Ermənistanın və Azərbaycanın əsas ticarət tərəfdaşları... - Böyük təzad

Ermənistanın və Azərbaycanın əsas ticarət tərəfdaşları... - Böyük təzad

“2021-ci ildə Ermənistanın ticarət dövriyyəsi 8 milyard 379 milyon dollar olub. Ölkədən ixrac 3 milyard 22 milyon dollar, ölkəyə idxal isə 5 milyard 357 milyon dollar təşkil edib. Ermənistanın ticarət balansında mənfi saldo 2 milyard 250 milyon dollara yaxın olub ki, bu problemin Ermənistan dramına təsirlərini azaldan əsas faktorlardan biri Rusiyada yaşayan ermənilərin göndərdiyi pullardır”.

Mediainfo.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.

Ekspert 2021-ci ildə Ermənistanın 3 ən böyük ticarət tərəfdaşının olduğuna diqqət çəkib: “Rusiya, Çin və İran. Məncə, hər üç dövlətin Qərblə münasibətlərini ayrıca izah etməyə ehtiyac yoxdur. 2021-ci ildə 8,3 milyard dollarlıq ticarət dövriyyəsinin 2,6 milyard dolları bir tək Rusiyanın payına, 503 milyon dollar isə İranın payına düşür. Çini nəzərə almadım, bütün ölkələrdə Çinin payı var, olmalıdır”.

Natiq Cəfərli analoji dövrdə Azərbaycanın idxal-ixrac əməliyyatlarının həcminə də toxunub: “2021-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 33 milyard 912 milyon dollar olub. Ölkəmizin ixracı 22 milyard 206 milyon dollar, ölkəmizə idxal isə 11 milyard 705 milyon dollar olub. Ticarət dövriyyəsinin müsbət balansı 10 milyard 500 milyon dollar təşkil edib.

İxracımızın 90% enerji daşıyıcılarıdır, bu, problemdir, daxili səhv iqtisadi siyasətin, qanunun aliliyinin olmamasının nəticəsidir.

2021-ci ildə Azərbaycanın ticarət dövriyyəsində əsas ölkələr Çini nəzərə almadan, birinci İtaliya – 9 milyard 663 milyon dollar, ikinci, Türkiyə - 4 milyard 661 milyon dollar, üçüncü Rusiya - 2 milyard 295 milyon dollar, dördüncü, Almaniya - 1 milyard 284 milyon dollar, beşinci, İsrail – 928 milyon dollar təşkil edib. Bizim statistikada İran heç ilk 15 ölkə sırasında belə yer almayıb.

Azərbaycanın xarici ticarətinin az qala yarısı Avropa İttifaqı ölkələri ilə, Türkiyə, İsrail və ABŞ-ı da saysaq, 80%-i Qərb dövlətlərilədir. Ölkəyə qoyulan investisiyaların 80%-dən çoxu Qərb ölkələri və Türkiyənin payına düşür. Azərbaycanın bütün kommunikasiya xətləri göbəkdən Türkiyə üzərindən Qərbə bağlıdır.

Ona görə də, xarici siyasətlə bağlı fikir bildirmədən öncə iqtisadiyyatın “anatomiyasını” öyrənmək vacibdir”.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2022.09.26

2022.09.25

2022.09.24

2022.09.23

2022.09.22

2022.09.21

2022.09.20

2022.09.19

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2022 (c) Mediainfo.az