Bu gün Şahməmməd müəllimin 73 yaşı tamam olur

Bu gün Şahməmməd müəllimin 73 yaşı tamam olur

Bu gün müasir Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Polis” qəzetinin keçmiş baş redaktoru, ehtiyatda olan polkovnik Şahməmmədin (Şahməmmədov Şahməmməd Gülməmməd oğlu) 73 yaşı tamam olur. Azərbaycan ədəbiyyatında özünəməxsus zəngin bir ədəbi iz qoyan Şahməmməd müəllimi təbrik edir, ona uzun ömür, yeni ədəbi zirvələr fəth etməyi arzulayırıq. Yubiley ərəfəsində şairin yeni şeirlərindən ibarət kitabı çapa hazırlanıb. “Sevgi məktublarından sətirlər” adlı kitabında Şahməmmədin son bir ildə yazdığı şeirləri toplanıb. Bu şeirlərin hər birində vətənə, doğma Azərbaycana, onun cənnət-məkan təbiətinə vurğunluq, insanlarına sevgi və məhəbbət özünü parlaq şəkildə göstərir. Ümumiyyətlə Şahməmmədin bütün ədəbi yaradıcılığında vətən eşqi, vətən sevgisi, ermənilərin işğalı altında olan Qarabağ həsrəti, Qarabağ yanğısı xüsusi yer tutur. Ana vətənin hər qarış torpağı Şahməmməd üçün əzizdir, doğmadır, vətən onun üçün ən müqəddəs məkandır. Bir sözlə Şahməmməd əsl vətən şairidir, vətən nəğməkarıdır, vətən onun üçün ana, ana isə vətən deməkdir. Ümumiyyətlə Şahməmməd nəğməkar, incə ruhlu, incə qəlbli, həm də sevgi şairidir. Şairin sevgi seirlərində bir həzinlik, kövrəklik var. Ona görə də şairin şeirlərinə mahnılar bəstələnib və xanəndələr tərəfindən sevilə-sevilə oxunur.

Şahməmməd olduqca məhsuldar şairdir. Bu günə kimi onun 30-dan çox kitabı, o cümlədən 5 cildlik seçilmiş əsərləri işıq üzü görüb. Şahməmməd bu gün də ədəbi-bədii yaradıcılığını davam etdirir və yorulmaq bilmədən yazmaqda davam edir. Bu əziz gündə Şahməmməd müəllimə bir daha uzun ömür və yeni ədəbi yaradıcılıq uğurları arzulayırıq. Ad gününüz mübarək Şahməmməd müəllim.

Emin Axundov

Mən sevirəm dedim, sənsə...

Mən sevirəm dedim, sənsə dost dedin,

Ayıra bilmədim bunu bir anlıq...

Mən sağlıqlar dedim, sənsə “tost” dedin,

Dolaşıq düşmüşdü “tost” ilə sağlıq...

Dağlarla, daşlarla mehriban olduq,

Sən məni dost gördün, mənsə sevgilim.

Dəli çaylar kimi çox gec durulduq,

Məni caynağına aldı niskilim.

Gec duydum qəlbindən keçənləri mən,

İndi də gözlərim yollarda qalıb.

Baxarmış içindən sənin başqa sən,

Başımın üstünü buludlar alıb.

Niyə belə oldu?..Niyə?...Nə üçün?..

Mən səni dünyamda Günəş gördüm.

İndi ağlayıram mən için-için...

Yəqin sən gülürsən...çoxalıb dərdin...

Qəlbimdə dostluq var, sevgi yaşadı,

Dostluq və məhəbbət yaşamır iki...

Dostluq məhəbbəti əgər yıxdısa,

Nə dostluq dostluqdu, nə sevgi sevgi.

Mən sənə qəlbimdə sevgi bəslədim,

Sən mənə dost dedin...ayrlıldıq, heyif…

Mən səni sevgiyə qəlbən səslədim,

İsinə-isinə...qırıldıq, heyif...

İndi yaddaşımda izlərin qalar,

Bir də qara kölgən tutub əlimdən.

Sevgim dostluğunu yadıma salar,

Sözlərim boğulur içimdə dən-dən.

Uduzan mən oldum, udan sən oldun,

Bəlkə də əslini deməz düz çıxar.

Elə də, belə də “can-can” mən oldum,

Əyrini həyatda yalnız düz yıxar.

Mən sevirəm dedim, sənsə dost dedin,

Ayıra bilmədim bunu bir anlıq...

Mən sağlıqlar dedim, sənsə “tost” dedin,

Dolaşıq düşmüşdü “tost” ilə sağlıq...

Şahməmməd

Çox oxunan xəbərlər
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: mediainfo.az@mail.ru
2009-2020 (c) Mediainfo.az. Created by NetService.az