Aman təklik əlindən, yoxsa kəklik əlindən?

Hələ ikinci dünya müharibəsindən əvvəl evimiz şəhərin ən ucqar qurtaracağında idi. Biz uşaqlar gecələr hənirti, yırtıcı heyvan səs-küyündən ürpənir, vahimələnirdik.  Bir yaz günü qonşuluqda ev tikintisini görüb xeyli sevindik. Ustalar hava mülayim olanda tikdikləri evdə gecələyirdilər. Axşamlar oradan xoş səsli musiqi eşidilirdi. Belə axşamlar pilləkəndə düzülərək zülmət gecədə sanki qeybdən  gələn muğam və mahnıları dinlərdik

Qərənfiləm, dəstəyəm,

Bülbüləm, qəfəsdəyəm.

Gedin deyin o yara,

Həsrətindən xəstəyəm.

Aman Kəklik əlindən,

Bidad  Kəklik əlindən.

İndi müğənnilərimizin əksəriyyətinin oxuduğu mahnını bu sözlərlə ilk dəfə o vaxtlar eşitmişəm. Mahnının  sözlərini yada salanda, musiqisini eşidəndə nədənsə adamı kədərli fikirlər bürüyür. Musiqidə  o qədər təravət, kövrəklik var ki, harada oxunsa, orada bir xəyalpərvərlik var, orada sükut, ümumi əhval-ruhiyyə var. Hələ desən,  bəzən göz yaşları da olur. Sanki mahnı dil açır, yalvarır.

İndi isə mahnıda mübahisə doğuran bir məsələyə nəzər yetirək.

Aman getdi dəm əldən,

Qoymaz məni qəm əldən.

Gedir, dünyalar getsin,

Getməsin həmdəm əldən.

Məncə, mahnının sözlərində ən qüvvətli deyim "gedir dünyalar getsin"dir. Aşıq həm bu dünyada hər cür rahatlıqdan, həm də axirət dünyasındakı cənnətdən əl çəkir, təki həmdəmi əldən getməsin. Məhəbbətin yenilməzliyi bu mahnıda, bu sətirdə özünü təsdiqləyir. Mənim əlimdə 10-dan çox müğənninin oxuduğu "aman Kəklik əlindən" mahnısının video və audio yazısı var. Onların arasında G.Məmmədov, S.Məmmədov, H.İsmayılov, A.Orucova, Azərin, N.Hüsenova, N.Teymurova, Q.Rüstəmov, T.Aslanov, hətta erməni  Jora Kirovabadskinin də lent yazısı var. Bütün bu müğənnilər arasında bircə nəfər hörmətli müğənnimiz Mənsum İbrahimov həmin mahnını  "gedir dünyalar getsin" şəklində oxuyur. Başqaları isə bu yeri "dərd getsin"  "əğyar getsin" "dərd-qəm getsin" kimi oxumuşlar və "qərd qəmlər,, "öz canım,, "özgələr" kimi yersiz ifadələr işlətmişlər. 

Çoxları bilmir ki, mahnının əsl adı "Aman təklik əlindən" deyil, "Aman Kəklik əlindən"dir. Yaddaşıma həkk olunanlara görə deyə bilərəm ki, mahnı  Kəklik adlı qıza həsr olunub.  

Dahi şairimiz B.Vahabzadə bir neçə il bundan əvvəl televiziya söhbətlərinin birində mahnının sözlərinə toxunmuşdu. Şair fikrini bu cür əsaslandırmağa çalışırdı ki, mahnının adı təhrif olunub, quş haqda  nə mahnı?.. Azərbaycanın şəhər və kəndlərində istənilən qədər  Kəklik  adlı qadınların olduğu şairin nəzərindən nədənsə qaçmışdı. O zamanın müğənniləri Ş.Ələkbərova, G.Məmmədov və başqaları,  eləcə də bugünkü müğənnilər bu mahnını şairin arzuladığı kimi oxuyurlar. Mahnı ilə əlaqədar  yaddaşımda  60-65 il bundan əvvəlin dumanına bürünmüş  xatirələrimi yada salıram.

Qohumum, qonşum Rza kişinin oğlunun toy məclisi idi. Xalqımızın adət-ənənəsinə görə, toyların sonu bəy tərifi ilə sona çatır . Həmin toyu aparan xanəndə Ağabala Abdullayev arada tərif musiqisini saxlayıb, başqa mahnı oxumağa başladı

Qərənfiləm, dəstəyəm,

Bülbüləm, qəfəsdəyəm.

Gedin deyin o yara,

Həsrətindən  xəstəyəm.

Aman  Kəklik əlindən,

Nə gəlirsə qəbulum, sənə mən qurban olum. 

Bu çağırış toy evinin yaxın qohumu Kəklik adlı xanıma aid idi. Nə vaxt bu mahnı səslənəndə payızın pərişan, qüssə gətirən mənzərələri sükuta dalmış çiskinli yamaclar gözlərim qarşısında canlanır.

Aydın Əliyev

O.M.



Oxşar xəbərlər
Çox oxunan xəbərlər
Son xəbərlər

30.07.2014

25.07.2014

Müsahibələr
Arxiv
Iyul 2014
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31













free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2013 (c) Mediainfo.az | Rss | E-mail: info@mediainfo.az
Created by NetService.az