Prezident “Binəqədi” yarımstansiyasının açılışında

Prezident “Binəqədi” yarımstansiyasının açılışında

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yenidən qurulan 110/35/6 kilovoltuq “Binəqədi” yarımstansiyasının açılışında iştirak edib.

Mediainfo.az xəbər verir ki, Azərenerji ASC-nin prezidenti Baba Rzayev dövlətimizin başçısına yarımstansiyada görülən işlər barədə məlumat verib.

Bildirildi ki, 1952-ci ildə inşa edilən “Binəqədi” yarımstansiyası istismar müddətini iki dəfə keçmişdi. Bu isə texnoloji itkilərin çoxalmasına, müxtəlif qəza hallarının, qısaqapanmaların baş verməsinə, istehlakçıların enerji təchizatında fasilələrin yaranmasına səbəb olurdu. İndi bu yarımstansiya müasir avtomatika sistemləri ilə təchiz edilərək tam yenidən qurulub. Burada görülən işlər çərçivəsində yeni avadanlıqla komplektləşdirilmiş, müasir mikroprosessor tipli rəqəmsal idarəetmə, mühafizə və avtomatika sistemləri ilə təchiz olunmuş yeni İdarəetmə Mərkəzi tikilib və yerli mikro-SCADA sistemi qurularaq yarımstansiyanın idarə olunması tam rəqəmsallaşdırılıb.

Qeyd edək ki, “Binəqədi” yarımstansiyasının yenidən qurulması həm də ona görə əhəmiyyətlidir ki, o, paytaxtın Binəqədi, Nərimanov, Nəsimi rayonlarının dayanıqlı elektrik enerjisi təchizatının təmin olunmasında mühüm rol oynayır.

Diqqətə çatdırılıb ki, Abşeron Regional Elektrik Şəbəkəsinin bu ərazidə yerləşən inzibati binası da yenidən qurulub. Şəbəkənin köhnə inzibati binası genişləndirilərək əsaslı təmir olunub, heyətin fasiləsiz iş rejimində çalışması üçün zəruri şərait yaradılıb. Bununla yanaşı, Azərenerji ASC-nin xüsusi təyinatlı maşın-mexanizmləri üçün nəqliyyat sahəsi və onlara təmir xidməti göstərəcək sahələr yaradılıb. Müxtəlif relyeflərdə, ağır şəraitdə işləyə biləcək xüsusi təyinatlı maşınlar alınıb. Ərazidə transformatorların təmir sahəsi qurulub, xüsusi layihə əsasında abadlıq işləri görülüb, geniş yaşıllıq sahələri salınıb.

Prezident İlham Əliyev “Binəqədi” yarımstansiyasını işə salıb.

Dövlətimizin başçısına işğaldan azad edilən Suqovuşan qəsəbəsində yenidən qurulması tam başa çatan, ümumi gücü 7,8 meqavat olan “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su elektrik stansiyalarında görülən işlər barədə də məlumat verilib.

Çox oxunan xəbərlər
Son xəbərlər

2021.09.17

2021.09.16

2021.09.15

2021.09.14

2021.09.13

2021.09.12

2021.09.11

2021.09.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2021 (c) Mediainfo.az