“Dərin dövlət” hərəkətə keçdi – Putin erası səssizcə sona çatır

“Dərin dövlət” hərəkətə keçdi – Putin erası səssizcə sona çatır

“Kremldə hakimiyyəti kimin götürməsindən asılı olmayaraq, Qərblə danışmağa məcbur olacaq”.

Mediainfo.az xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu deyib.

Ekspert Rusiyanın ictimai-siyasi həyatında baş verən son gəlişmələrə diqqət şəkib:

“Dirijor”un çubuğunun hərəkətilə “orkestr” “Rus marşı”nın ifasına başlayıb. Söhbət Rusiyadan kənarda, daha dəqiq desək, əsasən Qərb ölkələrində yerləşmiş informasiya resurslarından gedir. “Dirijor” isə şübhəsiz ki, vaxtilə bütün bu, şəbəkəni yerləşdirmiş Rusiya “dərin dövlət”idir.

Uzun illər ərzində müxtəlif ölkələrdə sığınacaq tapmış Rusiya liberallarının, demokratlarının, qərbpərəstlərinin, müxaliflərinin, dissidentlərinin Putin rejiminin opponentləri olduğuna sadəlövhlər yox, yalnız çox sadəlövhlər inana bilər. Çünki Putin rejiminin opponentləri yalnız iki məkanda ola bilər: ya Sibirdə, ya da qəbrdə.

Təxminən iki gün əvvəl işə düşən “orkestr”in bütün ifaçıları isə eyni notlarla eyni musiqini sinxron ifa etməyə başladılar: “Rus marşı”nı. “Marş”ın məzmunu belədir: Rusiya Xersonda məğlub oldu, deməli, Putin artıq gedəcək, onu öldürəcəklər, Rusiya danışıqlara gedib təslimçi şərtləri qəbul etməyə məcbur olacaq və s.

Mesaj Putin və ruslaradır. Prosesi (həm də həmin resursları) müntəzəm diqqətlə izləyənlər yaxşı anlayırlar ki, onlar əsla Qərbdən deyil, birbaşa Moskvadandır. Anlaşılan da budur: Putin erası bitmək üzrədir və indi bütün cinayətlərə görə məsuliyyəti onun üzərinə atmaqla Rusiya dövlətini xilas etmək lazımdır.

Eyni zamanda, guya Ukrayna ilə sülh anlaşmasının şərtləri kimi təqdim olunanlar da əslində Moskvada tərtib olunmuş “şərtlər”dir və bunların açıqlanması yalnız hakimiyyət dəyişikliyinin təlatümsüz həyata keçirilməsinin təmin olunması məqsədilə ortaya atılmış gələcək hakimiyyətin guya öhdəlikləridir”.

Ərəstun Oruclu hesab edir ki, əslində isə heç bir öhdəlik yoxdur və ola da bilməz, çünki Putindən sonrakı hakimiyyətdə təmsil oluna biləcək mümkün tərəflərin hər ikisi indikindən daha mürtəce və daha şovinistdir: Patruşev-Bortnikov qanadı (FSB) və hərbi qanad:

“Məlumdur ki, onların hər biri özünə “psevdoliberal vitrin” də hazırlaya bilər. Xüsusilə də birincilər. Həmin “vitrin” isə hazırda çox da üzdə olmayan Prezident Administrasiyası rəsmilərindən və Nazirlər Kabineti nümayəndələrindən tərtib oluna bilər. Hər iki qrup illər boyu FSB tərəfindən yetişdirilib yerləşdirilmiş və böhran vəziyyətləri üçün nəzərdə tutulmuş hazırlıqlı vahid komandadır.

Onların ictimai rəyə proqressiv kimi sırınmasını da yuxarıda qeyd olunan “orkestr”lə yanaşı, etimadı tam itirməmiş rusiyadaxili informasiya resursları və “müxalifət” həyata keçirəcək. İmperiya belə işləyir. Onun bütün kritik situasiyalar üçün müvafiq reseptləri və resursları olur ki, onlara da “dərin dövlət”in iradəsi və qərarı ilə start verilir.

Hər bir halda görünən ümumi mənzərə Rusiyanın siyasi dəyişikliklər mərhələsinə qədəm qoymasıdır. Dəyişikliklərin dekorativ olacağı ehtimalı daha yüksəkdir, nəinki dərin islhatlarla müşaiyət olunacağı. Şübhəsiz ki, bunu Qərbdə də yaxşı anlayırlar, amma hələlik daxili siyasi proseslərə müdaxilə əlamətləri görünmür.

“Görünmür” isə heç də müdaxiləyə cəhd yoxdur anlamına gəlməməlidir. Burda da iki məqam dəqiq aydındır:

Birincisi, Rusiyanın daxili siyasi durumuna Qərbin təsir imkanları xeyli məhduddur;

İkincisi, Kremldə hakimiyyəti kimin götürməsindən asılı olmayaraq, Qərblə danışmağa məcbur olacaq.

Ən azı sanksiyaların aradan qaldırılması və Ukraynaya qarşı hərbi təcavüz mövzusunda istənilən Rusiya hakimiyyəti ABŞ və NATO ilə danışıqlara getməyə məcbur olacaq. Qərbə də indiki mərhələdə elə bu lazımdır. Rus ordusunun yaxın günlərdə yeni itkiləri olmasa belə, mövcud durumda Moskva istənilən danışıqlarda artıq zəif tərəf olacaq”.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az