Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

Seymur Sönməz

BAŞIN UCA OLSUN ŞƏHİD ATASI

Haqqın dərgahına bir şəhid gedir,

Üçrəngli bayrağım onun butası.

O, keçib canından Vətən naminə,

Başın uca olsun, şəhid atası!

***

Ana fəryadına dözmür ürəklər,

Elə bil bükülüb qollar, kürəklər.

Sığmayır tabuta arzu-diləklər,

Başın uca olsun, şəhid atası!

***

Ucalıq rəmzidir hər şəhid adı,

Heç vaxt unudulmur ismi-soyadı.

Mat qoy qürurunla düşməni-yadı,

Başın uca olsun, şəhid atası!

***

Əyilməz ordumuz dayanıb mətn,

Düşmənin irəli getməyi çətin.

Payını vermişik şərəfsizlərin,

Başın uca olsun şəhid atası.

BÜTÖV AZƏRBAYCAN BAŞIN SAĞ OLSUN

Rəssam, fırçanı batır boyaya,

Bir şəhid qürurun çəkginən, yarat.

Yayılsın sədası elə-obaya,

Elə çək, əksində min şəhid oyat.

***

Şəhidlər onsuz da ölmür həyatda,

Vətənin yükünü ruhən daşıyır.

Çək, şəhid anasın nə çəkdiyini,

Şəhid ataları nə cür yaşayır.

***

Uca zirvələrdə fəth elə, nolar,

Elə çək üç rəngli bayraq da olsun.

Biz zəfər çalmışıq yazısın qeyd et,

Şəhid qardaşlarımız rahat uyusun.

***

Qələbə bizimdir, arzumuz budur,

İşğaldan torpaqlar tez azad olsun.

Yaşayar qəlblərdə şəhidlərimiz,

Bütöv Azərbaycan, başın sağ olsun!

YAĞMA, YAĞIŞ

Yaxşı tanıyırıq, ərəni, mərdi,

Hər igid sinəsi yurda sipərdi.

Əsgəri yenilməz edən təpərdi,

Nə olar, üç-dörd gün yağma, ay yağış.

***

Vətən eşqi çalxalanan dəryadı,

Bal kimi şirinmiş sevincin dadı.

Qoy qovsun ərənlər düşməni, yadı,

Nə olar, üç-dörd gün yağma, ay yağış.

***

Əsgərin səngərdə olmur yorğanı,

Yağsan, üşüyəcək bilirəm, canı.

Zülmətdə qərq elə soyuq havanı,

Nə olar, üç-dörd gün yağma, ay yağış.

***

Aman ver, zəfərlə bitsin bu savaş,

Əsib titrəməsin nə dağ, nə daş.

Çevrilmə buluda sən yavaş-yavaş,

Nə olar, üç-dörd gün yağma, ay yağış.

Elza Məmmədova

ŞUŞANIN DAĞLARI

Şuşanın yolları bu gün sevincli,

Şuşanın dağları necə məğrurdur.

Bağrına sancaraq üç rəngli bayraq,

Mərd əsgəri keşiyində durubdur.

***

Bitib həsrət, dumanları çəkilib,

Şuşanın dağları daha ağlamaz.

Zəfər çalıb, arzusuna yetişib,

Həsrət çəkib, qaraları bağlamaz.

***

Azan istər, bizim məscidi Şuşa,

Cıdır düzü köhlən atın səsləyir.

Boynu bükük qalıb gör neçə ildir,

Xarı bülbül sevənlərin gözləyir.

AZƏRBAYCAN

Azərbaycan, ruhumun havasısan, suyusan,

Sənə olan sevgimi, görən sən də duyursan?

Torpağında, daşında əllərimin izi var,

Bu qədər gözəl olma, düşmənlərin gözü var.

***

Səfali yaylaqların, çəmənin var, çölün var,

Göz oxşayan dağların, Xəzər kimi gölün var.

Bağların bahar çağı əlvan donun geyinir,

Toplayıb çiçəklərdən, qız-gəlinlər sevinir.

***

Sarı, zəngin zəmilər, göz oxşayır uzaqdan,

Sərin suya doymazsan, yayda çeşmə, bulaqdan.

Ağ pambığın bənzəyir tellərində dən kimi,

Görmədim gözəl birin, bizim bu Vətən kimi.

****

Mərd, igid, ər oğullar keşiyində durubdur,

Düşmənin ürəyinə qorxu, təşviş salıbdir.

Qəhrəman qız-oğullar böyütmüsən zillətlə,

Mən Elza, fəxr edirəm, bu ölkə, bu millətlə!

ÜÇRƏNGLİ BAYRAQ

Göy, qırmızı və yaşıl,

Bəzəyibdir sinəni

Dalğalan yüksəklikdə,

Heyran elə görəni.

***

Neçə qanlı savaşın,

Kədəri hopub sənə.

Mətanətlə, əzmlə,

Sinə gəlmisən yenə.

***

Qoy bu üç rəngli bayraq,

Olsun mənim kəfənim.

Yolunda milyon kərə,

Canım qurban, vətənim!

--
Isa Ravan

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az