Azərbaycanın demoqrafik reallığı–uzunömürlülük

Azərbaycanın demoqrafik reallığı–uzunömürlülük
Uzunömürlülər diyarının sakinləri öz milli-mənəvi dəyərlərinə daha da sadiq olurlar

Bir az düşünək

Hər bir xalqı formalaşdıran və onu yaşadan milli-mənəvi dəyərləridir. Adət-ənənələr, mərasimlər, rituallar, folklor və incəsənət nümunələri, maddi və mənəvi abidələr, bir sözlə, milli kimliyin nüvəsini təşkil edən elementlər zəngin olduqca onun mənsub olduğu xalq da dünyada sayılıb-seçilən söz sahibinə çevrilir. Çünki bu dəyərlərin kökü tarixin dərinliklərinə getdikcə o, daha da cilalanmış olur və dərin məna kəsb edir. Göründüyü kimi, xalq nə qədər qədimdirsə, o qədər də zəngindir. Başqa sözlə desək, uzunömürlü xalq tarixin özünü yaşadır. Miqyası kiçiltsək, görərik ki, xalq ayrı-ayrı insanların toplusundan formalaşdığı üçün uzunömürlülər diyarının sakinləri öz milli-mənəvi dəyərlərinə daha da sadiq olurlar. Məsələn, heç kimə sirr deyil ki, baba-nənə, valideynlər və övladlardan ibarət olan ailələrdə irsilik prinsipi daha çox qorunduğundan ən yüksək insani dəyərlər əyani surətdə nəsildən nəslə ötürülür. Bütün bunları və digər amilləri nəzərə alan inkişaf etmiş dövlətlər əhalinin uzunömürlülüyü məsələsinə xüsusi diqqət yetirirlər. Burada əsas məqsəd genofondun sağlamlığını qorumaqla yanaşı, tarixdə xalqın rolunu mütləqləşdirmək və prosesləri düzgün məcraya yönəltməkdir. Məhz buna görə də müstəqil Azərbaycan Respublikasında uzunömürlülüyün təşviq olunması prioritet sahələrdən birinə çevrilmişdir.

Ginnesin Rekordlar Kitabı

Dünyanın ən yaşlı insanı olduğu iddia edilən ABŞ vətəndaşı Ceanne Kalmet 122 yaş 164 gün yaşayıb. O vaxtlar qəzetlər xanım Kalmetin dünyadakı ən yaşlı insan və avtomobil sürücüsü olaraq 2 dəfə Ginnesin Rekordlar Kitabına düşdüyünü yazıb. Ən uzunömürlü insanların ilk onluğunda 2 yapona da rast gəlmək olur. Ümumiyyətlə, yaponlar artıq uzun müddətdir ki, uzunömürlülər kimi dünyada liderlik edirlər. Lakin bu liderlik 115 ildən artıq yaşamış nadir insanların hesabına deyil, orta yaş həddinə görə hesablanır. Belə ki, yapon qadınları üçün orta yaş 84 il, kişilər üçün isə 78 il hesab olunur.

Canlı tarix

ABŞ-dan və Yaponiyadan çox-çox uzaqda, Qərbi Azərbaycanın Qaraqoyunlu mahalında Gölkənd adında bir kənd var idi. XX əsrin sonlarına qədər təxminən iki min evdən ibarət olan bu kənd və ona bitişik digər qaraqoyunlu kəndləri sıra dağların ətəyində yerləşirdi. Çəmbər kimi dağları əhatəyə almışdılar. Heç təsadüfi deyil ki, bu qədim türk yurdunun adı bir zamanlar Çənbərəkənd olub. Çənbərəkəndin uzunömürlü insanları Ginnesin Rekordlar Kitabından xəbərsiz yaşayıb yaradırdılar. Onlardan biri də 119 yaşlı Gölkənd sakini Əsli nənə idi. İki əsr görməsinə baxmayaraq, səliqə-sahmanını, özünə diqqətini itirməmişdi. Yaddaşındakı problemlərə rəğmən, həyat eşqi ilə yaşayırdı. Deyilənə görə, bu yaşında paltarlarına gipürdən işləmələr tikirdi. Əsli nənənin nəvəsinin nəvələri vaxtlarını onunla keçirməkdən doymurdular. Bəli, yanılmadınız. O, qızı Gürşad, kürəkəni Veyis, eyni zamanda nəvəsi Səkinəbanu və nəvəsinin həyat yoldaşı Muğanla eyni mənzildə yaşayırdı. O zamanlar artıq Səkinəbanunun da öz nəvələri var idi. Göründüyü kimi, 120 yaşında dünyasını dəyişmiş Əsli nənə törəmələrini gözüdolusu görmüşdü. Sizə təqdim etdiyim bu fakt əsla yaradıcı təxəyyülün məhsulu deyil. Ağsaqqallardan və ağbirçəklərdən üzr istəyərək qeyd etməliyəm ki, haqqında bəhs etdiyim Əsli nənə həyat yoldaşımın ata nənəsinin nənəsi olmuşdur. Onu da bildirim ki, məlumatda adları çəkilən şəxslərin hər biri uzun ömür yaşamışdı.

Rəsmi statistika

Vaxtilə Azərbaycan uzunömürlülərin sayına görə öndə gedirdi. Hətta deyilənə görə, Şirəli Müslümov adında bir baba 160 ildən artıq ömür yaşayıbmış. BMT-nin 2007-ci hesabatında Azərbaycanda orta yaş həddi 70 götürülmüşdü. Həmin vaxt Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda kişilərin orta yaş həddi 69, qadınlarınkı isə 72 olub. 1989-cu ildə isə Azərbaycanda 2639 uzunömürlü qeydə alınıb. Onlar arasında qadınlar kişilərdən bir neçə dəfə artıq olub. Dövlət Statistika Komitəsindən bildirilib ki, ölkədə əhalinin sayı (01. 07. 2011-ci il vəziyyətinə) 9169,4 nəfər göstərilir. Onlardan 4546,0 kişi, 4623,4-ü isə qadındır. Komitənin məlumatına görə, 2010-cu ildə Azərbaycanda gözlənilən ömür uzunluğu 73,6 olub. Bu, qadınlarda 76,3, kişilərdə 70,9 imiş. 10 il bundan qabaq - 2000-ci ildə isə gözlənilən ömür uzunluğu ümumilikdə 71,8 olub. Bu, qadınlarda 75,1, kişilərdə isə 68,6 yaş təşkil edib. Komitə daha sonra qeyd edir ki, 2009-cu ilin əhalinin siyahıyaalınmasının məlumatlarına əsasən, 100 və yuxarı yaşlı əhali daha çox Tovuz, Gədəbəy, Şəmkir, Bərdə və Tərtər rayonlarında qeydə alınıb.

Mütəxəssis rəyi

AMEA-nın Fiziologiya İnstitutunun Uzunömürlülər laboratoriyasının müdiri Çingiz Qasımov isə deyir ki, 80-ci illərdə ölkədə ömür uzunluğu ilə bağlı hər şey yaxşı olub. İndi isə Azərbaycanda uzunömürlülərin sayı azalıb, amma heç nəyə baxmayaraq, yenə də var. Qeyd edək ki, həm Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, həm də AMEA-nın Fiziologiya İnstitutundan ən yaşlı azərbaycanlının kim olduğunu, neçə yaş yaşadığını öyrənməyə çalışsaq da, cavab ala bilmədik. Çingiz Qasımovun sözlərinə görə, uzunömürlülük piramida şəklində təsvir edilir. Bu piramida nə qədər ucalsa, deməli, ölkədə həyat şəraiti bir o qədər yaxşıdır və insanlar uzun ömür sürürlər: "O vaxt insanlar təmiz ekoloji şəraitdə yaşayır, hava qəbul edirdilər. Təbii meyvə-tərəvəzlə qidalanırdılar. Üstəlik, fiziki əməklə məşğul olmaq, yəni daim çalışmaq, hərəkət etmək insanların ömrünün uzun çəkməsinə təsir edən amillərdən idi. Sözsüz ki, burada gen faktorunu da unutmaq lazım deyil". Çingiz Qasımov indiyədək bilmədiyimiz maraqlı bir məqamı açıqladı. Onun sözlərinə görə, Böyük Qafqazda yaşayanların ömrü çox da uzun olmur. Lakin Kiçik Qafqaz, Talış dağlarında yaşayan insanlar həqiqətən də uzunömürlülükləri ilə seçilirlər. Bunun səbəbi isə daha çox geoloji faktorlarla izah edilməlidir. Çingiz Qasımov hətta misal olaraq, Kəlbəcərdə 88-ci illərdə 125 yaşında bir babanın yaşadığını xatırlatdı: "O kişi 125 yaşında olsa da, çox möhkəm və sağlam idi. Özü ovçu idi. Hətta çiynində pələnglə döyüşündən sonra caynaq izi qalmışdı. O kişi üçün Moskvadan gəlmişdilər. Kişinin çiynində pələng caynaqlarının izi məni təəccübləndirdi. Məgər Azərbaycanda pələng var imiş? Sonradan öyrəndim ki, təxminən 20-ci illərdə Azərbaycanda Turan pələngi olubmuş. Deməli, zamanla hər şey dəyişib. Lakin sonradan 125 yaşlı babanı Bərdəyə gətirdilər, orada o, çox yaşamadı, dünyasını dəyişdi. Diqqət yetirin, qərb tərəfdən gələn şəxs Bərdədə çox yaşaya bilməyib. Məsələn, sovet dövründə Ordubadda uzunömürlülərin sayı 105-dən aşağı olmazdı". Çingiz Qasımov onu da qeyd edib ki, o vaxtkı uzunömürlülər təbii qidalarla qidalanıblar, stressdən azad olublar, daim aktiv həyat tərzi keçiriblər. Dünyada gedən hadisələr barədə məlumatsız olublar. Bu isə onların stressdən kənar qalmasına səbəb olub. Lakin Bakı ətrafı ərazilərlə, əsasən Abşeronla bağlı bunu demək olmaz. Məsələn, Maştağa qəsəbəsində uzunömürlü yoxdur, Balaxanıda da tapmaq olmaz, üstəlik, orada olan zibillik də öz təsirini göstərir. Çingiz Qasımov bu vaxta qədər 160 il yaşadığı deyilən Şirəli baba haqqında deyilənlərin də həqiqətə uyğun olmadığını söylədi. Ümumiyyətlə, Azərbaycanda bu yaşadək heç kim yaşamayıb. Ən uzun ömürlü şəxs 125 il yaşayıb. Şirəli baba isə sadəcə olaraq, Sovet hökumətinin uydurmaları olub.

Dünyada analoqu olmayan "Uzunömürlülər Muzeyi"

Lakin müasir dövrdə müstəqilliyimizlə əlaqədar vəziyyət yaxşılığa doğru xeyli dəyişib. Sağlam həyatı, ekoloji təmizliyi, zəhməti təşviq etməyə çalışan dövlətimiz bu işdə əməli tədbirləri ardıcıllıqla həyata keçirir. Bu baxımdan Lerikdə fəaliyyət göstərən, dünyada analoqu olmayan ilk "Uzunömürlülər Muzeyi"ni misal çəkmək olar. Demoqrafiya məsələsinin müstəqil dövlətimizin daxili siyasətinin prioritetlərindən olduğunu nəzərə alsaq, əminliklə qeyd edə bilərik ki, əhalimizin sağlamlığının təmin olunması, ekologiyanın təmizliyinin qorunub saxlanılması, əməyin düzgün təşkili kimi strateji məsələlər daim dövlət başçımızın diqqət mərkəzindədir. Heç təsadüfi deyil ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Lerikdə Uzunömürlülər muzeyinin açılışında iştirak etmişdir. Dövlət başçısı əvvəlcə açılışı bildirən rəmzi lenti kəsdi, muzeylə yaxından tanış oldu. Məlumat verildi ki, bu muzeyin məhz Lerikdə yaradılması təsadüfi deyil. Belə ki, rayon dünyada uzunömürlülər diyarı kimi şöhrət qazanmışdır. Dağlar qoynunda yerləşən Lerik rayonunda vaxtilə 500 nəfərdən çox uzunömürlü insan yaşamışdır. Hazırda rayonun yaşı 100-ü keçmiş 20-dən çox sakini vardır. Onu da qeyd edək ki, dünyada yeganə olan bu muzeyin binası müasir memarlıq elementlərindən istifadə edilməklə inşa olunmuşdur. İki salondan ibarət muzeydə yaşı yüzdən yuxarı olan 50-dən çox lerikli haqqında 2 mindən çox eksponat, o cümlədən maraqlı məlumatlar, fotoşəkillər yer almışdır. Muzeydəki 40-dək foto-şəklin müəllifi olan fransız fotoqrafı Fredrik Laşop bu əsərlərini Parisdə təşkil etdiyi "Uzunömürlülər diyarına səyahət" sərgisində nümayiş etdirmişdir. Muzeydə planetin ən uzunömürlü sakini adını qazanmış şəxslərə aid guşələr yaradılmışdır. Muzey böyük turizm potensialına malik Lerikə əlavə səyahət həvəskarlarının gəlməsinə səbəb olacaqdır.

Yeri gəlmişkən

Prezident İlham Əliyev daim Azərbaycan əhalisinin həyat və sağlamlığının qayğısına qalır. Ötən ilin oktyabrın 27-də Saatlı rayonunda Mərkəzi Xəstəxananın açılışında o, bir daha bu vacib məsələyə toxunaraq deyib: "İnsanların sağlamlığı onların əlindədir. İldə bir dəfə, bir neçə saat vaxt sərf etməklə insan öz sağlamlığını qorumuş olur, pis xəstəliklərdən özünü sığortalayır. Beləliklə, cəmiyyət üçün, ailə üçün öz xidmətlərini göstərmiş olur. Məsələn, Azərbaycanda insanların ömrünün uzunluğu artır. Bu, hər bir ölkənin ümumi inkişafını göstərən amildir. Uşaq ölümü azalır. Əfsuslar olsun ki, bu göstərici hələ lazımi səviyyədə deyil, ancaq dinamika müsbətdir. Yeni gözəl xəstəxanaların, xüsusilə doğum şöbələrinin fəaliyyəti nəticəsində uşaq ölümü, ümumiyyətlə, dünyanın inkişaf etmiş ölkələrinin səviyyəsində olmalıdır".

Reallıq rəqəmləri dili ilə

Lerikdəki Uzunömürlülər Muzeyinin direktoru Dilarə Fətullayeva da müasir dövrdə Azərbaycanın cənubunda yerləşən Lerikdə yaşı 100-dən çox olan 20-dən artıq uzunömürlünün yaşadığını deyib. "İndi çoxsaylı ekoloji problemlər, qəbul edilən qidaların tərkibinin təmiz olmaması, həmçinin gərginlik və stressin çoxalması insanların ömrünün qısalmasına gətirir" deyə mütəxəssis bildirib. Onun sözlərinə görə, Lerikdən olan Şirəli Müslümov 169 il, onun həmyerlisi Mahmud Eyvazov isə 152 il ömür sürüblər. 152 il ömür sürmüş Eyvazov ömrünün axırınadək aktiv həyat tərzi keçirib, hər zaman əməklə məşğul olub.
Millət vəkili, Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə son açıqlamalarının birində bildirib ki, əvvəllər insanlar doğulduqları kənddən kənara çıxmırdılar, təbiətlə əlaqələri geniş idi: "Zaman-zaman insanın təbiətdən uzaqlaşması, texnologiyaların inkişafı ilə əlaqədar olaraq, insanların ömürləri də əvvəlki dövrlərlə müqayisədə qısalmağa başladı". Uzunömürlülükdə genetik faktorun rolunu vurğulayan millət vəkilinin sözlərinə görə, elə nəsillər var, onların nümayəndələri 100 ildən artıq yaşayırlar. Sonradan bu nəsillər digərləri ilə qarışdığından, insanların ömürlərində qısalma müşahidə olunur. Komitə sədri deyib ki, Azərbaycanda insanların orta ömür həddi son bir neçə ildə 8 ay artaraq 72,8 il təşkil edib. Almaniya və Yaponiyada orta yaş həddinin 80-ə yaxın olduğunu deyən millət vəkili bildirib ki, orta yaş həddini artırmaq üçün insanlar həyatlarını hərəkətli etməli, passiv həyat tərzindən uzaqlaşmalıdırlar.
AMEA-nın Fiziologiya İnstitutunun uzunömürlülük fiziologiyası laboratoriyasının aparıcı elmi işçisi Sevinc Hüseynova da məsələyə münasibət bildirib. O, açıqlamasında uzunömürlülüyün Azərbaycan xalqının genində olduğunu vurğulayıb. Onun fikrincə, uzunömürlülük üçün qidalanmanın, havanın və suyun xüsusi əhəmiyyəti var. Mütəxəssis uzunömürlülüklə bağlı Azərbaycanın şimal-qərbində, cənubunda və Abşeronda tədqiqatlar apardıqlarını bildirib və qeyd edib ki, aktiv uzunömürlülər - yaşı 100-ü keçənlər daha çox cənub zonasında qeydə alınıblar. Bu zonada yaşı 100-115 olan insanlara daha çox rast gəlinir. "Bu regionda yaşayan uzunömürlülər aktiv həyat tərzi keçirənlərdir. Onların çox az hissəsində yüksək təzyiq var. Azərbaycanın şimal-qərbində isə yaşı 100-ü ötən yaşlılar yoxdur. Bu zonadakı üzunömürlülər 100 yaşadək yaşayırlar. Onlar arasında passiv olanlar, bu və ya digər xəstəlikdən əziyyət çəkənlər çoxdur", - mütəxəssis vurğulayıb. Hüseynova bildirib ki, ekologiya, stressiz həyat uzunömürlülük üçün əsas şərtdir. Rəsmi statistikaya əsasən, uzunömürlülərin sayına görə dünyada ən öndə gedən dövlət Yaponiya, sonra isə Skandinaviya ölkələrinin olduğunu deyən Hüseynovanın sözlərinə görə, həmin ölkələrdə uzunömürlülərə xüsusi qayğı var. 2004-cü ildə ölkə başçısı uzunömürlülərin pasportlaşması, onlara qayğı göstərilməsi haqda sərəncam verib.

1989-cu ildə Azərbaycanda 2639 uzunömürlü qeydə alınmışdı. Onlar arasında qadınlar kişilərdən bir neçə dəfə artıq olub. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2001-ci ildə uzunömürlülərin sayı 2307 nəfər olub. Hazırda onların sayı 2 min nəfərə qədərdir.

Son söz əvəzi:

Azərbaycan uzunömürlülər diyarıdır. Sözün hər bir mənasında bizdə insanın özü qədər insani dəyərlər də qədim tarixə malikdir. O dəyərlər ki, müasir dünya üçün örnək qismində qəbul edilir. Ulu öndər demişkən: "Mən fəxr edirəm ki, azərbaycanlıyam!"

Könül Aypara

O.M.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az