Qarabağ üçün Rusiya-Brüssel qarşıdurması QIZIŞIR - Tətiyi ilk kim çəkəcək?

Qarabağ üçün Rusiya-Brüssel qarşıdurması QIZIŞIR - Tətiyi ilk kim çəkəcək?

İki ölkə liderinin Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin iştirakı ilə aprelin 6-da əldə etdiyi razılaşmaya əsasən, Ermənistan və Azərbaycan ayın sonunda (aprelin 29-dək) sülh sazişi və sərhədlərin delimitasiyası ilə bağlı mətnin hazırlanması üçün işçi qrup yaratmalı idilər. Məlum olduğu kimi, Azərbaycan operativ şəkildə işçi qrupu yaratdı və bu barədə Prezident İlham Əliyev aprelin 23-də telefon danışığı zamanı Şarl Mişelə də məlumat verdi.

Brüssel görüşünün ikinci raundundan sonra Ermənistanla Azərbaycan arasında növbəti görüşlərin də uğurla keçəcəyini gözləyənlərin, bu məsələdə pozitiv gələcək barədə düşünənlərin sayı xeyli artmışdı. Amma nə fayda? Bu ümidlərin ömrü Brüsseldə razılaşdırılan məsələlərin icrası ilə bağlı təyin edilən vaxtın yetişməsinə qədər oldu. Məlum oldu ki, İrəvan Avropa İttifaqının vasitəçiliyi ilə Bakı ilə ikitərəfli görüşlərdə əldə olunan razılıqların əldə olunması məsələsində yenə ciddi deyil.

Rəsmi Bakı erməni tərəfinin çaşqınlığını Ermənistanda baş verən xaos durum, Paşinyan əleyhdarlarının etiraz aksiyalarının təsiri ilə əlaqələndirərək, məsələyə təmkinlə yanaşdı. Amma aprelin 19-da baş nazir Paşinyanın Moskvaya səfərindən sonra belə bir fikir yarandı ki, Azərbaycan və Ermənistan arasındakı Brüssel danışıqları Kremldə ciddi narazılığa səbəb olub, qıcıq yaradıb.

Prezident İlham Əliyev son çıxışlarında xüsusilə dəfələrlə bəyan edir ki, Ermənistanla birbaşa danışıqlar ideyasını alqışlayır və bu prosesdə neytral və qərəzsiz vasitəçilərin iştirakına etiraz etmir. Çünki rəsmi Bakı da Aİ kimi gördü ki, Ermənistanla keçirilən ikitərəfli görüşdə dil tapmaq, razılığa gəlmək daha çox mümkündür.

Lakin Paşinyanın Moskva səfərindən sonra rəsmi İrəvan Ermənistan-Azərbaycan sərhədində aprelin 29-na planlaşdırılan görüşü qəfil ləğv edir və bundan sonra mayın 7-11- də baş tutmalı olan ikinci belə görüşün keçirilməsi də növbəti dəfə təxirə salınır.

Son müşahidələr deməyə əsas verir ki, təəssüf ki, Ermənistan tərəfi nəinki sülh dialoqunun başlanmasına məsuliyyətlə yanaşmır, eyni zamanda həyasızcasına danışıqlar prosesini deaktivləşdirmək, onu pozmaq məqsədilə əlindən gələni əsirgəmir. Təbii ki, bu sifarişin kimdən, hansı qüvvələr tərəfindən gəldiyi Azərbaycanı maraqlandırmır. İrəvan verdiyi sözə sahib çıxıb, sülh yolunda lazımı addımı atmalıdır.

Əslində Ermənistan anlamır ki, bu cür spekulyativ qərarlarla Bakının əlini gücləndirir, onun istəyinə güc yolu ilə nail olmaq üçün imkanlarını bir az da genişləndirir. Elə bunun təsdiqi kimi Nikol Paşinyanın Brüsseldə verdiyi vədə xilaf çıxmasının ardından bu günlərdə Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan həmişə öz öhdəliklərinə sadiq olub: "Əgər biz Avropa İttifaqı Şurasının sədrinin iştirakı ilə aprelin sonuna qədər görüşməyə hazır olacağımıza söz vermişdiksə, deməli, buna hazır idik. Amma biz Ermənistan tərəfdən də eyni məsuliyyətli münasibəti görməliyik". Dövlət başçısı bu çıxışı ilə Qərbə İrəvanın yalançı, vədinə əməl etməyən, ikiüzlü imicini bir az da ətraflı təsəvvür etmək üçün düşünmək fürsəti verdi.

Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri arasında üçtərəfli danışıqlardan və MDB xarici işlər nazirlərinin Düşənbədə keçirilən iclası çərçivəsində Sergey Lavrovla ayrıca söhbətdən sonra Ararat Mirzoyan TASS müxbirinə açıqlamasında bildirib ki, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası üzrə işçi qrupunun ilk iclası mayın 17-də Moskvada keçiriləcək və orada tərəflər arasında sülh danışıqlarına başlayacaq.

Əslində Mirzoyanın bu qəfil bəyanatı çaşqınlığa səbəb oldu desək yanılmarıq, çünki Düşənbədə keçirilən üçtərəfli görüşdə belə razılığa gəlindiyi barədə hər hansı bir başqa rəsmi məlumata rast gəlinmir. Bəs o zaman niyə erməni diplomatiyasının şefi, yumşaq desək, reallığa uyğun gəlməyən məlumatları səsləndirdi? Çox güman ki, onun bu addımı Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrovun göstərişinə əsasən İrəvanın Bakı ilə sülh danışıqlarına hazır olmasını imitasiya etmək məqsədi daşıyır.

Mirzoyanın Moskvada elan etdiyi görüş baş tutmayınca isə səbəbini bir diplomata yaraşmayacaq şəkildə izah edib: "Sizi əmin edə bilərəm ki, biz bu görüşün təşkili ilə bağlı müzakirələrimizi davam etdirəcəyik. Bəzi texniki detallar var ki, tərəflər razılaşmalıdırlar. Və ümid edirəm ki, yaxın günlərdə və ya həftələrdə bu görüş nəhayət baş tutacaq". İrəvanın bu qərarsız, arada qalma kimi halı Bakı qədər artıq Qərbi də narahat etməyə başlayır.

İki gün əvvəl, mayın 18-də Brüsseldə Aİ-Ermənistan Tərəfdaşlıq Şurasının iclasında iştirak edən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, rəsmi İrəvan sülh müqaviləsi üzrə danışıqların ATƏT-in Minsk qrupunun, həmsədrlərin mandatının çərçivəsində aparılmasını istəyir: "Biz hələ ki bu təkliflərə Azərbaycandan müsbət cavab almamışıq. Amma bütün səylər göstərilir ki, bu danışıqlar mümkün olsun".

Əslində Mirzoyan bu açıqlaması ilə Avropaya Ermənistanın məsələnin sülh danışıqları ilə yekunlaşması üçün variantlar axtardığı təəssüratı yaratmağa çalışır. Amma "Misnk Qrupu formatı" deməklə Bakını danışıqların bu formada davamından imtina etməsinə, İrəvanın növbəti dəfə vaxt udması üçün şərait yaranmasına heablanıb. Çünki Ermənistan da, Qərb də, Rusiya da Bakının bu məsələdəki mövqeyini çox yaxşı bilir. Ermənistan unudur ki, onun bu oyununu artıq Qərbdə də çox yaxşı anlayırlar və daha həzm etmək fikrində deyillər.

Buna misal olaraq ABŞ-nin Ermənistandakı səfiri Linn Treysi Qarabağdakı ermənilərin gələcəyi ilə bağlı açıqlamasında bildirib ki, "Xalqların öz müqəddəratını təyin etmək hüququ əsas amildir, lakin bu, hərtərəfli sülhə nail olmaq üçün yeganə beynəlxalq səviyyədə qəbul edilmiş prinsip deyil". Hər zaman ermənipərəst bəyanatları ilə diqqət çəkən amerikalı diplomat belə bir fikir səsləndirməklə əslində Ermənistanın "Qarabağın statusu" ilə bağlı tələblərinə öz ölkəsi adından etiraz edərək "artıq dur, sənin Azərbaycanın şərtlərini qəbul edərək sülh sazişi imzalamaqdan başqa yolun qalmayıb" mesajı vermiş oldu.

Amma görünür Ermənistana Moskvadan elə bir təminat verilib ki, İrəvan bu səbəbdən Kremldən gələn tapşırıqlara uyğun addım atmaq variantını məqbul hesab edir.

Çünki Ermənistan tərəfindən Brüssel razılaşmasındakı prosesin bu qədər uzadılması üçün Ermənistanın özünün nə cəsarəti, nə də gücü var. Əslində bu məsələyə aydınlıq gətirmək üçün Rusiya XİN rəhbərinin sözçüsü Mariya Zaxarovanın son açıqlamasına diqqət etmək lazımdır.

Zaxarova bu açıqlamada bildirir ki, "sərhəddə insidentlərin qarşısını almaq üçün delimitasiya üzrə komissiyanın işə başlaması lazımdır və bu komissiyanın tərkibində "təmas qrupu" kimi etimad mexanizmləri yaradıla bilər". Buradan belə nəticə çıxır ki, rəsmi Moskva delimitasiya prosesində praktiki olaraq birbaşa iştirak etmək haqqı əldə edərək, sərhəddə baş verə biləcək mümkün toqquşmalara müdaxilə imkanı qazanmaq niyyətindədir. Belə bir mexanizmin toqquşmaların qarşısını almaqla yanaşı, Bakının prosesi dondurmağa çalışan İrəvana qarşı məcburetmə addımlarına da mane ola bilər. Biz "təmas qrupu"nu keçmiş Qarabağ münaqişəsi dövründə təklif edilən "atəşkəsə nəzarət mexanizmi"nin başqa forması kimi təsəvvür etsək, o zaman Bakı üçün heç də arzuolunmayan məsələlərin şahidi olacağımız istisna edilmir.

Mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Aİ Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşün keçiriləcəyi ilə bağlı məlumat isə Qərblə Moskva arasında vasitəçilik uğrunda mübarizənin qızışdığından xəbər verir. Bu görüşü nəticə verəcəyi gözlənilən "ikinci raund"dan sonra Qərbin və ABŞ-ın bu məsələdə Ermənistanı Rusiyanın orbitindən kənarlaşdırmaq üçün növbəti cəhdi kimi də adlandırmaq olar. Bunu Ukrayna-Rusiya müharibəsinin ikinci forması da adlandırmaq olar.

Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın uğurla inkişaf etdiyini, bir çox sahələrdə qarşılıqlı sərfəli əməkdaşlıq mühitini formalaşdığını, Azərbaycanla Aİ arasında yeni saziş üzrə danışıqların da artıq yekunlaşmaq üzrə olduğunu və tərəflərin enerji, nəqliyyat təhlükəsizliyi məsələlərini, ticarət münasibətlərini genişləndirməkdə maraqlı olduğunu nəzərə alsaq rəsmi Bakı üçün Brüssel-Moskva qarşıdurmasında birincinin qalıib ayrılması daha sərfəlidir. Çünki ötən illərlə müqayisədə Aİ son Ermənistan-Azərbaycan təmaslarının təşkili zamanı göstərdiyi konstruktiv mövqe, tərəflərin ikili dialoquna verdiyi əhəmiyyət, əldə olunan razılıqlar və məsələyə konkret yanaşması ilə bunu sübut etməkdədir. /Milli.az/

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az