PENSİYA ARTIMI NECƏ HESABLANACAQ?- İndiyə kimi 300 manat alan...

PENSİYA ARTIMI NECƏ HESABLANACAQ?- İndiyə kimi 300 manat alan...

Dünən Prezident İlham Əliyev əmək pensiyalarının artırılması ilə bağlı sərəncam imzalayıb. Qərara görə, əmək pensiyalarının sığorta hissəsi 2022-ci ilin əvvəlindən 3,4 faiz artırılır. Bundan əlavə isə, pensiyaçılara 200 manat həcmində birdəfəlik maddi yardım da verilir.

Mediainfo.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) yaydığı məlumata görə, 200 manat məbləğində maddi yardım rüblər üzrə bölünməklə veriləcək. Maddi yardım 2022-ci il 1 yanvar tarixinədək təqaüd alanlara şamil ediləcək. Həmin 200 manat maddi yardım il üzrə rüblərə (4 rübə) bərabər hissələrlə bölünəcək və hər rüb üzrə düşən hissə, yəni 50 manat həmin rübdə pensiyaya əlavə olunacaq.

Buna kimi müavinət və təqaüdlər, minimum aylıq əməkhaqqı və minimum pensiya 2022-ci ilin əvvəlindən artırılıb. ƏƏSMN bəyan edib ki, Prezidentin sərəncamı ilə olan artımlar həmin artımlardan əlavə olaraq pensiyalara tətbiq edilən artımdır.

2022-ci il üzrə ikinci pensiya artımı nə qədərdir?

ƏƏSMN-i deyib ki, artımlar ölkə üzrə pensiyaların orta aylıq məbləğinə münasibətdə təqribən 9 faiz təşkil edəcək. Nazirlik izah edir ki, 300 manatadək pensiya alan şəxslərdə bu artım 10 faizədək, daha yüksək məbləğlərdə pensiya alanlarda isə 7-8 faziədək olacaq.

Məsələn, şəxs 300 manat pensiya alırsa, onun pensiyası orta əməkhaqqının 2021-ci ildəki artım tempinə (3,4 faiz) uyğun indeksləşdirilərək 3,4 faiz artırılır və bunun üzərinə maddi yardımın (200 manat) da il ərzində pensiyada yaradacağı artım əlavə olunur.

Beləliklə, təqribən indiyə kimi 300 manat pensiya alan şəxs ayda 328 manat 86 qəpik ala biləcək. Bunun 310 manat 20 qəpik hissəsi 3.4 faiz artıma görə, üstəgəl 16 manat 66 qəpik hissəsi isə 200 manatlıq yardımın aylıq paya düşən hissəsi ilə hesablanır.

Pensiyaçılara bu il verilən 200 manatlıq maddi yardım onlara il ərzində 4 rübdə aybaay hissələrə bölünüb veriləcək. Gələn ilin əvvəlindən isə bu yardım illik pensiyalarının tərkibinə daxil ediləcək. Nazirlik bildirib ki, bununla bağlı qanunvericilikdə dəyişiklik nəzərdə tutulub.

200 manatlıq maddi yardım nə üçün bu ilə rüblər üzrə, gələn ildən isə birdəfəlik olaraq pensiyalara əlavə ediləcək? Hökumət bunun səbəbini hələ ki, açıqlamayıb.

Artımlara nə qədər vəsait tələb olunur?

Prezident tapşırıb ki, maddi yardım dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilsin. ƏƏSMN elan edib ki, bu dəfəki artımlar pensiyaçıların 92 faizini əhatə edəcək və bu məqsədlər üçün il ərzində əlavə olaraq 352 milyon manat xərclənəcək. Son iki ayda yalnız pensiyalarla bağlı iki artım olub. Rəsmi məlumata görə, yeni sərəncamla 1,1 milyon pensiyaçının pensiyası orta hesabla 9 faiz artırılıb.

"İstehlak qiymətləri indeksinin illik səviyyəsi ötən il 6,7 faiz olub və pensiyalarda edilən yeni artımlar orta hesabla 9 faiz olmaqla bu göstəricini üstələyir", - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Artımların məqsədi nədir?

Rəsmi məlumata görə, pensiyaların artırılması pandemiyanın, qiymət artımlarının, inflyasiyanın təqaüdçülərə mənfi təsirlərinin yumşaldılması məqsədiylə edilib. Nazirlik iddia edir ki, pensiyaların sığorta hissəsinin indeksasiyası və maddi yardım 2021-ci il üzrə orta inflyasiya dərəcəsini (6,7%) üstələyir. Amma iqtisadçılar deyir ki, rəsmi rəqəmlərlə ifadə oluna inflyasiya heç də birmənalı qarşılanmır. Toğrul Marşallının fikrincə, ötən ilin ortalarından bahalaşan məhsulların və xidmətlərin qiyməti və real inflyasiya "daha yüksək göstəricilərə malikdir".

Prezidentin sərəncamında daha nələr var?

Məlumata görə, əmək müqaviləsi əsasında işləyən şəxslərin fərdi hesablarındakı pensiya kapitalı 6,7 faiz indeksləşdirilməklə artırılır.

200 manatlıq maddi yardım qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına şamil edilmir. Amma Prezident onların da təqaüdlərinin indeksləşdirilməklə artırılması və onlara da 2022-ci il üzrə maddi dəstəyin göstərilməsinə dair təkliflərini 1 ay müddətində təqdim edilməsini Nazirlər Kabinetinə tapşırıb.

Rəsmi məlumata görə, qulluq stajına görə əlavələrlə pensiya təyin edilmiş şəxslər 99 min nəfərdir və əsasən pensiyaya çıxmış hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, dövlət qulluqçuları və başqa şəxslər bu kateqoriyaya edilirlər.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az