırdıq. Konsertdən bir-iki həftə sonra təsadüfən onunla 28 may metrostansiyası yaxınlığında görüşdük. Onun çalışdığı ofis və mənim işlədiyim xəstəxana həmin ünvanda yerləşdiyindən tez-tez qarşılaşmağa başladıq. Dostluğumuz bir az da möhkəmləndi. Bundan əvvəl telefon nömrələrimiz bir-birimizdə olsa da, nədənsə əlaqə saxlamamışdıq. Lakin mütəmadi qarşılaşdığımız üçün zəngləşməyə başladıq.

O, Türkiyəyə getmişdi. Bir gün ona zəng vurdum. Xeyli söhbət etdik. O, mənim üçün çox darıxdığını söylədi. Artıq hiss edirdim ki, mənə qarşı biganə deyil. Doğrusu, mən də ona bağlanmışdım. Çünki hər cəhəti ilə məni qane edirdi. Onu da deyim ki, siqaret çəkmirdi, spirtli içkinin düşkünü deyildi. Bütün bu müsbət keyfiyyətləri məni düşünməyə vadar etdi, bəlkə gözlədiyim ağ atlı şahzadə odur? Zənnimdə yanılmamışdım. O, Bakıya dönən kimi mənə ürəyini açdı. Bu barədə ən yaxın rəfiqəm olan anama məlumat verdim. Adət-ənənəyə uyğun olaraq, onların ailəsi ilə maraqlanmağa başladıq. Öyrəndik ki, atası rəhmətə gedib, anası məktəbdə müəllimədir. Özü isə universitet məzunudur. Ziyalı ailə olsalar da, imkanlı deyildilər. Buna baxmayaraq, anam məhəbbətimizə xeyir-duasını verdi. 2002-ci ilin 9 mart günü "Fidan" restoranında təntənəli surətdə nişanımız oldu. İkimiz də sevincdən yerə-göyə sığmırdıq. Axı bir-birimizi sonsuz məhəbbətlə sevirdik. Bu müqəddəs hiss insana İlahidən verilən ən böyük xoşbəxtlikdir. Anamgil dərhal onların evini təmir etdirməyə başladılar. Biz isə xoşbəxtliyimizi dost-tanışla bölüşməyə çalışırdıq. Həmin yay bir neçə günlük Nabranda istirahət etdik. Dostluqdan yaranan məhəbbətimiz daha da möhkəmləndi. Demək olar ki, həyatımın ən gözəl və sevincli anlarını o vaxtlar yaşadım.

2002-ci ilin 19 oktyabr günü nişanlımla ailə qurduq. Ən yaxın dostu-qrup yoldaşı nikahda bizə şahidlik etdi. Nişanlımın dostu da özü kimi alicənab və mədəni oğlan idi. Hətta onu rəfiqəmlə evləndirmək də istəmişdik. Lakin nədənsə o, bizim toyumuzda iştirak etmədi. Bir dəstə gül verib getdi. Nişanlımdan bunun səbəbini soruşduqda, sualıma cavab verə bilmədi. Çünki özü də gördüklərindən pərt olmuşdu. Dostumuzun bu addımını yalnız bir neçə aydan sonra anladım.

Nə isə, gəlin köçdüm. İnsafən deyim ki, qayınanam da pis insan deyildi. Onunla dərhal dil tapdıq. Ana-bala kimi dolanmağa başladıq. Maddi sıxıntılarımız olsa da, məhəbbətimiz bunu ört-basdır edirdi. Evdə yediyimiz yavan çörək də bizə baldan şirin gəlirdi. Çünki nikahımızın əbədi olduğuna inanırdıq. İlk vaxtlar hər şey öz qaydasında gedirdi. Hamımız can deyib-can eşidirdik. Mən yoldaşımın qulluğunda durur, o da mənə olan sevgisini qayğıkeşliyi və mehribanlığı ilə büruzə verirdi. Bizimkilər də xoşbəxt idilər. Çünki qızları, yəni mən sevib-seçdiyim oğlana qismət olmuşdum.

Bayaqdan bəri sükutunu qoruyan Şəlalə xanım qızının sözlərini təsdiqləməklə söhbətə qoşuldu:

- Biz qızımızın təzə ailəsinə bacardığımız qədər maddi yardım göstərirdik. Heç cür yol verə bilməzdik ki, kürəkənin kasıbçılığı hiss olunsun. Çünki onu da qızımız qədər çox sevirdik. Olduqca alicənab və mədəni oğlan olduğundan onu öz balalarımdan ayırmırdım. Sevanın iki qardaşı var. Hər ikisi yeznələrini çox istəyirdi. Onu da deyim ki, kürəkənim bu doğmalığa layiq idi. Allah şeytana lənət eləsin! Gül kimi uşağı bədbəxt etdilər. Mən ona sonuncu görüşümüzdə də demişdim: "yaxşı oğlansan, ancaq heyf səndən!"

Şəlalə xanımı qəhər boğduğundan söhbəti Seva xanım davam etdirməli oldu:

- Bizimkilər yoldaşımı sevdikləri kimi onun anası da məni sevirdi. Toydan cəmi iki həftə sonra yoldaşım dini kitablarla maraqlanmağa başladı. Oxuduğu Qurani-Kərim deyildi, sadəcə dini ədəbiyyatlar idi. Doğrusu, gözlərimə inana bilmirdim. Axı əvvəllər o, elmi məqalələrə, əcnəbi dillərə və internetə daha çox üstünlük verirdi. Digər tərəfdən, dinə qarşı tamamilə biganə idi. Yoldaşım mənim təəccübləndiyimi gördükdə, bildirdi ki, sadəcə maraqlandığı üçün oxuyur. Təbii ki, mən onun bu seçiminə hörmətlə yanaşdım.

Artıq hamilə qalmışdım. Vəziyyətim yaxşı deyildi. Ürəkbulanması, baş ağrıları, dözülməz sancılar və sair fəsadlar məni rahat buraxmırdı. Yoldaşım 14 yaşından bəri it saxlayırdı. Hamilə olduğumdan mən heyvanın iyini götürə bilmirdim. Bir gün ona bu barədə məlumat verdim. Xətrimə dəymədi. Mənə xoş olsun deyə, iti evdən çıxardı. Bu, onun mənə və gələcək körpəmizə qarşı olan məhəbbətinin göstəricisi idi.

Həftələr ötdükcə mən özümü daha da pis hiss edirdim. Hamiləliyim son dərəcə ağır keçirdi. Bəri başdan onu deyim ki, hamiləlik dövründə iki dəfə cərrahi əməliyyata məruz qalmışam. Bütün bu müddət ərzində yoldaşım məni tək buraxmırdı. Daim qayğıma qalırdı. Vəziyyətlə əlaqədar olaraq, bir müddət atamgilə yerləşib, müalicəmi burada davam etdirmək məcburiyyətində qaldım. Mənim bu fikrimi yoldaşımla qayınanam da dəstəkləmişdi. Sən demə, mənim atamgilə qayıtmağımda yoldaşımın məqsədi varmış. Bunu çox sonralar anladım.

Onu da qeyd edim ki, bizim toydan cəmi iki ay sonra həyat yoldaşımın yaxın dostunun da toyu oldu. O, məni məclisə dəvət etməmişdi. Ona görə də yoldaşım mənim video-kameramı götürüb, toya tək getdi. Lakin bir neçə saat keçməmiş dəhşət içərisində geri qayıtdı. Ondan bunun səbəbini soruşduqda, mənə lentə aldığı kaseti göstərdi. Gördüklərimdən çaşıb qaldım. Məclis tamamilə başqa formada təşkil olunmuşdu, bir növ dini mərasimi xatırladırdı. Yoldaşım özü də dostunu qınayaraq, onun bu addımını başa düşə bilmədiyini dedi.

Bu hadisədən bir neçə ay keçmişdi. Günlərin bir günü qapımız döyüldü. Açdım. Qarşımda uzun saqqalı bir adamı görcək karıxdım. Diqqətlə baxdıqda, gələnin dostumuz olduğunu gördüm. Həmişəki kimi onu xoş sifətlə içəri dəvət etmək istədim. Lakin o, üzümə də baxmadı. Donuq baxışlarını yerə zilləyib, yoldaşımı çağırmağı xahiş etdi. Mənə elə gəlmişdi ki, onların yası düşdüyündən dostumuz saqqal saxlayıb. Odur ki, buna əhəmiyyət verməyib yoldaşımı çağırdım. Onlar dəhlizdə bir neçə dəqiqə söhbət etdilər.

Hamiləliyimin altı ayına yaxın yoldaşımı işdən azad etdilər. Səbəbini bilməsək də, atamgilin tanışlarının vasitəsilə onu daha da yaxşı bir işə düzəltdik. Lakin cəmi bir ay sonra yoldaşım növbə rəisi işindən istefa verdi. O, bunu kollektivdə hökm sürən qeyri-sağlam ab-hava ilə izah etdi və yalnız halal zəhməti ilə çalışmaq istədiyini söylədi. Biz yenə də ona qarşı çıxmadıq.

Yoldaşım artıq axşamlar evə gec gəlməyə başlamışdı. O, hansısa bir dostunun sexində çalışdığını deyir, gecəyədək məşğul olduqlarını vurğulayırdı. Lakin çox sonralar öyrəndim ki, bütün bu müddət ərzində o, məsciddə olurmuş.

Bir müddət sükutunu qoruyan Şəlalə xanım, dözməyib yenidən söhbətə müdaxilə etdi:

- Biz oğlanın dinlə məşğul olmasına qarşı deyildik. Əksinə, onun ibadət etməsini alqışlayırdıq. Ancaq zaman keçdikcə hər şey ifrat dərəcəyə gəlib çatdı. Kürəkənim qızıma mənəvi təzyiqlər göstərməyə başladı. Evdə musiqi dinləməyə və əyləncəli proqramları seyr etməyə qadağa qoydu. Qızıma foto şəkilləri məhv etməyi təklif etdi. Hələ bu azmış kimi evə saqqalı kişilər ayaq açdılar.

Nəvəm dünyaya təzəcə gəlmişdi. İki aylıq idi. Bir gün sübh tezdən Seva səs-küyə yuxudan oyandı. Gördü ki, qayınanası bir neçə saqqalı adamı qovmağa çalışır. Sən demə, onlar kürəkənimin təzə "dostları" idilər və onu özləri ilə aparmağa gəlmişdilər.

Bu yerdə Seva xanım nəyisə xatırlayıb, yenidən dilləndi:

- Uşağım dünyaya gələn gün yoldaşım məni tək buraxmışdı. Xəstəxanaya gəlməmişdi. Utandığımdan həkimlərə dedim ki, guya gecə növbəsindən qayıdıb, yorğundur. Bir neçə ay idi ki, artıq özümə qarşı soyuqluq hiss edirdim. Ancaq bunun səbəbini heç cür aydınlaşdıra bilmirdim. Axı dinimizdə övlada və ailəyə qarşı mərhəmətli, qayğıkeş davranmaq tələb olunur. O isə anbaan dəyişirdi. Hər gün məndən daha da uzaqlaşırdı. Elə bil əvvəlki adam deyildi.

Adət-ənənəyə görə xəstəxanadan buraxılanda anamgilə yerləşdim. Uşağa rəhmətlik qayınatamın adını qoyduq - Rəhim. Mənim səhhətim hələ də düzəlmədiyindən körpəyə anam baxmalı olurdu. Beləcə, həkim nəzarəti altında bir qədər özümə gəldim. Uşağın qırxını restoranda təntənəli surətdə qeyd etdik. Qəribə də olsa, yoldaşım körpəsinin şərəfinə bir neçə badə qaldırdı.

Tədbirdən sonra öz evimizə, yəni qayınanamgilə qayıtdıq. Məhz problemlər də bundan sonra başladı. Mən ümid edirdim ki, yoldaşım məni və körpəsini daha da çox sevəcək. Lakin zənnimdə yanılmışdım. O, vaxtının böyük hissəsini bizə yox, kitablarına həsr edirdi. Mən xəstə idim. Körpə hərdən ağlayanda yoldaşımdan xahiş edirdim ki, qucağına alıb sakitləşdirsin. O isə dualar oxumaqla kifayətlənirdi. Guya bununla şər qüvvələri uşaqdan kənarlaşdıracaq. Bir sözlə, o, tamamilə başqalaşmışdı. Mənə əl qaldırmasa da, mənəvi cəhətdən özünə tabe etməyə çalışırdı. Oxuduqlarından sitat gətirirdi. Məni dediklərinə inandırmağa can atırdı. Mən isə ona heç cür inana bilməzdim. Çünki bir gün təsadüfən kitabların birindən oxumuşdum ki, arvad və ya körpə evin kişisinə qarşı qəbahət işlədərsə, onların qanı halaldır! Hətta bu kitabı qayınanama göstərəndə o da dəhşətə gəlmişdi. Evdə dözülməz ab-hava hökm sürürdü. Yoldaşım gecəyədək evə gəlmirdi. Mən isə xəstə ola-ola körpəyə baxmaq məcburiyyətində qalmışdım. Nəhayət, işgəncələrə tab gətirməyib atam evinə qayıtdım. Gedərkən qayınanamla öpüşüb görüşdüm. Çünki o, mənim əzab çəkdiyimi yaxşı başa düşürdü.

Qızının göz yaşlarına dözməyən Şəlalə xanım bəzi mətləblərə aydınlıq gətirdi:

- Seva bir neçə ay ərindən küsülü qaldı. Yazıq qız gün-gündən şam kimi əriyirdi. Vəziyyət bu cür davam edə bilməzdi. Bir gün qohum-əqrəbaları toplayıb, onların ayağına getdik. Gəncləri barışdırmağa çalışdıq. Ancaq gözləmədiyimiz halda qızımıza iftira yağdırmağa başladılar. Onu tənbəllikdə və acıdillikdə ittiham etdilər. Əvvəla, qızım xəstə idi. O, ağır ev işləri ilə məşğul ola bilməzdi. İkincisi, xəstə adamın hövsələsi dar olur. Evdəki gərginliyi nəzərə alsaq, onu acıdillikdə qınamaq olmazdı. Seva bu söhbəti eşidəndə səhərə kimi ağladı. Sübh tezdən ərinə zəng vurub, onu evimizə dəvət etdi. Gəldilər. Həqiqəti dedikdə, bizimlə razılaşmalı oldular. Ümumən belə qərara gəlindi ki, səhər oğlan Sevanı evinə qaytarsın. Ancaq həmin axşam kürəkənim Sevaya zəng vurub, bir-iki ay möhlət istədi. Sən demə, o, əl altından evi satmağa çalışırmış. Seva onun məqsədindən xəbərsiz olsa da, təkliflə razılaşmadı. Oğlan əlacsız qalıb, 9 iyun günü onu apardı.

Bir gün Seva evdə yad kişilərin gəzişdiyini görcək, çaşıb qaldı. Bu adamlar maklerlər idilər. Onların kim olduğunu öyrəndikdə, qızım hamısını evdən qovdu və evin mübahisəli olduğunu bildirdi. Maklerlər çıxıb getdilər. Biz bu xəbəri eşidəndə bərk əsəbiləşdik. Axı o evdən nəvəmə də pay düşməli idi.

Gözlərinin yaşını silən Seva xanım bu barədə ətraflı məlumat vermək qərarına gəldi:

- Bir ay idi ki, o evdə qalırdım. 9 iyul günü oğlumun bir yaşı tamam olurdu. Qayınanam uşağın üzündən öpüb getdi. Onlar bağa yollandılar. Biz isə - atam, anam və qardaşlarım körpənin şərəfinə restoranda ziyafət qurduq.

Səhəri gün valideynlərim mənzil tələbi ilə məhkəməyə müraciət etdilər. Çünki yoldaşım məni qeydiyyata aldırmaq istəmirdi. Məhkəmənin qərarı ilə, məni həmin ünvana qeydiyyata aldılar.

Bütün bu xoşagəlməz hadisələrə baxmayaraq, bizimkilər yenə də bizi qovuşdurmağa çalışırdılar. Hətta anam ətək-ətək pul töküb bizi İsveçə yollamaq istəyirdi. Sənədlər hazır idi. Lakin yoldaşımın səmimi etirafından sonra planımız dəyişdi. O, mənə dedi ki, internet vasitəsilə xaricdəki havadarları ilə əlaqə qurub və "qardaşlar" adlandırdığı adamlar bizə şərait yaradacaqlar. Düzü, çox qorxdum. Çünki o vaxtlar 11 sentyabr hadisələrinə görə saqqallıları hər yerdə təqib edirdilər. Bu, bizim qovuşmağımıza sonuncu cəhd oldu.

Sonda Şəlalə xanım ürək ağrısı ilə söhbətə yekun vurdu:

- Hal-hazırda onlar boşanıblar. Məhkəmənin hökmü ilə körpəyə aliment kəsilib. Kürəkənim ilk vaxtlar alimenti vermək istəməsə də, sonradan buna məcbur oldu. Belə ki, onun məhkəməyə təqdim etdiyi saxta sənədləri bir-bir ifşa edib üzə çıxardıq. Eyni zamanda nəvəmə mənzil payının verilməsi də qərara alınıb. Buna baxmayaraq, atası onu bu hüquqdan məhrum etməyə çalışır. Daha dəqiq desək, mənzilin elə bir yerini göstərir ki, orada yaşamaq qeyri-mümkündür. O, bunu qızımın evdən oğurluq edə biləcəyi ilə izah etməyə çalışır. Halbuki, həmin evi biz təmir etdirmişik və içərisini bahalı əşyalarla doldurmuşuq. Deməli, istənilən vaxt onu geri ala bilərik. Ancaq biz onlardan heç nə tələb etmirik. Təkcə onu istəyirik ki, övladlarına sahib çıxsınlar, yəni yaşamaq üçün yer göstərsinlər. Nə vaxtsa mən həyatda olmayacağam. Qızım da cavandır, yenidən ailə qura bilər. Bəlkə bu uşağı heç kim qəbul etməyəcək? Onda onun aqibəti necə olacaq? Bir özünüz fikirləşin, axı qızım ərə gedərkən balasını atası evindən aparmayıb? Rəhim həm də onun oğludur. Tutalım, Seva pis qızdır, yaxşı gəlin olmayıb. Axı Rəhim onun canındandır? Görəsən, övlada qarşı laqeyd olmaq hansı dində yazılıb? Məncə, heç bir dində bu cür qəddarlığa yer verilmir.

MÜƏLLİFDƏN:

Qonağı olduğumuz ailə ilə xeyli dərdləşdik. Ən sonda foto alboma nəzər saldıq. Xoşbəxt anların rəngarəng şəkillərdə əksinin şahidi olduq. Həqiqət naminə qeyd edək ki, Seva xanımın həyat yoldaşının çöhrəsində nur olduğunu sezdik. Fikrimizcə, bu nurun parlaq işığı qaranlıq zülmətə işıq saçacaq və yenidən işıqlı sabah gələcək. Necə deyərlər, axşam olmasa, sabah açılmaz. Çünki ən müqəddəs hiss olan məhəbbəti, məhəbbətdən doğan həyatı yaradan Allah-Təala rəhmlidir. Biz əminik ki, Rəhim balanın da hüquqları tapdalanmayacaq. Və üç ildir həsrətində olduğu atası nəhayət ki, onun simasında məhəbbətinin görüşünə tələsəcək. Axı müqəddəs dinimiz də ailə uğrunda hər bir şücaətə hazır olmağı bizdən tələb edir...

P.S. Bu hadisə təxminən altı il əvvəl qələmə alınıb. Artıq Rəhimin 9 yaşı var. Əldə etdiyimiz ən son məlumata görə, atası ailəlidir, anası isə hələ də məhəbbətinə sadiq qalıb. Çünki Allahın hökmü ilə insanı yaradan bu hiss həm də onu yaşatmağa qadirdir...

Könül Aypara

O.M.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az