Xristianlaşmış qazax-qıpçak türkü Mixail Kalaşnikov: Şöhrətdən tövbəyə aparan yol

Xristianlaşmış qazax-qıpçak türkü Mixail Kalaşnikov: Şöhrətdən tövbəyə aparan yol

Əvvəli ötən sayımızda

Üstündən illər ötəndən sonra, 2009-cu ildə Kalaşnikov "Metro Moskva" qəzetinə verdiyi müsahibəsində hazırladığı avtomat haqqında belə demişdi: "Mən əsgər olmuşam və əsgərin silahdan istifadə edərkən hansı çətinlikləri keçirdiyinə yaxşı bələd idim. Ona görə də elə silah istehsal etməli idim ki, onu istənilən şəraitdə işlətmək asan olsun. Ona görə də

suda, bataqlıqda, ən pis hava şəraitində belə işləyə bilən avtomat hazırladım. Bununla da on minlərlə əsgərin işini yüngülləşdirmiş oldum".

Onu da deyək ki, Atıcı Silahlar üzrə Elmi Tədqiqat Mərkəzində işləyərkən Mixail özünün gələcək həyat yoldaşı, layihə işləri üzrə mütəxəssis Yekaterina Moiseyeva ilə tanış oldu və onlar ailə həyatı qurdular. Bu onun həyatında ikinci evlilik idi. Belə ki, Mixail birinci dəfə hələ Matay dəmiryolu stansiyasında işləyərkən Yekaterina Danilovna Astaxova ilə evlənmişdi. Astaxovadan onun Viktor adlı oğlu olub. Viktorun isə Mixail və Aleksandr adlı iki oğlu var. Kalaşnikovun ikinci evliliyindən bir qızı və bir nəvəsi var.

"AK" təkmilləşdirilir

Mixail Kalaşnikov sonrakı illərdə bu avtomatı təkmilləşdirməkdə davam etdi.

Nəticədə ötən əsrin 50-ci illərinin "AK" avtomatının çəkisi azaldı və onu gəzdirmək daha rahat oldu. Eyni zamanda Kalaşnikov avtomata gecə hədəfi asanlıqla müəyyən etməyə imkan verən gecəgörmə cihazı birləşdirdi. Bunun ardınca da o bu silahı təkmilləşdirməkdə, hər dəfə ona yeni elementlər əlavə etməkdə davam edirdi. Bu da öz növbəsində AK-nin müxtəlif modellərinin, o cümlədən "AKM", "AKMS", "AKMSU", "AKMN", "AKMSN"-lərin seriya ilə istehsalına imkan verdi. Ölümündən əvvəl isə məşhur ixtiraçı "AK-12" modelini hazırladı. Bu model avtomat silahlar nə müasir silahlar hesab edilirlər. Onlardan istifadə etmək olduqca asandır və eyni zamanda o, avtomatik səsboğucu ilə təchiz olunub. Bu da gizli əməliyyatları olduqca yüksək səviyyədə həyata keçirməyə imkan verir. Burada bir məsələni də qeyd etməyə bilmirik. Kalaşnikovun hazırladığı avbtomatlarda ağırlıq mərkəzi dəyişən, yəni canlıya dəydikdə bədəni boyu hərəkət edən güllələrdən istifadə edilir. Bu isə hədəfin harasından yaralanmasından asılı olmayaraq onun ölümdən qaça bilməməsi deməkdir. 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə sovet ordusu Bakıda dinc əhaliyə məhz bu güllələrlə atəş açmış və bu da əhali arasında böyük tələfata gətirib çıxarmışdı.

Kalaşnikov yalnız "AK"-ları təkmilləşdirməklə məşğul olmamış, eyni zamanda yeni növ pulemyotlar hazırnmasına da öz töhfəsini vermişdi. 1955-1957-ci illərdə o "Kalaşnikov əl pulemyotunu" ("RPK") hazırladı. Bu pulemyot da gecəgörmə cihazı ilə təchiz edilmişdi. Sonra o, bu pulemyotun təkmilləşdirilmiş modellərini hazırladı və onların seriya istehsalına başlanıldı. Kalaşnikov öz avtomatının tank variantını da, Kalaşnikov pulemyotunu ( "PK","PKS" , "PKM", "PKMS" , "PKT", "PKMT) hazırladı. Bu silahdan tankda asanlıqla istifadə etmək və düşmənə daha çox itki vermək mümkün olurdu. Kalaşnikov həmçinin zirehli maşınlarda olduqca yüksək səviyyədə istifadə edilən PKB( 7,62mm) hazırladı. Bu pulemyotlar indinin özündə belə yüksək atıcılıq və hədəfləri dəqiqliklə məhv etmək baxımından ən əvəzsiz silahlar hesab edilir.

Kalaşnikov snayper silahlarının hazırlanmasına da öz töhfəsini verib. O, həmçinin ov tüfənglərinin hazırlanması ilə də məşğul olub. İxtiraçı Kalaşnikov avtomatlarının iş mexanizmi əsasında avtomatik atəş açma qabiliyyətinə malik olan karabinlər hazırlayıb. 1992-ci ildə Kalaşnikovun layihəsi əsasında optik nişangahla ( 7,62mm) təchiz edilən "Sayqa" ov avtomat-karabinini hazırladı. Sonrakı illəqrdə isə bu silahın daha təkmilləşdirlmiş modelləri olan "Sayqa 5,6", "Sayqa 5,6 S" avtomat karabinlərinin seriya istehsalı qaydaya salındı. Avtomat silahların yeni modellərinin hazırlanması üzərində işləməsi səhhətində ağır izlər buraxdı. Belə ki, Kalaşnikov yeni silahların sınaqdan çıxarılması zamanı kar oldu və ən müasir üsullarla belə onu müalicə etmək mümkün olmadı. 1971-ci ildə elmi tədqiqatlarına və ixtiralarına görə Kalaşnikova texniki elmlər doktoru elmi dərəcəsi verdilər. O hələ sağ ikən dünyanın 16 akademiyasının akademiki fəxri adına layiq görülmüşdü. Bu da təsadüfi deyildi. Kalaşnikov beynəlxalq aləmdə tanınan 35 ixtiranın müəllifi idi. Kalaşnikovun "AK" ( Kalaşnikov avtomatı) avtomatv silahı ilə Rusiyanı bütün dünayaya tanıtdığına diqqəti cəlb edən Nikas Safonov 2011-ci ildə "Novıy vzqlyad" həftəliyində yazırdı: " Dünyada Rusiyanı rus arağına, “Matryoşka” kuklalarına, ikra və Kalaşnikov avtomatına görə tanıyırlar".

Safonov haqlı idi. Belə ki, bəzi Afrika ölklərində, o cümlədən Mozambik, Həbəşistan, və Somalidə əhali oğlan uşaqlarını Kalaşnikov avtomatının adı ilə Kalaş adlandırırlar. Guya bu ad magik qüvvəyə malikdir. Bundan əlavə Mozambikin, Zimbabvenin Şərqi Timorun gerbində, həmçinin Mozambikin dövlət bayrağında Kalaşnikov avtomatı əks edilib.

Kalaşnikov bu qədər ixtiraların müəllifi olmasına baxmayaraq kasıb yaşayıb. Belə ki, o, lifti olmayan binanın üçüncü mərtəbəsində ətrafındakı adı adamlar kimi yaşayırdı. Halbuki xaricdə yaşasaydı yalnız bu avtomatı kəşf etdiyinə görə, milyonlar sahibi olar, dünann nə varlı adamlarından birinə çevrilərdi. O isə ona ümumdünya şöhrəti gətirən 35 ixiranın müəllifi idi. Bir dəfə Kalaşnikova əməyinin yaxşı qiymətləndirilmədiyini xatırladaraq kasıb yaşamasından peşman olub-olmamasını soruşmuşdular. Kalaşnikov isə onlara cavabında: “Hər şeyi pulla ölçmək düz deyil. Mənə deyəndə ki, sizin hazrladığınız silah məni ölümdən xilas etdi, kifayə edir. Bu sözləri əməyimə verilən ən böyük qiymət hesab edrəm . Milyonlar mənim nəyimə lazımdır? Mən elə-belə də yaxşı yaşayıram",-demişdi. Halbuki o heç də yaxşı yaşamırdı və qoca vaxtı üçüncü mərtəbəyə zorla çıxıb düşürdü. Belə bir həyat sonda onun sağlamlığında ağır izlər buraxmağa başladı. 2012-ci ildə onun səhhəti pisləşdi və bir müddət xəstəxanada müalicə olundu. 2013-cü ilin yayında yenidən ağır xəstələnən Kalaşnikovu xüsusi təyyarə ilə Moskvaya gətirdilər və ağciyər arteriyasının tutulmasından müalicə etdilər. Müalicə başa çatdıqdan sonra sentyabr ayında Kalaşnikovu yaşadığı İjevsk şəhərinə evinə göndərdilər. Amma həmin ilin noyabr ayında ixtiraçının səhhəti yenidən pisləşdi. Bu dəfə Kalaşnikovu Udmurtiya Klinik Diaqnostika Mərkəzində müalicə etdilər. Həkimlər onun ağciyərində əməliyyat keçirdilər. Amma Kalaşnikovun vəziyyəti ağır olaraq qalmaqda davam edirdi. Artıq sağalmaqdan əlini üzən Kalaşnikov yataqda ikə yeni silahı kəşf etməklə nə qədər böyük günah işlətdiyini başa düşdü. O tövbə etmək fikrinə düşərək Moskva və bütün Rusiya patriarxı Kirillə məktubla müraciət etdi. Məktubda o həyatını vətənin müdafiə qabiliyyətinin artırılmasına həsr etdiyini və bu müstəvidə də dünada tayı-bərabəri olmayan silah yaratdığını, bir vaxt buna görə fəxr etdiyini, ancaq indi peşman olduğunu xüsusi vurğulayırdı. Kalaşnikov patriarxa məktubunda bu ifadələri işlətmişdi: " Ürəyimdə dözülməz bir ağrı var və icdanm məni rahat buraxmır. Məni bu sual daim narahat edir. Mən, 93 yaşlı kəndçi oğlu, xristian dininin pravoslav məzhəbinə qulluq edən Kalaşnikov ixtira etdiyim silahla düşmən də olsa belə insanların ölümünə səbəb olmuşam. Bu fikir məni rahat buraxmır və mən Allah qarşısında ixtira etdiyim silahla şeytan günahı işlətdiyimə görə peşmanam." Kalaşnikov məktubunda silah ixtiralarına görə tövbə edir və bu işə görə patriarxın xeyir-dua etməsni günahlarının bağışlanması üçün Allahdan dua etməsini xahiş edirdi.

Patriarxa yazdığı tövbə məktubundan 15-20 gün sonra, 2013-cü il dekabr ayının 23-də Kalaşnikov vəfat etdi. O rəsmi şəkildə, ən yüksək səviyyədə dəfn edildi. İxtiraçının dəfnində Rusiya Prezidenti Vladimir Putin də daxil olmaqla ölkəni idarə edən bütün yüksək səviyyəli dövlət rəsmiləri də iştirak etdilər. 2013-cü il dekabr ayının 26-27-si Udmurtiyada ümumilli matəm günü elan edildi. Beləliklə əcdadları zorla xristianlaşdırılmış qazax-qıpçak türkü olan məşhur ixtiraçı Kalaşnikov yaratdığı avtomatla şeytan əməlinə uymasından peşman şəkildə əzablar içində qıvrıla-qıvrıla haqqın dərgahına qovuşsa da, özündən sonra silah istehsalı sahəsində hərb tarixində şərəfli bir iz buraxmış oldu.

Əziz Mustafa

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az