Könül Kərimova oğurluqda ittiham edilir

Könül Kərimova oğurluqda ittiham edilir

Azərbaycanda kifayət qədər məşhur olan “Təkcə mənim olaydın” mahnısının sözlərinin hansı müəllifə mənsub olması ətrafında qalmaqal davam edir.

Mediainfo.az Oxuməni.az-a istinadən xəbər verir ki, bugünlərdə redaksiyamıza müraciət edən hərbçi qadın Süleymanova Məlahət Həsən qızı milyonlarla insan tərəfindən sevilən “Təkcə mənim olaydın” mahnısının sözlərinin ona məxsus olduğunu iddia edib.
Məlahət Süleymanova: “2004-cü ildə “Oxu məni” qəzetinə yazdığım şeirlərimi gətirdim. Onlardan biri də “Təkcə mənim olaydın” şeiri idi. O vaxt poeziya şöbəsinə Emil Tahiroğlu rəhbərlik edirdi. Emil müəllim mənə dedi ki, Azərbaycanda Məlahət imzası ilə yazan şair çoxdur, sənin təxəllüsün Məlahət Dalğın olsun. Həmin vaxt “Təkcə mənim olaydın” şeirim “Oxu məni” qəzetində Məlahət Dalğın imzası ilə dərc olundu. Daha sonra digər şeirlərim də bu qəzetdə çap olundu. “Təkcə mənim olaydın” şeirinə bəstələnən mahnını ilk dəfə rəhmətlik Məhəbbət Kazımov oxudu. O dedi ki, bu mahnının sözlərinin kimə məxsus olduğunu bilmirəm. O vaxt mən sözün düzü sinəmi qabağa verib “Bu şeir mənimdir” deməyə utandım, ona görə ki, ailəmdən gizlətmişdim redaksiyaya gəlib şeirimi çap etdirdiyimi. Məhəbbət Kazımov dünyasını dəyişəndən sonra Könül Kərimova dedi ki, mahnının sözləri də onundur, mahnını da o bəstələyib. Məhəbbət Kazımovun oğlu da deyir ki, şeir mənimdir. Halbuki bu şeir onların heç birinin deyil. Onun müəllifi mənəm. Bunu Emil Tahiroğlu da sübut edə bilər. Vaxtı ilə məsələ ilə bağlı müğənni Manaf Ağayevə müraciət edərək kömək etməsini istədim. O isə dedi ki, bu çox qəliz məsələdir. Çünki Könül Kərimovadan əlavə Məhəbbət Kazımovun oğlu da şeirin ona məxsus olduğunu iddia edir. Yeri gəlmişkən mənim o səpkidə digər şerlərim də var. Lazım gələrsə, onları ekspertlər də araşdıra bilərlər”.
Biz Məlahət Süleymanovanın yanında sabiq əməkdaşımız Emil Tahiroğlu ilə əlaqə saxladıq. Emil Tahiroğlu Məlahət xanımın dediklərini təsdiqləyərək “Təkcə mənim olaydın” mahnısının sözlərinin şikayətçiyə - Məlahət xanıma aid olduğunu və lazım gələrsə bu məsələdə şahid qismində çıxış edə biləcəyini vurğuladı.
Onu da deyək ki, Məlahət Süleymanova hərbi hissələrin birində xidmət edir. O, şeirin müəllifi olduğunun təsdiqlənməsini, haqq və ədalətin öz yerini tapmasını istəyir.
Əlbəttə biz istəməzdik ki, Könül Kərimova kiminsə şeirini öz adına çıxıb deyək. Lakin Məlahət xanıma da inanmamağa haqqımız yoxdur. Ona görə də məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Mediainfo.az

Çox oxunan xəbərlər
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: mediainfo.az@mail.ru
2009-2020 (c) Mediainfo.az. Created by NetService.az