Müəssisələrin hər birindən 20 min manat pul alıb - Səlim Müslümovun məhkəməsi

Müəssisələrin hər birindən 20 min manat pul alıb - Səlim Müslümovun məhkəməsi

Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.

Mediainfo.az APA-ya istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda iş üzrə şahid qismində tanınmış daha bir neçə şahid ifadə verib.

Prosesdə ilk olaraq İbrahim İsmayılov dindirilib.

"Arazinsaatçı" MMC-nin direktoru olduğunu bildirən şahid bu şirkətin tenderdə qalib gələrək müharibə iştirakçıları və şəhid ailələri üçün 23 fərdi yaşayış evinin tikintisini həyata keçirdiyini deyib.

İbrahim İsmayılovun sözlərinə görə, 23 evin tikinti işlərini aparmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tikilməkdə olan Obyektlərin rəisi Natiq Əzizova ümumilikdə 69 min manat verib.

Dövlət Əmək Müfəttişliyinin 23 saylı regionu üzrə rəis olan şahid Cəfər Hacıyev isə deyib ki, baş idarə tərəfindən müəyyən qrafik hazırlanaraq onlara təhvil verilib. Həmin qrafikə uyğun idarə və təşkilatlarda yoxlamalar keçirilib.

Cəfər Hacıyev istintaq zamanı verdiyi ifadəsində onun yalnız kiçik müəssisələrdə yoxlama keçirdiyini bildirib.

Şahid ifadəsində qeyd edib ki, böyük müəssisələrdə yoxlamaları müfəttişliyinin sektor müdiri Emin Allahverdiyev keçirib. Yoxlama zamanı isə paytaxtın Nizami rayonu ərazisində yerləşən müəssisələrin hər birindən 20 min manat pul alıb.

Şahid Elçin Mahmudov uzun illər Qusar Rayon Polis Şöbəsində cinayət-axtarış şöbəsinin rəisi olduğunu bildirib.

Şahid ifadəsində deyib ki, təqaüdə çıxdıqdan sonra kirvəsinin təklifi ilə tikinti işləri aparan şirkətin direktoru təyin olunub:

"İşsiz olduğum üçün razılıq verdim. Razılaşmaya görə mənə hər ay 500 manat maaş təyin olundu. Bundan sonra işlərə başladıq. Bizim şirkət şəhid ailələri üçün nəzərdə tutulmuş iki ev inşa edib, tikinti işləri üçün dövlət tərəfindən köçürülən vəsaitdən isə hər ev üçün 3 min manat nəzərdə tutulmaqla 6 min manat nazirliyin rəsmisi Natiq Əzizova verdik”.

Digər şahid Elşad Quliyev də bənzər ifadə verib. Elşad Quliyev də tikinti işləri ilə məşğul olan şirkətin direktoru olduğunu açıqlayıb. Bu şirkət də şəhid ailələri üçün evlərin tikintisini həyata keçirib.

Şahid istintaq dövründə verdiyi ifadəsində tikilən hər evə görə nazirliyin tikilməkdə olan obyektlərin rəisi Natiq Əzizova 3 min manat verdiyini deyib.

Məhkəmədə iş üzrə dövlət ittihamçısı Babaxan Həsənəliyev son iki şahid - Elçin Mahmudov və Elşad Quliyevə üz tutaraq onları şəhid ailələrinin yaşayış səviyyəsini yaxşılaşdırmaq məqsədilə ayrılmış pulları mənimsəməyə görə qınayıb:

"Dövlət o pulu ayırıb ki, şəhid ailələri üçün evlər tikilsin, onların yaşayış səviyyəsi yaxşılaşdırılsın. Niyə mənimsəyirsiz dövlətin pulunu? Həssas təbəqə üçün ayrılan pulu yemək olmaz!"

Proses noyabrın 21-də davam etdiriləcək.

Xatırladaq ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub.

Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunan sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb.

Səlim Müslümov cinayət işi üzrə dövlətə dəymiş 27 milyon manatın 20 milyonunu ödəyib. Onun 8 milyon manatlıq əmlakı üzərinə həbs qoyulub.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az