Bir milyonluq Baş Plan: Şübhə üçün əsas varmı?

Bir milyonluq Baş Plan: Şübhə üçün əsas varmı?

Füzuli şəhərinin Baş Planının hazırlanması ilə bağlı elan edilən tender başa çatıb. Nəticəyə uyğun olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin prosesin icrası üçün tenderin qalibi olan Bakı Dövlət Layihə İnstitutuna 991,2 min manat ödəyəcəyi açıqlanıb.

Mediainfo.az xəbər verir ki, göstərilən bu məbləğin böyüklüyü müəyyən şübhələr oyadıb. Sosial şəbəkə istifadəçiləri bu layihə üçün təxminən 1 milyon manat vəsaitin ödənilməsini büdcədən pul silmə fəndi kimi qiymətləndirirlər.

Mövzu barədə Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli qeyd edib ki, hər şey baş planın hazırlanma səviyyəsindən asılıdır:

“Hazırda onunla tanış deyilik, əslində, bir şəhərin baş planının hazırlanması daha baha da ola bilər. Məsələn, Bakının Baş Planı ilə bağlı Azərbaycan hökuməti, Bakı Şəhər İcra Hakimiyyəti bir neçə dəfə tədbirlər görüb. Bəlkə də, bu yolda indiyədək milyonlarla vəsait mənimsənib və yaxud da istifadə olunub. Ancaq hələ də ortalıqda normal, işlək bir baş planın olduğunu görmürük. Tez-tez dəyişdirilir, əlavələr edilir.

Füzuli şəhəri ilə bağlı da konkret olaraq Baş Plan açıqlanandan sonra bilmək olar ki, işin həcmi nə qədər olub. Əslində, baş planın hazırlanması təkcə çertyoj çəkmək, ofisdə oturub hansısa proqramlarla bunu həyata keçirmək deyil. Burada əraziyə dəfələrlə səfərlərin təşkil olunması, ölçülərin aparılması da daxildir”.

Ekspertin fikrincə, Füzulinin Baş Planı beynəlxalq standartlara uyğun olacaqsa, bu, böyük vəsait deyil. “Yox, əgər görəcəkləri iş ancaq ofisdə oturub şəhərin gözəl şəklini çəkmək və ya internetdən gözəl ideyalar tapıb kağız üzərinə köçürməkdirsə, 1 milyon manat çox böyük vəsait sayılacaq, yəni hər şey işin həcm və keyfiyyətindən asılıdır”.

Çox oxunan xəbərlər
Son xəbərlər

2021.12.04

2021.12.03

2021.12.02

2021.12.01

2021.11.30

2021.11.29

2021.11.28

2021.11.27

2021.11.26

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2021 (c) Mediainfo.az