Pandemiya təmizkarlığı faydalı mikroblara mənfi təsir edə bilər

Pandemiya təmizkarlığı faydalı mikroblara mənfi təsir edə bilər

ABŞ-ın Pensilvaniya Universiteti nəzdindəki Perelman Tibb Məktəbinin dermatologiya üzrə dosenti Jül Lipof pandemiya dövründə güclənən şəxsi gigyena tədbirlərinin bədənimizdəki faydalı mikroblara mənfi təsir edəcəyindən, orqanizmlə bakteriyalar arasındakı təbii tarazlığı poza biləcəyindən narahatlığını ifadə edib.

Oxuməni.az xəbər verir ki, Jül Lipof bu məsələnin gündəmdə saxlanılmasının xüsusi önəm daşıdığını vurğulayıb. Məsələ ilə bağlı novator.az saytının "The Philadelphia İnquirer" qəzetindən tərcümə etdiyi yazıda deyilir:

Təmizkarlıq imandan gəlir, deyiblər. Təmizkarlığın həm də koronavirusu yaxın buraxmadığını deyirlər, elədirmi? Həkimlərin çoxu kimi mən də işimdə, gündəlik həyatımda əl yumaq vərdişini həmişə üstün tutmuşam. Hazırkı pandemiya dövründə isə təmizkarlıq daha böyük önəm daşımağa başlayıb. Əllərimizi yaxşı yumasaq təsadüf nəticəsində virusa yoluxa bilərik, yaxud istər-istəməz kimlərisə yoluxdura, hətta kimlərinsə ölümünə səbəb ola bilərik.

Amma o biri yandan bir dermatoloq kimi mən bakteriya ilə bədənimiz arasında çox mürəkkəb balansın olduğunu da bilirəm. İndi pandemiya dövründə özümüzü hər cür infeksiya mənbəyindən qorumağa çalışırıq. Ancaq məsələnin başqa tərəfi var: bizim bədənimizdə çoxlu faydalı mikroblar yaşayır; ona görə faydalı ki, həmin mikroblar orqanizmin normal funksiya göstərməsində mühüm rol oynayır.

Bəs biz necə edək ki, bir yandan zərərli infeksiyaları bədənimizdən qovaq, o biri yandan da faydalı mikrobiomu – dərimizdəki, bağırsaqlarımızdakı həyat əhəmiyyətli bakteriyaları qoruyaq? Necə edək ki, düzgün balansı tapaq, tarazlığı pozmayaq?

Bu yaxınlarda "Təmizlik: yeni dəri elmi" adlı yenicə nəşr olunmuş bir kitabı oxudum. Müəllifi Yel Universitetinin profilaktik tibb üzrə həkimi, eyni zamanda "The Atlantic" jurnalının yazarı Ceyms Hemblindir. O, təmizkarlığın zamanla həyat tərzimizə necə çevrildiyini əyləncəli şəkildə araşdırıb. Kitabında "Duş almaq həqiqətən vacibdirmi?" kimi suallar qoyub. Hemblin bunu yoxlamaq üçün hətta bir müddət çimməyib və görüb ki, hər şey qaydasındadır, özünü yaxşı hiss edir.

Açığını desəm, duş almamaq yuyunmamaq demək deyil, sadəcə, bütünlüklə suya girməmək anlamına gəlir. Mən xüsusilə quru dərisi və ekzeması olan pasiyentlərimə isti su ilə deyil, ilıq su ilə yuyunmağı, suyun altında 10 dəqiqədən artıq qalmamağı, maçalka və kisədən istifadə etməməyi məsləhət görürəm. Yalnız bədəndə iy verən, apokrin tər vəziləri ifraz olunan nahiyələri – qoltuqaltı və intim yerləri sabunlamağı (özü də ətirsiz sabunla) tapşırıram. Həmin nahiyələri cəld şəkildə sabunlasanız, inanın mənə, bədəninizdən heç bir xoşagəlməz qoxu gəlməyəcək! Təpədən-dırnağa yuyunmağa isə ehtiyac yoxdur.

Mən uzun illərdir dermatoloq kimi çalışıram və bu məsləhətləri pasiyentlərimə hər gün verirəm. Öz təcrübəmdə təmizlik xəstəsi olan bir çox pasiyentlə qarşılaşmışam ki, əslində onların etdikləri xeyirdən çox ziyan gətirir.

Bədən iyi bizim müasir cəmiyyətimizdə nə qədər xoşagəlməz qarşılansa da, əslində, onun başqaları ilə görüşəndə yaratdığı çətinlikdən savayı heç bir zərəri yoxdur.

İndi biz hamımız təmizkar qalmağın min bir yolunu axtarırıq. Amma təkidlə məsləhət görürəm: məsələni qəlizləşdirməyin, ifrata varmayın.

Cəmiyyət içinə çıxanda maska taxın və əlinizi yuyun. Dəriniz quruyursa nəmləndirici krem çəkni. Mən vazelin yağı (Vaseline/petroleum jelly) çəkirəm. Barmaqlarınız donursa bir azca tibdə istifadə olunan superyapışqan çəkə bilərsiz. Amma elə etməyin ki, barmaqlarınız bir-birinə yapışsın.

COVİD-19 dövründə təbii qalmaqla təmizkar olmaq arasında tarazlığı qorumaq çətindir, amma siz buna çalışmalısınız.

Çox oxunan xəbərlər
Son xəbərlər

2021.10.16

2021.10.15

2021.10.14

2021.10.13

2021.10.12

2021.10.11

2021.10.10

2021.10.09

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2021 (c) Mediainfo.az