Ailə adət-ənənələrini yalançı vərdişlərdən ayırmaq lazımdır

Ailə adət-ənənələrini yalançı vərdişlərdən ayırmaq lazımdır
Milli dövlətçiliyimiz dəyərlərimizin saflığının və varlığının qorunub saxlanılmasına xidmət edir

Azərbaycan yeganə dövlətdir ki, ailə məsələləri ümumi siyasətinin prioritetini təşkil edir. Ölkəmizdə ailəyə xüsusi önəm verilir. Çünki ailə dövlətin kiçik modelidir. Təməli düzgün qoyulmuş ailələr isə immunitetli olur. Dövlətçilik ənənələri də, ailə dəyərləri kimi tarixi təkamül yolunda formalaşır. Bu və digər səbəblərdən deyə bilərik ki, dövlətlə ailə bir-birini tamamlayır, bir-biri ilə sıx bağlıdır. Heç təsadüfi deyil ki, ölkəmizdə "Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi" fəaliyyət göstərir. Komitənin əsas məqsədi vətəndaşları maarifləndirmək, cəmiyyətdə gender bərabərliyini təmin etmək, uşaq və qadın zorakılığına son qoymaq, qadınların maddi və sosial təminatını təşkil etmək, insan alverinin qarşısını almaq və sair. Göründüyü kimi, dövlətimiz əsrlərdən bəri formalaşmış adət-ənənələrimizin, həmçinin ailə dəyərlərimizin qorunub saxlanılmasına çalışır. Həmçinin tarixi təkamül yolunda formalaşmış stereotiplərin aradan qaldırılmasına hüquqi və sosial zəmin yaradır, milli-mənəvi dəyərlərimizi yad ünsürlərdən qorumaqla yanaşı həmçinin aşılayır. Çoxlarında belə bir sual yarana bilər ki, tarixin formalaşdırdığı toy adət-ənənələri niyə dəyişilməlidir, axı indiki dəyərlərdən daha mütərəqqidir? Gəlişigözəl kəlmələrdən, boğazdan yuxarı deyilmiş fikirlərdən uzaq olsaq, qətiyyətlə deyə bilərik ki, tarixin özü də malik olduğu ictimai-siyasi quruluşun təsiri ilə formalaşır. Bu halda söhbət adət-ənənələrin dəyişdirilməsindən deyil, ayrı-ayrı vərdişlərin unudulmasından gedir. Çünki hətta pis vərdiş də zaman-zaman adətə, təkrarlandıqda isə ənənəyə çevrilə bilər. Axı biz qeyd etdik ki, tarixi təkamül yolu ayrı-ayrı zamanlarda fərqli məcralara yönəlir. Əsas məsələ həqiqi milli-mənəvi dəyərlərə söykənərək onu tarix boyu qazanılmış süni vərdişlərdən azad etməkdir. Məsələn: İslam dövründən belə bir adət-ənənə qalıb ki, evlənəcək gənclər yalnız toy gecəsi tanış ola bilərlər. Bu absurd fikri təqdir edənlər niyyətlərini namus-qeyrət pərdəsi altında gizlədirlər. Eyni məntiq "başlıq parası" adlanan ticarət predmetinin yaranmasına səbəb olub ki, bu da müəyyən mənada məhəbbətin və qadınların hərraca çıxarılması deməkdir. Qohumlar arasında nikah ənənəsinin geniş yayılması da qapalı mühitin, insan haqlarına qoyulan məhdudiyyətin fəsadlarından biridir. Bu da bir çox hallarda dünyaya qeyri sağlam övladların gəlməsinə səbəb olur. Əlbəttə, dinimizin proqressiv cəhətləri həddən artıq çoxdur, lakin xurafat bu cür dəyərləri kölgədə qoyur. Acınacaqlı hal odur ki, müasir dövrdə əyalətlərimizdə hələ də həmin adət-ənənələr tətbiq olunur və milli-mənəvi dəyərlər kimi təqdim edilir. Bunun tam əksinə olaraq formalaşmış qoşulub-qaçmaq ənənəsi isə Sovet dövrünün "bərabərlik" ənənəsinin təzahürüdür. Böyük-kiçiyə, ailə dəyərlərinə məhəl qoymayan, bir-birinə qoşulub, diqqət-qayğıdan uzaq bir yerə qaçan gənclər, hətta səbəb məhəbbət olsa belə, sözsüz ki, bu qayğı və nəvazişdən məhrum olurlar. Belə demək olarsa, həyatlarını sıfırdan başlamaq məcburiyyətində qalırlar. Bu halda yad ünsürlərin təsirlərindən də sığortasız olurlar. Təəssüf ki, Respublikanın bir sıra bölgələrində elçiliklə qız almaq əvəzinə qaçırma yoluna üstünlük verilir. Belə hallar ya evlənmək istəyən gənclərin ailəsi izdivaca razı olmayanda baş verir, ya da qızın özü oğlana ərə getmək istəməyəndə onu zorla qaçırırlar. Bu ənənə indi də qalmaqdadır. Baxmayaraq ki, Azərbaycan qanunvericiliyinə görə, qız qaçırma adam oğurluğu hesab edilir. Ölkəmizin bəzi regionlardakı adət-ənənəyə görə, qızı zorla qaçırılan ailə milli mentaliteti əsas tutub hüquq-mühafizə orqanlarına şikayət etmir. Sadəcə, qızı qaçırılan ata-ana bir neçə gün bu olaya sərt münasibət göstərir, el ağsaqqallarının məsələyə müdaxiləsindən sonra ara sakitləşir. Amma elə bölgələr də var ki, orada qız qaçırılmasına sərt münasibət var və belə hadisə hətta arada düşmənçiliyə, adam öldürülməsinə səbəb ola bilir. Araşdırmalar göstərir ki, keçmişdə çox vaxt qızın ailəsinin oğlan evindən tələb etdiyi yüksək məbləğdə "başlıq pulu"nun ödənməməsi üzündən qız qaçırmaya əl atılırdı. İndi isə ya qızın ata-anası razı olmayanda, ya da onun özü oğlanı istəməyəndə qaçırılma yoluna əl atırlar. Ümumilikdə Azərbaycan cəmiyyətində qadının iradəsinə zidd olaraq onun evlənmək məqsədilə qaçırılmasına pis münasibət var. Qeyd edək ki, Cinayət Məcələsinin 144-cü maddəsinin 1-ci bəndinə əsasən, hətta evlənmək məqsədilə qız qaçıran şəxsləri 5 ildən 12-ilə qədər həbs cəzası gözləyir. 144.2-ci maddə isə əgər olay tamah məqsədilə törədilibsə, 8 ildən 12 ilədək cəza nəzərdə tutur. 144.3-cü maddəyə görə, olay zərərçəkənin ölümü ilə nəticələndiyi halda, əməli törədən şəxs 10 ildən 15 ilə qədər müddətə azadlıqdan məhrum olunur. Hüquqşünaslar deyirlər ki, əslində əgər qız nikah yaşına, yəni 17 yaşına çatmayıbsa və məcburi qaçırılırsa, bu, adam oğurluğuna bərabərdir. Ekspertlərin sözlərinə görə, insana mənəvi, psixi təsir göstərilirsə, təbii ki, bu oğurluqdur. Ancaq nikah yaşı tamam olan qız öz istəyi ilə gedirsə, bu zaman cinayət işi açılmır.

"Təzə Pir" məscidinin axundu Hacı Faiz deyir ki, qızın qoşulub qaçması dində qadağan edilir: "İslam nöqteyi-nəzərindən qızın məcburi qaçırılması günahdır. Ancaq adət-ənənə də var. Bəzən olur ki, ata-ana razı olmur, ya da müəyyən problemlərə görə qoşulub qaçırlar. Ümumiyyətlə, kəbinsiz qızın başqa oğlanın evində qalması böyük günah sayılır. Hətta bəzən toy olur, qız 2-3 aylıq hamilə olanda kəbin kəsdirirlər. Bu, İslamda haram hesab edilir. Bütün bunun günahı ilk növbədə valideynlərin boynunda qalır. Çünki cavanların bir az ağlı kəsmir, riskə gedirlər".
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, yenicə başa vurduğumuz 2012-ci ildə evlənmək məqsədilə ilə yetkinlik yaşına çatmayan qızların qaçırılması halları 6 dəfə baş verib. Yəni 6 dəfə 17 yaşına çatmayan qızlar zorla qaçırılıblar. Komitədən onu da bildiriblər ki, 2012-ci ildə 18 yaşından yuxarı olan qızların qaçırılması ilə bağlı da 10 hadisə baş verib.

Son söz əvəzi: Sizə təqdim olunan mövzu aktual olduğundan onu bir yazıda araşdırıb bitirmək mümkün deyil. Belə ki, bir tərəfdə adət-ənənələr, bir tərəfdə bu ənənələr qismində təqdim olunan yalançı vərdişlər, digər tərəfdə isə müasir dünya qanunları durur. O qanunlar ki, təməl prinsiplərini insan hüquqları, əsasən də qadın və uşaq hüquqları təşkil edir. Göründüyü kimi, müasir dünyada bütün dəyərlər sivil qanunlarla tənzim olunur. Real vəziyyəti nəzərə alan Azərbaycan dövlətçiliyi milli-mənəvi dəyərləri müasir qanun və hüquqi aktlarla çox düzgün tənzim edir və bu yol milli-mənəvi kimliyimizin qorunmasına xidmət edir. Dərindən düşünsək, görərik ki, Azərbaycan xalqının milli-mənəvi dəyərlərində böyüyə hörmət, kiçiyə rəğbət, qarşı cinsə məhəbbət, bir sözlə, insan hüquqlarının təməl prinsipləri durur. Yerdə qalan süni vərdişlər isə təbii olaraq zaman kəsiyində aradan qaldırılacaq...

Könül Aypara

O.M.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az