Məndən nə almışsan, halalın olsun

Məndən nə almışsan, halalın olsun
Oxucu məktubu

Ötən buraxılışların birində "Haqqını halal et" başlıqlı yazım dərc edilmişdi. Məktubun "sahibi" "içəri" aləmin sakini olsa da, "Oxu Məni"qəzetini oxumaq imkanı var. Bu gözəl bir haldır. Həm həyata olan ümidlərin hələ də yaşadığına işarədir, həm də qəzetimizin sərhəd tanımadığını göstərir. Hətta qadağa xətti olan tikanlı məftillər belə qəzetimizin önünü kəsə bilmir.

Mən yazdığım "məktubla" etdiyi əməlin cəzasını çəkən bir insandan halallıq istəmişdim. O, da öz növbəsində hər sətrini ağlayaraq oxuduğum uzun bir məktub yollamışdı mənə. Yenidən üzümü həmin insana tuturam, bu məktubum da ona ünvanlanıb.

İlk öncə haqqına halallıq verdiyin üçün çox sağ ol. Allah səndən razı olsun, inşallah. Sən etdiyin əməli dostuna sədaqət adlandırırsan. Bir tərəfdən baxanda bu həqiqətən belədir, ancaq bax ki, sədaqət səni hansı ünvana yolçu etdi.


Hz. Mövlana deyir ki, sən verdikcə dost görünənlər çox olar, amma istədikcə onlar yox olar. Sənin gəncliyindən itirdiyin bu illəri kim sənə qaytara biləcək?! Bu müddət ərzində çəkdiyin mənəvi əzabı dost sədaqəti əvəz edə biləcəkmi?! Məncə yox. İndi yəqin ki, özün də görürsən bu sədaqətin yalnız sənin qəlbində əvəzsiz və vacib rolu olduğunu.


Nə isə, mən səni düz yolla aparmaq istədim. Hər kəsə əslində başqa insan olduğunu göstərməyə çalışdım. Ancaq sənin bir səhv addımın sənin yolunu başqa aləmə çevirdi. "Mən burda olanları bilməsəydim belə cinayətkar olmazdım" deyirsən. Mən səni heç bir zaman cinayətkar olaraq görmədim, görməyi də düşünmədim. Ancaq bəzən kütlənin qarşısında tək qalanda haqlı olduğunu sübut etməyə heç bir dəlilin qalmır. Mən səni cəmiyyətə sağlam bir varlıq olaraq tanıtmaq istədim, sən məni meydanda tək qoydun. Ancaq inanıram ki, azadlığına qovuşandan sonra 3 il bundan öncəki səhvini təkrarlamayacaqsan. Artıq hansı dosta, nə üçün sədaqət göstərəcəyini biləcəksən. Bəlkə o zaman mən sənin yanında olmayacağam, amma sən özün özünü təsdiq edəcəksən. Mən yalnız bu qalibiyyətinə sevinəcəyəm.


Məndən də sənə halallıq verməyimi rica edirsən. Məndən nə almışsansa, halalın olsun. Deyə bilərsən ki, mən səndən heç nə almamışam, o qədər haqqın keçməyib. Ancaq sən məndən insanlara olan inamımı, güvənimi, uşaq kimi saflığımı almışsan. O inamı ki, artıq hər kəsə şübhə ilə yanaşıram. "Səni qoyub getdiyim yerdə görəcəyimə inanıram" deyirsən. Ancaq inan ki, çox şey dəyişib, başqalaşıb. Bu yazdığım məqalə səndə yaşamağa, gələcəyə inam oyatdığını da qeyd edirsən. Ancaq sən gələcəyinə mənə görə yox, ailənə görə ümid etməlisən. Sən bəyazlaşan saçı ilə qəlbimə hər gördüyümdə qəm gətirən ananı düşünərək gələcəyini düzgün qurmalısan ki, sonra yenidən peşman olmayasan.


Mən sənin xoşbəxt olmağını ən azı ailən qədər istəyirəm. Sən buna layiqsən, mən buna inanıram. İnanıram ki, sən mütləq xoşbəxt olacaqsan. Bir vaxtlar əlindən qaçırdığın xoşbəxtliyi mütləq yaxalayacaq, hələ çoxlarına yaxşı insan olduğunu sübut edə biləcəksən. Buna mən də sevinəcəyəm. Bütün qəlbimlə sənə xoş həyat, qəlbin dolusu sevgi, sədaqət və hər şeyin ən gözəlini arzulayıram.


Hörmətlə: Röya Rzayeva

(Daimi oxucu)





Çox oxunan xəbərlər
Son xəbərlər

2020.07.06

2020.07.05

2020.07.04

2020.07.03

2020.07.02

Müsahibə
Arxiv






free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: mediainfo.az@mail.ru
2009-2020 (c) Mediainfo.az. Created by NetService.az