ABŞ Rusiya təhlükəsinə qarşı Ukraynanı silahlandırır

ABŞ Rusiya təhlükəsinə qarşı Ukraynanı silahlandırır

ABŞ yaxın həftələrdə Ukraynaya hərbi yardımların növbəti və daha iri partiyasını göndərəcək. Bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi dövlət katibi Entoni Blinkenin Avropa səfərini mediaya şərh edərkən deyib.

Mediainfo.az xəbər verir ki, Entoni Blinkenin yanvarın 19-dan başlanan Avropa səfərinə Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə, Berlində Almaniya, Fransa, Böyük Britaniya rəsmiləri ilə görüşlər daxildir.

Blinken Avropa səfərini yanvarın 21-i Cenevrdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla keçirəcəyi görüşlə yekunlaşdırmağı planlaşdırır.

Novator.az-ın məlumatına görə, ABŞ Dövlət Departamentinin nümayəndəsi mediaya açıqlamasında deyib ki, səfərdə məqsəd Rusiya ilə Ukrayna arasında yaranmış gərginliyin diplomatik yolla həllinə nail olmaqdır.

Eyni zamanda Dövlət Departamentinin rəsmisi qeyd edib ki, diplomatik cəhdlər nəticə verməsə, Rusiya Ukraynaya qoşun yeritsə, onda Vaşinqton NATO-nun şərq cinahını möhkəmləndirmək variantını da nəzərdən keçirir.

Ukraynaya hərbi yardım edilməsinə gəlincə, Dövlət Departamentinin nümayəndəsi vurğulayıb: “ABŞ daima Ukraynaya hərbi yardım edir. 2021-ci ildə biz Ukraynaya 2014-cü ildən bəri ən böyük hərbi yardımımızı çatdırmışıq. Bu ölkənin müdafiəsi üçün yardımlarımız davam edir. Yaxın həftələrdə daha iri həcmdə hərbi yardımlar göndərəcəyik. Rusiya Ukraynaya qoşun yeritsə, biz indi nəzərdə tutduqlarımızla yanaşı, əlavə hərbi yardımların da çatdırılmasını təmin edəcəyik”.

Bu günlərdə CNN kanalı xəbər yayıb ki, Ağ ev Ukraynaya 200 milyon dollar dəyərində hərbi yardım göstərilməsi haqda məxfi qərar qəbul edib. Kanalın əldə etdiyi məlumata görə, qərar 2021-ci ilin dekabrında verilib və Ağ ev bu barədə Konqresi, bəzi rəsmi şəxsləri 2022-ci ilin əvvəllərində, həm də məxfi qaydada, səssizcə məlumatlandırıb.

CNN onu da qeyd edib ki, əvvəllər ABŞ Ukraynaya göstərdiyi hərbi yardımları ictimaiyyətdən, mediadan gizlətməyib. Lakin 2021-ci ilin dekabrında – Kiyevin yenidən Moskvanın təhdidi ilə üz-üzə qaldığı bir dövrdə ABŞ administrasiyası Ukraynaya 200 milyon dollar dəyərində hərbi yardım göndərmək qərarına gəldiyini gizli saxlamaq yolunu tutub. CNN kanalı üzə çıxardığı məlumata ABŞ rəsmilərindən şərh ala bilməyib.

Kanal vurğulayıb ki, 200 milyon dollarlıq hərbi yardımın Ukraynaya göndərilməsi xeyli vaxt aparacaq, çünki ötən ilin yayında Ukraynaya ayrılmış 60 milyon dollarlıq hərbi yardıma daxil olan silah-sursatın və digər vasitələrin təyinat yerinə çatdırılması hələ indi-indi yekunlaşır.

2014-cü ilin fevralında Ukraynada hakimiyyət xalq üsyanı ilə dəyişəndən, Rusiyanın adamlarını Qərbə yaxın qüvvələr əvəzləyəndən sonra rus ordusu Ukraynanın Krım yarımadasını zəbt edib. Rusiya Krımı ilhaq etməklə bərabər Donbasda iki separatçı rejimin əli ilə Ukraynanın bu bölgəsinin də bir hissəsini işğal altına alıb.

2021-ci ilin yazında Rusiya Ukrayna sərhədinə xeyli qoşun yığıb, yeni müharibə təhlükəsi yaranıb. Az sonra Rusiya qoşunlarının bir hissəsini geri çəkib. Lakin ilin sonlarına yaxın Rusiya yenidən Ukrayna sərhədi boyunca qoşun, hərbi texnika cəmləyib. Bütün bunlar Rusiyanın Ukrayna torpağına növbəti hərbi hücuma hazırlaşdığı istiqamətində ehtimallar doğurub.

2021-ci ilin dekabr ayının 17-də Rusiya ABŞ-dan və NATO-dan Ukraynanın NATO-ya qəbul edilməyəcəyi, keçmiş sovet respublikaları ərazisində hərbi bazalar yaradılmayacağı barədə rəsmi zəmanət istəyib. 2022-ci il yanvarın 10-13-də Cenevrə, Brüssel və Vyana şəhərlərində Rusiya ilə aparılan danışıqlarda ABŞ və NATO bu tələbi rədd edib.

Çox oxunan xəbərlər
Elan
Son xəbərlər

2022.05.27

2022.05.26

2022.05.25

2022.05.24

2022.05.23

2022.05.22

2022.05.21

2022.05.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2022 (c) Mediainfo.az