Cənubi Koreya paytaxtında məktəblər yenidən bağlandı

Cənubi Koreya paytaxtında məktəblər yenidən bağlandı

Cənubi Koreyanın paytaxtı Seulda son günlər yeni növ koronavirusa (COVID-19) yoluxma hallarının çoxalması səbəbindən məktəblərdə və uşaq bağçalarında dərslər yenidən dayandırılıb.

Ölkənin Təhsil Nazirliyi məsələ barədə açıqlama yayaraq, sonuncu sinif şagirdləri istisna olmaqla, avqustun 26-dan etibarən dərslərin onlayn qaydada tədris olunacağını bəyan edib. Paytaxt Seul ilə yanaşı, ətrafda yerləşən İnçon şəhərində və Gyonqi vilayətində də orta məktəb və uşaq bağçalarında tədrisin dayandırılmasına qərar verilib. İlkin olaraq, dərslərin sentyabrın 11-dək onlayn qaydada keçirilməsi nəzərdə tutulub. Əgər epidemik şərait yaxşılaşmasa, bu müddət uzadıla bilər.

Cənubi Koreya səlahiyyətlilərinin belə qərar qəbul etməsinə səbəb son günlər ölkədə COVID-19 infeksiyasına yoluxma hallarının sürətlə çoxalmasıdır. Avqustun 14-dən bəri gündəlik yoluxma hallarının sayı üçrəqəmli olub.

Qeyd edək ki, ötən gün Cənubi Koreyada 280 yeni yoluxma faktı aşkarlanıb. Avqustun 22 və 23-də isə bu rəqəmlər müvafiq olaraq, 332 və 397 olub. Son 2 həftədə Seul və İnçon şəhərlərində, Gyonqi vilayətindəki məktəblərdə 150 şagird və 43 müəllimin də virusa yoluxduğu aşkarlanıb. Yoluxma hallarının çoxunun Seuldakı kilsədən qaynaqlandığı bildirilir. Həmin kilsəni əhatə edən icmanın 21,7 faizinin virusa yoluxduğu aşkarlanıb.

Hökumət yoluxma hallarını azaltmaq üçün sosial məsafənin qorunması ilə bağlı xüsusi qaydaların tətbiqinə başlayıb. Belə ki, qapalı məkanlarda 50-dən, açıq havada isə 100-dən çox adamın iştirak etdiyi bütün toplaşmalar qadağan edilib, qapalı əyləncə-istirahət mərkəzlərinin fəaliyyəti dayandırılıb. Paytaxt Seulda bütün ictimai məkanlarda qoruyucu maska taxılması məcburidir.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az