BAO Xocalı soyqırımının ildönümü ərəfəsində Prezident İlham Əliyevə və Müdafiə naziri general-polkovnik Zakir Həsənova müraciət edib

BAO Xocalı soyqırımının ildönümü ərəfəsində  Prezident  İlham Əliyevə və  Müdafiə naziri general-polkovnik Zakir Həsənova müraciət  edib

Bütöv Azərbaycan Ocaqları (BAO) Xocalı soyqırımının ildönümü ərəfəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənova müraciət qəbul edib.

Oxuməni.az-a BAO-dan verilən xəbərə görə, müraciətdə deyilir:

Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev cənablarına. Surəti: Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Z.Həsənova:

Hörmətli cənab Prezident! Bu il 26 fevralda Xocalı faciəsinin 29-cu ildönümü tamam olur. Xocalı faciəsi xalqımız və ümumiyyətlə bəşəriyyət tarixində mədəni insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biridir. 1992-ci il fevralın 25dən 26-na keçən gecə təpədən dırnağadək silahlanmış erməni terrorçuları Xocalı şəhərinə qəflətən basqın etmiş, təxminən 613 nəfər dinc insanı (onlardan 63-ü uşaq, 106-sı qadın və 70-i qoca olmaqla) vəhşicəsinə qətlə yetirmişdilər. Xocalıda 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini itirmiş, 130 uşaq isə valideynlərindən birini itirmişdi. 487 nəfər dinc sakin yaralanmış, 1275 nəfər əsir götürülmüş, 150 nəfər isə itkin düşmüşdü. İndiyədək azğın və məkrli erməni faşizmi qarşısında məğlub vəziyyətdə olan Azərbaycan xalqı hər il bu faciəni kütləvi yas və hüzn içərisində qeyd etmişdir. Şükürlər olsun ki, Milli Ordumuzun misilsiz qəhrəmanlığı nəticəsində 30 ilə yaxın düşmən tapdağında qalan torpaqlarımız azad olunmuş, 2020-ci il ən yeni tariximizə şanlı Qələbə ili kimi yazılmışdır. Bu möhtəşəm qələbənin əldə edilməsində bir çox vacib amillərlə yanaşı, daha bariz şəkildə özünü göstərən dövlət-xalq birliyinin müstəsna rolu ayrıca qeyd olunmalıdır. Azğın düşmənlərimizə göz dağı olan bu birliyin qorunub saxlanması, fikrimizcə, indiki dövrdə ən vacib vəzifələrimizdən biridir. Biz, Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq hesab edirik ki, bu il Xocalı faciəsinin növbəti ildönümü ölkəmizdə həmişəkindən daha fərqli və özünəməxsus şəkildə qeyd edilməlidir. Azərbaycanın birliyini və bütövlüyünü qarşısına başlıca məqsəd qoyan BAO üzvləri Xocalı faciəsinin bu ilki ildönümünü, erməni faşizminin günahsız qurbanlarının xatirəsini 26 fevralda məhz Xocalı şəhərində, qalib ordumuzun əsgər və zabitləri ilə birlikdə yerindəcə yad etmək istəyirik. Bu işdə bizə lazımı kömək göstərməyinizi, əlaqədar orqanlara müvafiq göstəriş verməyinizi Sizdən xahiş edirik.

Bütöv Azərbaycan Ocaqları. Bakı, 15 fevral 2021-ci il.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az