Bakıda “Gorgi lenti” və “rus bereti” əməliyyatı – “Bunu edənlər sabah başqa təxribat da törədə bilər”

Bakıda “Gorgi lenti” və “rus bereti” əməliyyatı – “Bunu edənlər sabah başqa təxribat da törədə bilər”

İki gün bundan öncə paytaxtın Nəsimi rayonunda yerləşən 164 nömrəli orta məktəbdən paylaşılan görüntülər sosial şəbəkələrdə böyük narazılıqlara səbəb olub. Bu görüntülərdə məktəbdə keçirilən 9 May – Qələbə Günü tədbirində iştirak edən şagirdlərin yaxasından Rusiya İmperiyasını simvolizə edən “Georgi lenti” asıldığı əks olunub.

Sosial şəbəkələrdə narazılıqlarını ifadə edən vətəndaşlar, məktəbin direktoru başda olmaqla, tədbirin təşkilatçılarının cəzalandırılmasını tələb ediblər.

Məlumat üçün qeyd edək ki, “Georgi Lenti” Rus-Osmanlı müharibəsinin gedişində (1768-1774), 1769-cu ildə imperatriça İkinci Yekaterina tərəfindən təsis edilib və 9 May-Qələbə günü ilə heç bir əlaqəsi yoxdur. “Georgi lenti” Rusiyanın şovinist, neo-faşist və imperiya maraqlarına xidmət edən alətə çevrildiyindən, əksər ölkələrdə qadağan edilib. Hazırda Moldova, Ukrayna, Latviya, Litva və Estoniyada “Georgi lenti”ndən istifadəylə bağlı qadağalar və cərimələr mövcuddur.

Ölkəmizdə “Georgi lenti”ndən istifadəylə bağlı hər hansı bir qadağa olmasa da, cəmiyyətdə bu simvolun təbliğatının aparılması birmənalı qarşılanmır. Müəyyən dairələrin təsiri altında olan bir qrup şəxslər zaman-zaman Azərbaycanda da bu cür tədbirlər təşkil etməyə çalışıblar. Azərbaycanın Rus Gəncləri Assosiasiyası İctimai Birliyi və Rus Evinin təşkilatçılığı ilə paytaxtda “Georgi lenti” aksiyasının keçiriləcəyini xəbər vermişdik. Xatırladaq ki, aprelin 30-na təyin olunan bu aksiya, cəmiyyətin kəskin etirazından sonra ləğv edilmişdi.

Ancaq təəssüf ki, iki gün öncə azyaşlı şagirdlərin iştirakı ilə təşkil olunan bənzər tədbirin qarşısını almaq mümkün olmayıb. Bu şagirdlərin “Georgi lenti”, rus bereti, SSRİ bayrağı və gerbi ilə görüntülənmələri Azərbaycan təhsili adına “utancverici” hadisə idi.

Ən dəhşətlisi də odur ki, tədbiri təşkil edən “ruspərəstlər” öz çirkin oyunlarına bu simvollardan xəbərsiz olan şagirdləri alət ediblər. Görünür, aprelin 30-da öz məkrli planlarını gerçəkləşdirə bilməyən “beşinci kolon”un nümayəndələri, əllərində qalan lentləri bu yolla nümayiş etdirmək istəyiblər. Sözügedən hadisə 164 saylı orta məktəbdə baş versə də, digər təhsil müəssisələrində də analoji hadisənin təkrarlanıb-təkrarlanmadığı məlum deyil.

Bu mövzuyla bağlı təhsil eksperti Kamran Əsədov “AzPolitika.info”-ya şərhində bildirib ki, “Təhsil haqqında” Qanuna görə, orta məktəblərdə bu cür təbliğatların aparılması yolverilməzdir: “Təbii ki, İkinci Dünya müharibəsində Sovet Ittifaqının qələbə qazanmasında Azərbaycanın da böyük xidmətləri olub. Ancaq bu o demək deyil ki, müstəqil ölkə olan Azərbaycanda sovet Rusiyasının və ya hansısa bir “Georgi lenti”nin təbliğatı aparılmalıdır”.

Ekspert qeyd edib ki, bu hadisə ciddi qanun pozuntularından xəbər verir: “Orta məktəblərdə hər hansı bir tədbir keçirilərkən, mütləq yuxarı orqanlarla razılaşdırılmalıdır. Orta məktəb şagirdləri hər hansı bir təbliğata alət edilə bilməz. Şagirdlər vasitəsilə kimlərəsə hansısa siyasi mesajların verilməsi qəbuledilməzdir. Bu gün bizim məktəblərimizdə bunu edənlər, sabah başqa təxribatlara da əl ata bilərlər. Təkcə məktəb direktoru yox, ona rəhbərlik edən şəxslər də cəzalandırılmalıdır. Hər halda bu şəxslər Azərbaycan təhsilini yiyəsiz, başsız, sahibsiz görüblər ki, bu cür təxribatlara, davranışlara yol veriblər. Digər tərəfdən hər kəs bilməlidir ki, məktəblərdə dini, siyasi təbliğatın aparılması yolverilməzdir. Bu məktəb hansısa ölkənin özəl filialı deyil. Bu məktəb müstəqil Azərbaycanımızın təhsil ocağıdır.

Azərbaycanın İkinci Dünya Müharibəsindəki uğurlarını milli atributlarımızla qeyd etməliyik. İmkan verə bilmərik ki, Qələbə günü bəhanəsilə bizə yad, düşmən olan atributlardan, lentlərdən istifadə edilsin. Ümid edirəm ki, bu şəxslər Azərbaycanın müstəqillik prinsiplərinə, eyni zamanda təhsil siyasətinə vurduqları ziyana görə sərt şəkildə cəzalandırılacaqlar”.

Ancaq “rusbaşlar”ın təxribatçı hərəkətlərinə hələlik lazımı qiymət verilməyib. Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi 164 nömrəli orta məktəbdə baş verən hadisəni “malalayaraq”, 9 May gününə həsr edilən tədbirin məktəbin ibtidai sinif müəllimlərinin təşəbbüsü ilə yalnız sinif səviyyəsində təşkil edildiyini bildirdi. Məktəbin bu simvolları, beretləri, yazılı şüarları haradan əldə etməsiylə bağlı heç bir məlumat verilmədi.

Təhsil Nazirliyi də heç açıqlama verməyə ehtiyac duymayıb.

Məktəbin direktoru Qədirova Kəmalə Ənvər qızıdır. 10 ilə yaxındır ki, K.Qədirovanın direktoru olduğu 164 saylı orta məktəbdə tədris iki dildə - Azərbaycan və rus dillərində aparılır. Təhsil Nazirliyinin məlumat bazasına əsasən, o, Şuşa Mədəni-maarif məktəbində təhsil alıb. Daha sonra isə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı institutunu (İndi ki, Bakı Slavyan Universiteti) bitirib. 1983-cü ildən pedaqoji fəaliyyətlə məşğuldur. Təhsilə dair 2012-ci ildə Rusiyada, 2015-ci ildə Dubayda təşkil olunan müxtəlif tədbirlərdə iştirak edib.

Sual olunur ki, 39 ilin pedaqoqu, Təhsil Nazirliyinin “qabaqcıl təhsil işçisi”, müxtəlif beynəlxaq tədbirlərin iştirakçısı olan Kəmalə xanımın həqiqətən də bu simvoldan anlayışı olmayıb, yoxsa kimlərinsə sifarişini yerinə yetirir?

Kim bilir, bəlkə bununla “5-ci kalon”un təmsilçiləri “Rusiya imperiyasının simvollarını uşaqlarınızın yaxasına taxarıq” deyə Azərbaycan dövlətinə meydan oxuyur...

Onu da qeyd edək ki, Kəmalə Qədirova hazırda Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini və Appelyasiya Şurasının üzvü vəzifələrində çalışan, Rusiyaya xüsusi məhəbbəti olduğu deyilən Fərzəli Qədirovun həyat yoldaşıdır. Həmin Fərzəli Qədirov ki, mediada barəsində kifayət qədər tənqidlər və hətta korrupsiya, rüşvət ittihamları yer alıb. Onu Təhsil Nazirliyinin “qara qutu”su adlandırırlar...

164 nömrəli məktəbdən paylaşılan fotoda diqqətimizi çəkən məqamlardan biri də, divardan asılan löhvədə Prezident İlham Əliyevin “Müasir dünyada hər şeyi bilik, savad, təhsil həll edir” yazısı oldu. Ölkə başçısının da vurğuladığı kimi, həqiqətən də müasir dünyada bilik, savad, təhsil cəmiyyətin gələcək taleyini müəyyənləşdirən əsas elementlərdir. Ona görə də təhsilimizdə cəmiyyətimizin gələcəyini şübhə altına atan direktor və müəllimlərə yer olmamalıdır...

Ölkə vətəndaşları da övladlarını rus məktəblərinə qoyarkən iki dəfə fikirləşməlidirlər. Bu məktəblərdə Kəmələ Qədirova kimi “direktorların” olduğunu, övladlarının “5-ci kolon”un çirkin oyunlarının qurbanına çevrilə biləcəyini, milli kimliklərindən uzaq düşürüləcəklərini unutmamalıdırlar...

Paylaş

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az