İran Bakını buna məcbur etdi: Əliyevin bir sözünün nəticəsi...

İran Bakını buna məcbur etdi: Əliyevin bir sözünün nəticəsi...

44 günlük savaşdan sonra Qarabağda başlayan böyük və genişmiqyaslı təmir-tikinti prosesi zamanı İran ilk dəfə sərhədimizə ordu yığıb, prosesə mane olmaq istəmişdi. Yəqin Azərbaycanın qələbəsinin “müvəqqəti olacağını” düşünmüşdü və yaxud belə arzusu vardı – Vətən müharibəsi zamanı Ermənistana etdiyi yardımların nəticə verməməsindən, müharibənin Azərbaycanın qələbəsi ilə başa çatmasından narahat olmuşdusa da, özünə gəlib “yeni strategiya” hazırlayana qədər Bakının artıq Qarabağı yenidən qurduğunu anlamışdı. Bu yenidənqurulma İranın “son ümidlər”inin də dəfn edilməsi idi – ona görə bir bəhanə ilə Azərbaycana təzyiq etmək və Qarabağdakı prosesi dayandırmaq istəmişdi.

Bəhanə kimi iki İsrail şirkətinin Qarabağda təmir prosesinə cəlb edilməsi seçilmişdi. Guya bu iki şirkət Qarabağda İrana qarşı nələrsə edir...

Əlbəttə ki, boş və gülünc bəhanə idi: İran özü də yaxşı bilir ki, bu ölkədə Azərbaycanla sərhəd ərazilərdə və ümumiyyətlə, Güney Azərbaycanda deyil, MOSSAD Tehranda, hətta Sistan-Bəlucistanda “işləyir”: nüvə alimi Tehranın göbəyində, SEPAH zabitləri Sistan-Bəlucistanda (məsələn) öldürülür.

Azərbaycan isə öz ərazisindən İrana qarşı heç vaxt istifadə edilməyəcəyini rəsmən elan edib və buna sədaqətlidir. Həm də ona görə ki, İrana qarşı aqressiya milli maraqlarımıza ziddir: İran əhalisinin yarısı azərbaycanlı olduğu üçün.

Bəhanəsinin keçərli olmadığını Rusiyada Abdullahiana anlatdılar: Moskva bu qədər gülünc iddiada Tehrana yardım etmədi və İranın iftira siyasəti alınmadı.

Yeri gəlmişkən, Azərbaycan Prezidenti məhz bu zaman Araz sahilinə gedib, əlini O Taya uzadıb, sözünü sərt şəkildə dedi və İranın iddiaları bununla da bitdi.

Azərbaycan yoluna davam edir: Füzuli aeroportunun ardınca Zəngilan aeroportu istifadəyə verildi və böyük nəqliyyat-kommunikasiya xətləri istiqamətində daha bir iri addım atıldı.

Füzuli aeroportu zamanı çarəsizcəsinə ordusunu Araz sahilinə daşıyan İran bu dəfə də analoji qərar verdi – sanki başqa yol tapa bilmir. Ancaq bu dəfə Rusiyanın başının Ukraynada qarışmasından istifadə edərək, Qafandakı konsulluğunu da tələsik açdı, hələ tamamlanmayan binanı “istifadəyə” verdi. Bir ilə aeroport tikən Azərbaycandan fərqli olaraq, İran bir ildə konsulluq üçün normal binanı tamamlaya bilməməsinin rüsvayçılığını yenə ordunun təlimləri ilə ört-basdır etməyə çalışdı.

İran Azərbaycana qarşı qeyri-rasional siyasətində Ermənistandan istifadə etməsinin acı nəticələrini də görür: İki İsrail şirkətinin Qarabağda tikinti aparmasından dəhşətli dərəcədə rəncidə olan İran AB-nin mülki adı ilə Ermənistana gətirilən 40 general-polkovniki, ATƏT-in müşahidə aparan onlarla zabitinin fəaliyyətinə qarşı açıq şəkildə çıxa bilmir.

Əvəzində Ermənistanın ərazi bütövlüyünün “qarantı” rolunda çıxış edərək, Zəngəzur dəhlizinə qarşı ordusu ilə mübarizə aparacağını sona qədər göstərməyə çalışır.

Nəticə?

Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının baş katibi ilə görüşündə Güney azərbaycanlılarla bağlı möhtəşəm bir ismarış verməyə və İranla bağlı artıq fərqli siyasət yürütməyə başladığını elan edir!

İlham Əliyev 2003-cü ildə “50 milyon azərbaycanlının prezidentiyəm” demişdi, ancaq bu mesaj mənəvi sərhədlərimiz idi və siyasətə çevrilməmişdi.

2020-ci il qələbəsindən sonra regionda fərqli siyarət yürütməyə çalışan Azərbaycanı İran iki ildir tam ayrı yola sürükləyir. Əliyev də məhz Türk Dövlətləri Təşkilatının baş katibi ilə görüşdə elan etdi: onmilyonlarla azərbaycanlının haqq, hüquqları ən yüksək səviyyədə gündəmə gətirildi.

Bu türk toplumunun hüquqlarının qorunması üçün artıq Azərbaycan tək deyil, Türk Dövlətləri Təşkilatına üzv olanlar, müşahidəçilər də bu prosesə qoşulurlar.

İranın iki ildir Azərbaycana qarşı diş qıcamasının nəticəsi budur: İlham Əliyevin bir sözü ilə şəkilləri üzərinə “Güney Azərbaycanın Prezidenti” sözləri yazılıb, küçələrdən asıldı!

Ermənistan ərazisindən bir dəhlizin keçməsi və Azərbaycanın qərb rayonları ilə Naxçıvanın maneəsiz birləşməsini hər vəchlə əngəlləməyə çalışan İran Bakını fərqli siyasətə məcbur edir və doğru da edir: Güneydə Azərbaycandan 10 dəfə böyük ərazimizi qoyub, niyə Zəngəzur dəhlizi dərdinə qalmalıyıq ki? Həm Zəngəzur dəhlizi Türkiyədən Türkmənistana quru yolunu təmin etməyəcək – yol Xəzərə dirənir.

Ancaq Güney Azərbaycan ərazisi və əhalisi ilə tam fərqli bir dünya yaradır.

Yeri gəlmişkən: Güneylilərin “beyninin yuyulduğu” haqda cəfəngiyyatları bir kənara atın. Bir əsrdə müstəqillik uğrunda 4 dəfə savaşa qalxan, 300 il böyük bir imperiyaya ev sahibliyi edən, min il İranı idarə edən xalq haqda yanlış düşünməyin!

Bu qədər basqının altında “Traktor”un oyununu milli şüarların məskəninə çevirməyi bacaran insanlar haqda doğru qərar verin!

Biz də “Lenin baba yolunda” vuruşurduq, “sovet vətəndaşı” idik, “komsomol”, “kommunist” biletləri ilə “beynimiz yuyulmuşdu”: bircə dalğa, bircə tərpəniş, bircə təkan bəs elədi – bir anda meydanlara töküldük.

Siz Təbrizi, heç olmasa, fars mollaları qədər qiymətləndirməyi bacarın!

İlham Əliyevin bircə sözü ilə onun portretləri Güney küçələrini bəzəyirsə, daha passionarlığı başqa nə cür təsəvvür edirsiniz ki?

İran böyük imkan və şans verir Azərbaycana və azərbaycanlılara! Buna bizi özü məcbur edir!

Hələ onu demirəm ki, sərhədimizə gətirdiyi və güvəndiyi möhtəşəm ordusunun tam-tamına 80 faizi azərbaycanlılardır!

İran ayətullahları azərbaycanlılardan təşkil etdiyi ordu ilə Azərbaycanı hədələməsinin ona nələrə başa gələ biləcəyini İlham Əliyevin bircə kəlməsi ilə İran küçələrində peyda olan Bayrağa və Portretə baxıb anlamalıdır.

Yox, elə anlamasa yaxşıdır...Axar.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az