Rusiyadan skandal iddia – Məkrli niyyətdə Azərbaycan detalı

Rusiyadan skandal iddia – Məkrli niyyətdə Azərbaycan detalı

“Artıq MDB-də qalmağın heç bir anlamı yoxdur, yoxsa hər gün bir xəstə təşəbbüslə “qapımızı” döyəcəklər”.

Mediainfo.az xəbər verir ki, bunu politoloq Elçin Mirzəbəyli deyib.

Ekspert Rusiyanın MDB-nin nizamnamə və digər təsisatlarındakı daimi nümayəndəsi Andrey Qrozovun səsləndirdiyi fikirlərə diqqət çəkib:

“Rusiya nümayəndəsi Minskdə nə yeyib, nə içibsə, ölkəsinin SSRİ-nin süqutundan sonra ən axmaq təşəbbüslərindən birini dilə gətirib. Qrozov deyib ki, MDB üzvü olan ölkələrin orta və ali təhsil müəssisələrində ortaq tarix tədris oluna bilər. Onun iddiasına görə, ehtimal edilən dərsliyin MDB üzvü olan bütün ölkələrdə tədris olunması nəzərdə tutulur. Doğrudur, Qrozov dərsliyin əsasən “böyük vətən müharibəsi” (İkinci Dünya Müharibəsi) dövrünü əhatə edəcəyini bildirir. Amma Rusiya siyasətçilərini az-çox tanıyanlar çox yaxşı bilirlər ki, onlara burunlarını soxmaq üçün kiçik bir dəlik açmağa imkan yaratsan, bütün milli ideologiyanı topun ağzına verəcəklər.

İndi bunların qarın ağrısı, guya İkinci Dünya Müharibəsi ilə bağlıdır. Amma bəllidir ki, “İkinci Dünya Müharibəsi” adı altında müstəqil dövlətlərin təhsil sisteminə öz xəstə, imperiya ambisiyaları ilə qidalanan ideologi zəhərlərini axıtmaq istəyirlər.

Maraqlıdır, nə yazacaqlar bu “ortaq tarix dərsliyinə”? Azərbaycan Xalq Cümhuriyyətinin necə süquta uğradığını və vətənimizin necə işğal olunduğunu? Azərbaycanın görkəmli şəxsiyyətlərinin, düşünən beyinlərinin necə məhv edildiyini? Azərbaycanlıların öz doğma yurdlarından, o cümlədən indiki Ermənistan ərazisindən necə deportasiya edildiklərini? Bəlkə 1990-cı ilin 20 yanvarında Bakıda dinc əhaliyə divan tutan dünyanın ən rəzil, ən alçaq “ordu”sunun cinayətləri haqda yazacaqlar? Bəlkə ermənilərlə birlikdə Xocalıda azərbaycanlılara qarşı bəşər tarixinin ən amansız qətliamlarından birini törədən 366-cı alay barəsində oçerklər uyduracaqlar? Və ya Azərbaycan ərazilərinin işğalında hücum dəstələrinin önündə gedən Pskov və digər desant alaylarının qanlı cinayətlərini həkk edəcəklər bu “tarix dərsliyi”nə? Bəlkə 30 ilə yaxın ermənilərə pulsuz-parasız ötürdükləri silahlardan, Azərbaycanın dinc əhalisinin başına yağdırılan raketlərdən söz açacaqlar? Nə yazacaqlar?”.

Elçin Mirzəbəyli Rusiyadan gələn bu kimi təşəbbüslərin arxasında məkrli niyyətin olduğunu istisna etməyib:

“Bunlar deyəsən artıq MDB-ni də boyunduruğa çevirmək istəyirlər. Onsuz da sözügedən təsisatın yaranması haqqında razılaşmanın müddəaları sonradan qəbul edilən bir sıra sənədlərlə pozulub. MDB-nin bir sıra qurumları, o cümlədən Müdafiə Nazirləri Şurası ölkəmizin prioritetlərinə uyğun deyil. Azərbaycan ikitərəfli hərbi əməkdaşlığa üstünlük verir və bloklara qoşulmur. Amma MDB-nin Müdafiə Nazirləri Şurası, Müdafiə Nazirləri Şurasının Katibliyi, MDB üzvü olan ölkələrin Silahlı Qüvvələrinin Baş Qərargah Rəislərinin Komitəsi, Hərbi-Texniki Komitə, Hava hücumundan müdafiə üzrə Əlaqələndirmə Komitəsi, Müdafiə Nazirliklərinin şəxsi heyətlə iş üzrə müvafiq qurumlarının rəhbərlərinin Komitəsi, MDB üzvü olan ölkələrin Silahlı Qüvvələrinin Rabitə Rəislərinin Əlaqələndimə Komitəsi, Topoqrafiya Xidmətlərinin Əlaqələndirmə Komitəsi, radiasiya, kimyəvi və bioloji büdafiə, aviasiya, hərbi təhsil və digər istiqamətlər üzrə komitələr və digər alt qurumlar sübuta yetirir ki, hüquqi baxımdan MDB hərbi, siyasi, iqtisadi və s. blokdur.

Belə təsisatlar yalnız hərbi ittifaqlarda olur. Ermənistan istisna olmaqla, MDB üzvü olan ölkələrlə bütün istiqamətləri əhatə edən ikitərəfli müqavilələrimiz olduğu üçün, qənaətimə görə, MDB-də qalmağın da heç bir anlamı yoxdur. Yoxsa hər gün bir xəstə təşəbbüslə “qapımızı” döyəcəklər".

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2022.07.01

2022.06.30

2022.06.29

2022.06.28

2022.06.27

2022.06.26

2022.06.25

2022.06.24

2022.06.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2022 (c) Mediainfo.az