Uşaq bu günün sabahıdır, sabahınız xeyir olsun!

Uşaq bu günün sabahıdır, sabahınız xeyir olsun!
Zamanın yaşatdığı, zamanları yaşadan yeganə varlıq – ailə

Üçü birində

Ulu Tanrı həyatı 3 zamanda mövcud edib: keçmiş, indiki və gələcək zamanlarda. Ailə yeganə varlıqdır ki, hər üç zamanı, daha dəqiq desək, bu zamanın nümayəndələrini bir arada toplayır. Tanrının hökmü ilə nənə ilə baba valideynlərlə birlikdə övladların tərbiyəsində birbaşa iştirak edir, yəni keçmişdən gələcəyə körpü salırlar. Bu zaman əsrlər boyu formalaşmış, nəsildən nəslə ötürülmüş adət-ənənələr, yüksək mənəvi dəyərlər yaşayır, yaşadır və gələcəyə ötürülür. Bəlkə elə buna görədir ki, Yaradanın hökmü ilə ailə müqəddəs sayılır. Başqa sözlə desək, evlənmək, ailə qurmaq, nəsil artırmaq, ruzi-bərəkət gətirmək insanın Yaradanına ibadətidir. Şükür məsləhətinə!

Göründüyü kimi, övlad zaman zəncirində sonuncu halqadır. O, indiki zamanı gələcəklə birləşdirir. Deməli, ailənin möhkəm olması, maddi və mənəvi dəyərlərin qorunub saxlanılması üçün övlad düzgün yetişdirilməlidir. Əks təqdirdə, keçmişdən gələn həyat bu gündə bitəcək. Bu isə ailənin, cəmiyyətin, dövlətin, bir sözlə, həyatın sonu deməkdir. Odur ki, övladlara verilən düzgün tərbiyə taleyüklü məsələlərin ən başlıcalarından biridir. Bütün bunları və digər amilləri nəzərə alaraq, ailə məsələləri kontekstində bugünkü yazını qismən övlad tərbiyəsinə həsr edirik.

Sabahın inşası

Qanun-qaydaya sövq edilməyən uşaq azadlığın mahiyyətini dərk edə bilməz. Təəssüf ki, bəzi valideynlər qanunları azadlıq hissinə zidd hesab edirlər. Onlar uşaq üçün çərçivəsiz bir mühit yaradırlar. Çərçivəsiz mühitdə yaşayan uşaq valideynin diqqət və sevgisini dəyərləndirə bilməyəcək. Bu isə böyük faciədir. Qayda-qanunsuz mühitdə yaşayan uşaq özünü idarə edə bilmir və öz ətrafına dağıdıcı münasibət göstərir. Bu tip uşaqlar cinayətə, vəhşiliyə daha çox meyli olur. Fitrətən mərhəmətli olan bir varlıq yanlış tərbiyə nəticəsində amansızlaşa bilər.
Bəzən elə adamlarla rastlaşırıq ki, uşaqlığını tam azad mühitdə keçirdiyindən gələcəyini təyin etmək qabiliyyətini itirir. Onlar valideynin əvəzinə özləri üçün qanunlar tətbiq etmiş və bu yetərsiz qanunların nəticəsində yaradıcılıq istedadından məhrum olmuşlar. Göründüyü kimi, tənbeh xoşagəlməz olsa da, bəzi şəraitlərdə zəruridir. Əgər valideyn körpəni pis vərdişlərdən xoşluqla çəkindirə bilmirsə, demək, tənbehdən istifadə etməlidir. Amma tənbeh və tərbiyə ayrı-ayrı məfhumlardır. Tərbiyə qayda-qanunlarla tanışlıqdırsa, tənbeh itaətsizliyə görə verilən cəzadır. Tənbeh tərbiyəni, tərbiyə isə tənbehi əvəz edə bilməz. Əgər valideyn uşağa tənbeh barədə xəbərdarlıq edibsə, tənbeh etməyə hazır olmalıdır. Bəzi valideynlər uşağı tənbehlə qorxutmaqda həddi aşırlar. Bu iş tövsiyə olunmur. Əgər belə etsəniz, sabit qayda-qanunları zəiflətmiş olacaqsınız. Əgər tənbeh etmək fikriniz yoxdursa, bu barədə danışmamağınız yaxşıdır. Tənbehlə qorxudub, onu yerinə yetirməyəcəksinizsə, uşağın pis işini görməməzliyə vurmağınız daha yaxşıdır. Dəyərli valideyn olmaq üçün düşünülməmiş hərəkətlərdən və bu hərəkətlərin uğursuz nəticələrindən çəkinilməlidir. Bəs övlad üçün konkret tənbeh ölçüləri mövcuddurmu? Buraxılmış səhvə görə tənbeh həmin səhvə uyğun olmalıdır. Yalnız səhər dişini fırçalamadığı üçün uşağı həvəslə gözlədiyi futbol müsabiqəsindən məhrum etmək düzgün deyil. Axı diş yumaqla futbol arasında nə əlaqə var? Əslində, uşağın öz dişini fırçalamaması ciddi tənbehə layiq deyil. Ən yaxşı yol budur ki, uşağın öz dişini yumasında şəxsən iştirak edilməlidir. Demək, tənbeh həm keyfiyyət, həm də kəmiyyət baxımından buraxılmış nöqsana uyğun olmalıdır. Ağır tənbeh nəticəsində uşaq öyrənə biləcəyi bir işin qarşısında aciz qala bilər. Əgər uşaq tənbehi özünə qarşı zülm kimi qəbul edərsə, narahat olmalı, ona tənbehin əhəmiyyətini anlatmağa çalışılmalıdır. Lakin mülayim tənbehlər daha təsirlidir. Müşahidələrdən məlum olur ki, çox ağır tənbehin nəticəsində uşaq bir də pis vəziyyətə düşməmək üçün yol axtarır. Məsələn: sinifdə qızları incitmiş bir oğlanı müəllim məcbur etmişdi ki, beş yüz dəfə "mən daha qızları incitməyəcəyəm" sözlərini yazsın. Bu oğlanla aparılan söhbətlərdən məlum oldu ki, onun qızlara qarşı yox, müəllimə qarşı rəftarı dəyişib. O qərara gəlmişdi ki, qızları xəlvətdə incitsin. Bu oğlan qızlara qarşı pis münasibətin mahiyyətini anlamamışdı. Əgər sizin uşaq hansısa bir pis işi dəfələrlə təkrarlayırsa, ona işin mahiyyətini anlatmağa çalışılmalıdır. Nəzərinə çatdırılmalıdır ki, bu işə görə tənbeh olunacaq. Ona bildirin ki, necə tənbeh olunacağı haqqında birgə qərar çıxarılacaq. Uşağın özündən soruşun ki, o hansı tənbehə layiqdir. İnanın ki, onun təklif etdiyi tənbeh üsulu öz ağırlığı ilə sizi təəccübləndirəcək. Bu üsuldan istifadə edən bir valideynə uşaq belə təkliflər etmişdi: "Mənə üç həftə yemək vermə"; "Bir il dostlarımla görüşməyə icazə vermə..." Sizin öz övladınızla tənbeh barədə məsləhətləşməyiniz onun tənbehini yüngülləşdirir. Bu üsulun tətbiqi nəticəsində siz ədalətli hakim olaraq qalırsınız. Tənbeh uşağın tərbiyəsində o vaxt təsirli olur ki, valideyn vəziyyəti nəzarət altında saxlaya bilsin. Amma öz məhəbbətinizi də əsirgəməməlisiniz. Övlad hiss etməlidir ki, onun düşüncələri nəzərə alınır. Tənbeh növü seçilərkən uşağın hissləri nəzərə alınmazsa, görülən iş mənfi nəticələrə səbəb ola bilər. Məsələn, əksər valideynlər uşaqlarına otaqlarını səliqə-sahmana saldırmağı başa sala bilmirlər. Hansı ki, söhbət otağın tamamilə təmizlənməsindən yox, qismən yığışdırılmasından gedir. Uşaq paltarlarını hara gəldi atmamalıdır. Əgər valideyn elan etsə ki, paltarı yerə atılan övlad ev işlərində on beş dəqiqə kömək etməli olacaq, uşaq öz nöqsanını aradan qaldırmağa çalışar. Valideyn edə bilər ki, xəcalətli bir görkəmdə uşağa desin: "Bütün yollar səmərə vermədiyindən səni tənbeh etməyə məcburam və bu sonuncu yoldur." Tənbehə sövq edən rəftar haqqındakı əvvəlki xatırlatma çox əhəmiyyətlidir. Bu xəbərdarlıq ona seçim şansı verir. O, öz rəftarını dəyişməklə tənbehin qarşısını ala bilər. Sadə dildə desək, onun arxasına sillə vurmazdan qabaq ona xəbərdarlıq edin. Ona rəftarını dəyişməklə sillənin qarşısını almaq imkanı verməlisiniz. Bu halda rəftarını dəyişməyən uşaq onu nə gözlədiyini qabaqcadan bilir. Yadınızda saxlayın ki, bu sillə ağrıdıcı olmamalıdır. Ona gücünüzü göstərməyiniz yetər. Uşağın bu kiçik sillədən sonra şiddətlə ağlamasına heyrət etməyin.

Həyati misal

Qəzet müxbiri tibdə yeni ixtira etmiş alimdən, "siz bu ixtiranız üçün ən çox kimə borclusunuz" - deyə soruşur. Alim bu suala: "Anama", - deyə cavab verərək əlavə edir: "Uşaq vaxtı soyuducudan süd götürmək istəyəndə şüşə əlimdən sürüşüb düşmüşdü. Hər tərəf süd gölünə çevrilmişdi. Anam mətbəxə gəlib məni cəzalandırmaq əvəzinə: "Nə gözəl bir iş görmüsən. Əvvəllər heç belə süd gölü görməmişdim. İndi yəqin ki, südü təmizləməzdən əvvəl onunla oynamaq istəyəcəksən", - dedi. Sonra mən də, anam da yerə tökülən südlə oynadıq.
Bir azdan anam: "Artıq südü təmizləmək vaxtıdır. De görüm, südü nə ilə təmizləmək istəyirsən? Süngərdən istifadə edək, yoxsa parçadan?" - deyə soruşdu. Mən süngəri seçdim və birlikdə yerə tökülən südü təmizlədik. Sonra anam: "Bilirsən, sən südlə dolu şüşəni qaldıra bilmədiyin üçün bu hadisə baş verdi. İndi birlikdə həyətə gedək və şüşəni su ilə doldurub-götürməyi öyrənək". Bu hadisə mənim üçün böyük bir dərs oldu. Bundan sonra səhv etsəm də, qorxmadım. Əksinə, hər bir səhvin yeni bir şey öyrənmək üçün gözəl bir fürsət olduğunu anladım. Əslində, elmi təcrübələrdə də belədir. Bir təcrübədə uğursuzluğa məruz qalırsan, ancaq əvəzində o təcrübədən çox qiymətli məlumatlar əldə edirsən".

Son söz əvəzi:

Övlad böyüyür. Onun daxilində bizim verdiyimiz tərbiyə də böyüyür. Gəlin birlikdə sevgini, mərhəməti, ləyaqəti, isməti və bu kimi insani keyfiyyətləri böyüdək. Axı övlad bizim sabahımızdır. Sabahınız xeyir olsun!

Nərmin Hüseynova

O.M.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az