Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

Elşən Vəlizadə

ŞƏHİD OLASAN

Bir torpaq, bir haqq uğrunda,

Bir dinçün şəhid olasan.

Döyüşüb qəhrəman kimi,

Vətənçün şəhid olasan.

***

Qəlb kövrəlib, göz dolmaya,

Ölüm nə yas sayılmaya.

Ağlayanın heç olmaya,

Toy-düyün şəhid olasan.

***

Elşən, bir bax tər canlara,

Nə deyərsən analara?

Qıymamaqçün cavanlara,

Özünçün şəhid olasan.

QARABAĞ AZƏRBAYCANDIR!

Qarabağ əzəldən öz doğma yurdum,

Hər gün doğulduğum, öldüyüm eldir.

Qohumla, qardaşla xoş gün keçirib,

Çağlayan ruhumla güldüyüm eldir.

***

Şuşalı günlərim qayıtdı geri,

Ağdamsız həyatın yox idi yeri.

Laçın, Füzulinin varmı bənzəri,

Xoş günlü cənnətim bildiyim eldir.

***

Dünyada tay varmı Azərbaycana,

Mən igid oğluyam, o böyük Ana.

Otuz il həsrəti çatdırıb sona,

Mehriban qoynuna gəldiyim eldir.

***

Qubadlı, Zəngilan, Kəlbəcərim var,

Xankəndi həsrətli dərdi-sərim var.

Ərən igidlərim, şəhidlərim var,

Gözümün yaşını sildiyim eldir.

***

Qələbə arzuma Elşən, çatarkən,

Tanrı ordumuza bu yolda yarkən.

Yer-göyə sığmayan sevincim varkən,

Dərdimi hər kəslə böldüyüm eldir.

QAYITMAZ

Nə eləsəm zamanım,

Vaxtım geri qayıtmaz.

Ölümlə can çəkişən,

Baxtım diri qayıtmaz.

***

Salsam da küyə, səsə,

Dəyişməz vallah nəsə.

Gedənlərdən bax kimsə,

Öldür, biri qayıtmaz.

***

Daha vurmuşam şəkki,

Qalıb xəyalən şəkli.

Həyatın o əvvəlki,

Göyü, yeri qayıtmaz.

***

Aldatma çox başımı,

Sağ olaydı kaş hamı.

Nə qaranlıq axşamı,

Nə səhəri. qayıtmaz.

***

Elşən, dünya bir yalan,

Səndə deyilsən qalan.

O tərəfə yol alan,

Üzü bəri qayıtmaz .

Günəş Qarabağlı

OĞLUM

Xalqın azadlığın düşündüyün an,

Haqqın atəşiylə sökülmüşdü dan.

Sən vətən uğrunda keçdin canından,

Ruhun müqəddəsdir, vətəndaş oğlum!

***

Şam kimi vətənin eşqiylə yandın,

Gələcək nəsilə örnəkdir andın.

Sən düşmən önündə mətin dayandın,

Ruhun müqəddəsdir, vətəndaş oğlum!

***

Şəhid zirvəsindən boylandıqca sən,

Ancaq qürur duyub ağlayıram mən.

Vətənə əbədi şərəf vermisən,

Ruhun müqəddəsdir, vətəndaş oğlum!

AY ƏSGƏR BALAM

(Bir ananın dilindən)

Çökdür düşmən üstə dumanı, çəni,

Qoru doğma yurdu, ana vətəni.

Yeni qələbənlə sevindir məni,

Zəfərə yaxınsan, ay əsgər balam.

***

Vətəndir, dillərdə ən müqəddəs söz,

Cəbhəylə döyünür indi qəlbimiz.

Sənin qüdrətinə inanırıq biz,

Zəfərə yaxınsan, ay əsgər balam.

***

Qisas duyğusudu ürəyində kin,

Önündə durmadan qaçır düşmənin.

Anan qurban olsun boyuna sənin,

Zəfərə yaxınsan, ay əsgər balam.

BARIŞA BİLMİRƏM

Acısı yandırır bu son gerçəyin,

Barışa bilmirəm yoxluğunla mən.

Başımı qoymağa tapmıram çiyin,

Dünyamı atasız qoyub getmisən.

***

Keşkə yetməyəydi bu qara vədə,

Kaş bitməz olaydı ömrün taleyi.

İllər yaram üstə qaysaq çəksə də,

İçimdə boşluğun dolası deyil.

***

Şeh düşür gecəmin yanaqlarına,

Həsrətin içimi yandırıb yaxır.

Ata, bu dünyanın sınaqlarına,

Mən sənin sayəndə dözürdüm axı.

***

Ayrılığın olacaqdı dərd, möhnət,

Mən nə deyim bu vəfasız həyata?!

Köç etdiyin haqq dünyası bir cənnət,

Ruh məkanın behişt olsun, ay ata!

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az