KİV DF Novruz Bayramı münasibətilə tədbir keçirdi

KİV DF Novruz Bayramı münasibətilə tədbir keçirdi
"Azərbaycan mediası Azərbaycan dövlətinin təəssübünü çəkir, maraqlarını müdafiə edir"

Martın 16-da "Altun saray" restoranında Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Novruz Bayramı münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsində birinci yerə layiq görülmüş media nümayəndələrinin mükafatlandırılmasına və Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə dövlət və hökumət təmsilçiləri, Milli Məclisin deputatları, ölkədə fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri, aparıcı yerli və xarici kütləvi informasiya vasitələrinin rəhbərləri və müsabiqədə qalib olmuş jurnalistlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Fondun icraçı direktoru Vüqar Səfərli qonaqları və media təmsilçilərini salamlayaraq, əlamətdar bayramlar ərəfəsinə təsadüf edən belə görüşlərin xoş ənənə halını aldığını bildirib. Ölkə rəhbərliyinin mediaya yüksək diqqət və qayğısından söz açan icraçı direktor bunun nəticəsi kimi Fondun son illərdə mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, kütləvi informasiya vasitələri ilə mərkəzi və yerli icra hakimiyyəti orqanları arasında münasibətlərin genişləndirilməsi, habelə mətbuat və teleradio məkanında ədəbi dilin qorunması məqsədilə həyata keçirdiyi çoxsaylı layihələr barədə məlumat verib. Fondun artıq 8 ildir ki, fəaliyyət göstərdiyini söyləyən icraçı direktor bildirib ki, Novruz bayramı münasibətilə elan edilmiş müsabiqəyə 2017-ci il yanvarın 25-dən martın 7-dək, 71 kütləvi informasiya vasitəsindən 158 yazı təqdim edilib. Hər yazı 3 ekspert tərəfindən qiymətləndirilib. 15 nəfər jurnalist I yerə, 30 nəfər jurnalist II yerə, 45 nəfər jurnalist isə III yerə layiq görülüb. Ümumilikdə, müsabiqə iştirakçılarından 90 nəfərin mükafatçı olduğunu bildirən Vüqar Səfərli I yer üçün 500 manat olmaqla 1, II yer üçün 400 manat olmaqla 2, III yer üçün 300 manat olmaqla 3 mükafatın nəzərdə tutulduğunu qeyd edib: "Biz bu gün burada 1-ci yerin qaliblərini mükafatlandıracağıq. Qalibləri təbrik edirəm, qalib olmayanlara xoş istirahət arzulayıram".

Tədbirdə çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev bildirib ki, bu gün Azərbaycan jurnalistikasının missiyası daha əhəmiyyətlidir: "Çünki Azərbaycan jurnalistikası bu gün daha güclüdür, onun fəaliyyəti daha genişdir. Bunun bir çox səbəbləri var. Bunun ilk növbədə səbəbi odur ki, əsası Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması, kütləvi informasiya vasitələrinin müstəqilliyinin təmin edilməsi, Azərbaycanda mediaya dövlət dəstəyi siyasəti bu gün Azərbaycan prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Bu gun Azərbaycan mediası heç bir tarixi mərhələdə olmadığı qədər dövlətin dəstəyini, diqqətini və qayğısını hiss edir. Bu gün Azərbaycanda yüzlərlə qəzet və jurnal, internet informasiya resursu, onlarla elektron kütləvi informasiya vasitəsi, televiziya, jurnalist təşkilatları geniş fəaliyyət göstərir. Bu gün Azərbaycan mediası qlobal informasiya şəbəkəsinin layiqli üzvünə çevrilərək, Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır. Azərbaycan mediası Azərbaycan dövlətinin təəssübünü çəkir, maraqlarını müdafiə edir".

Deputat Fəttah Heydərov da çıxış edərək, qalibləri təbrik edib.

Tədbirin sonunda Novruz Bayramının adət-ənənəsinə uyğun olaraq, iclas iştirakçıları arasında yumurta döyüşü keçirilib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az