Övlad dünəni sabaha daşıyan bu gündür

Övlad dünəni sabaha daşıyan bu gündür
Əsas vəzifə övladların kəmiyyətinin deyil, keyfiyyətinin artırılmasıdır

Ailə kiçik bir dövlətdir. Hər bir dövlətdə olduğu kimi ailədə də özünün hakimiyyət orqanları olmalıdır. Qanunverici, icraedici, məhkəmə və mətbuat ayrı-ayrılıqda hakimiyyət orqanları sayılsalar da, birlikdə dövlətin varlığını təcəssüm etdirirlər. Başqa sözlə desək, ailələr irsilik prinsipinə əsaslanaraq milli-mənəvi dəyərlərin daşıyıcısı rolunu oynamalıdırlar. Soy-kökünə bağlı olan xalqlar və cəmiyyətlər bu ənənələri yaşatmaqla ümumən insani dəyərləri yaşatmış olurlar. Digərləri isə qısa müddət ərzində mövcud olub, tarixə qovuşurlar. Sevindirici haldır ki, Azərbaycan ailələri tarixin keşməkeşlərindən gələn, cilalanaraq formalaşan milli-mənəvi dəyərlərə əsasən təşkil olunurlar. O dəyərlərə ki, nənə-babanın, valideynlərin, övladların, qohumların, qonşuların və digər insanların hüquq və vəzifələrini dəqiqliklə müəyyən edir. Bu sıralamada övladların rolu danılmazdır. Çünki məhz onlar keçmişdən gələcəyə keçid rolunu oynayan müasir dövrü əks etdirirlər. Deməli, çoxuşaqlı ailələrdə irsilik prinsipi daha dolğun şəkildə qorunub saxlanılır. Təəssüflə qeyd etməliyik ki, son illər Azərbaycan ailələrində uşaqların sayı azalır. Bu tendensiya müxtəlif səbəblərlə izah edilir. Sosial-iqtisadi çətinliklər, Qarabağ müharibəsi, qaçqın-köçkün problemi, müxtəlif xəstəliklərlə əlaqədardır. Böyük əksəriyyət hesab edir ki, Azərbaycan ailələrində uşaqların sayının azalma tendensiyasına daha çox sosial çətinliklər, mənzil şəraitinin olmaması kimi problemlərin təsiri az deyil. Burada çoxuşaqlı ailələrə verilən güzəştlərin ləğvini də qeyd etmək yerinə düşər. 1994-cü ildən sonra qurulan hər bir ailədə 1-2, nadir hallarda isə 3 uşaq böyüyür. Ekspertlər bunu insanların yaşayış tərzi ilə də bağlayır. İşsizlikdən, maddi gəlirin aşağı olmasından, mənzil problemindən əziyyət çəkən ailələr çox uşaq tərbiyə etməyi düşünmür. Amma çoxuşaqlı ailə olmaq istəməyən cütlüklər təkcə maddi sıxıntılar və digər problemlərdən əziyyət çəkənlər deyil, normal və yaxşı həyat sürən şəxslər də 1 və 2 uşaqdan artıq istəmirlər. Bu gün maddi təminatı çox yaxşı olan gənc ailələr nadir hallarda 2 uşaq istəyirlər, Avropada olduğu kimi. Sovetlər Birliyi dönəmində əhali artımına nail olmaq üçün çoxuşaqlı ailələrə əlavə güzəştlər verilirdi. Məsələn, onlara avtomobil bağışlanır, növbədənkənar pulsuz mənzil və ya torpaq sahəsi verilir, "Qəhrəman ana"lar müxtəlif döş nişanları ilə təltif olunur, mükafatlandırılır, vaxtından öncə təqaüdə çıxarılırdı. O vaxtlar nəinki kənd yerlərində, hətta şəhər yerlərində çoxuşaqlı ailələrə təsadüf olunurdu. Vaxtilə Azərbaycan keçmiş SSRİ məkanında çoxuşaqlı anaların sayına görə digər ittifaq respublikaları ilə müqayisədə həmişə ön sıralarda olub. Ötən əsrin 70-ci, 80-ci illərində əksər kənd rayonlarında qadınlar 5-8, cənub bölgəsində isə 10, 12, hətta 15 uşağı olan analar üstünlük təşkil edirdi. Qeyd edək ki, Azərbaycanda ən böyük çoxuşaqlı ailə ötən əsrin 80-ci illərində Lənkəran, Lerik və Biləsuvarda qeydə alınıb. Bu rayonlardan olan üç "Qəhrəman ana"nın hər biri 17 uşaq dünyaya gətirib. Dövlət Statistika Komitəsinin məlumatına görə isə, son 20 ildə Azərbaycanda çoxuşaqlı analar qeydə alınmayıb. Ümumiyyətlə, indi "çoxuşaqlı ailə" anlayışının özünün mənası dəyişib. Əgər 20 il öncə əsasən 8-12 uşağı olan qadınlar çoxuşaqlı analar kateqoriyasına daxil edilirdilərsə, indi 4-5 uşaq dünyaya gətirənlər bu statusun qeyri-rəsmi daşıyıcısıdır. Əgər ötən əsrin 80-ci illərində nəsilvermə qabiliyyətinə malik qadınlar 35, 40, bəzən hətta 50 yaşlarında da dünyaya uşaq gətirirdilərsə, indi 35 yaşı ötən qadınlar bundan imtina edirlər. Dövlət Statistika Komitəsinin statistik məlumatında əhalinin nəsilvermə əmsalının aşağı düşdüyü göstərilib. Hazırda nəsilvermə qabiliyyətinə malik qadınların hər birinə 2 uşaq düşür. Çoxuşaqlı ailə termini yenilik deyil və bir sıra dövlətlərdə bu sistem hələ də işləyir. Keçmiş sovet respublikalarından Rusiya bu cür ailələrə bir sıra güzəştləri tətbiq etməkdədir. Bu ölkədə 3-dən çox uşağı olan ailələr çoxuşaqlı sayılır. Azərbaycanda demoqrafik vəziyyət kritik olmasa da, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi çoxuşaqlı ailələrə edilən güzəştlərlə bağlı xarici təcrübəni öyrənir. Hökumət sovet dövründəki bir ənənəni - çoxuşaqlı ailələrə müəyyən güzəştlər və maddi yardımlar üçün xüsusi layihə həyata keçirə bilər.

MM sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli xatırladır ki, sovet dönəmində "çoxuşaqlı ailə" məfhumu 4-dən çox uşağı olan ailələrə şamil olunurdu. Onun sözlərinə görə, 1990-cı illərin əvvəllərində bu rəqəm 4-dən 3-ə endirildi. "Çoxuşaqlı ailə" anlayışının 3-dən çox uşağı olan ailələrə şamil olunduğunu deyən Hadı Rəcəbliyə görə, əslində 3 uşaq elə də çox böyük göstərici deyil: "İndi isə bu rəqəmin 3-dən 5-ə qaldırılması təklif olunur. Ancaq mənim mövqeyim belədir ki, bu rəqəm 4 olsa, daha ədalətli olar. Bu məsələnin özü də bir qədər mübahisəlidir və çox güman ki, müzakirələr nəticəsində bununla bağlı konkret bir mövqeyə gəlmək mümkün olacaq". Komitə sədrinin fikrincə, bunun bir sıra mənfi və müsbət təsirləri var. Çoxuşaqlı ailə siyasəti ən çox təbii artımı zəif olan dövlətlərdə tətbiq olunur. Bəzi Avropa dövlətlərində demoqrafik böhran yaşanır. İnsanların sayı hər il azalır, təbii artım isə yoxdur: "Ona görə bu ölkələr həmin siyasəti həyata keçirir. Amma Çin, İndoneziya, Hindistan kimi ölkələrdə bu məsələ o qədər də vacib deyil. Yardımlar sonda ailədə 7-8 uşağın olması ilə nəticələnir. Vaxtilə respublikamızda da bu güzəştlər mövcud olub. Bir ailədə hətta 12-13 uşaq var idi. Onların təminatı, cəmiyyətdə öz layiqli yerini tutması çox vaxt çətin olurdu. Yəni təcrübə göstərir ki, çoxuşaqlı ailələri həvəsləndirmək, nəyə görəsə maddi vəsaitə təhrik etmək bəzən neqativ təsirlərini göstərir". Hadı Rəcəbli hesab edir ki, dövlət onsuz da kasıb olan ailələrə ünvanlı yardımlar verir ki, onların da əksəriyyəti çoxuşaqlı ailələrdir. MM bir müddət öncəyədək "Çoxuşaqlı ailələrin sosial müdafiəsi haqqında" qanun layihəsi üzərində işləyirdi. Bu qanunda çoxuşaqlı ailələrin sosial təminatının yaxşılaşdırılması, onlara dövlət qayğısının, gənc ailələrdə çoxuşaqlılığa meylliliyin artırılmasının təmin olunması və digər amillərin yer alacağı gözlənilirdi. Lakin adıçəkilən qanun tərtibi yarımçıq qaldı. Rəcəbli bildirdi ki, onsuz da Azərbaycanda illik 1,1-1,2 faiz artım var. Belə bir şəraitdə çoxuşaqlılığın təbliği o qədər də məqsədəuyğun deyil: "Bundansa parlament "Gənc ailələrin sosial müdafiəsi haqqında" qanun qəbul etməlidir".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ünvanlı Sosial Yardım Şöbəsinin müdiri Natiq Qasımovun sözlərinə görə, artıq bir ilə yaxındır dövlət kasıb və imkansız, o cümlədən çoxuşaqlı ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması üçün səmərəli tədbirləri gücləndirməyi düşünür. Artıq bir ilə yaxındır ki, Aktiv Sosial Yardım Proqramı həyata keçirilir ki, bu da aztəminatlı ailələrin sosial vəziyyətinin yaxşılaşdırılmasından ibarətdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi çoxuşaqlı ailələrə bir sıra güzəştlər və imtiyazların verilməsini təklif edir. Komitənin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova isə bildirib ki, bu təkliflər Komitənin hazırladığı "Çoxuşaqlı ailələrə dövlət dəstəyi haqqında" qanun layihəsində əksini tapıb.

Layihədə çoxuşaqlı ailələrə uşaqların təhsili, səhiyyə xidmətləri, mənzil məsələləri, çoxuşaqlı valideynlərin əmək hüquqları ilə bağlı təminat və güzəştlər nəzərdə tutulub. Hazırlanmış təkliflərdə qeyd olunur ki, çoxuşaqlı ailələrin uşaqları dövlət ali və orta ixtisas məktəblərinin ödənişli fakültələrində güzəştli əsaslarla təhsil almaq imkanı qazanacaqlar. Həmçinin uşaqların məktəbdənkənar təhsil müəssisələrində pulsuz əsaslarla əlavə təhsil alması, bütün təhsil dövründə dərs ləvazimatları, məktəbli və idman formaları ilə pulsuz təmin olunması, bu ailələrin uşaqlarına 6 yaşadək həkim resepti ilə alınan dərmanların pulsuz verilməsi, nəqliyyatdan istifadəyə görə kompensasiya verilməsi, istirahət, mədəniyyət obyektlərinə pulsuz göndəriş verilməsi təklif olunur. Çoxuşaqlı ailələrə ssudaların, mənzil alınması üçün ipoteka kreditlərinin verilməsi, yaşayış sahələrinin həmin ailələrin mülkiyyətlərinə pulsuz verilməsi nəzərdə tutulur. Layihədə belə ailələrə müavinətlərin verilməsi də təklif olunur. İbrahimovanın sözlərinə görə, demoqrafiq proseslər və çoxuşaqlı ailələrin sosial vəziyyəti bu qanunun qəbulunu zəruri edir. Statistikaya nəzər salsaq, görərik ki, çoxuşaqlı ailələrin sayında azalma müşahidə olunur. 1999-cu illə 2009-cu il əhalinin siyahıya alınması ilə bağlı məlumatların müqayisəsinə görə, 1999-cu ildə bir uşaqlı ailələrin göstəricisi 22,5, 2009-cu ildə 30,1 faiz, 4 və daha çox uşaqlı ailələrin statistikası 1999-cu ildə 16,7, 2009-cu ildə 9,7 faiz olub. Komitə rəsmisi bildirib ki, qanun layihəsində çoxuşaqlı ailə dedikdə, övladlığa götürülən uşaqlar da daxil olmaqla, tərkibində 5 və daha çox 18 yaşına qədər, habelə 3 və daha çox əkiz uşaqları olan və onları 18 yaşınadək tərbiyə edən ailə nəzərdə tutulur. "Əyani təhsil alan uşaqlar təhsilini bitirənə qədər, lakin 23 yaşından çox olmamaq şərti ilə, çağırış üzrə həqiqi hərbi xidmətdə olanlar xidmət müddəti bitənə qədər bu kateqoriyaya daxildirlər", - İbrahimova deyib. Qanun layihəsində "Qəhrəman ana" adına da aydınlıq gətirilib. Belə ki, 10 və daha çox uşağı, o cümlədən övladlığa götürülmüş uşaqları olan, onları 18 yaşınadək tərbiyə edən qadınlar "Qəhrəman ana" hesab olunacaqlar. "Qəhrəman ana" adı veriləndə mütləq valideynin öz vəzifələrini layiqincə yerinə yetirməsi, uşağın tərbiyəsi və təhsili üçün əlverişli şərait yaratması, uşaqda yüksək əxlaqi-mənəvi keyfiyyətlərin formalaşdırılması və s. nəzərə alınmalıdır. Qəhrəman analar da yuxarıda qeyd olunan güzəşt və imtiyazlardan istifadə etmək imkanı qazanacaqlar. Layihədə qəhrəman analara birdəfəlik pul mükafatının verilməsi təklif olunur", - şöbə müdiri deyib. Qeyd olunan imtiyaz və güzəştlərin valideyn hüququndan məhrum edilmiş valideynlərə və valideyn himayəsindən məhrum edilmiş uşaqlara, dövlət təminatında olan uşaqlara şamil olunmaması nəzərdə tutulur. İbrahimova deyib ki, qanun layihəsi hazırlanarkən bir sıra Avropa və MDB dövlətlərinin bu sahədəki təcrübəsi öyrənilib. Onun sözlərinə görə, Rusiya, Ukrayna, Fransa, İsveç, Finlandiya, Çexiya kimi ölkələrdə çoxuşaqlı ailələrə təminatlarla bağlı qanunlar qəbul olunub. Belə ki, Fransada 1921-ci ildən "Böyük ailə" adlı dövlət proqramı həyata keçirilir. Proqrama əsasən çoxuşaqlı ailələrə subsidiya və imtiyazlar verilir. Fransada 4 və daha çox uşağı olan ailələr vergidən azaddır. İsveçdə çoxuşaqlı ailələrə müavinətlər verilir və hər yeni doğulan uşağa görə verilən müavinətin məbləği artırılır. Həmçinin bu ailələrə yaşayış yeri üçün haqq verilir, məktəbəqədər müəssisələrin xərci dövlət tərəfindən ödənilir, ərzaq üçün talonlar verilir.

İbrahimova deyib ki, qanun layihəsi ilə bağlı müvafiq orqanların rəy və təklifləri alınandan sonra sənəd aidiyyəti orqanlara göndəriləcək.

Son söz əvəzi:

Övlad dünəni sabaha daşıyan bu gündür. Gününüzün aydın olması üçün hər şeyi nurlu görüb işıqlı düşünmək lazımdır. Əsas təqvimdə olan günlərin sayı deyil, onların mənalı olmasıdır. Odur ki, daxilinizi saflaşdırın ki, övladlarınızın sayından asılı olmayaraq hər biri bu tərbiyədə böyüsün.

Könül Aypara

O.M.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az